Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5100/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: "mülkiyyət hüququnun tanınması və s") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İlkin iddia üzrə İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzili İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC 2024-cü ilin sonunda mülkiyyətində olan binada mülkiyyətçilər barədə məlumatları təftiş edərkən və yoxlayarkən müəyyən etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilində yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, mənzilin kommunal xidmətləri üzrə müqavilələr də Cavabdeh adına qeydiyyata alınmışdır. Yoxlama zamanı cavabdehlə mübahisəli mənzilə dair hər hansı müqavilənin bağlanılması faktı da aşkar edilməmişdir. Bu da onu göstərir ki, cavabdeh heç bir hüquqi əsas olmadan mənzili zəbt etmiş və həmin mənzildə yaşayır. Cavabdeh mənzildə daimi yaşamadığı üçün və mənzilə ara-bir gəldiyi üçün mənzilin könüllü şəkildə boşaldılması ilə bağlı onunla söhbətlər aparılması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı mübahisəli mənzilin məcburi qaydada boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
3. Cavabdeh (bundan sonra - cavabdeh) İddiaçı MMC-ə qarşı “reyestr qeydinin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi; Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 112C, mənzil 51-ə (yeni qaydalarla AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi; mübahisəli mənzilə dair pay hüququnun tanınması; onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mənzilin alınması ilə bağlı İddiaçı MMC ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə mənzilin hər kv.m-nin dəyəri təqribən 1200-1300 ABŞ dollarına idi və o, mənzilin dəyəri kimi təqribən 140000 - 150000 ABŞ dollarını 2008-ci ildə tam məbləğdə ödəmişdir. Bunu təsdiq edən maliyyə arayışı ona təqdim edilmiş və mənzili təhvil almışdır. Mənzilin təhvil verilməsindən sonra kommunal (elektrik və su təchizat) xidmətlərin göstərilməsi üçün "xxxx" ASC və "xxxx" ASC dövlət orqanları ilə abonent müqavilələri bağlandı. Həmin vaxtdan başlayaraq mənzildə təmir işlərinə başladı. 2022-ci ildə yaranmış zərurətlə bağlı böyük həcmdə olan sənədlərinin bir yerdən başqa yerə daşınması zamanı əməkdaşların səhlənkar yanaşması səbəbindən bir neçə qutu sənədləri itdi. Həmin sənədlərin içində mübahisəli mənzilə dair müqavilə, ödəniş sənədləri və maliyyə arayışı da var idi. Bu səbəbdən o, İddiaçı MMC-yə müraciət edərək mənzilin alqı-satqısına dair müqavilənin, ödəniş sənədlərinin və maliyyə arayışının təsdiqlənmiş surətinin ona təqdim edilməsini xahiş etdi. Cavabında şirkət əməkdaşları rəhbərliyin məzuniyyətdə olmasını əsas gətirərək onun qayıtmasından sonra sənədlərin təqdim ediləcəyini bildirdilər. Lakin mənzilin təmirinə hər hansı məhdudiyyət qoyulmadığından, təmir işlərini davam etdirdiyindən, işləri ilə bağlı mütəmadi olaraq səfərlərdə olduğundan mənzilin sənədlərinin təsdiqlənmiş surətlərinin alınmasında və mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyat alınmasında inadkarlıq göstərmədi.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 saylı, 22 aprel 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.
6. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilk iddianın təmin edilməməsi, ünvan 4-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi, mübahisəli mənzildən istifadə və ona sahiblik hüququnun tanınması, onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-əqarşı “reyestr qeydinin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə “ünvan 4-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi” tələbi hissəsində icraata xitam verilməsi qərara alınmışdır.
8. Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) sahiblik və istifadə hüquqlarının tanınması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C ünvanında yerləşən 51 saylı mənzilə dair (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) alğı-satqı müqaviləsinin və maliyyə arayışının verilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması qət edilmişdir.
9. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
10. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci istansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə zidd qətnamə çıxarmış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, eləcə də işin faktiki hallarını, təqdim edilmiş sübutları qərəzli olaraq qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə təfsir etmiş, eləcə də işin real faktlarına söykənməyən, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verərək qeyd etdi ki, cavabdeh müqaviləni itirdiyini bildirir, əgər Cavabdeh sənədləri 2011-ci ildə itirmişdirsə, nəyə görə həmin dövrdə müqavilənin nüsxəsini yenidən əldə etmək üçün şirkətə müraciət etməmişdir? Bu sualların məhkəmə araşdırması zamanı cavabsız qalması, ya da qane edici cavab alınmaması Cavabdeh əslində həmin mənzilə dair müqaviləsinin olmaması qənaətinə gəlməyə imkan verir. Məhkəmə tərəfindən mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının cavabdehə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə iddiası da əsassızdır. Çünki ilk növbədə belə bir müqavilənin və maliyyə arayışının mövcudluğunu sübuta yetirilməli idi.
12. Bununla belə, iddiaçının nümayəndəsi tərəflər arasında mənzilə dair alqı-satqı müqaviləsinin olmadığı halda, həmin mənzilin hansı əsasla 15 ildən artıq bir müddədə cavabdehin sahiblik və sərəncamında olmasına, mənzilə dair hələ 2010-cu ildə məhz onunla kommunal xidmətlərlə bağlı müqavilələrin bağlanmasına, binanın komendatında olan siyahılarda cavabdehin həmin mənzilin sahibi kimi göstərilməsinə və nəhayət 2024cü ildə MMC tərəfindən həmin mənzilə görə cavabdehdən kommunal borcların tələb olunmasına hər hansı ağlabatan və məntiqli bir izah verə bilməmişdir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə etdi ki, müqavilənin itirilməsi ilə bağlı cavabdehlə onun izahatları arasındakı ziddiyyətin səbəbi odur ki, qarşılıqlı iddia ərizəsini yazan zaman cavabdeh xaricdə olduğu üçün telefonla əlaqə saxlayaraq qeyd edib. Həmçinin onu da qeyd etdi ki, iş üzrə tədqiq olunmuş sübutlarla Cavabdeh MMC-dən mənzili alması tam sübut olunur. Belə ki, mənzilin həmin vaxtdan hal-hazıradək Cavabdeh sahiblik və istifadəsində olması, onun tərəfindən mənzildə hələ 2010-cu illərdə müəyyən təmir işlərinin aparılması, mənzilə dair 2010-cu illərdə onun tərəfindən müvafiq kommunal xidmətlərə dair müqavilələrin bağlanması, mənzilin komendatından əldə olunmuş binada mənzillərin kimə məxsus olmasına dair müxtəlif illərə aid siyahıların hamısında Cavabdeh adının göstərilməsi və nəhayət 2024-cü ildə iddiaçı MMC tərəfindən cavabdehə 5.097 manat məbləğində kommunal borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilməsi aşkar şəkildə sübut edir ki, həmin mənzil ona məxsusdur və mənzilə dair onun ilkin sənədləri mövcud olmuş, sadəcə olaraq MMC-in yeni rəhbərliyi şəxsin sənədləri itirməsindən sui-istifadə edərək və tam əsassız olaraq həmin mənzilə yiyələnmək niyyəti güdür. Sübutların tədqiqi:
14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
15. xx.xx.2019-cu il tarixli mənzillərin sahiblərinin adları qeyd olunmuş siyahıya əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı 3 otaqlı, 115,85 kv.m. mənzili Cavabdeh adına qeyd olunmuşdur.
16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 668514 saylı çıxarışına əsasən ünvan 4 (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
17. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 127 saylı, xx.xx.2024- cü il tarixli xəbərdarlıqdan görünür ki, onun mənzil üzrə göstərilən kommunal xidmətlərə görə xx.xx.2023 tarixinə ümumilikdə 5097 manat borcu qalmışdır. Dəfələrlə şifahi xəbərdarlığın edilməsinə baxmayaraq, qeyd edilən borc tərəfindən ödənilməmişdir. Bununla bağlı yaranmış borcu xx.xx.2024-cü il tarixinədək ödəməyi xahiş olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, qısa müddət ərzində cəmiyyətlə onun arasında olan müqavilə şərtlərinə uyğun olaraq əldə edilmiş daşınmaz əmlakın mülkiyyətinə keçməsi üçün notariusda müvafiq sənədləşmə işlərinin aparılması zəruridir. Belə ki, cəmiyyət tam ləğv edildikdən sonra mənzilə mülkiyyət sənədi (çıxarış) əldə edə bilməyəcək və cəmiyyət buna dair məsuliyyət daşımayacaq.
18. İddiaçı MMC-nin Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan vətəndaşlara ünvanladığı 38 saylı, xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, yaşadıqları mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmaması onların həmin mənzilə hüquqlarının olmamasını göstərir. Bu səbəbdən bildirişi aldıqları vaxtdan bir ay ərzində mənzili tam boşaldıb şirkətə təhvil verməyi, əks halda mənzildən məcburi çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmişlər.
19. "xxxx" ASC-nin **********C0051 saylı abonent kodu üzrə abunə haqqında çıxarışına əsasən ünvan 4 üzrə Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdən başlayaraq kommunal xərclər ödənilmişdir.
20. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh ilə (**********C0051 saylı abonent kodu) "xxxx" ASC arasında ünvan 4 üzrə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır.
21. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 xx.xx.2010-cu il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləsinə əsasən Cavabdeh ilə (**********510 saylı abonent kodu) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Yasamal rayon Sukanal İdarəsi arasında müqavilə bağlanmışdır.
22. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Yasamal rayon Sukanal İdarəsinin Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Nümayəndə2 ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 4 ünvanındakı yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə mənzillər MTK-nın təqdim etdiyi sənədlər əsasında qeydiyyata alınaraq kodlaşdırılmışdır.
23. Türkiyə Respublikasının İstanbul şəhərində müvəqqəti yaşayan, şəxsiyyət vəsiqəsi AA0214467, FİN 28LA284 olan X1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən o, hal-hazırda əmək fəaliyyəti ilə bağlı İstanbul şəhərində yaşayır. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 52 onun mülkiyyətindədir. Həmin binada onunla qonşuluqda yerləşən 51 nömrəli mənzilin ilk gündən Cavabdeh məxsus olduğunu eşitmişdir. Cavabdeh həmin mənzildə yaşamadığına görə, o, binanın komendantının vasitəsilə ona təklif etmişdir ki, əgər ona məxsus mənzili satmaq istəsə o, həmin mənzili alqı-satqı yolu ilə ondan alıb öz mənzilinə birləşdirmək istəyərdi. Lakin Cavabdeh ona mənzili satmaq niyyətində olmadığını bildirmişdir. Ərizəsində göstərdiyi faktları videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən məhkəmə iclasında təsdiq edə bildiyini bildirmişdir.
24. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 elektron bazasında vətəndaş Cavabdeh adına ünvan 4 ünvanında **********510 saylı (müqavilə № 10306750 saylı, xx.xx.2010-cu il tarixli sayğac №55116) adonent kodu müəyyən edilmişdir.
25. **********510 kodlu, Cavabdeh adına olan abonentin kartından görünür ki, ünvan 4 ünvanı üzrə 2014-2025-ci il tarixləri üzrə 18,16 (on səkkiz manat on altı qəpik) manat məbləğində borc hesablanmışdır.
26. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 4 ünvanı İddiaçı MMCnin adına 283/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ilkin qeydiyyata alınmışdır.
27. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən, "xxxx" ASC-nin 11 mart 2015-ci il tarixli Abonent xdmətlərinə dair təlimatın 9.1,9.2, 9.3 və 9.4-cü bəndlərinə əsasən çoxmərtəbəli yaşayış binalarında yaşayan əhali istehlakçıları üçün fərdi kod açılmazdan əvvəl binanın su təchizatı və kanalizasiya sistemi “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na uyğun olaraq hazırlanır. İnşaat müddətində istifadə olunmuş suya görə son hesablaşma aparılır və bütün borclar ödənilir. Çoxmərtəbəli yaşayış binasındakı mənzillərin sahiblərinin adlı siyahısı, həmin binanın mənsub olduğu (idarəedici) qurumun rəhbəri tərəfindən təsdiq olunmuş formada yerli STKM-nə təqdim olunur. “X3”nın 1.8-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış binasındakı mənzil və qeyriyaşayış sahələrinə fərdi kod açılması üçün bu təlimatın 7-ci bəndində göstərilən aidiyyəti sənədlər (müraciət sahibinin ərizəsi; şəxsiyyət vəsiqəsinin surəti; mülkiyyət haqqında şəhadətnamənin (torpaq, bina), mənzilin orderinin, daşınmaz əmlakın kirayə müqaviləsinin, yerli icra hakimiyyəti və ya bələdiyyənin sərəncamlarından aidiyyəti üzrə hər hansı birinin surəti; ailə tərkibi haqqında MİS, MTK, bələdiyyə, qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayış; başqa şəxsin adından icra ediləcək əməliyyatlarda notariuslar tərəfindən verilmiş etibarnamənin surəti; telefon nömrəsi, e-mail ünvanı (varsa)) alınaraq müqavilə bağlanılır. Müraciətlə əlaqədar bildirilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 elektron bazasında vətəndaş Cavabdeh adına ünvan 6 ünvanında **********510 saylı (müqavilə № 10306750 xx.xx.2010-cu il tarixli, sayğac № 55116) abonent kodu müəyyən edilmişdir. Müqavilə xx.xx.2010-cu il tarixinə təsadüf etdiyi üçün sənədlər mövcud olmadığından tərəflərindən təqdim edilməsi imkan xaricindədir.
28. 19.06.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2011-ci ildən həmin binada xadimə işləyir. Eyni zamanda cavabdehə məxsus evdən uzun müddət istifadə etmiş və həmin evə gələn kommunal ödənişlər barədə çeklərin hamısı cavabdehin adına gəlirdi. Ona ilk dəfə su lazım olduğu üçün komendanta müraciət etmişdir. Bundan sonra komendant vasitəsilə cavabdeh ona məxsus olan evin açarını ona vermişdir. Hətta oğlu xəstə olduğuna görə həmin evdə qalmağına da icazə vermişdir. O, hal-hazırda da həmin binada işləyir və bütün mənzil mülkiyyətçiləri də onu tanıyır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ev yarıtəmirli ev idi. O, orada işləməyə başlayanda artıq həmin evin Cavabdeh məxsus olduğunu bilirdi. Bunu ona orada həmin vaxtı komendant işləyən Əli adlı şəxs demişdi. Rəsmi əmək müqaviləsi ilə həmin binada xadimə işləyir. Mənzilin cavabdehə məxsus olmasını təsdiq edən müqaviləni görməmişdir. Komendantda evlərin sahiblərinin siyahısı var idi və təsadüfi bir adamın gəlib hər hansı mənzili zəbt etməsi mümkün deyildi.
29. 19.06.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, cavabdehlə qapı qonşudur. O, 2010-cu ildən o binaya köçmüş və həmin vaxtdan cavabdehi tanıyır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehin öz mənzilinə gəlib-getməyini görmüşdür. Bundan başqa bina sakinlərinin iclaslarında da cavabdeh iştirak edirdi. Həmin vaxtlar şirkətin rəhbəri Mərifət adlı şəxs idi. Onun da iddiaçı şirkətlə mülkiyyətçi kimi müqaviləsi var və həmin müqaviləni o vaxt şirkət rəhbəri olan Mərifət adlı şəxs imzalayıb. Həmin vaxtı cavabdeh müqaviləsini göstərmişdir və bundan sonra bina sakinlərinin iclasında iştirak edirdi. MMC yaradılarkən bütün mənzil mülkiyyətçilərinin siyahısı şirkət tərəfindən təqdim edilmişdir və bu siyahıda cavabdehin də adı mənzil mülkiyyətçisi kimi qeyd edilmişdir. Cavabdehin evi hansı qiymətə almasını bilmir. Onlar sökülən evin müqabilində həmin binaya köçürülmüşlər və onlarla bütün sənədləşmə işləri aparılıb. Cavabdehin mənzilində təmir işlərinin getməsini görmüşdü. Binanın xadiməsi olan şahid kimi ifadə verən digər xanımı tanıyır. O, bəzi işlərdə onlara da kömək edib. Binanın mühafizəçisi var idi və təsadüfi bir adamın gəlib hər hansı mənzili zəbt etməsi mümkün deyildi.
30. 19.06.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, 2010-2023-cü illərdə həmin binada mühafizəçi kimi işləmişdir. 2023-cü ildən hal-hazıradək isə orada komendant işləyir. 15 ildir ki, cavabdeh həmin binaya gəlib gedir və bir çox kommunal xətlər onun adına rəsmiləşmişdir. Mənzil Cavabdeh məxsusdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2010-cu ildə Gilan İnşaatın rəhbəri Mərifət adlı şəxs olubdur. Hazırda isə sədr Səfərov Ramizdir. Cavabdehin hal-hazırda evinin sənədi tapılmasa da, iddiaçı qurum tərəfindən 2023-cü ildə evinə çıxarış alınması üçün cavabdehə müraciət edilmişdir. Həmin vaxtı cavabdehlə yanaşı başqa şəxslərə də eyni müraciət edilmişdir. O, bununla bağlı cavabdehlə əlaqə saxlamışdır. Cavabdehin mənzilinə məxsus müqaviləni görməmişdir. Mənzilin açarının biri cavabdehdə, biri xadimədə, biri isə binanın komendantında olub. Əvvəllər mənzil təmirsiz olduğu üçün, hazırda isə mübahisə olduğu üçün cavabdehdən kommunal ödənişlər alınmırdı. Xadimə həmin mənzildə yaşamayıb, sadəcə istifadə edib. Xadimə orada 2011-ci ildən işləyir və onlar onu İlhamə adı ilə çağırırlar. Siyahı onlara İddiaçı MMC tərəfindən verilmişdir.
31. 19.06.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, cavabdeh onun dayısıoğludur. Özü də həmin vaxtlar təmir-tikinti işləri ilə məşğul olurdu. Həmin mənzili təmir etdirmək üçün cavabdeh onu binanın komendantı ilə tanış etdi. Bundan sonra təxmini 2009-2010-cu illərdə orada təmir işləri görməyə başladılar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, müqaviləni görməsə də, komendanta surətinin verilməsini xatırlayır. Evin nə vaxt alındığını bilmir. Təxmini 2-3 ay təmir işləri apardılar. Fotoşəkillərdə olan təmir işlərinin bəzisini o etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 13.3. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Maddə 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.4 digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Hazırkı iş üzrə mülki iş materiallarında olan su, işıq və s. kommunal xidmət müqavilələrindən görünür ki, Cavabdeh adına abonent kodları var və 2010-cu ildən başlayaraq həmin mübahisəli mənzil üzrə kommunal ödənişlər tərəfindən həyata keçirilir.
36. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 127 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan da görünür ki, MMC onun mənzil üzrə göstərilən kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixinə ümumilikdə 5097 manat borcunun olduğunu qeyd etmiş və qısa müddət ərzində cəmiyyətlə onun arasında olan müqavilə şərtlərinə uyğun olaraq əldə edilmiş daşınmaz əmlakın mülkiyyətinə keçməsi üçün notariusda müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmişdir. Beləliklə, iddiaçı qeyd olunan məktubda Cəmiyyətlə cavabdeh arasında müqavilənin mövcud olduğunu qeyd edir.
37. Həmçinin işin faktiki halı olaraq da müəyyən edilir ki, mübahisəli mənzilin açarları 15 ildən çoxdur ki, cavabdehdədir, cavabdeh həmin illlər ərzində mübahisəli mənzilə sərbəst daxil ola bilir, yəni Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzil artıq ona təhvil verilmişdir. Belə olan halda, mənzilin hansı əsasla cavabdehə verildiyi artıq iddiaçı tərəfindən sübuta yetirilməlidir. Halbuki cavabdehin təqdim etdiyi sübutlarla və şahid ifadələri ilə də tərəflər arasında yaranmış mənzilin alqı-satqısının baş tutduğu müəyyən olunur.
38. İddiaçı apellyasiya şikayətində cavabdehin sözügedən mənzilə dair müqaviləni və maliyyə arayışını itirməsi və hal-hazırda təqdim edə bilməməsinə görə mənzilin cavabdehə məxsus olmaması dəlilini irəli sürür.
39. Məhkəmə kollegiya bununla bağlı qeyd edir ki, mülki iş materiallarında mənzilin Cavabdeh məxsusluğunu inkar edən sübutlar mövcud deyil. Eyni zamanda birinci instansiyada icraat zamanı dindirilmiş şahid ifadələrindən də müəyyən olur ki, sözügedən mənzil cavabdehə məxsus olmuş, onun istifadə və sahibliyində olmuş və hal-hazırda da həmin mənzil onun sahibliyindədir. Həmçinin işin faktiki halları ilə cavabdehin 15 ildən artıq müddətdə həmin mənzilə sahiblik etməsi müəyyən olur ki, iddiaçının iddia etdiyi kimi cavabdeh qanuni əsaslar olmadan həmin mənzili zəbt edibsə, 15 il ərzində iddiaçının buna etiraz etməməsi ağlabatan və inandırıcı deyil.
40. Bununla yanaşı, mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli mənzillərin sahiblərinin adları qeyd olunmuş siyahıya əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı 3 otaqlı, 115,85 kv.metr mənzil Cavabdeh adına qeyd olunmuşdur. MMC tərəfindən Cavabdeh adının qeyd olunduğu siyahı və mənzilə dair bağlanmış müqavilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 təqdim olunmuş və bunun əsasında onunla 10306750 saylı, xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və adına **********510 saylı abonent kodu qeyd olunmuşdur. Bununla da, iddiaçı ilə cavabdeh arasında müvafiq müqavilənin mövcudluğu sübuta yetir.
41. Beləliklə də müəyyən olur ki, cavabdeh mənzilin dəyərini ödəyərək müqavilə əsasında mübahisəli mənzili almış, mübahisəli mənzil 2010-cu il tarixdən ona təhvil verilmiş, müqavilə əsasında onun adına kommunal xidmətlərlə bağlı abonent kodları verilmiş, həmin tarixdən onun istifadəsində və sahibliyindədir, lakin o, sonradan mənzilə dair MMC ilə bağlanmış müqaviləni itirdiyindən mənzili öz adına rəsmiləşdirə bilməmişdir. Məhkəmə hesab edir ki, MMC-in hazırkı davranışı MM-in 560.1., 560.2., və 560.3.3-cü maddələrinin təsiri altına düşür və hüquqdan sui-istifadədir, bu isə qanunun tələbinə görə yolverilməzdir.
42. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
45. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
46. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddia tələbinin təmini üçün əsaslar olmadığından, ilkin iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
49. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gələrək, ilkin iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
51. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.