Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5119/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədovanın sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı"xxxx" MMC-nin vəkili X4, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X20, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4855/2018 saylı, 30 oktyabr 2018ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC-dən dəymiş maddi ziyana görə 4950 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 6950 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 9 saylı mənzil 1997-ci ildən xüsusi mülkiyyətindədir. Hazırda qeyd edilən küçədə olan evlər plana əsasən söküntüyə düşmüşdür. Lakin "xxxx" MMC tərəfındən abadlıq işələri adı altında mənzillərin eyvanları sökülərək yenisi tikilir. Yeni tikilən eyvanların bəziləri yarımçıq qalmış, bəziləri bir nəfərdən artıq yük götürmür. Hansı standarta uyğun tikilməsi, kimə təhvil verməsi, kimdən təhvil alması bəlli deyil. Bir neçə mənzilin eyvanı isə artıq süni özüllərdən çat vermişdir. Qonşu mənzillərin eyvanlarına baxış keçirilərsə bu fakt təsdiqini tapmış olar. Cavabdeh "xxxx" MMC ona məxsus mənzilin 12 kvadratlıq eyvanını sökərək yerində bəlli olmayan standartlara uyğun 3 kvadratlıq eyvan tikmək istəyir. Halbuki qeyd edilən eyvan texniki pasporta əsasən özünün mülkiyyətindədir, eyvan statusundan çıxmış, bütöv mənzilin bir hissəsidir, mətbəx və sanitar qovşağ təyinatı var. Buna etiraz etdiyi üçün mülkiyyətində olan mənzilin eyvan hissəsi beş aydır ki, sökülmüş, yararsız hala salınmış, lambrinlə izolyasiya edilmiş hissələri çıxarılmış, eyvanın görünüşü qərəzli olaraq bərbad vəziyyətə salınmışdır. Cavabdehə və mənzildən 50 metr məsafədə yerləşən 48 saylı MKİS-ə dəfələrlə müraciətlər olunsa da, başqa eyvanların söküntüsü və öz standatlarına uyğun abadlaşdırılması davam edir. Eyvanın izolyasiyasının sökülməsi nəticəsində mənzilin isidilməsinə enerji xərcləri artmış, mənzildə soyuq hava dövranı artmış, mətbəxdən sərbəst istifadə məhdudlaşmışdır. Mənzilin eyvan hissəsinin abadlıq adı ilə aylardır sökülərək yararsız hala salınması nəticəsində mənzilin bir hissəsi olan 12 kvadrat metr yaşayış sahəsinə ümumilikdə 4500 manat ziyan dəymişdir. Bundan başqa mənzilin istiliyinin itməsi nəticəsində elektrik enerjisinin istifadəsi artmış, aylıq 80-150 manat arasında elketrik enerjisinə artıq sərfıyyat olmuşdur ki, ümumilikdə beş ay ərzində 450 manat enerji haqqı ödəmək məcburiyyətində qalmışdır. Dövlət büdcəsindən maliyyələşən cavabdehin dövlətin mühafızə olunan ev siyahısında olan xüsusi mülkiyyətə, vətəndaşa bu qədər maddi ziyan vurması, edilən müraciətlərə laqeyd yanaşması, “get nə edirsən bacarırsan et, get ver məhkəməyə” kimi ifadələri ilə vətəndaşı narazı salması bu dövlətin vətəndaşı olaraq iztirab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. "xxxx" MMC, İddiaçı məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid qeyri-qanuni artırılmış və qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin mərkəzində MMC tərəfindən aparılan təmir-bərpa işləri yaşayış binalarının fasad hissəsinin təmir olunmasını, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsini nəzərdə tutur. Eyvanların qəzalı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mövcud eyvanların alt hissəsi dayaqlara qədər açılır. Dayaqların korroziyaya uğrayıb-uğramaması müəyyən olunur və həmin eyvanlara FHN mütəxəssisləri baxış keçirərək müvafıq rəy verir. Eyni qaydada ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 9 saylı mənzilin eyvanının alt hissəsindəki lambir sökülmüşdür. FHN mütəxəssisləri eyvana baxış keçirərək, onun qəzalı olduğunu müəyyən etmişlər. Müvafıq rəyə əsasən qeyd olunan eyvan sökülərək ilkin layihə vəziyyətinə gətirilməlidir. Mövcüd eyvan binanın əlavə yüklənməsinə səbəbdir. Halhazırda qeyd olunan eyvan təhlükə mənbəyidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğu nəticəsində cavabdehə məxsus olan açıq eyvanın qeyri-qanuni artırıldığı və tikilərəq bağlandığı məlum olmuşdur. Eyvanın artırılması və bağlanması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində heç-bir məlumat yoxdur və qeyd olunan artırma qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilməmişdir. ünvan 3 ünvan: Qoqol küçəsi 25) (inv.2948) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi qadağandır. Cavabdeh İddiaçı ona məxsus olan qeyri-qanuni artırılmış, təhlükə mənbəyi olan qəzalı eyvanının sökülərək dövlət standartlarına uyğun şəkildə yenidən qurulmasına mane olur, təmir işlərinin tamamlanmasını ləngidir və bununla kifayətlənməyərək müəssisəyə böhtan ataraq, gəlir əldə etmək istəyir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(004)-4855/2018) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq İddiaçı məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid qeyri-qanuni artırılmış, qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MṀC-yə ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Eyvazov, iş № 2(103)- 6335/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 1903 manat, mənəvi ziyana görə 200 manat olmaqla, cəmi 2103 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissələrdə və "xxxx" MMC-nin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-6794/2019) "xxxx" MMC-nin verdiyi kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-802/2020) ikin iddi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4855/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 1903 (min doqquz yüz üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, "xxxx" MMC-nin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddianın qaldırılması üçün "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ilkin iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,80 manat olmaqla, cəmi 46,20 (qırx altı manat 20 qəpik) manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC (vəkil X10) Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1283/2021 saylı, 04.03.2021-ci il tarixli qərarı ilə (hakim X21 oğlunun sədrliyi və məruzəsi, hakimlər X18 və X11 ibarət tərkibdə) "xxxx" MMC-nin verdiyi kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-802/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1283/2021 saylı, 04.03.2021-ci il tarixli qərarında vurğulanmışdır ki, “İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin istinad olunan göstərişlərindən yalnız Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X20, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin işə cəlb olunmasına dair göstərişi qismən təmin edərək onların müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi işə cəlb etməsinə baxmayaraq onların nümayəndələrinin məhkəmə iclaslarında iştiraklarını təmin etməmiş, ümumiyyətlə iddiaya həmin orqanların münasibətini öyrənməmiş, kasasiya məhkəməsinin həmin orqanlar tərəfindən "xxxx" CMṀ-yə mübahisəli ünvanda yerləşən balkonun əvvəlki vəziyyətinə bərpası üçün səlahiyyət verilib-verilməməsi məsələsini və istinad olunan digər göstərişlərin aydınlaşdırılmasını təmin etməmişdir.” Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Bak şəhəri, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzildə söküntü, təmir-tikinti və yenidənqurma işlərinin aparılması məktub əsasında "xxxx" MṀC-yə həvalə olunmuşdur.Lakin bununla bağlı hər hansı sərəncam verilməmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən mənzildə icazəsiz tikili aparılmasından hazırkı məhkəmə icraatı ilə bağlı məhkəmə bildirişləri aldıqdan sonra məlumatlı olmuşlar.Odur ki, tikili ilə bağlı məhkəmə mübahisəsi getdiyindən İcra Hakimiyyəti iddia qaldırmır.Göstərilənlərə əsasən Kollegiyadan ədalətli qətnamə qəbul edilməsi xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X20, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki,İddiaçı mülkiyyətində olan Bak şəhəri, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzildə söküntü, təmir-tikinti və yenidənqurma işlərinin aparılmasına dair razılıq alınması üçün heç bir müraciət Dövlət Xidmətinə daxil olmamışdır.Göstərilənlərə əsasən Kollegiyadan ədalətli qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq digər şəxslərin nümayəndələri məhkəməyə gəlmədiyindən, Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, 092944 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bak şəhəri, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 431 nömrəli reystr kitabında 62320-ci səhifədə 16.07.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxx" MMC-yə ünvanlanmış 13.07.2018-ci il tarixli, 3-9/628 saylı məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən artırma eyvanın və binanın damında mövcud olan tikilinin qanuni olub olmaması barədə MMC-nin sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən eyvanın məxsus olduğu Qoqol küçəsi 13 saylı yaşayış evinin 9 saylı mənzilinin sahibi X6r. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil 1 otaq, yaşayış sahəsi 27.0 kv.m., ümumi sahəsi isə 37.0. kv.m-dən ibarətdir. Mənzilə bitişik 15.8 kv.m-lik eyvan və binanın damında uzun müddət əvvəl inşa olunmuş 2.0 kv.m.-lik tikili haqqında rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqqəladə Hallar Nazirliyinin Tikintidə X9 X1 ünvanlanmış 25.06.2018-ci il tarixli, 37/36-02928 saylı məktubundan görünür ki, iddiaçının təmir işləri zamanı eyvanın sökülməsinə qanunsuz cəhd edilməsi barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətə Agentlikdə baxılmış, mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı məlum olmuşdur ki, binanın 9 saylı mənzilinə aid olan eyvanın metal tirləri korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraqkorroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsindəaralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxx" CMṀ-yə ünvanlanmış 13.07.2018-ci il tarixli, 3-9/628 saylı məktubu, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun “ünvan 10 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 20.04.2018-ci il ratixli rəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X22, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin "xxxx" CMṀyə ünvanlanmış 12.07.2018-ci il tarixli, 60-01/ZN saylı məktubu və 12.09.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Südabə Tamazanovanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid balkonda yenidənqurma işləri aparılmış, balkonun ölçüləri 7,2x2,2 metrə artıılmış, balkonun konturu üzrə sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Həmin işlərin aparılmasına hər hansı dövlət orqanının razılığı olmamışdır, həmin işlə özbaşına görülmüşdür. Balkonun metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafızə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiyalar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Kollegiya ilk olaraq qarşılıqlı iddia tələbinə qiymət verərək aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni qanuni hesab etmir. Belə ki, "xxxx" MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərkən, İcra Hakimiyyətindən, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyindən, Mədəniyyət Nazirliyi yanında X20, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən MMC-yə ünvanlanmış məktubalara istinad etmişdir. Kollegiya qeyd edir ki, həmin məktublar "xxxx" MMC-yə İddiaçı qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vermir. Kollegiya xüsusilə vurğulayır ki, işlərin həyata keçirilməsini rəsmiləşdirmək, yaxüd bundan imtina edilməklə əvvəlki vəziyyətinə bərpa olunmasını tələb etmək, bu tələb vaxtında yerinə yetirilmədikdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2, 24.1, 25.1.3-25.1.6, 27.1-27.3-cü maddələrinə və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmamının 1.4-cü bəndinə görə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Göründüyü kimi hazırki iddia tələbini qaldırmaqda "xxxx" CMṀ-nin subyektiv hüququ müəyyən edilmir. Yuxarıda göstərilən dövlət orqanları tərəfindən MMC-yə ünvanlanan məktublar isə əsaslı sübut hesab edilə bilməz. Belə ki, MMC tərəfindən məhkəməyə mübahisəli mənzilin əvvəlki vəziyyətə bərpa edilməsini tələb etmək hüququ verən aidiyyəti dövlət orqanı tərəfindən həmin MMC-yə verilməsi barədə müvafiq sərəncam, qərarı, yaxud digər aktı və ya müqavilə təqdim olunmamışdır. Apellyasiya baxışı zamanı Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Bak şəhəri, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzildə söküntü, təmir-tikinti və yenidənqurma işlərinin aparılması məktub əsasında "xxxx" MṀC-yə həvalə olunsa da, lakin bununla bağlı hər hansı sərəncam,qərar verilməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X20, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki,İddiaçı mülkiyyətində olan Bak şəhəri, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzildə söküntü, təmir-tikinti və yenidənqurma işlərinin aparılmasına dair razılıq alınması üçün heç bir müraciət Dövlət Xidmətinə daxil olmamışdır. Halbuki, İddiaçı məxsus ünvan 1, 9 saylı mənzilin olduğu bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.08. 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinin qadağan olunması müəyyən edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə görə özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. Həmin Qanunun 10-cu maddəsinə görə abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2018-ci il tarixli Fərmanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə əsasən Nazirliyin fəaliyyət istiqamətlərinə daxildir: 2.0.4. strukturuna daxil olan X20, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə X20na, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək; 3.1.6. müvafiq sahədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, qanunla onun səlahiyyətinə aid edilmiş dövlət nəzarətini və dövlət monitorinqini həyata keçirmək, icazə və digər hüquqmüəyyənedici sənədlər vermək; 3.1.17. Azərbaycan mədəni irsinin bərpasına, qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirlər görmək; Kollegiya ilkin iddia tələbini qismən əsaslı hesab edərək həmin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə iddiaçının maddi ziyanın ödənilməsi barədə tələbi qismənəsaslıdır. Belə ki, iş materiallarında olan 12.09.2018-ci il tarixli, 21388 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 1, 9 saylı mənzilin balkonunda sökünti işləri aparılmış, döşəmənin alt hissəsinə vurulmuş təbəqə sökülmüşdür. Lakin həmin təbəqənin hansı materialdan və nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığında söküntü zamanı balkona dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. İddiaçı qızına məxsus olan ünvan 1, 9 saylı mənzilə dair verilmiş texniki pasportda öz əksini tapmış balkon sahəsində mövcud vəziyyəti üzrə hamam tikilisi və mətbəx otağı inşa olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16 may 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1, 9 saylı mənzilin bağlı eyvanında lambrin və su novlarının sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriiləcək işlərin materiallarla birlikdə hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri təqribən 1903 manat təşkil edir. Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarına əsasən İddiaçı məxsus olan ünvan 1, 9 saylı mənzilin eyvanı "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülmüş və iddiaçıya ekspert rəyinə əsasən 1903 manat məbləğində ziyan dəymişdir. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vurulmuş maddi zərərin əvəzi kimi 1903 manat "xxxx" MMC-dən tutularaq, İddiaçı ödənilməli, maddi zərər tələbi qalan hissədə təmin edilməməlidir. Kollegiya, ilkin iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nm müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işdə "xxxx" MMC-nin səlahiyyəti olmadığı halda qanunsuz şəkildə İddiaçı mülkiyyətində olan mənzilin eyvanının alt hissəsini sökməsi, sonuncunun bu hərəkətlərin dayandırılması və düşdüyü məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara, o cümlədən məhkəməyə müraciət etmək məcburiyyətində qalması, vurulmuş zərərin uzun müddət ərzində aradan qaldırılmaması faktları özü-özlüyündə İddiaçı psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali fəhkəmənin Plenumunun adı çəkilən qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə anmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İddiaçı mənzilinin eyvanının qismən sökülməsi nəticəsində yaşadığı çətinliklər nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir.Odur ki, ilkin iddianın mənəvi zərərə dair hissəsi həmin həcmdə təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İlkin iddi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4855/2018 saylı, 30 oktyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 1903 (min doqquz yüz üç) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, cəmi 2.103,0 (iki min yüz üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-nin İddiaçı qarşı “qeyri-qanunitikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,80 manat olmaqla, cəmi 46,20 (qırx altı manat 20 qəpik) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5119/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5119/2021
22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver