Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5107/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3899/2022 nömrəli 10 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında Türkiyə Respublikasından uşaq qidalarının alınıb Azərbaycan Respublikasına gətirilməsi və onun satışı ilə bağlı işgüzar münasibətlər olmuş, hazırki mübahisə satılmış uşaq qidalarının dəyərinin cavabdeh tərəfindən tam və vaxtında ödənilib-ödənilməməsi ilə bağlı yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 70340 manat məbləğində pulun və ödənilmiş 302 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2018-ci ildən Türkiyə Respublikasından uşaq qidaları gətirərək satışını həyata keçirib. Uşaq qidalarını Xəzər rayonu, Qala qəsəbəsində yerləşən anbarda saxlamışdır. Cavabdehi 2018-ci ildən tanıyır və sonuncu ondan uşaq qidaları alaraq satışını həyata keçirib. Alış fakturalarına görə 30 iyul 2018-ci ildən başlayaraq cavabdehə satış üçün uşaq qidaları verib. Cavabdeh alış fakturaları üzrə ondan müxtəlif növlü uşaq qidaları götürüb və dəyərini ödəyib. Lakin, 2018-ci ilin sonunda cavabdehin ona ödənilməmiş 42.680 manat borcu yaranıb. Daha sonra, cavabdehə ayrı-ayrı vaxtlarda alış fakturalarına əsasən yenidən uşaq qidaları verib və sonuncu onun etibarını qazandıqdan sonra borcu yaranmağa başlayıb və borcu getdikcə artaraq 112.300 manat olub. Bundan sonra o, cavabdehə məhsul verməyi dayandırıb. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, o, ödəniş etməyib. Sonradan, borcun bir hissəsinin qarşılığı olaraq cavabdeh ona dəyəri 19.500 manat olan “KiaOptima” markalı, ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dair etibarnamə və 15.000 manat pul verib. Daha sonra cavabdeh evini təklif edib, lakin, ev Bankda ipotekada olduğu üçün bu mümkün olmayıb. Bundan sonra, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, sonuncu ona hər ay 1.500-2.000 manat pul ödəyəcəyini öhdəsinə götürüb. Lakin, 5-6 ay ötdükdən sonra cavabdeh vədinə əməl etməyib və ödənişləri dayandırıb. Beləliklə, cavabdeh qalan borcu ödəməyib və nəticədə ona 70.340 manat borcu qalıb. Cavabdehin ona borcunun olması alış fakturaları ilə yanaşı, aralarında olan telefon səs yazıları ilə də təsdiq olunur. O, şikayət ərizəsi ilə əvvəl Polisə müraciət edib və polisin 18 yanvar 2022-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanması” rədd edilib və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
4. Cavabdeh isə iddiaya etiraz edərək göstərib ki, iddiaçı ilə həqiqətən işgüzar münasibətləri olub. Türkiyə Respublikasından məhsullar ölkəyə onun adına göndərilib. Həmin malların satışından ziyan məbləği yaranıb, həmin ziyanı özünə məxsus olan avtomaşını, əlavə olaraq 15.000 manat pul ödəməklə iddiaçıya olan ziyanı (borcu) ödəyib. Onun iddiaçıya heç bir borcu qalmayıb. İddiaçıya cəmi 35.000 manat borcu olub, evini satdıqdan sonra ona qalan 7.000 manat pulu da ödəyib. Sonradan həmin məbləğ 7.000 manat deyil, 7.500 manat, daha sonra isə 15.000 manat kimi səsləndirilib. Onun iddiaçıya borcu qalmayıb, sonuncu dəfə onunla təqribən 3 il bundan əvvəl danışıb. O ki, qaldı telefon danışıqlarına, həmin telefon danışıqları borcun ödənilməsindən əvvəlki vaxtlara təsadüf edən səs yazılarıdır. Bu səbəbdən də həmin səs yazıları mötəbər sübut kimi qəbul edilə bilməz.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bekir Sürmeli ifadəsində göstərib ki,”2018-ci ildə Türkiyə Respublikasından cavabdehin adına müxtəlif vaxtlarda uşaq qidaları göndərsə də, həmin malların haqq-hesab məsələlərini iddiaçı ilə danışıb, malın dəyəri də mütəmadi olaraq iddiaçı tərəfindən ona göndərilib və haqq-hesabı ancaq iddiaçı ilə aparılıb. Cavabdehin iddiaçıya nə qədər borclu olduğunu bilməsə də, onlar arasında borc məsələsi ilə bağlı gərginlik və narazılığın olduğunu eşidib.”
6. Şahid qismində dindirilmiş Yaşar Tağıyev isə ifadəsində göstərib ki, “mal satışından cavabdehin iddiaçıya borcu yaranıb. Cavabdeh yaranmış borcunu ödəmək üçün özünə məxsus avtomaşını iddiaçıya verib və bir neçə ay ərzində müəyyən məbləğdə pul ödənişi edib. Lakin sonradan imkanı olmadığı üçün cavabdeh borcun qalan məbləğini qaytara bilməyib, hətta borcunu ödəmək üçün evini satışa çıxardıb. Hazırda cavabdehin iddiaçıya 70.000 manat civarında borcu qalıb.”
7. İddiaçının məhkəməyə təqdim etdiyi 2 ədəd yaddaş kartında olan səs yazıları məhkəmə iclasında tədqiq edilmişdir. Həmin danışıqlar iddiaçı ilə cavabdeh arasında olan danışıqları əks etdirir. (səsyazmalardakı səsin cavabdehə məxsus olması təsdiq edilmişdir və mübahisəli deyil) 1 nömrəli səs yazısı üzrə 0:13 saniyədə cavabdehə iddiaçıya bildirir ki - “Maşını satıb borcumu verəcəyəm, gələn ay da qalan məbləği verəcəyəm.” 2 nömrəli səs yazısı üzrə - 0:06 saniyədə - “Maşını turboya qoyub satdıracağam” 3 nömrəli səs yazısı üzrə - 00:38 saniyədə - “Sənə borcluyam, boynuma alıram”; 03:00 saniyədə - “Gəl vur öldür, yoxumdur”; 03:15 saniyədə - “35 000-ə qədər 1 il ərzində ödəniş etmişəm, ortaq məxrəcə gələcəyik, 20 000 manat dəyərində maşın və 15 000 manat pul vermişəm.; 4:06 saniyədə - “Borcluyam, danmıram. Maşın var idi verdim”; 8:10 saniyədə - “11 000 kredit verirəm, az qala özümü öldürəm.”; 10:50 saniyədə - “Sənə pul verəcəyəm”; 11:49 saniyədə - “Qaçmıram səndən”; 14:20 saniyədə - “Evimi verirəm”; 14:40 saniyədə - “Mənim sənin pulunu verməmək fikrim yoxdur”; 16:45 saniyədə - “Borclu borclunun sağlığını istəyər, evim var verirəm sənə”; 18:54 saniyədə - “Qaldı orda 70 000, satım evi 70 000 -ə verim sənə, bilim ki,rahatam; 21:30 saniyədə - “Gəl evimi verim sənə”; 23:29 saniyədə - “Aybaay sənə pul verəcəm” 6 nömrəli səs yazısı üzrə - 0:35 saniyədə - “Regionlara çıxmışam, düzəldib verəcəm”; 2:28 saniyədə - “Sabah qayıdım, düzəldib verəcəyəm imkan daxilində”; 3:54 saniyədə - “Düzəldib verəcəm”; 5:25 saniyədə - “Ödəniş etmək istəyirəm, borclu qalmaq istəmirəm. Gətirib verəcəm əlimə düşdükcə”; 6:17 saniyədə - “Səbirli ol gəlib verəcəm sənə pul” 7 nömrəli səs yazısı üzrə - 13:06 saniyədə – “Sənə 15 000 pul və 20 000 manat dəyərində maşın vermişəm”; 25:50 saniyədə - “Mənə 65 000 ver, krediti bağlayım, evimi verim sənə, borcumdan 35 000 manat çıx”.
8. İşdə olan 2-ci flaşkartda 1 ədəd səs yazısı vardır, həmin səsyazısı da məhkəmə iclasında tədqiq edilmiş, 13:36 dəqiqədən ibarət səs yazısında - 1:14 saniyədə cavabdeh iddiaçıya bilidir ki, - “ 70 000 məndədir, ayda 5 000 verə bilirəm, evimi də satıb verəcəyəm”; 6:41 saniyədə - “evi də satıb sənə 30 000 pul verəcəyəm, 5000- 5000 də verəcəm”.
9. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN – Vİİ 273720 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Kia Optima” markalı ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını İddiaçı sərəncam vermək səlahiyyəti ilə etibar etmişdir.
10. 18.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərara görə iddiaçının şikayəti əsasında Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Zaur Babayev tərəfindən araşdırma aparılmış, yekunda isə cinayət işinin başlanması rədd edilməklə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(008)- 3899/2022 nömrəli qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, cavabdehdən 70.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müəyyən işgüzar münasibətlər yaranıb, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən, öz adına mal gətirdə bilməyib, tanışı və yerlisi olan cavabdeh ƏDV ödəyicisi olduğu üçün malları Türkiyə Respublikasından Azərbaycan Respublikasına onun adına gətirib. Türkiyə Respubilkasından malları Azərbaycan Ruspublikasına göndərən Bekir Sürmeli ilə bütün hesablaşmaları iddiaçı özü aparıb və onun Türkiyə Respublikasına heç bir zaman bağlanmamış borcu qalmayıb. İddiaçı malların Bakı şəhərində satış yerlərini müəyyən edib və cavabdeh həmin malları satış nöqtələrində yerləşdirib və əldə olunmuş qazancı bölüblər. Lakin, sonradan tərəflər arasında borcla bağlı mübahisə yaranıb. Bu faktlar işin mübahisə olunmayan hallarıdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazmalarda cavabdeh iddiaçıya borclu olduğunu, ona avtomaşın və 15.000 manat pul verdiyini, 1 il ərzində cəmi 35.000 manat pul ödədiyini və qalan 70.000 manat pulu isə evini satıb verəcəyini bildirib. Cavabdeh məhkəmə iclasında səs yazılarının avtomobili və pul vəsaitini iddiaçıya verməmişdən əvvəlki vaxta aid olduğunu bildirsə də, mülki iş materialları ilə həmin səs yazılarının avtomobilin və pul vəsaitinin iddiaçıya təhvil verildikdən sonrakı vaxtlara aid oluduğu müəyyən edilir. Belə ki, sözügedən avtomobil etibarnamə ilə iddiaçıya 18 may 2020-ci il tarixdə verilib. Bu tarixdən sonrakı vaxtlarda olan danışıqlarda isə cavabdeh avtomobil və 15.000 manat pul vəsaitindən əlavə, evini də satıb borcunun qalan 70.000 manat hissəsini də ödəyəcəyini bildirib. İddiaçı da cavabdehin 70.000 manat borcunu etiraf etməsi ilə bağlı məhkəməyə təqdim etdiyi səs yazılarının 2020-ci ilin sentyabr-noyabr aylarına aid olduğunu bildirir. Cavabdeh, sonuncu dəfə iddiaçı ilə təxminən 3 il bundan əvvəl danışdığını qeyd etsə də, borclu olduğunu bildirdiyi sözügedən səs yazılarından sonra 70.000 manat pulu iddiaçıya qaytardığına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməyib. Odur ki, məhkəmə yaddaş kartında olan məlumatları sübut növü kimi qəbul edir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh, məhkəmə iclasında ziddiyətli və birbirilə uzlaşmayan məlumatlar verib. Belə ki, 14 iyun 2022-ci il və 06 iyul 2022-ci il tarixli məhkəmə iclaslarında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 izahatında cavabdehin iddiaçıya heç bir borcunun olmadığını, “KiaOptima” markalı, ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını isə iddiaçıya borcun qarşılığı olaraq vermədiyini, iddiaçı ilə bir yerdə iş gördükləri üçün avtomaşını ona malların paylanmasına görə verdiyini bildirib. İşdə olan 18 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmiş izahatında isə cavabdeh göstərmişdir ki, onun iddiaçıya borcu yoxdur, “KiaOptima” markalı avtomaşını iddiaçıya yalnız məhsulların paylanması və işbirlikləri olduğu üçün verib. Lakin, 28 iyul 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh fərqli izahat verərək iddiaçıya münasibətdə ziyan məbləğinin yarandığını, avtomaşını malların paylanması üçün yox, məhz ziyanın qarşılığı olaraq iddiaçıya verdiyini və ona başqa borcunun qalmadığını bildirib. Elə həmin tarixli məhkəmə iclasında iddiaçıya borcunun olmadığını israrla söyləyən cavabdeh avtomaşını və 15.000 manat pul vəsaitini verdikdən sonra evin satışından da iddiaçıya 6.000- 7.000 manat pul verdiyini bildirib. 10 avqust 2022-ci il tarixli məhkəmə iclasında isə cavabdeh evin satışından 7.500 manat pulu iddiaçıya verdiyini, digər izahatında isə evin satışından iddiaçıya 15.000 manat pul verdiyini bildirib. Göründüyü kimi, cavabdehin verdiyi izahatlar səmimi, inandırıcı deyil və o, bu ziddiyyətli izahatları ilə əslində iddiaçıya ödənilməmiş borcunun qaldığını inkar etməyib, əksini isə məhkəmə iclasında sübuta yetirə bilməyib. Bundan əlavə, cavabdeh məhkəmə iclasında telefon danışıqları zamanı qeydə alınmış səs yazılarında nəyə görə iddiaçıya borclu olduğunu və həmin borcu qaytaracağını deməsinin səbəblərini izah edə bilməyib.
15. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə istinad edərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə telefon danışıqları zamanı borcunun olmasını etiraf etməklə onu ödəyəcəyini vəd edib möhlət istəyib və bununla da iddiaçıya borcunun qaldığını etiraf edib. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı iddia tələbində 70.340 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, cavabdehin ona 340 manat borcunun olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia 70.000 manat borcun tutulması hissəsində təmin edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 119.1- ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına və “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırda iddiaçı ondan 70.340 manat borc tələb edir. Hansı ki, tələb edilən bu borc hələ ilk əvvəllər guya 100.000 manatdan artıq olub, bu borcun guya bir qismi ödənildikdən sonra qalıq məbləğ 70.340 manat təşkil edib. Amma yenə də iddiaçı bu borcun yaranma mənbəyi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Hansı ki, bu borc pul müəyyən iş və ya xidmətin görülməsi üçün verilmişdirsə, nə əcəb bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə bağlanmayıb?. Yox əgər iddiaçının iddia etdiyi borc malların satışından əldə edilmişdirsə, malın ona verilməsi ilə bağlı heç bir qaiməfaktura mövcud deyil. İddiaçının məhkəməyə təqdim etdiyi qaimə fakturalar isə keçərsiz olduğundan məhkəmə belə onlara qərar qəbul edərkən istinad etməyə lüzum görməyib. Digər tərəfdən, məhkəmədə şahid qismində dindirilmiş Bekir Sürməli malı Türkiyə Respublikasından rəsmi olaraq onun adına göndərdiyini, rəsmi sənədləşmənin onunla apardığını və işbirliyi çərçivəsində onun şəxsən və eyni zamanda satılmış mala münasibətdə ona heç bir borcu qalmadığını bildirib. Belə olan təqdirdə iddiaçının iddia etdiyi borc necə və haradan yaranıb və iddia tələbi nə dərəcədə əsaslı sayıla bilər?. Məhkəmə işə baxarkən qeyd edilən xüsusatları araşdırmayıb, borcun yaranma mənbəyi və ilkin məbləğinə dair heç bir münasibət bildirməyib. Bundan başqa, iddiaçının tələb etdiyi borc məbləği yetərli qədər ciddi məbləğ olsa da, qanunvericiliyin tələbinə uyğun borcun rəsmiləşdirilməsinə dair müqavilə və ya hər hansı rəsmi sənədi məhkəməyə təqdim edilməyib. Hansı ki, qanunvericiliyə uyğun olaraq 3.000 manatdan artıq olan borc müqaviləsi üçün müqavilənin bağlanması mütləqdir. Bu zaman hər hansı bir sübuta istinad olunması qanunvericiliyə ziddir. Bundan əlavə, hazırkı iş üzrə işə baxan məhkəmə sübut qismində təqdim edilmiş səs yazılarını lazımi qaydada tədqiq etməyib, həmin səs yazılarının məzmunu ilə lazımi qaydada tanış olmayaraq əsasız bir qərar qəbul edib. Hansı ki, həmin səs yazılarının heç birində o iddiaçıya borcunun olduğunu bildirməyib və onu dəfələrlə lazımi hesablaşma aparmağa dəvət edib. Sonuncu səs yazısında guya onun borcu etiraf etməsi ilə bağlı məhkəmənin mövqeyi də yanlışdır. Qeyd etdiyi kimi məhkəmə həmin səs yazılarının tədqiq edilməsində maraqlı olmayıb və onları dinləməyib. Hansı ki, sonuncu səs yazısında pulun iddiaçıya deyil, hansısa üçüncü şəxsə çatmalı olması anlaşılır. Belə olan halda isə əgər onun üçüncü şəxsə borclu olduğu müəyyən edilirsə, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv olaraq hüququ olmadığı məlum olur. Belə olan təqdirdə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı sayıla bilməz, çünki istinad edilmiş sübutun özü mötəbər deyil və şübhəlidir. Məhkəmənin qəbul etmiş olduğu qətnaməsində göstərilir ki, o borcunun olmaması ilə bağlı etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməyib, telefon danışıqlarında nəyə görə iddiaçıya borclu olmasını, borcu qaytaracağını deməsinin səbəblərini izah edə bilməyib. Aralarında hər hansı borc münasibətinin mövcud olması məhkəmə icraatı zamanı, eyni zamanda iddiaçının təqdim etdiyi əhəmiyyətsiz sübutlarla öz təsdiqini tapmır. Tərəflər arasında hansı borc münasibətinin olması və yaranmış borcun ilk məbləği məhkəmə tərəfindən araşdırılmayıb. Məhkəmə onun özünə məxsus avtomobili iddiaçıya verməsini borcun ödənilməsi kimi qeyd etsə də, əslində avtomobil tərəflərin işbirliyi dövründə yaranmış ümumi zərərin qarşılıqlı ödənilməsi məqsədilə edildiyini dəfələrlə məhkəmənin diqqətinə çatdırıb, lakin məhkəmə bildirdiyi xüsusatları ciddiyə almayıb. Qeyd etdiyi kimi, özünə məxsus avtomobili iddiaçıya verməsi borcun ödənilməsi kimi qətnamədə qeyd edilsə də, avtomobilin nə üçün və hansı məqsədlə verilməsi məsələsi məhkəmə tərəfindən əsaslandırılmayıb və buna qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)- 588/2023 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, E.C.Kazımov və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(008)-3899/2022 saylı qətnaməsinin “70.000 manat borc pul və ödənilmiş 300,50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası göstərmişdir ki, mülki iş materialları ilə iddiaçının fərdi sahibkar kimi qeydiyyatdan keçməsi, vergi ödəyicisi olduğu və qanunvericilikdə müəyyən olunan qaydada ölkəyə müəyyən malların idxal edilməsi ilə məşğul olduğu müəyyən olunmur. Əksinə, işin halları ilə yuxarıda qeyd olunan malların (uşaq gidalarının) satışı ilə məhz cavabdehin məşğul olduğu və malların onun adına göndərildiyi müəyyən olunur. Bundan başqa, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı “ödəmə blankları”, “kassa mədaxil qəbzləri”, “alış fakturaları” adlanan sənədlər düzgün tərtib edilmədiyi üçün kimin kimə və nə qədər borcu olmasını müəyyən etmək mümkün deyil. Bununla bağlı Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, şəxslərin qanunvericikdə müəyyən olunan qaydada fərdi sahibkar kimi qeydiyyatdan keçməməsi, vergi ödəyicisi kimi qeydə alınmaması, müvafiq vergiləri ödəməməsi və fəaliyyətlərinin rəsmiyyətdən kənar aparılması halında gələcəkdə yaranan mübahisə və risklərin qabağında aciz vəziyyətdə qalmaları ilə nəticələnə bilir.
22. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, cavabdehə məxsus avtomobilin borcun əvəzi olaraq və ya malları paylamaq üçün iddiaçıya verilməsi ilə bağlı cavabdeh tərəfindən fərqli mövqelər bildirilməsi iddiasının əsaslılığına dəlalət etmir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi və mülki iş materiallarında olan 2 ədəd yaddaş kartında olan səs yazıları məhkəmə iclaslarında tədqiq edilmişdir. Həmin danışıqlar tərəflər arasında olan danışıqları əks etdirir. Həmin səs yazılarında cavabdehin iddiaçıya “sənə pul verəcəm... ödəyəcəm....” kimi səsləri və fikirləri səslənsə də, həmin səs yazılarından iddiaçının cavabdehə pul vermədiyi və cavabdehin məhz digər şəxsə pul məbləği verməli olması həm iddiaçının, həm də cavabdehin səs yazılarından (bir-birinə söylədiklərindən) açıq-aydın müəyyən olunur.
23. İkinci yaddaş kartında olan səs yazısının 08:18 dəqiqəsində cavabdeh bildirmişdir ki “...sən mənə pul verməmisən?..sən də mənə pul verməmisən...”, cavabında isə iddiaçı bildirmişdir ki, “...yaxşı da, başa düşdük...”. Daha sonra 08:39 dəqiqədə iddiaçı bildirmişdir ki, “...pul verilməlidir. Biz bu pulu ya qazanıb verməliyik, ya da ki, nəsə eləyib, evimizi, maşınımızı satıb camaatın pulun verməliyik...mən də satıram evi....”. Səs yazılarından göründüyü kimi cavabdeh, iddiaçıdan pul almadığını bildirir, iddiaçı isə buna etiraz etmir və sonuncu məlum olmayan üçüncü bir şəxsə borcun verilməli olduğundan danışır. Digər tərəfdən, pulun kimə verilməli olması, hər-hansı bir tələbin güzəşti, öhdəliyin ötürülməsi və ya əsassız varlanma halı da mülki iş materiallarından müəyyən olunmur. Məhkəmə kollegiyası bildirmişdir ki, qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir, işin halları və iddiaçının dəlilləri məntiqi ardıcıllıqla bir-birini tamamlamır, bu ziddiyyətlər isə eyni zamanda iddianın əsaslılığı ilə bağlı halların düzgünlüyünə inam yarada bilmir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 740.2, 1091.1 və 1091.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 106.3-cü maddələrinə, həmçinin sübutetmə yükü ilə bağlı qanunvericiliyin normalarına istinadla əsaslandırmışdır.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
25. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-1909/2023 nömrəli 13 iyun 2023-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (məruzəçi), İ.Ə.Şəfiyev və V.T.Həsənov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-588/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
27. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında hansı mülki hüquqi münasibətlərin əmələ gəldiyini dəqiqləşdirməyib. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə bir tərəfdən tərəflər arasında iş birliyi olmaqla onların uşaq qidalarının alqı-satqısı ilə məşğul olduqlarını qeyd etdiyi halda, digər tərəfdən cavabdehlə məlum olmayan üçüncü şəxs arasında borc hüquqi münasibətlərin olduğunu qeyd etməklə ziddiyyətli nəticəyə gəlib. Halbuki, tərəflərin özlərinin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bekir Sürmeli və Yaşar Tağıyevin izahatları, o cümlədən işə əlavə edilmiş çoxsaylı “ödəmə blankları”, “kassa məxaric-mədaxil orderləri” və “alış fakturalırı”nın surətləri ilə müəyyən olunur ki, hazırki mülki mübahisə əslində cavabdehlə hansısa üçüncü şəxs arasında borc hüquqi münasibətlərindən deyil, məhz iddiaçı ilə cavabdeh arasında uşaq qida məhsullarının ölkəyə gətirilməsi və onların satışı ilə bağlı yaranıb. Həmin uşaq qida məhsulları ölkəyə cavabdehin adına göndərilsə də, malların haqq-hesab sənədləri, onların dəyərinin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilib. Cavabdeh özü də izahatında, iddiaya etirazında, apellyasiya şikayətində iddiaçı ilə aralarında məhz işgüzar münasibətlərin əmələ gəldiyini, aldığı malların sonradan xarab olduğunu, nəticədə malların satışından sözügedən ziyanın məbləğinin yarandığını və həmin ziyanın məbləğini ödəmək üçün əvvəl özünə məxsus olan avtomobili verdiyini, 15.000 manat nəğd pul ödədiyini, sonradan isə evini sataraq əlavə olaraq 7.500 manat ödəməklə iddiaçıya olan borcunu ödədiyini etiraf edib. İşin bu halları məhkəmə iclasında şahid qisində dindirilmiş Bekir Sürmeli, Yaşar Tağıyevin izahatları, habelə cavabdehin nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında hansısa üçüncü şəxsə borcunun olduğunu deyil, aldığı malların sonradan xarab olmasına görə iddiaçıya müvafiq ödəmələr etdiyini etiraf etməsi ilə də təsdiq olunur. Göründüyü kimi, işin bütün müvafiq halları, o cümlədən tərəflərin hazırki mülki mübahisəyə qədərki telefon danışıqları, səs yazıları, habelə onların qarşılıqlı münasibətlərində uzun müddət yaranmış işgüzar münasibətlər, onların sonrakı hərəkətləri onu deməyə əsas verir ki, hazırki mülki mübahisə əslində hansısa üçüncü şəxslə cavabdeh arasında borc hüquqi münasibətlərdən deyil, sonuncu ilə məhz iddiaçı arasında nisyə satın alınmış uşaq qida məhsullarının dəyərinin tam ödənilib-ödənilməməsi ilə bağlı yaranıb.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin uşaq qida məhsullarını nisyə satın alması və sonradan onların xarab olması mülki iş materilları, o cümlədən cavabdehin özünün izahatı ilə istisna edilmədiyindən, nisyə satın aldığı qida məhsullarının dəyərini tam məbləğdə ödəməsini sübut etmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Həmçinin, iddiaçı da iddia ərizəsində göstərdiyi malları cavabdehə təhvil verdiyini sübut etməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin bəyənib, imzaladıqları sözügedən mühasibat sənədlərinin, yəni “ödəmə blankları”nın, “kassa məxaric-mədaxil orderləri”nin, “alış fakturalırı”nın həqiqilyini yoxlamadan, bunun üçün orada olan rəqəmlərin mötəbərliliyini iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəylər almadan, həmin malların təhvil verilməsi və alınmasına dair mühasibat sənədlərinin hansısa üçüncü şəxs tərəfindən deyil, bilavasitə iddiaçı və cavabdeh tərəfindən imzalandığını nəzərə almadan, cavabdehin iddiaçıya deyil, hansısa üçüncü şəxsə borcunun olduğuna dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdeh özü də izahatında malları alıb mağazaya verdiyini, müəyyən müddət keçdikdən sonra isə malların orada xarab olduğunu, nəticədə 35.000 manat ziyan məbləğinin yarandığını, həmin məbləği də özünə məxsus olan avtomobili və 15.000 manat nəğd pulu hansısa üçüncü şəxsə deyil, məhz iddiaçıya tam məbləğdə ödəməklə qaytardığını etiraf edib, səs yazılarında isə ümumiyyətlə sözügedən üçüncü şəxsi tanımadığını, malların dəyərinin ödənilməməsinə görə məhz iddiaçıya borcunun yarandığını göstərib.
30. Apellyasiya instansiyası məhkəməsi, tərəflərə aid sözügedən səs yazıları arasındakı, habelə həmin səs yazıları ilə tərəflərin izahatları və işə əlavə edilmiş çoxsaylı mühasibat sənədləri arasındakı ziddiyyətlərə (məsələn, cavabdeh səs yazısında əvvəl iddiaçıya, sonra isə Toğrul adlı şəxsə borcunun olduğunu etiraf edir, izahatında isə ümumiyyətlə Toğrul adlı şəxsin adını çəkmir və sair) aydınlıq gətirmədən, səs yazılarında adı hallanın Toğrul adlı şəxsin şəxsiyyətini müəyyən edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə kifayətlənərək, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilmədiyinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi, işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, habelə “ödəmə balankları”, “kassa məxaricmədaxil orderləri”, “alış fakturalırı” və səs yazıları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, cavabdehin iddiaçıya məhz könüllü, məhkəməyə qədər ödəmiş olduğu 35.000 manat pul vəsaitini nəzərə almadan, cavabdehlə iddiaçı arasında deyil, hansısa üçüncü şəxs arasında borc hüquqi münasibətlərin əmələ gəlməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.
Proses iştirakçılarının izahatı
32. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
33. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
34. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “İddiaçı mənim əmimoğludur. Cavabdeh isə onun qohumu olmaqla birgə iş gördüklərini bilirəm. Baxşəli və Fərid Türkiyə Respublikasından uşaq qida məhsulları gətirib Azərbaycanda satışını həyata keçirirdilər. Baxşəli 4-5 il əvvəl mənə müraciət edərək, Türkiyədə iş gördükləri Bəkir adlı şəxsə borclarının olduğunu bildirmiş və bu borcu ödəmək üçün məndən borc istəmişdir. Mən Fəridlə heç bir iş görməmişəm. Mən həmin vaxt Baxşəliyə hissə-hissə 85000 manat borc verdim. Keçən il Baxşəli borcdan 11000 manat qaytarmışdır. Fəridin Baxşəliyə borcu olduğu mənə deyilmişdir. Fəridin mənə borcu yoxdur. Fəridin Baxşəliyə, Baxşəlinin isə mənə borcu var. Fəridin Baxşəliyə olan borcun məbləği barədə dəqiq məlumatım yoxdur. Bildiyimə görə məndən aldığı borc civarında Fəridin Baxşəliyə borcu var. Baxşəliyə borcu pandemiyadan əvvəl 2019-cu ildə vermişəm.”
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
39. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
40. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
41. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
42. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
43. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
50. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləğinə aid hissədə dəyişdirilməlidir.
52. Tərəflərin özlərinin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bekir Sürmeli və Yaşar Tağıyevin izahatları, o cümlədən işə əlavə edilmiş çoxsaylı “ödəmə blankları”, “kassa məxaric-mədaxil orderləri” və “alış fakturaları”nın surətləri ilə müəyyən olunur ki, hazırki mülki mübahisə məhz iddiaçı ilə cavabdeh arasında uşaq qida məhsullarının ölkəyə gətirilməsi və onların satışı ilə bağlı yaranıb. Həmin uşaq qida məhsulları ölkəyə cavabdehin adına göndərilsə də, malların haqqhesab sənədləri, onların dəyərinin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilib. Cavabdeh özü də izahatında, iddiaya etirazında, apellyasiya şikayətində iddiaçı ilə aralarında məhz işgüzar münasibətlərin əmələ gəldiyini, aldığı malların sonradan xarab olduğunu, nəticədə malların satışından sözügedən ziyanın məbləğinin yarandığını və həmin ziyanın məbləğini ödəmək üçün əvvəl özünə məxsus olan avtomobili verdiyini və 15.000 manat nəğd pul ödədiyini, sonradan isə evini sataraq əlavə olaraq 7.500 manat ödəməklə iddiaçıya olan borcunu ödədiyini etiraf edib.
53. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan nisyə mal (uşaq qida məhsulları) alınmışdır.
54. İddiaçı, nisyə satılmış uşaq qida məhsullarının dəyərinin tam ödənilmədiyini və cavabdehin ona 70.340 manat qalıq borcunun qaldığını iddia edərək, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə çoxsaylı “ödəmə balankları”nın, “kassa məxaric-mədaxil orderləri”nin, “alış fakturaları”nın surətlərini, həmçinin cavabdehə aid səs yazılarını təqdim etmişdir.
55. Cavabdeh isə ziyanın məbləğinin cəmi 35.000 manat olduğunu, onu da iddiaçıya tam məbləğdə ödədiyini bildirir.
56. Kollegiya əvvəla qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı “Ödəmə blankı”, “Kassa mədaxil qəbzi”, “Alış fakturası” adlanan sənədlər düzgün tərtib edilmədiyindən kimin kimə və nə qədər borcunun olmasını müəyyən etmək mümkün deyil.
57. Ona görə də həmin sənədlər əsasında ekspertiza tədqiqatının aparılması da mümkün deyil.
58. Eləcə də nəzərə almaq lazımdır ki, bu sənədlər 2018-2019-cu ilə aiddir, tərəflər arasında isə 2020-ci ildə aparılmış danışıqlara dair səs yazısı mövcuddur, yəni qarşılıqlı öhdəliklər həmin səs yazısı əsasında müəyyən edilməlidir.
59. Təqdim edilmiş səs yazıları Kollegiya tərəfindən tədqiq edilmişdir.
60. Təqdim edilmiş səs yazılarından iddiaçı tərəfindən göstərilən məhsulların cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən həmin məhsulların qəbul edilməsi və məhsulların dəyəri ilə bağlı sonuncunun iddiaçıya borclu qalması mübahisəsiz qaydada müəyyən olunur.
61. Səs yazılarında cavabdeh borcunun olmasını etiraf etmişdir. Qanunvericilikdə nisyə alqı-satqı müqaviləsinin şifahi formada da bağlanması nəzərdə tutulduğundan, məhkəmə tərəfindən cavabdehin şifahi formada borcunun olması barədə etirafı borcun etirafına bərabər tutulur.
62. Hazırki mübahisə isə məhz iddiaçı ilə cavabdeh arasında nisyə satın alınmış uşaq qida məhsullarının dəyərinin tam ödənilib-ödənilməməsi ilə bağlı yaranmışdır.
63. İddiaçı cavabdehin 70.340 manat qalıq borcunun olduğunu iddia edir.
64. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
65. Birinci yaddaş kartında olan 26 dəqiqə 34 saniyəlik 7 nömrəli səs yazısının 05:15 dəqiqəsində cavabdeh bildirir ki, “pulu da evimi satıb verirəm”; 05:22 dəqiqəsində göstərir ki, “evimi satıb verə bilərəm, işi satıb verə bilmərəm”; 09:20-ci dəqiqəsində cavabdeh bildirir ki, “biz iş görmüşük, mən borc almamışam”, “70000 borcum var, gedirəm 35000 silib keçirirəm adına, evi verirəm, kirayə ver”; 11:08 dəqiqəsində cavabdeh bildirir ki, “opşi hesablasaq, 35000-40000 vazvratnan bir yerdədir”, “mən xərcləməmişəm, işdən ziyan görmüşük”, “35000 maşınan təlafi elədim”, “qalır 35000, evi keçirirəm adına”, “35000 də danmıram, onu da verirəm, deyirəm yaxşı o ziyanı da mən üstümə”.
66. Təqdim edilmiş hər iki yaddaş kartında olan səs yazılarını dinlədikdə cavabdehin iddiaçıya ödənilməmiş 35000 manat borcunun qalması müəyyən olunur. Belə ki, həmin səs yazılarını ardıcıl və xronoloji qaydada dinlədikdə müəyyən olunur ki, cavabdehin iddiaçıya 70000 manat borcu qalmış və həmin borcdan 35000 manatını avtomobil və pul şəklində ödəmiş, 35000 manat isə ödənilməmiş borcu qalmışdır.
67. Göründüyü kimi iddiaçı 70340 manat borcun qalmasını iddia etsə də, tələbinin əsası kimi təqdim etdiyi sübutlarla cavabdehin məhz o məbləğdə ödənilməmiş borcunun qalması müəyyən olunmamışdır. Cavabdeh isə borcu qalmadığını, tam ödədiyini bildirsə də, iş materiallarında olan səs yazısından özünün etirafı ilə 35000 manat borcunun qalması müəyyən edilmişdir.
68. Ona görə Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan borc məbləğinə aid hissədə dəyişdirilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3899/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə tutulan pulun məbləğinə aid hissədə dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 35000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.