Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5109/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh2 və X1 qarşı “aktların etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəfərov X4 Elxan Nuhu oğluna və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə arasında imzalanmış Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alqı-satqısına 341 800 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş 09.02.2015-ci il tarixli aktın, “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97 342 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş 09.02.2015-ci il tarixli aktın və ünvan 1 ünvanında "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885 528 manat sərmayə qoyulması ilə bağlı 09.02.2015-ci il tarixli aktın tərtib edildiyi andan etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2lə arasında tikinti biznesi sahəsində birgə iş görmək haqqında 2014-cü ilin ortalarından başlayaraq danışıqlar getmiş, aralarında qarşılıqlı etimad yaranmış, həmin dövrdə Xırdalan şəhərində inşa etdiyi yüksək mərtəbəli binada üç otaqlı mənzili Cavabdeh2 adına rəsmiləşdirmiş, 23 may 2014cü il tarixdə Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binada Cavabdeh2 qızına və qardaşına mənzil satılması barədə iki müqavilə imzalamış, Cavabdeh2 1 il 6 ay ərzində mənzillərin pulunu ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Həmin dövrdə Elxan onun tərəfindən aparılan tikinti işlərinə qoşulmaq üçün maddi imkanının olduğunu bildirmiş, bu məqsədlə 09.02.2015-ci il tarixdə aralarında guya onun və Elxanın tərəfindən Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alqı-satqısına 341 800 manat müştərək qaydada pul qoyulması barədə, “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97342 manat sərmayə qoyulması barədə, ünvan 1 ünvanında "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885 528 manat sərmayə qoyulması barədə 3 akt tərtib edilmişdir. Halbuki, həmin karxana və daş istehsalı sexi ona məxsusdur və o, Elxanı tanımamışdan əvvəl həmin obyekti icarəyə götürüb işlətmişdir. "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885 528 manat sərmayə qoyulması barədə akt da həqiqətdən uzaq olmaqla reallığı əks etdirmir – çünkü qeyd olunan ünvanda tikintini faktiki olaraq 2015-ci ilin mart ayının sonlarında bağlamışdır və aktın imzalandığı tarixdə 885 528 manat sərmayə qoyulması mümkün deyildi. Bundan əlavə, əgər Cavabdeh2 aktlarda göstərilən məbləğlərdə pulu var idisə, qardaşının və qızının adına sənədləşdirilmiş mənzillərin pulunu ödəyə bilməməsi müəmmalıdır. Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin əsassız olduğunu, sözügedən aktların onlarda göstərilmiş məbləğlərin ödənilməsinə görə deyil, artıq ödənilmiş məbləğlərin ödənildiyini təsdiq etmək baxımından, yəni onun tərəfindən aktlarda göstərilən məbləğlərin sərmayə olaraq qoyulduğunun təsdiqi baxımından tərtib olunduğunu, İddiaçı sərmayələrə mütənasib gəlirlərin bölüşdürülməsindən yayınmaq üçün belə iddia qaldırdığını bildirmiş, 09.02.2015-ci il tarixli aktlar üzrə tərəfindən sərmayə kimi ödənilmiş 1 324 670 manatın (341 800 + 97 342 + 885 528) və həmin məbləğdən 3 ildən artıq müddətdə istifadəyə görə qüvvədə olan bank faizinin uçot dərəcəsi ilə (5 % olmaqla) 198 699 manatın (1 324 670 x 5 % = 66 233 x 3), yəni cəmi 1 523 369 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi Afət Babayeva, digər nümayəndəsi (vəkili) Toğrul Babayev apellyasiya şikayətini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş, ilk məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin əsassız olduğunu bildirmiş (dəfələrlə dəvət olunmasına baxmayaraq, o, sonrakı iclaslara gəlməmişdir), ilkin iddia üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 isə 01.11.2019-cu il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verməmişdir və bu o deməkdir ki, ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir. Həmçinin nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, sərmayə qoyuluşu ilə bağlı 9 fevral 2015-ci il tarixli aktlarda qeyd olunan xüsusatlar başqa heç bir sübutla təsdiq olunmamış, hər üç aktın tərtibində iştirak etmiş X3 həmin aktların etibarsız olduğunu, Cavabdeh2 sərmayə qoyacağına söz versə də, vədinə əməl etmədiyini bildirmişdir. Kollegiya həmçinin qeyd etmişdir ki, aktların məzmunundan Cavabdeh2 və İddiaçı hərəyə nə qədər sərmayə qoymasını müəyyən etmək mümkün deyil. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İlk növbədə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin aktlarla bağlı müəyyən etdiyi hallar özü-özlüyündə ziddiyyətlidir. Belə ki, məhkəmə kollegiyası bir tərəfdən aktlarda sərmayələrin qoyulması ilə bağlı xüsusatın başqa heç bir sübutla təsdiq olunmadığını və hər üç aktın tərtibində iştirak etmiş X2 həmin aktların etibarsız olduğunu bildirdiyini qeyd etsə də, digər tərəfdən aktların məzmunundan Cavabdeh2 və İddiaçı hər birinə nə qədər sərmayə qoymasının müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Digər tərəfdən, isə məhkəmə qarşılıqlı iddia tələbinin əsasları üzrə zəruri olan hərtərəfli araşdırılmanı həyata keçirməmişdir. Halbuki, bir-biri ilə bağlı olan 3 akt üzrə qoyulmuş sərmayələrin geri alınması tələbi üzrə mübahisənin həlli məqsədilə ilk növbədə tərəflərin hər birinin qoyduğu sərmayənin həcmi, bu sərmayələrin qoyulması üzrə tərəflər arasında hansı müqavilədən irəli gələn qarşılıqlı öhdəliklərin götürüldüyü, yəni tərəflərin öhdəliklərinin nədən ibarət olması, daha sonra isə bu öhdəliklərin pozulub-pozulmaması, pozulmuşdursa kimin tərəfindən pozulması, öhdəliyin pozulmasına görə zərərin mövcud olub-olmaması müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə işin həlli baxımından əhəmiyyətli olan bu halları aydınlaşdırmadan qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir”. Kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və qarşılıqlı iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (ilkin iddia tələbi üzrə icraata Cavabdeh1 aid hissədə xitam verildiyi və qətnamənin həmin hissəsinin müvafiq qərardadla ləğv olunduğu nəzərə alınmaqla). İşin müəyyən olunmuş hallarına görə, 09.02.2015-ci il tarixdə "xxxx" MTK-nın sədri Müslət Nəcəfov, "xxxx" MMC adına vəzifəsi göstərilmədən Cavabdeh2 və "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmış akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885 528 manat; eyni tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Qaradağ rayonunda “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97 342 manat; eyni tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Hökməli kəndində yerləşən daş istehsalı sexinə 341 800 manat sərmayə qoyulmuş, İddiaçı və Cavabdeh2 həmin aktların düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Qarşılıqlı iddia tələbini rədd edərkən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, tərtib olunmuş aktlar birgə sərmayə qoyuluşu və sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, tərəflər bu fəaliyyət nəticəsində qarşılaşa biləcəkləri risklərə görə birbirinin qarşısında məsuliyyət daşımırlar. Bundan əlavə, qarşılıqlı iddiaçı mübahisələndirilən 3 akt üzrə qoyulmuş sərmayədən gəlir əldə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və aktların məzmunundan görünür ki, 1 324 670 manat məbləğində qoyulmuş sərmayələr yalnız Cavabdeh2 deyil, həm də İddiaçı aid olmuşdur. Məhkəmə həmçinin, Cavabdeh2 bu iddianı İddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürdüyünü, tərəflər arasında qərəzli münasibətlərin olmasını vurğulamışdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, qarşılıqlı iddiaçının əsas iddia tələbi, onun İddiaçıla birgə biznes fəaliyyəti üçün qoyduğunu irəli sürdüyü sərmayənin (pul vəsaitinin), həmin fəaliyyət reallaşmadığı üçün İddiaçı tutularaq özünə (iddiçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, Cavabdeh2 irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı, “aktların etibarsız hesab edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını (qətnamədən şikayət vermədiyini) də nəzərə almaqla kollegiya hesab edir ki, ağlabatan mühakimə əsasında 09.02.2015-ci il tarixli aktlarda göstərilən pul məbləğlərinin ortaq biznes fəaliyyəti göstərmək məqsədilə sərmayə kimi qoyulduğu (yatırıldığı), lakin həmin ortaqlığın baş tutmadığı (reallaşmadığı) və İddiaçı qarşılıqlı iddiaçının hesabına əsassız varlandığı qənaətinə gəlmək mümkündür. Bununla belə kollegiya, qarşılıqlı iddia tələbinin qismən əsaslı olduğunu vurğulayır; belə ki, qarşılılqı iddiaçının istinad etdiyi aktlarda əks olunan pul vəsaitlərinin “Cavabdeh2 və İddiaçı tərəfindən sərmayə kimi qoyulduğu” göstərilmişdir və bu o deməkdir ki, əksi sübut olunmayana qədər həmin vəsait onlar tərəfindən bərabər hissədə (hər biri 662 335 manat olmaqla) sərmayə qismində yatırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, onun iddia tələbi “istifadəyə görə faizlərin tutulması” hissəsində də təmin oluna bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanlara əsasən kollegiya, Cavabdeh2 İddiaçı 662 335 manatı sonradan həyata keçirilməmiş və ya aradan qalxmış əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğ İddiaçı onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə iddia qaldırmaq və həmçinin apellyasiya şikayəti vermək üçün qarşılıqlı iddiaçının ödədiyi dövlət rüsumunun və bank xidmətinin məbləği İddiaçı alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-61/2020 saylı iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 tərəfindən 09.02.2015-ci il tarixli aktlar üzrə sərmayə kimi ödənilmiş 662 335 (altı yüz altmış iki min üç yüz otuz beş min) manat, həmçinin dövlət rüsumlarının əvəzi qismində 45,60 (qırx beş manat 60 qəpik) manat İddiaçı alınaraq ona ödənilsin. Cavabdeh2 qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5109/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5109/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver