Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5106/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4151/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4151/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin, ödənilmiş dövlət rüsumunun ona geri qaytarılması qərara alınmış, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4151/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, işin icraata qəbul edilməsini və mübahisəyə mövcud sübütlar əsasında baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, borc müqaviləsində heç bir bənd formal xarakterli deyil. Məhkəmə həmin müqavilənin 4-cü bəndinin formal olmasını qeyd etmiş, lakin nəyə əsaslanmış olduğu aydın olmamışdır. Cavabdehlə iddiaçının arasında bağlanmış borc müqaviləsi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı notariat kontorunda bağlanmışdır. Borc müqaviləsinin 4-cü bəndində qeyd edilmişdir ki, “Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir”. Məhkəməyə müraciət edən zaman ərazi aidiyyəti seçilərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.11-ci maddəsini rəhbər tutaraq Nəsimi Rayon məhkəməsi seçilmişdir (iddiaçının seçməsinə görə aidiyyat). İddiaçı əsaslı olaraq ərazi aidiyyatı ilə Nəsimi Rayon Məhkəməsini seçmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 4151/2025 saylı qərardadı ləğv edilməlidir və iddia ərizəsi Nəsimi Rayon məhkəməsində icraata götürülərək baxılmalıdır. Borc müqaviləsi üzrə hər iki tərəf (halhazırda iddia ərizəsi üzrə iddiaçı və cavabdeh) borc müqaviləsinin 4-cü bəndi ilə razılaşaraq həmin müqaviləni Nəsimi rayonunda yerləşən notariat ofisində imzalamışdırlar və həmin müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Belə olan haldada iddiaçı (iddiaçının seçiminə görə aidiyyət) ərazi aidiyyətini düzgün seçərək Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. Belə olan halda məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasında Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tuta bilməzdi. Məhkəmə iddia ərizəsində aidiyyət məsələləri ilə qeydlərə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən hallar araşdırılmış, lakin müəyyən edilmiş hallar əksinə tövsif edilmişdir. Məhkəmə şikayəti, mübahisələndirilən qərardad və iddia ərizəsi ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4151/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, iddiaçıya seçmə hüququ verən MPM-in 36.11-ci normasında nəzərdə tutulan “icra yeri göstərilən müqavilələrdən irəli gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər” müddəası hüquqi mahiyyət etibarilə məhz öhdəliyin icra yerinin xüsusilə əhəmiyyətli olduğu müqavilələr üçün nəzərdə tutulmuşdur. Məhkəmənin mövqeyinə görə isə borc müqaviləsi qeyd olunan kateqoriyaya aid deyildir və belə tələb üzrə həmin normanın tətbiq edilərək işin icraata götürülməsi iddiaçının hüquqdan sui-istifadə etməsinə şərait yaratmaqla nəticələnəcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razlaşmayaraq belə hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Məcəllənin 426.1-ci maddəsinə əsasən öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Məhkəmənin iddia ərizəsinin geri qaytarmasına əsas kimi gətirdiyi hal hazırki işin halları baxımından mövcud deyil. Yəni, mülki prossesual qanunvericilik iddiaçının seçməsinə görə də ərazi aidiyyatını müəyyən edilə bilmə imkanını nəzərdə tutmuşdur. Həmin seçim imkanlarından biri də müqavilənin icra yerinə görə verilməsidir. Bu zaman aidiyyatı seçərkən qanunvericilik müqavilələrin xüsusi əhəmiyyətli olub-olmamasını fərqləndirməmişdir. Mülki işin hallarından isə müəyyən edilir ki, cavabdehlə iddiaçı arasında borc müqaviləsi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı Notariat Kontorunda bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, “Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir”. Hazırkı iddia tələbi üzrə tərəflər arasındakı öhdəliklərin yarandığı yer isə Bakı şəhəri Nəsimi rayonudur. Göründüyü qanunvericilik öhdəliklərin icrası yerin qanunda və ya müqavilədə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilə orada baxıla bilərdi. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar birbaşa olaraq məhkəməyə müraciət hüququnu (öhdəliyin icra yeri göstərildiyi halda) məhdudlaşdıran hal kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4151/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4151/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(103)-5106/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5106/2025
08.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver