Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5104/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-958/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfındən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etrmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-958/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 maddi zərərin əvəzi olaraq 12000 manat pul İddiaçı xeyrinə tutulmuş, qalan hissədə iddia təmin olunmamışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh2 (nümayəndəsi Namazova (Mamoyeva) Sevinc Qələndər qızı) apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişldir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Cavabdehin qətnamədən verdiyi şikayət üzrə dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində dövlət rüsumundan azad olunan şəxslərin konkret dairəsi göstərilmişdir ki, Cavabdeh2 də məhz həmin şəxslər kateqoriyasına aid olması və bu halı təsdiq edəcək hər hansı sənədin iş materiallarına və ya Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilməsi müəyyən edilmir. Bundan əlavə, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti Cavabdeh2 (nümayəndəsi Namazova (Mamoyeva) Sevinc Qələndər qızı) tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Yəni, cavabdeh məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını göstərməmiş, sadəcə işin hallarını və maddi hüquq normalarını qrafalara köçürməklə kifayətlənmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, həmçinin apellyasiya şikayəti üçün nəzərdə tutulmuş forma və məzmuna riayət edilmədiyindən hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-958/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfındən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5104/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5104/2022
28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver