Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5118/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 №-li xx.xx.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 34 nömrəli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binaları obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh “Pilot-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə veilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi ev 13-ün sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu (əvvəlki Sahib Zeynalov küçəsi) Mirbəşir Qasımov küçəsi fərdi yaşayış evi 13 əvəzinə həmin evin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 301 kv metr ümumi sahəsi olan təmirli yeni mənzil və 52 kv metr zirzəminin cavabdehlər Cavabdeh1 1\4 hissə, X3 1\4 hissə, Cavabdeh5 İsgəndər qızına 1\4 hissə və Cavabdeh3 İsgəndər oğluna 1\4 hissədə birgə mülkiyyətinə verilməsi, həmin ünvanda olan 178,6 kv metr zirzəminin əvəzinə Cavabdeh4 178,6 kv metr sahəsi olan zirzəminin 1\2 hissəsi, Cavabdeh5 İsgəndər qızına 178,6 kv metr sahəsi olan zirzəminin 1\2 hissəsinin verilməsi, yeni mənzil ilə təmin edilənədək iddiaçı tərəfindən cavabdehlərə hər ay ümumilikdə 700 manat, Cavabdeh4 və Cavabdeh5 İsgəndər qızına hər ay ümumilikdə 300 manat kirayə haqqının ödənilməsi, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi (əvvəlki Sahib Zeynalov küçəsi) 13-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağalanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda cavabdehlər əmlakının sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-75/2023) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehlərin mülkiyyətində olan evin (mənzilin) və evin yerləşdiyi istifadədə olan torpaq sahəsinin könüllü alınması və alınma ilə bağlı qanunvericilikdə irəli sürülmüş şərtlərə əməl etməyərək yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 05 iyul 2017-ci il tarixli, “ünvan 1 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında” Aktına istinad etmişdir ki, bu da iddianın əsaslı sayılması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29-cü, Mülki Məcəllənin 5.3, 6.1, 18, 148.2, 152.1, 385-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehlər Cavabdeh1, Zöhrab Sadıxov, Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
14. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
17. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
18. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
21. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz;
22. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
23. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmin qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri baxımından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilmədiyinə istinad etmişdir.
28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.
29. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir.
30. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
31. Nazirlər Kabinetinin adı çəkilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).
34. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X5rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).
35. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).
36. İddiaçı iddia ərizəsində sökülən evin əvəzinə yeni tikiləcək binadan 301 kv metr ümumi sahəsi olan təmirli yeni mənzil və 52 kv metr zirzəminin cavabdehlərin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehlər obyektlərinin birinci mərtəbədə yerləşdiyini, biznes obyekti kimi gəlir gətirdiyini, ancaq birinci mərtəbədə sənədlərinə uyğun olaraq 500 kv.metr sahəsi olan tam təmirli onlara biznes obyekti verilməli olduğunu bildirərək iddiaya etiraz etmişlər.
37. Məhkəmə kollegiyası mübahisəli ünvandakı qeyri-yaşayış sahəsinin biznes obyekti olduğunu, iddiaçı tərəfindən təklif olunmuş şərtlərin ədalətli olmadığını, cavabdehin üstün mülkiyyət hüququnun qanunla qorunduğunu nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız və formal mülahizə xarakterli dəlillər sayır və hesab edir ki, həmin dəlillər qətnamənin apellyasiya qaydasında ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas vermir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.