Məhkəmə qərarları › İş №2(103)-5101/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5101/2024

09.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5101/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(006)-1650/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən 10000 manat məbləğində borc alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmiş, həmin qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Tələb edilən məbləğ xx.xx.2023-cü il tarixdə iddiaçıya ödənilmişdir. İddiaçı hazırda gecikdirilmiş vaxt üçün “gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini” tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hər gecidirilən ilə görə 5% olmaqla 23 ay ərzində 958 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh MMC-yə və X5 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 10000 manat pulun və ödədiyi 120 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-559/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində iddia qismən təmin edilmişdir. Cavabdeh MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi xx.xx.2023-cü ildə İddiaçı ödənilmişdir. Həmin borc 2021-ci ilin yanvar ayında yarandığına və xx.xx.2023-cü il tarixində ona ödənildiyinə görə cavabdeh borclu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hər gecikən ilə görə 5% ödəməlidir. Yəni, 2021-ci ilin yanvar ayından xx.xx.2023-cü ilədək 23 ay ərzində Cavabdeh MMC-dən 10000 manatın 9,58% (5:12*23=9,58) məbləğində 958 manat pul ona ödənilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək Cavabdeh MMC-dən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 maddəsinə əsasən hər gecidirilən ilə görə 5% olmaqla 35 ay ərzində 1458 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayınadək olan müddət 23 ay deyil 35 ay təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(006)- 1650/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 1375 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, 10000 manat pul X8 vasitəsi Cavabdeh MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə mədaxil edilmişdir. İddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, verdiyi pulun müqabilində mal ala bilməyəcəyini və verdiyi pulun Abdulla adlı şəxsin borcuna silindiyini bildikdən sonra Cavabdeh MMC ilə aralarında baş tutmuş razılaşmanın elə həmin gün pozulmasını nəzərə alaraq öz pulunu sonuncudan tələb etmişdir. Bu hal qətnamədə də öz əksini tapmışdır. Beləliklə, gecikdirilmiş vaxt üçün müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixindək müəyyən edilməklə gecikdirilmiş vaxt üçün (2 il 09 ay 21 gün=33 ay) illik 5% hesabı ilə 1375 manat (5%:12(ay))*33(ay)=13,75(faiz)*10000(manat):100%=1375) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə İddiaçı cavabdeh X4 qarşı iddia qaldırmış və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-561/2022 ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 3500 manat məbləğində pul və 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra İddiaçı yeni eyni əsaslarla X6 qarşı borcun tutulması tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(005)-156/2023 saylı qətnaməsi ilə cavabdeh X3 6850 manat və 399.5 manat faiz borcu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamələrlə müəyyən olunur ki, iddiaçı ümumilikdə borc olaraq X6 və X4 verdiyi 15.000 manat pulu həm digər cavabdehlərdən tələb etmiş həmdə ki Cavabdeh MMC-dən tələb etmişdir. Məhkəmələr bu halların heç birini araşdırmamış və müəyyən etməmişdir ki, iddiaçının verdiyi cəmi 15.000 manat borc pul üçün ona 25.000 manatdan artıq pulun alınıb verilməsi qət edilmiş və İddiaçı məhkəmələri aldadaraq bu qətnamələrin heç birini təqdim etməmiş və bununla da İddiaçı Cavabdeh MMC-nin 10.000 manat pulunu ələ keçirmiş, hüquqlardan sui-istifadə etmişdir. Hazırki məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir. Qeyd olanan hallar bir daha təsdiq edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır və mübahisəyə yenidən baxılaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmalıdır və İddiaçı hərəkətlərində cinayət əməlləri olduğuna görə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsi ilə cavabdehdən 10000 manat pulu tutarkən bunu sonucunun əsassız varlanması kimi müəyyən etmişdir. Əsassız varlanma məbləğinə öhdəliklərin icra edilməsi ilə bağlı olan fəsildə təsbit edilmiş normada göstərilmiş 5% hesablanması qanunsuzdur. Eyni zamanda birinci instansiya məhkəməsi hansı səbəbdən əlavə 5% tutulmalı olduğunu da düzgün qiymətləndirməmiş və nəticədə əsassız və qanununsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunan hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1 və 445.2. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012) 559/2023 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən 10.000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, çünki Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin materiallarında da göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, 10.000 manat pul X8 vasitəsi Cavabdeh MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə mədaxil edilmişdir. İddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, verdiyi pulun müqabilində mal ala bilməyəcəyini və verdiyi pulun Abdulla adlı şəxsin borcuna silindiyini bildikdən sonra Cavabdeh MMC ilə aralarında baş tutmuş razılaşmanın elə həmin gün pozulmasını nəzərə alaraq öz pulunu sonuncudan tələb etmişdir. Həmin qətnamə isə xx.xx.2021-ci il tarixdən 2 il 09 ay 21 gün=33 ay keçdikdən sonra xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qətnamə ilə müəyyən edilmiş pulun ödənilməsi vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur. Lakin iddiaçı borcun yaranma tarixinin 2021-ci ilin yanvar ayından yarandığını iddia etsə də birinci instansiya məhkəməsi borcun yaranma tarixinin qanuni qüvvəsini almış qətnamə ilə xx.xx.2021-ci il tarixdən hesablanmalı olmasına dair düzgün nəticəyə gəlmiş və hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək müəyyən edilməklə gecikdirilmiş vaxt üçün pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-561/2022 saylı və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(005)-156/2023 saylı qətnamələrinə istinad etməklə iddiaçının ümumilikdə borc olaraq X6 və X4 verdiyi 15.000 manat pulu həm digər cavabdehlərdən tələb etməklə yanaşı həm də ki Cavabdeh MMC-dən tələb etməsini göstərməklə hazırki iddianın əsassız olmasına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qətnamələrdən görünür ki, həmin işlər üzrə mübahisə məhz hazırki iş üzrə iddiaçı ilə digər şəxslər, yəni X9 və X7 araasında olmuşdur. Həmin mübahisənin hazırki iş üzrə cavabdehlə iddiaçı arasında olan münasibətlərlə bağlılığı müəyyən edilməmişdir. Nəticə etibarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 559/2023 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən 10 000 manat məbləğində borc alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh MMC arasında olan münasibətlər üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsi qəbul edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almaqla xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Cavabdehin birinci instansiya məhkəməsi hansı səbəbdən əlavə 5% tutulmalı olduğunu da düzgün qiymətləndirməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsindən göründüyü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Hazırki işin hallarından da göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsi ilə 10.000 manat pul X8 vasitəsi Cavabdeh MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə mədaxil edilməsi müəyyən edilmiş və həmin pulun tutulması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsi isə 04 dekabr 2023-cü il tarixdə icra edilmişdir. Belə olan halda qətnamə ilə müəyyən edilmiş məbləğin ödənilməsi 33 ay (=2 il 09 ay 21 gün) gecikdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq gecikdirilmiş vaxt üçün müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixindək müəyyən edilməklə (2 il 09 ay 21 gün=33 ay) illik 5% hesabı ilə 1375 manat (5%:12 (ay) ) *33 (ay) =13,75 (faiz) *10000 (manat): 100%=1375) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(006)- 1650/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar