Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5107/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdeh və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli saylı işi üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi, ev 2A ünvanında yerləşən ona məxsus mənzilə son illər ərzində vurulan 6000 manat məbləğində maddi ziyanın Cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı: 02.12.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində çıxış edən X5 izahatında bildirmişdir ki, o 1999-cu il tarixdən Səbail MKTB-nin 46 saylı mənzil-kommunal istismar sahəsində mühəndis vəzifəsində işləmişdir. Belə ki, qeyd edilən ərazidə 2000-ci ildən başlayaraq mütəmadi sürətdə torpaq sürüşməsi hadisəsi baş vermişdir. Həmin ərazi sürüşmə zonası olduğundan hər hansı tikinti işlərinin aparılmasına icazə verilməmişdir. X1 öz izahatında bildirmişdir ki, mülki iş üzrə İddiaçı sürüşmə zonasında ev tikmək istəmiş və 2 dəfə bu hərəkətlərinin qarşısı alınmışdır. Lakin buna baxmayaraq İddiaçı 1 otaqlı evi sürüşmə zonasında tikməyə nail olmuş, müxtəlif vaxtlarda həmin ərazidə tikililərin sayını artırmış, həmçinin sonradan sürüşmənin qarşısını almaq üçün istinad divar inşa etmək istəsə də, səlahiyyətli orqanlar tərəfindən qarşısı alınmışdır. Mülki iş üzrə Cavabdeh isə Cənub dərə yaşayış massivində 1993-1994-cü illərdə məskunlaşmış, 2005-ci il tarixdə tikinti işləri aparmaq istəmiş, lakin icazə verilməmişdir. Həmçinin o, sürüşmə zonasında yerləşən Cənub dərə yaşayış massivində yerləşən 160 evdən 98 evin köçürülməsi üçün dövlət tərəfindən vəsaitin ayrıldığını, iddiaçı və cavabdehin evinin qeyd edilən 98 ev siyahısında olmadığını, lakin Ekologiya Nazirliyi tərəfindən təqdim edilmiş xəritədə göstərilməyən digər evlərində həmin sürüşmə zonasına yaxın olması səbəbi ilə gələcəkdə köçürülməsinin planlaşdırıldığının nəzərdə tutulduğunu bildirdi (səh.46); Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışına əsasən, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri Rafiq Həsənov və Elnur Kərimov tərəfindən 13.04.2018-ci il tarixində ünvan 1 ünvanınında vizual mühəndisi-geoloji baxış keçirilmiş və aşağıdakılar qeydə alınmışdır: Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən, geomorfoloji cəhətdən Badamdar yaylasının şərq yamacı zolağına daxil olan bu ərazinin geoloji quruluşunda üst qatda tərkibində qum və gilcə qarışığından ibarət Holosen yaşlı tökmə torpaq, alt qatda isə Orta Abşeron mərtəbəsinin detrituslu əhəngdaşları, müxtəlif dənəli qumlar və qumlu gillərin qeyri-bərabər növbələşməsindən ibarət süxurlar inkişaf tapmışdır. Sözügedən ərazi mailliyi 25-30° olan sərt yamacda, 40°21'12u, 49049'39" koordinatlarında yerləşir. Əraziyə baxış zamanı müraciətdə göstərilən faktlarsürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Atmosfer çöküntüləri və texnogen amillərin təsirindən ərazidə ekzogen geoloji proseslərin baş verməsi proqnozlaşdırılır (səh.15); Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzimi küçəsində yaşayan qonşular tərəfindən imzalanaraq təsdiq edilmiş 06 dekabr 2019-cu il tarixli arayışa əsasən, 2005-ci il tarixində Cavabdeh istifadəsində olan torpaq sahəsinin arxasında avtomobil saxlamaq məqsədi ilə qaraj tikmək üçün həmin sahəni qazdırmış, lakin həmin dövrdə MKİS işçiləri qazıntı işlərini dayandırmışlar və o vaxtan həmin ərazidə qazını işləri aparılmamışdır (səh.88); ünvan 5KİS tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli məktubuna əsasən, Cənub Dərə ö/t (Ə.Nəzmi) ev sakini Cavabdeh 46 saylı MKİS-ə qonşuların imzası ilə təsdiq olunan akta əsasən 2005-ci il tarixdən 16.12.2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmamışdır (səh.89); ünvan 5KİS tərəfindən verilmiş 31.10.2019-cu il tarixli arayışa əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır (səh.16). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli saylı işi üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə; İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci; “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39, 44cü bəndlərinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153, 178, 238, 241-ci maddələrinə; Azərbaycan Respublikasının MPM-nin 14.2, 76, 77, 80, 88, 217.3 və 217.4cü maddələrinə; "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Avropa Məhkəməsinin qərarına; "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına; "Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına istinadən qeyd edilmişdir ki, mülkiyyətdə və ya qanuni istifadədə olan əmlakla bağlı kənar- qanunazidd hesab edilən müdaxilənin qarşısının alınmasını tələb etmək üçün, (neqator və ya vindikasiya iddiası) eləcə də əmlaka vurulan zərərin əvəzini tələb etmək üçün ilk növbədə həmin əmlaka yuxarıda qeyd edilən normaların tələblərinə müvafiq hüquq yaranmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakla bağlı hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Təqdim edilmiş sənəd və fotoşəkillər isə iddianın əsaslılığının göstəricisi deyildir. Çünki, artıq qeyd edildiyi kimi, iddianın əsaslı olması üçün ilk növbədə həmin iddianı irəli sürməyə subyektiv hüququn olması gərəkdir ki, daşınmaz əmlaka vurulan zərərlə bağlı iddia tələbində də subyektiv hüququn olması həmin daşınmaz əmlakla bağlı iddia irəli sürənin mülkiyyət və ya istifadə hüququnu göstərən hüquqmüəyyənedici sənədlərinin olması ilə müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ziyan vurulduğunu iddia etdiyi əmlaka yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından mülkiyyət və ya istifadə hüququ müəyyən edilmədiyindən, hazırkı iddia tələbi də əsaslı sayıla bilməz. Bundan əlavə iş üzrə İddiaçı ərizə və izahatında ona məxsus tikiliyə qonşusu Cavabdeh apardığı qazıntı işləri ilə bağlı ziyan dəydiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2005-ci il tarixində Cavabdeh istifadəsində olan torpaq sahəsinin arxasında avtomobil saxlamaq məqsədi ilə qaraj tikmək üçün həmin sahəni qazdırmış, lakin həmin dövrdə MKİS işçiləri qazıntı işlərini dayandırmış və o, həmin vaxtan həmin ərazidə qazıntı işləri aparmamışdır. İddiaçı ərizəsində göstərdiyi halların baş verməsi və həqiqət olmasına dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1115-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 147, 175.1, 185.2, 188.1, 217.1 və 217.3, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində 80 kv.metrlik torpaq sahəsi alaraq ev tikmiş və 2012-ci ildən etibarən istifadəsində olan ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2014-cü il tarixində qonşu hazırki iş üzrə Cavabdeh icazə olmadan avtomibili üçün qaraj qazdırmaq məqsədilə onun həyətyanı boş sahəyə traktorla müdaxilə edərək, qazdırmış və onun evini qəzalı vəziyyətə salmışdır. Dəfələrlə cavabdehi xəbərdarlıq etsə də buna məhəl qoymamışdır. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün aidiyyəti orqanlara müraciət etsə də, mübahisənin mülki məsələ olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Bundan əlavə cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün “Qaynar xətt” vasitəsilə Ekolgiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı müraciətə baxılmış, həmin ərazidə mühəndis-geoloji araşdırmalar aparılmış və müəyyən olunmuşdur ki, Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən, geomorfoloji cəhətdən Badamdar yaylasının şərq yamacı zolağına daxil olan bu ərazinin geoloji quruluşunda üst qatda tərkibində qum və gilcə qarşığından ibarət Holosen yaşlı tökmə torpaq, alt qatda isə Orta Abşeron mərtəbəsinin detrituslu əhəngdaşları, müxtəlif dənəli qumlar və qumlu gillərin qeyr-bərabər növbələşməsindən ibarət süxurlar inkişaf tapmışdır. Sözügedən ərazi mailliyi 25-30 dərəcə olan sərt 40 dərəcə21/12, 49 dərəcə 49 dərəcə39 koordinatlarda yerləşir. Əraziyə baxış zamanı müraciətində göstərilən faktlarsürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı təsdiqlənmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş arayışa əsasən cavabdeh tərəfindən onun icazəsi olmadan avtomobili üçün qaraj qazdırmaq məqsədilə onun həyətyanı boş sahəsini qazdırmış, lakin ünvan 5KİS-nin işçilərinin müdaxiləsi tərəfindən qazıntı işləri dayandırılmışdır. Göründüyü kimi, Ekolgiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanan müraciətlər və onların əsasında aparılmış araşdırmalar, ünvan 5KİS-nin işçilərinin müdaxiləsi tərəfindən qazıntı işlərinin dayandırılması və həmçinin Daxili işlər Nazirliyinin aidiyyəti üzrə araşdırması bir daha onu təsdiq edir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığı ev Cavabdeh təqsiri üzündən qəzalı vəziyyətə düşmüş və onun evinə 6000 (altı min) manat məbləğində zərər dəymişdir. Birinci instansiya məhkəməsi bu faktları, halları, sübutları düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4292/2020 saylı, 04.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 saylı mülki iş üzrə 16 dekabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi, ev 2A ünvanında yerləşən ona məxsus mənzilə son illər ərzində vurulan 6000 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin olunmaması, iddia ərizəsinin, həmçinin apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi Vəkil kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1094/21 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-4292/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 158.1.2, 158.2, 158.4, 170.1, 172.1, 1096.1 və 1097.1-ci maddələrinə; Torpaq Məcəlləsinin 34.6, 48.5; Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər qonşudurlar, iddiaçı pasport qeydiyyatı olmadan Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, Cənub Dərəsi, Ö/T, 2 "A” saylı evdə, cavabdeh isə pasport qeydiyyatı olmaqla Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, Ö/T, 3 "A” saylı evdə yaşayırlar. Tərəflərin yaşadıqları fərdi yaşayış evləri lazimi icazələr almadan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində inşa edilsə də, iddiaçının yaşadığı ev 2012-ci ildən, cavabdehin yaşadığı ev isə deməsinə görə 1977- ci ildən onun faktiki sahibliyində, istifadəsindədir. Bu hallar işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən tərəflərin yaşadıqları evlərə verilən su, qaz, işıq xidmətlərinə görə bağlanmış müqavilələrlə, evin qiymətləndirilməsinə dair hesabatla da tam təsdiq olunur. Hazırda iddiaçı, cavabdehin təqsiri üzündən yaşadığı evə son illər ərzində vurulan 6000 manat maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılmasını və evin təmirinin onun üzərinə qoyulmasını iddia edir. İddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geologiya Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 30 aprel 2018-ci il tarixli arayışın surətini, evdə çatların əmələ gəlməsini dair çəkilmiş fotoşəkilləri, cavabdeh barəsində qəbul edilmiş 25 may 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib, işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarının surətini və sair təqdim edib. Cavabdeh isə, 1977-ci ildən ailə üzvləri ilə birlikdə faktiki sahibliyində, istifadəsində olan sözügedən evdə yaşadığını, 2005-ci ildə yaşadığı ünvanda yerləşən torpaq sahəsinin kənarında avtomobil saxlamaq məqsədilə qaraj tikmək üçün qazdığını, lakin bələdiyyə işçiləri ilə razılığa gələ bilmədiyi üçün qazıntı işlərini yarımçıq saxladığını, ötən müddət ərzində qazantı apardığı əraziyə torpaq, çınqıl və sair dolması nəticəsində tamamilə dolduğunu, iddiaçının qonşuluqda evi 2014-cü ildə tikdirdiyini, 2005ci ildən sonra ümumiyyətlə həmin ərazidə hər hansı qazıntı işləri aparmadığını və iddiaçının yaşadığı evə onun tərəfindən hər hansı maddi zərər vurulmadığını göstərib, iddiaya etiraz edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4- cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad edib, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasına, yəni sözügedən evin mülkiyyətçisi olmasa da, onun həmin evə olan sahiblik, istifadə hüququnun istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etmək hüququnun olmasına dair düzgün nəticəyə gəlsə də, iddiaçıya həqiqətən iddia etdiyi maddi zərərin dəyib-dəyməməsi, həmin zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulub-vurulmaması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olub-olmaması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olub-olmaması ilə bağlı kifayət qədər araşdırma aparmadan, bir sözlə xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin sözügedən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparmaması, iddiaçıya məxsus evin isə 2009-cu ildə inşa edilməsinə dair irəli sürdüyü arqumentələrlə kifayətlənərək, onun iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməməsi qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan hallar müəyyən olunduqda cavabdehin üzərinə iddiaçıya dəymiş maddi zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər. Digər tərəfdən, tərəflərin qonşuluqda yaşamaları, cavabdehin yaşadığı ünvanda qaraj tikmək üçün qazıntı işləri aparması mülki iş materialları, o cümlədən cavabdehin özünün izahatı və mütəxəssisin arayışı ilə də istisna olunmur. Belə ki, sözügedən sübutlara görə, tərəflərin yaşadıqları ərazi mailliyi 25-30 dərəcə olan sərt yamacda yerləşir və həmin əraziyə baxış keçirilərkən iddiaçının müraciətində göstərilən faktlar- sürüşməyə meyilli sahədə cavabdeh tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin həyətyanı sahəsini genişləndirmək məqsədilə dik yamacı kəsib-kəsməməsi faktı və bunun nəticəsində iddiaçıya məxsus evə zərər dəyib-dəyməməsi ilə bağlı heç bir araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına MPM-nin 88, 106.1ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut növü təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5107/2021 saylı mülki işi üzrə 31.05.2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə mülkiyyətin hüquqi statusu barədə müvafiq məlumatlar əldə edilməklə, məhkəmə-tikintitexniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 09.07.2021-ci il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, 2A və 3A saylı fərdi yaşayış evlərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.Həmçinin Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə küçəsi, 3a saylı fərdi yaşayış evi 19.03.1998-ci il tarixdə Nəcəfov Qüdrət ibrahim oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətində olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında İddiaçı tərəfindən uzunluğu 13,0 metr, eni isə 9 metr olan fərdi yaşayış evi tikilmişdir. Həmçinin iddiaçının evini aşağı hissəsində yəni ki ünvan 6 ünvanında Cavabdeh məxsus uzunluğu 16,9 metr, eni isə 12,2 metr olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Lakin iddiaçının yaşayış evinə dair mülki iş materiallarında hər-hansı bir sənəd olmadığından, evin texniki parametrlərini müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, cavabdehə məxsus yaşayış evini faktiki vəziyyəti, ölçüləri, texniki parametrləri mülki iş materiallarında olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası tərəfindən 13.04.2018-ci il tarixdə və Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsi tərəfindən 13.04.2020-ci il tarixdə verilmiş arayışlara əsasən, ünvan 1 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəldiyi müəyyən olunmuş və bunun nəticəsində ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə mddi zərər dəydiyi müəyyən edilmişdir. Ekspertiza xərci 50 (əlli) manat məyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyi ilə qonşu tərəfindən zərər dəyməsinin müəyyən eildiyini, qarşı tərəfin özünə qaraj tikməklə iddiaçının mənzilini qəzalı vəziyyətə saldığını, dəymiş zərərin ödəniləcəyi halda barışıq sazişi bağlama hazır olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qazıntının özü tərəfindən doldurulduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, ona aid sahənin iddiaçı tərəfindən zəbt edildiyini, ona məxsus olan sahənin çertiyojunun təsdiq edildiyini, iddiaçının bir neçə iddia ilə məhkəməyə müraciət etdiyini, icra hakimiyyətinə yaranmış vəziyyətlə bağlı müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 torpaq sahəsinin çınqılla dolduruldğunu, mənzillərin sürüşmə sahəsində yerləşdiyini, həmin ərazidə olduğu evlərdə eyni zamanda onların da evində çatlar olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən İddiaçı ünvan 7 ünvanında qeydiyyatda olması müəyyən edilir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 146, 152-166, 180 1096, 1097; Torpaq Məcəlləsinin 4, 65, 82, 103, 106-108, 55,110-111; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50, 76, 97, 101, 103, 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385 – 390, 420-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının qismən pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nətcə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi müvafiq sorğular verməməklə (əmlakların hüquqi rejimin müəyyən etməməklə) və ekspertiza təyin etməməklə işi hərtərəfli araşdırılmasını təmin etməmiş, və şəxsin subyektiv hüququnun olmamasına istinad etməklə kifayətlənmişdir. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq prosessual hərəkətlər aparılaraq ətraflı araşdırma aparılmış və mötəbərliyi şübhə doğurmayan sübutedici əsasların müəyyən edilməməsi qənaəti formalaşmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən (MM 155.2, 166.3) fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Qeyd edilənlərə və kassasiya instansiya məhkəməsinin gəldiyi qənaətə əsasən iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edilməsi iddiaçınının ehtimal edilən əmlak mənafellərinə rəğmən rədd edilməsinə əsas vermir. İddianın əsası onun daşınmaz əmlak üzərində hüquqları ilə bağlı deyildir. İddianın əsasını iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi təşkil edir ki, bunların da ilk növbədə baş verməsi və məhz cavabdehin hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilmir. Ona görə məhz aparılan əlavə araşdırmanın nəticəsi olaraq sübuta yetirilməyən iddianın təmin edilməsi mümkün deyildir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad etdiyi qanunvericiliyə müvafiq və hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi, və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürə bilər. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir. Hazırki (sahiblik əsasında əmlak hüquqlarının pozulması mübahisələndirilən) torpağın başqa şəxslərə məxsusluğu əldə edilmiş sorğularla və iddiaçının özünün təqdim etdiyi arayışla təsdiq edilir. Belə ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi, ev 2A ünvanında yerləşən ona məxsus mənzilə zərərin dəyməsini qeyd etsə də, yeganə sübut ola bilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışa əsasən onun ünvan 7 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən, məhkəmə aktının sübutedici əsasları müəyyən edilmədiyindən müvafiq olaraq iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə düzgün olmayan təfsir əsasları üzrə ləğv edilməli və iddianın sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Tələb (apellyasiya) təsdiq olmadığından iddia və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümu - məhkəmə xərci önları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 nömrəli saylı işi üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğdə pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5107/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5107/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver