Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5108/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2778/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(103)-621/2020 saylı qətnaməsi ilə cavabdeh X1 4000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
2. İddiaçı X2 hərəkətləri nəticəsində əsəb və sarsıntı keçirdiyini bəyan edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2500 manat maddi və 5000 manat mənəvi zərərin əvəzinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərir ki, cavabdeh ona 10.000 manat məbləğində ziyan vurmuşdur. Bununla əlaqədar o, 5 avqust 2019-cu il tarixdə Sabunçu rayon məhkəməsinə müraciət etmiş və 2(008)-5155/2019 saylı qətnamə ilə iddiası tam təmin olunmuşdur. Bakı Apellyasiya məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(103)-621/2020 saylı qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehdən 4.000 manat pul tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 18 yanvar 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Cavabdehin hərəkətləri nəticəsində dəfələrlə polis idarələrinə, prokrorluq orqanlarına, məhkəmələrə gedib-gələrək maddi vəsait xərcləmiş, həmin müddətdə əsəb və sarsıntı keçirmiş, ürək və təzyiq dərmanları qəbul etmişdir. O, 35 ildir ki, BDU-da dərs deyir və işləyir.
5. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-2778/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işin icraatına maddi ziyanın ödənilməsi hissəsində xitam verilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2778/2021 saylı, 24 iyun 2021ci il qətnaməsi (hakim Əşir Səmədov) ilə iddianın qismən təmin edilərək cavabdeh X1 3000 (üç min) manat məbləğində mənəvi zərər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3030 (üç min otuz) manatın İddiaçı xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(103)-621/2020 saylı qətnaməsinin surətindən görünür ki, Sabunçu rayon məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(008)-5155/2019 saylı qətnaməsi ləğv edilmiş, cavabdeh X1 4000 manat pulun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.
8. İşdə olan 16 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli ambulator kartadan çıxarışından görünür ki, İddiaçı ürəyin işemik xəstəliyi, Ateroskleroz, Kardioskleroz diaqnozu qoyulmuşdur.
9. Cavabdeh X2 hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul ağlabatan məbləğ kimi qiymətləndirilərək, cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh X4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində göstərir ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsində istinad edilən norma düzgün tətbiq edilməmiş və qətnamənin çıxarılmasına əsas kimi göstərilənlərin heç bir hüquqi əsası yoxdur.
12. İşə baxan məhkəmə iddiaçı tərəfindən göstərilənlərin həqiqəti əks etdiribetdirməməsini düzgün (həqiqətən də ürəyin işemik xəstəliyi, aterosklerozun göstərilənlərlə və ya göstərilən müddətdə tutduğunu) araşdırmamışdır. Belə ki, iddiaçı ahıl və yaşlı olduğundan onun bir çox xəstəlikləri ola bilər (bu hissədə tənqidi yanaşılmalıdır). İddiaçı göstərilənərlə bağlı hər hansı sübut təqdim etməmişdir.
13. İşə baxan hakim qanunu kobud şəkildə pozaraq onun çəkişmə prinsipi hüququnu məhdudlaşdırdığından iddianın tam əsassız olmasına dair sübutlar təqdim edə bilməmişdir. İştirakı təmin olunsa idi, iddiaçının əvvəlki məhkəmənin qətnaməsinin icrası ilə bağlı Sabunçu rayon icra şöbəsinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətini təqdim edərdi. Həmin ərizəsində iddiaçı icra sənədinin icrası ilə bağlı heç bir şikayətinin olmadığını göstərmişdir.
b) Apellyasiya şikayətinə etirazın dəlilləri
14.İddiaçı təqdim etdiyi yazılı etirazında cavabdehin apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək məhkəmədən cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
19. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X7 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
20. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
23. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da, mənəvi zərərin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.
29. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmur. Çünki, cavabdehin iddiaçıya maddi zərər vurması qanuni qüvvədə olan məhkəmə aktları təsdiq olunur.
30. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat tələb etmiş, məhkəmə isə iddianı qismən təmin edərək 3000(üç min) manatın alınmasını qət etmişdir. İddiaçı iddiasının qismən təmin edilməsini mübahisələndirməsə də cavabdeh təmin edilən həmin hissəni mübahisələndirir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir.
31. İddiaçının ahıl və yaşlı olmasının, eləcə də xəstəliklərinin yaranma vaxtının da iddianın əsaslılığına ciddi bir təsiri ola bilməz. Çünki, xəstəliklər əvvəldən mövcud olsa da cavabdehin hərəkətləri nəticəsində ağırlaşa bilər, bunun nəticəsində də iddiaçının mənəvi iztirab keçirməsi labüd ola bilər..
32. İddiaçının başqa icra sənədinin icrası ilə bağlı, yəni icra olunduğuna görə heç bir şikayətinin olmamasına dair ərizə yazması da bu iddianın əsassızlığına dəlalət etmir. Çünki, hazırki iddia ayrıca iddia kimi sonradan qaldırılmış, müstəqil predmeti və əsası vardır. 33.Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamışdır. Ona görə də qeyd olunan məbləğ azaldılmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2778/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli və zərərin miqdarı azaldılaraq 2000 (iki min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2778/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin və zərərin miqdarı azaldılaraq 2000 (iki min) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.