Məhkəmə qərarları › İş №2(103)-5105/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5105/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5105/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1503/2007 saylı 19 iyun 2007-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1503/2007 №-li iş üzrə qəbul etdiyi 19.07.2007-ci il tarixli qətnamə ilə ərizəçi İddiaçı4, oğlanları İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi, 59 B saylı evdə yaşamaları faktı müəyyən edilmiş və onların həmin evin pasport qeydiyyatına alınmaları qət edilmişdir. Həmin qətnamədən X1 apelyasiya şikayəti və apelyasiya şikayəti vermə mümkünlüyünün bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1503/2007 saylı 15 aprel 2021-ci il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs ərizəsi təmin olunmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1503/2007 saylı 19 iyun 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti buraxılmamış hesab edilmiş və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının, eyni zamanda konstitusion və mülkiyyət hüquqlarının pozulması şəraitində çıxarılmışdır. Çünki, mövcud ev onun mülkiyyətində olan evdən xeyli aralıdır, bir torpaq sahəsində yerləşmir. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin nümayəndəsi X3 bildirdi ki, Maraqlı şəxs mülkiyyətində olan evi 2019-cu ildə almışlar. Həmin evlə bağlı hansısa hərəkət etmək istəyəndə, iddiaçıların adı görünür. Lakin həmin ünvan dövlət tərəfindən verilmiş reyestr əsasında onlara məxsusdur. Evlər isə faktiki olaraq tam fərqlidirlər. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə ərizəsi daxil olmuşdu. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi, 59 b ünvanında 2 fərdi yaşayış evi mövcuddur. Bir ev mülkiyyət hüququ əsasında Maraqlı şəxs Nurəddin qızına məxsusdur və həmin ünvanda qeydiyyatdadır. Digər evdə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1503/2007 №-li iş üzrə qəbul etdiyi 19.07.2007-ci il tarixli qətnamə ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ərizənin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, apellyasiya baxışı zamanı da müəyyən edildi ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs mülkiyyətində olan evlə iddiaçıların yaşadığı ev ayrı-ayrı torpaq sahəsində olan müxtəlif evlərdir, yəni iddiaçılar qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs mülkiyyətində olan evdə heç vaxt yaşamamış və buna görə də sonuncunun evindən istifadə hüquqları da olmamışdır. Bu işin mübahisəsiz halıdır. Tərəflərin heç biri bunu mübahisələndirmir. İkincisi, işdən görünür ki, həm iddiaçıların yaşadığı və qeydiyyatda olduğu ev, həmdə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs mülkiyyətində olan evlərin ünvanı eynidir. Lakin bu ünvanların eyni olması apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçıların yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların evinə də qeyd olunan mübahisəli ünvan verilmişdir. Ona görə də iddiaçıların yaşadığı və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs mülkiyyətində olan evlərin ünvanının eyni olması hazırıkı şikayətin verilməsinə əsas vermirdi. Çünki, Maraqlı şəxs qeyd etdiyi kimi iddiaçıların evi onun evindən aralıda yerləşir, iddiaçılar eyni ünvan verilmiş öz yaşadıqları evdə qeydiyyatdadır. Üçüncüsü, Maraqlı şəxs iddiaçıların evinin ünvanının ona məxsus fərdi yaşayış evinin ünvanı ilə eyni olduğuna görə qətnamədən apellyasiya şikayəti verib ləğv edilməsini tələb edir, bununla onların evinin ünvanı ilə öz evinin ünvanının eyni olmamasına nail olmağa çalışır. Amma iddiaçılar Maraqlı şəxs evinin yaşayış sahəsindən istifadə hüquqlarının olduğunu iddia etmirlər, nədə onların belə bir hüquqları mövcud deyildir. Demək Maraqlı şəxs son olaraq istəyi və arzusu iddiaçıların yaşadığı evlə onun yaşadığı evin ünvanlarının eyni olmamasına nail olmaqdır. Bunun üçün Maraqlı şəxs çatmaq istədiyi məqsəd üçün düzgün yol(vasitə) seçməli idi. Yəni, bu evlərə eyni ünvan verilməsində iddiaçılar heç bir hüquq pozuntusuna yol verməmiş, hətta onların yaşadığı evə Maraqlı şəxs öz evinə mülkiyyət hüququ qeydə alındığı vaxtdan uzun illər əvvəl(2007-2019) həmin ünvan verilmişdir. Ona görə də Maraqlı şəxs yaşadığı evlə iddiaçıların yaşadığı evin ünvanının eyni olmasını istəmirsə yaxud başqa ünvan verilməsini istəyirsə bu barədə aidiyyəti orqanlara müraciət etməlidir. Çünki, ünvanın verilməsi yaxud dəyişdirilməsi iddiaçıların deyil, həmin orqanların səlahiyyətindədir. Maraqlı şəxs da apellyasiya şikayəti verməzdən əvvəl bu məsələni özü üçün aydınlaşdırmalı idi. Dördüncüsü, Maraqlı şəxs və iddiaçıların yaşadığı evlərin ünvanlarının eyni olması da onun hansısa hüquqlarını yaxud qanunla qorunan mənafeyini poza bilməz. Çünki, ünvanların eyni olması Maraqlı şəxs mülkiyyətində olan evi üzərində hər hansı bir formada sərəncam verməsinə qətiyyən maneə deyildi. Yəni, evini satmasına, bağışlamasına yaxud digər əqdlər bağlamasına heç də iddiaçıların razılığı yaxud icazəsi tələb oluna bilməz. Buna görə, yalnız Maraqlı şəxs evində yaşayan və hansısa hüquqları olan şəxslərin icazəsi və ya razılığı tələb oluna bilər. Ona görə də Maraqlı şəxs nümayəndəsinin apellyasiya baxışı zamanı gətirdiyi bu arqument də bu cür apellyasiya şikayəti verilməsinə haqq qazandıra bilməz. Əks halda Bakı şəhərində minlərlə eyni ünvan verilmiş ayrı-ayrı mənzillərin(evlərin) mülkiyyətçiləri də bu xarakterli iddialar irəli sürmək yaxud qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən apellyasiya şikayəti vermək məcburiyyətində qalarlar ki, əlbətdə buda arzuolunmaz bir vəziyyət yaradar. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, bu hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1503/2007 saylı 19 iyun 2007ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar