Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5111/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MTK-nın buna səlahiyyəti olan nümayəndəsi MTK-nın adından iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MTK-nın mülkiyyətində olmuş və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə **********491 (qeydiyyat nömrəsi: 6********) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın, həmin torpaq sahəsinə dair Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-118 nömrə altında xx.xx.2017-ci il tarixdə qeydə alınmış və satıcı olaraq "xxxx" MMC ilə alıcı olaraq Cavabdeh2 arasında bağlanmış “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə **********91 (qeydiyyat nömrəsi: 6********) reyestr nömrəsi ilə Cavabdeh2 adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına verilmiş “Reyestrdən çıxarışın”, həmin torpaq sahəsinə dair Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-1283 nömrə altında xx.xx.2020-ci il tarixdə qeydə alınmış və satıcı olaraq Cavabdeh2 ilə alıcı olaraq Cavabdeh1 arasında bağlanmış “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2020-ci il tarixdə **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə Cavabdeh1 adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 adına verilmiş “Reyestrdən çıxarışın” ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-88/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçı (hazırki iş üzrə cavabdehlərdən biri olan) "xxxx" MMC-nin cavabdeh (hazırki iş üzrə iddiaçı olan) İddiaçı MTK-ya qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi, 63.143 manat məbləğində pulun MTK-dan tutularaq MMC-yə ödənilməsi qət olunmuşdur. MMC-nin direktoru həmin vaxt həbsdə olduğundan məhkəmədə iştirak edə və qiyabi qətnamədən vaxtında şikayət verə bilməmişdir. MTK-nın direktoru həbsdən azad olunduqdan sonra qiyabi qətnamənin qəbul edilməsinə əsas olmuş iddiaya qarşı etiraz vermiş və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və işə ümumi iddia icraatı qaydasında baxılmışdır. "xxxx" MMC-nin həmin tələbinə ümumi iddia icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılan zaman, MMC, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə vermiş və 63.143 manat deyil, 4.800 manat məbləğində pulun MTK-dan onun xeyrinə tutulmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə (həcmi dəqiqləşdirilmiş) iddia tələbinin təmin edilməsini, 4.800 manat məbləğində pulun MTK-dan tutularaq MMC-yə ödənilməsini qət etmişdir. Qətnamə qüvvəyə minmiş və MTK qeyd edilən məbləği MMC-yə ödəmişdir. Həmin ərəfədə MTK-nın rəhbərliyinə aşağıdakılar məlum olmuşdur: - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi qüvvədə olduğu müddətdə, qiyabi qətnamənin icrası ilə əlaqədar olaraq qiyməti 500.000 manat olan mübahisəli torpaq sahəsi 63.143 manat borcun əvəzi olaraq tələbkar "xxxx" MMC-nin mülkiyyətinə keçirilmiş, bununla bağlı olaraq DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(012)- 1232/2016 saylı qərardadına əsasən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə müvafiq qeydiyyat aparmış və bu barədə MMC-yə “Reyestrdən çıxarış” verilmişdir; - bundan sonra, MMC, artıq torpaq sahəsinin mülkiyyətçisi kimi çıxış edərək həmin torpaq sahəsini Cavabdeh2 satmış və bununla bağlı olaraq onların arasında xx.xx.2017-ci il tarixdə Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-118 nömrə altında qeydə alınmış “Alğı-satqı müqaviləsi” bağlanmışdır; - həmin müqavilə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə müvafiq qeydiyyat aparmış və bu barədə Cavabdeh2 “Reyestrdən çıxarış” verilmişdir; - bundan sonra, Cavabdeh2, artıq torpaq sahəsinin mülkiyyətçisi kimi çıxış edərək həmin torpaq sahəsini Cavabdeh1 satmış və bununla bağlı olaraq onların arasında xx.xx.2020-ci il tarixdə Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-118 nömrə altında qeydə alınmış “Alğı-satqı müqaviləsi” bağlanmışdır; - həmin müqavilə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2020-ci il tarixdə müvafiq qeydiyyat aparmış və bu barədə Cavabdeh1 “Reyestrdən çıxarış” verilmişdir. Göründüyü kimi qeyd edilən hərəkətlər Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi əsasında həyata keçirilmiş və həmin hərəkətlərin həyata keçirilməsinə əsas olmuş qiyabi qətnamə ləğv edilmişdir. Göstərilənlərə əsasən iddiaçı MMC hesab edir ki, yuxarıda qeyd edilən müqavilələr, “Daşınmaz əmlakın dövlət reyestrində” edilmiş qeydlər və həmin qeydlər əsasında verilmiş “Reyestrdən çıxarışlar” ləğv edilməlidir. b) iş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumatlar
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı MTK-nın həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-684/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir
5. İddiaçı MTK-nın həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (İş № 2(102)-2046/2023) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qismən, yəni “MTK-nın mülkiyyətində olmuş mübahisəli torpaq sahəsi ilə DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın ləğv edilməsi barədə tələbin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması” hissəsinin ləğv edilməsini, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını, ləğv edilmiş hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. d) apellyasiya baxışının hədləri
6. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə həyata keçirtdiyi apellyasiya baxışının predmeti Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin “MTK-nın mülkiyyətində olmuş mübahisəli torpaq sahəsi ilə DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın ləğv edilməsi barədə tələbin təmin edilməməsi barədə” hissəsi və həmin nəticə ilə bağlı iddiaçı MTK-nın qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləridir.
7. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi hazırki apellyasiya baxışının predmeti deyil.
8. İşə baxmış Rayon Məhkəməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən tələbi ona görə rədd etmişdir ki, "xxxx" MMC-dən sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmiş şəxslər vicdanlı əldə edən şəxslərdir. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz.
9. İddiaçı MTK-nın apellyasiya şikayətinin Rayon Məhkəməsinin həmin nəticəsinə aid dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin cavabdeh MMC-nın mülkiyyəti kimi DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması üçün əsas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi olmuşdur. Həmin qiyabi qətnamə son nəticədə ləğv edildiyi üçün “Daşınmaz əmlakın dövlət reyestrində” torpaq ilə bağlı MMC adına aparılmış qeyd də ləğv edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iş üzrə təqdim edilmiş sübutları obyektiv araşdırmamış, işin hallarına səhv qiymət vermişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İddiaçı MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya baxışının predmeti olan hissədə şikayətin dəlilini müdafiə etdi və şikayətin dəlilinə uyğun izahat verdi.
11. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş işdə iştirak edən digər şəxslər apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, apellyasiya baxışının predmetini təşkil edən tələb təmin edilməlidir.
13. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsindən (İş № 2-2(85)-88/2016) görünür ki, həmin qiyabi qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdehlərdən biri olan) "xxxx" MMC-nin cavabdeh (hazırki iş üzrə iddiaçı olan) İddiaçı MTK-ya qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi, 63.143 manat məbləğində pulun MTK-dan tutularaq MMC-yə ödənilməsi qət olunmuşdur.
14. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, MTK-nın direktoru həmin vaxt həbsdə olduğundan məhkəmədə iştirak edə və qiyabi qətnamədən vaxtında şikayət verə bilməmişdir. O, həbsdən azad olduqdan sonra qiyabi qətnamənin qəbul edilməsinə əsas olmuş iddiaya qarşı etiraz vermiş və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və işə ümumi iddia icraatı qaydasında baxılmışdır. MMC-nin həmin tələbinə ümumi iddia icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılan zaman, MMC, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə vermiş və 63.143 manat deyil, 4.800 manat məbləğində pulun MTK-dan onun xeyrinə tutulmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə (həcmi dəqiqləşdirilmiş) iddia tələbinin təmin edilməsini, 4.800 manat məbləğində pulun MTK-dan tutularaq MMC-yə ödənilməsini qət etmişdir. Qətnamə qüvvəyə minmiş və MTK qeyd edilən məbləği MMC-yə ödəmişdir.
15. MTK-nın nümayəndəsi iddia ərizəsində bildirir ki, həmin ərəfədə MTK-nın rəhbərliyinə məlum olmuşdur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi qüvvədə olduğu müddətdə, qiyabi qətnamənin icrası ilə əlaqədar olaraq qiyməti 500.000 manat olan mübahisəli torpaq sahəsi 63.143 manat borcun əvəzi olaraq tələbkar "xxxx" MMC-nin mülkiyyətinə keçirilmiş, bununla bağlı olaraq DƏDRX-nin 2 saylı Sumqayıt Əİ tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(012)-1232/2016 saylı qərardadına əsasən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə müvafiq qeydiyyat aparmış və bu barədə MMC-yə “Reyestrdən çıxarış” verilmişdir.
16. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən (mübahisəli) 1 hektar torpaq sahəsi üzərində İddiaçı MTK-nın mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2014-cü il tarixdə **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(012)-1232/2016 nömrəli qərardadına əsasən həmin torpaq sahəsi cavabdeh "xxxx" MMC-nin mülkiyyətinə keçmiş, MMC-nin mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə, **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış və bununla bağlı MMC-nin adına “Reyestrdən çıxarış verilmişdir (məktubda daha sonra qeyd edilənlər hazırki apellyasiya baxışının predmetinə aid olmadığından təsvir edilmir).
17. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya baxışının predmetini təşkil edən iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 139-1.1.4.).
18. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin cavabdeh MMC-nin mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmasına səbəb olmuş hüquqi əsas aradan qalxmış (məhkəmə aktları ləğv edilmiş) və bu hal daşınmaz əmlakın dövlət reyestrindəki məlumatın tamamlığına və həqiqiliyinə güvənmə ilə bağlı olmayan, dövlət reyestrindən kənardakı hüquqi səbəblərlə əlaqədardır. Bu səbəbdən, həmin torpaq sahəsinin cavabdeh "xxxx" MMC-nin mülkiyyət hüququna dair “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyat ləğv olunmalıdır. "xxxx" MMC-dən sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmiş şəxslərin vicdanlı əldə edən şəxs olmaları həmin qeydiyyatın ləğv edilməsinin qarşısını almır.
19. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya baxışının predmetini təşkil edən hissəsə iddia tələbi əsaslı, bu tələbin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv, apellyasiya şikayətinin bu nəticəyə aid dəlili əsaslıdır.
20. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olmuş və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə **********491 (qeydiyyat nömrəsi: 6********) reyestr nömrəsi ilə Cavabdeh3 adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyat ləğv olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.