Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5112/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh QSC-dən ******* manat mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X1 tutduğu vəzifə ilə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozmuş, əməli ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmuşdur. O, 2012-ci il avqust ayının 31-də “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimatın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, nəticədə saat 07:28 dəqiqədə X4 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşurutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən onun oğlu X9 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdürlər. Məhkəmə-tibbi ekspertizasının 20.09.2012ci il tarixli, 116 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum X5 meyitində - alının, sol təpə-gicgah, təpə nahiyələrinin kəllə əsası və kəllə qapağı sümüklərinin sınığı, başbeyinə, beyin mədəciklərinə, qişalarına qansızma ilə müşayiət olunan əzilmiş-cırılmış yaraları; sol körpücük üstü nahiyələrin qançırı, sol körpücük sümüyünün sınığı; çanaq sümüklərinin sınıqları, sağ aşağı ətrafın, budun, orta 1/3-dən aşağı kəskin qan itirmə ilə müşayiət olunan travmatik amputasiyası; sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları; sağ əlin, sol diz oynağı nahiyəsinin, budun aşağı 1/3-nin, üz nahiyəsinin çoxsaylı sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, onun ölümündən az əvvəl, yuxarıda göstərilən 31.08.2012-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin yuxarıda göstərilən şəraitdə yəni sərnişin avtobusunun qatarla toqquşması zamanı avtobusun salonunda olan əşyaların bədənə zərblə dəyməsi və ya bədənin həmin əşyalara dəyməsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azər Əliyevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl (31.08.2012-ci il tarixdə saat 12:00-da) baş vermişdir. Azər Əliyevin ölümünə səbəb nəqliyyat travması nəticəsində kəllə sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar və kəskin qanitirmə olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 31.08.2012-ci il tarixdən hesablanmışdir. Çoxsaylı insanların müxtəlif xəsarətlər alması və ölməsinə səbəb olan qəza “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində işləyən Eyyub İsmayılovun təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın bu cür məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir ana kimi mənəvi zərər dəymiş, 09.12.1980-ci ildə doğulmuş gənc oğlu həyatını itirmişdir. Bundan sonra onun həyat yoldaşının həm psixi durumu pisləşmiş, həm də kardioloji problemləri yaranmış və bu da yara və iztirabların hər gün təzələnməsinə səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun cavabdeh “xxxx” QSC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın mənəvi ziyanın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın bu cür məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona ana kimi mənəvi zərər dəymiş, 09.12.1980-ci ildə doğulmuş gənc oğlu həyatını itirmişdir. Övladının faciəvi şəkildə həlak olmasından sonra həyat yoldaşının həm psixi durumu pisləşmiş, həm də kardioloji problemləri yaranmışdır. Bu günədək övladının itkisinin iztirabını çəkir. Bəlkə də zaman keçdikcə bu iztirab bir az yüngülləşərdi, lakin həyat yoldaşının həmin hadisədən indiyədək düşdüyü mövcud durum, onun yarasını və iztirablarının hər gün təzələnməsinə səbəb olur. Mənəvi ziyanın nümunəvi bir çəkisi müəyyən olunmadığından, həmçinin qanunvericilikdə mənəvi ziyanın maddi formada əvəzləşdirilməsi mümkün sayıldığından bu hadisə nəticəsində ona vurulan ziyanı iddiadan da göründüyü kimi 3.000.000 manat məbləğində dəyərləndirmişdir. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı İddiaçı oğlunun 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində həlak olmasıdır. Bu hadisə nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi isə konkret formada sübut olunmalıdır. İş materiallarında bu halın mübahisəsiz olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Oğlunun həlak olması ilə bağlı iddiaçının bir ana kimi qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi, hələ onun mənəvi sarsıntı keçirməsinə dəlalət etmir. İddia ərizəsində iddiaçının və onun həyat yoldaşının hadisə ilə bağlı mənəvi iztirab keçirməsi göstərilsə də, bu faktla bağlı məhkəməyə hər hansı sübut, yaxud xəstəliyi təsdiq edən sənədlər təqdim edilməmişdir. Eyni zamanda baş vermiş hadisə ilə iddianın qaldırıldığı tarix arasında 7 il müddət fərqinin olması, iddiaçının mənəvi zərər çəkməsi halını istisna edir. Belə ki, öz yaxınlarını itirmiş şəxslər bədbəxt hadisənin ilk günlərində olduqca kədərli olurlar, zaman keçdikcə həmin vəziyyət yüngülləşir. Ona görə də hazırkı iddia ölümün baş verməsindən uzun illər sonra verildiyi üçün hadisələr arasında səbəbli əlaqə mövcud deyildir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(006)-1077/2020 nömrəli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş və cavabdeh “xxxx” QSC-dən tutulmalı olan mənəvi zərərin əvəzi 30000 manat müəyyən edilmiş, qətnamə, İddiaçı apelyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh “xxxx” QSC-nin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə, “xxxx” QSC-nin apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4134/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi tutulan mənəvi ziyanın məbləği hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən yuxarıda şərh edilən hallar işə baxan Apelyasiya Məhkəməsi tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilməmişdir. İddiaçının oğlunun vəfat etməsinə təkcə iş üzrə cavabdehin işçisinin deyil, digər məhkum edilmiş şəxsin də təqsirkar hərəkətləri səbəb olmuşdur. Lakin işə baxan Apelyasiya Məhkəməsi bu halı nəzərə almamış, həmin faktın mövcudluğunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3. maddəsinin tələblərinə uyğun olaraq dəyərləndirməmiş, hadisə ilə bağlı təqsirli bilinmiş X4 zərərin yaranmasına və artmasına şərait yaratmasına qiymət verməmişdir. Həmin normanın tələbləri nəzərə alınmalıdır ona görə ki, hazırkı işdə məsuliyyətin bölünməsi prinsipi tətbiq olunmamışdır. İddiaçı hadisə nəticəsində oğlunun ölümü ilə bağlı ona vurulmuş mənəvi zərəri tələb edir. Məhkəmələr mənəvi zərərin məbləği ilə bağlı hansısa yekun rəyə gəldiyi təqdirdə həmin hadisədə təqsirli olan digər şəxsin də hərəkətlərinə görə məsuliyyəti hazırkı iş üzrə cavabdehin üzərinə qoymaqda haqlı olmaz. Ona görə ki, hadisədə təqsirli bilinən şəxslərin vurmuş olduqları zərərə görə müştərək məsuliyyətin yaranmasını şərtləndirən əsaslar mövcud deyil. Hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyətini azaldan haldır.” Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan 21.01.1981-ci il tarixli Vİİ JK nömrəli 399494 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09.12.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X6, anası İddiaçıdır. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.10.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31.08.2012-ci il tarixdə travmatik qanaxma səbəbindən ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12.2013-cü il tarixli hökmü ilə X1 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, hər biri 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Bakı Apelyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarı ilə apelyasiya şikayətləri təmn edilməmiş, apelyasiya protesti təmin edilərək, hökmlə E.M.İsmayılova təyin edilmiş cəza 1 il artırılaraq 9 il müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.10.2015-ci il tarixli qərarı ilə X1 barəsində Bakı Apelyasiya Məhkəməsinin 27.02.2014-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, “xxxx” QSC-nin əməkdaşı X1 və “xxxx” MMC-nin nəznində sürücü işləyən və hadisə vaxtı qəzaya uğramış nəqliyyat vasitəsini idarə etmiş X4 təqsiri nəticəsində baş vermiş qəzada 26 nəfər az ağır, 5 nəfər ağır xəsarətlər almış, 6 nəfər, o cümlədən iddiaçının oğlu X9 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hal hazırki baxışın predmetini təşkil etmir. Hazırki halda araşdırılan məsələ tutulan mənəvi ziyanın məbləği ilə bağlıdır. İddiaçı baş vermiş hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir və bu zərərin həcmini 3.000.000 manat həddində qiymətləndirir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun tutulması qənəatinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında" Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Kollegiya onu da nəzərə alır ki, hadisənin baş verməsində və həmin hadisə nəticəsində zərərin yaranmasında və artmasında sürücü X4 da təqsiri olmuşdur və bu səbəbdən o da (işçisi olduğu təşkilat) zərər çəkənlər qarşısında maddi və mənəvi məsuliyyət daşıyır. Belə olan halda iddiaçının gələcəkdə F.Ağayevə qarşı da eyni məzmunlu iddia qaldırması istisna olunmur. Hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyətini azaldan haldır. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, mənəvi zərərin məbləğini yüksək həddə müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi 3.000.000,0 manat məbləğində mənəvi zərəri ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə cavabdeh “xxxx” QSC-dən 10.000,0 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. İddiaçını şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2020 saylı iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh “xxxx” QSC-dən alınaraq İddiaçı ödənilməli olan pul məbləği 10.000,0 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5112/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5112/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver