Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5104/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Yasamal Rayon İcra və Probasıya Şöbəsı, “Yelo Bank” (əvvəlki “xxxx” İKB) İKB ASC, “xxxx” MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətının Bakı Şəhər Ərazi İdarəsinə qarşı “açıq auksion formasında təşkil olunmuş hərracın və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlər İcra Şöbəsı, Bank, Hərrac Mərkəzi və DƏDRX-nin Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlil küçəsi, bina № 9-nin 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102.3 kv.m., yaşayış sahəsi 63 kv.m. olan 4 otaqlı mənzilə dair cavabdeh Hərrac Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə açıq auksion formasında təşkil olunmuş hərracın və onun doğurduğu hüquqi nəticələrin, həmçinin həmin mənzilə dair DƏDRX Əİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışın” ləğv edilməsi və həmin mənzilə dair onun vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması və reyestrindən adına çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nın Əİ-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DƏDRX Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı “Çıxarışa” mübahisəli mənzil iddiaçının atası Rüfət Nəsirovun adına qeydə alınmışdır. İddiaçının atası R.Nəsirov anası E.İmamverdiyeva ilə xx.xx.1965-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçının atası R.Nəsirov xx.xx.2009-cu il tarixdə kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Atasının vəfatından qeyd olunan mənzil və onun adında digər əmlaklar iddiaçı tərəfindən faktiki sahiblik edərək qəbul edilmişdir. Eyni zamanda iddiaçının atasının sağlığında mübahisəli mənzil cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Bankdan “xxxx” MMC-nin adına kredit götürülmüşdür. “xxxx” MMC kredit borcunu Banka ödəmədiyi üçün Bank tərəfindən məhkəmədə iddia qaldırılmış, bundan sonra ümumiyyətlə vərəsəliyi qəbul etməmiş şəxslər R.Nəsirovun varisləri kimi işə cəlb edilmiş, onların iştirakı ilə aparılmış məhkəmə prosesində kredit borcu faktiki iddiaçının mülkiyyətini təşkil edən mənzilinə yönəldilməsi barədə məhkəmə aktı qəbul edilmiş, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra İcra Şöbəsinin icra məmuru Arzu Abdullayev tərəfindən xx.xx.2013-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və mənzil vəfat etmiş atasının adından hazırkı iş üzrə cavabdehlərin imzalamış olduğu “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” 76/05 saylı, xx.xx.2015-ci il tarixli protokoluna əsasən cavabdeh Bankın nümayəndəsi Babaşov Orxan Əyyar oğlu “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx.xx.2015-ci il tarixli müqaviləsinə əsasən mənzil Bankın xeyrinə hərracdan 95.625 manata alınmışdır. Mənzil vəfat etmiş şəxsin adından satılmış, bu da öz növbəsində digər qanun pozuntusuna səbəb olmuş, bütün yuxarıda qeyd olunanlar iddiaçının vərəsə olmağına baxmayaraq onun iştirakı olmadan aparılmışdır. Həmçinin, mübahisə üzrə cavabdeh bank həmin mənzil üzrə aidiyyəti olmayan şəxsləri işə cəlb etməklə atasının yeganə vərəsəsi olduğu halda onun faktiki mülkiyyətində olan mənzil üzrə xəbəri olmadan qiymətləndirmə və hərrac keçirmiş, bununla da onun atasından qalan miras əmlakına dair hüquqları pozulmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin ediməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, şahid ifadələrini qərəzli olaraq nəzərə almamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər isə apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin olunmammalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnamədən (İş № 2(004)-5283/2018) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehlərə qarşı “mənzilin satılması dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Qeyd edilən qətnamənin məzmunundan görünür ki, əvvəlki iddia ilə hazırki iddianın dəlilləri eynidir. Belə olan halda müəyyən edilir ki, əvvəlki mülki işin icraatının başlanmasına “hərracın nəticələrinin etibarsızlığı tələbi barədə” iddia olsa da, hazırda iddiaçı hərracın nəticələrinin ləğvini tələb edir, lakin hazırki tələb əvvəlki iddia tələbinə uyğun əsaslandırılmışdır. İddiaçı, iddia tələbinin formasını dəyişsə də, faktiki olaraq eyni dəlilərə istinad edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, hazırki iddia ərizəsində qeyd edilən dəlillər 2(004)- 5283/2018 saylı mülki işə baxmış Yasamal Rayon Məhkəməsi tərəfindən araşdırılmış və artıq həmin dəlillərə qiymət verilmiş, bununla bağlı həmin məhkəmə tərəfindən xx.xx.2018ci il tarixdə qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 233.3-cü maddəsinin mənasına görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından çıxış edən Məhkəmə bildirir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2018 saylı mülki işə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə hazırki iş üzrə preyudisial xarakter daşıyır və bu səbəbdən iddiaçının cavabdehə qarşı irəli sürdüyü bu, yeni iddianın dəlilləri bir daha araşdırılmalı deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır; formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5104/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5104/2020
05.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver