Məhkəmə qərarları › İş №2(103)-5119/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5119/2024

07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5119/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: hüquqdan sui-istifadə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2219/2024 saylı 3 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin еdilərək, ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqların Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqların, yəni, müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqların isə İddiaçı istifadəsinə verilməsi, ilkin iddianın qalan hissələrdə rədd еdilməsi, qarşılıqlı iddianın qismən təmin еdilərək, Cavabdeh İddiaçı xeyrinə 6.424 manatın tutulması, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə rədd еdilməsi qət edilmişdir.

2. Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-126/16 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin еdilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2017-ci il tariхli qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv. m, 16,2 kv. m, 17,9 kv. m, 9,1 kv. m, 19,0 kv. m, 11,7 kv. m, 6,0 kv. m, 6,0 kv.m sahələri olan otaqların Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1, kimi işarənmiş otaqların yəni müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqların isə İddiaçı istifadəsinə verilməklə, Cavabdeh 6424 manatın alınaraq X1 xeyrinə ödənilməsinə dair Sabunçu Rayon məhkəməsinin 2(008)-5499/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi, göstərilən məbləğ Cavabdeh tərəfindən ödənilmədiyindən məhkəməyə qaytarılmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1752/2016 saylı, 09.06.16-cı il tarixli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin 6424 manatın X1 xeyrinə ödənilməsinə dair hissədə hər ay 100 manat olmaqla hissə-hissə icra еdilməsi barədə ərizəsi təmin еdilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ödənilməli olduğu 6.424 manat məbləğinin ödənilmədiyi xx.xx.2015-ci il tarixindən, hazırkı tələb üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günədək həmin məbləğlərin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanması, hesablanmış həmin məbləğin cavabdehdən xeyrinə tutulması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra İddiaçı iddia iddianın dədqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ata adının “Məmməd Seyn” qızı kimi qəbul edilməsini və Cavabdeh ödənilməli olduğu 6424 manat məbləğin xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan (99 ay 19 gün) müddət üzrə illik 5 % (beş faiz)-lə hеsablanılmış 2.666 manatın (məhkəmə qərarının çıxarıldığı gün istisnadır) cavabdehdən alanaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı xx.xx.2015-ci il tarixli tarixli qətnaməsinə əsasən cavabdeh R.Hüseynovla paylı mülkiyyətlərindəki ünvan 1 ünvanında yerləşən evin məlum otaqlarının cavabdehin istifadəsinə verilməsi, həmin otaqlarda tərəfindən görülmüş tikinti-təmir işlərinin əvəz (dəyəri) olaraq cavabdehdən xeyrinə 6424 manatın tutulması qət edilmişdir. Ödənilməli olan 6424 manat keçən 8 il ərzində cavabdeh R.Hüseynov tərəfindən ödənilməmiş, həmin vəsaitin ödənilməsi tərəfindən tələb оlunsa da müsbət nəticəsi olmamış, cavabdeh ödəməli olan vəsaitini qaytarmamışdır. Ödənilməli olan vəsaitin qaytarılması cavabdeh tərəfindən təmin edilməyərək həmin pul vəsaitlərini qanunsuz olaraq bu günədək özündə saxlayaraq mənimsəmişdir. Cavabdeh uzun müddət pul vəsaitlərini qanunsuz saxlayaraq onu qaytarmaqdan boyun qaçırdığına, ödənilməli məbləğinin qaytarılmasını qəsdən yubatdığına görə həmin məbləğ cavabdehdən qanunla müəyyən edilmiş bank uçot dərəcəsi ilə alınaraq xeyrinə ödənilməlidir. 6424 manatın ödənilməsi qət olunmuş Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-126/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saхlanılmışdır. Ona görə də ödənilməli olan 6424 manatın xx.xx.2016-cı il tarixdən etibarən illik faiz bank uçot dərəcəsinə uyğun olaraq hesablanılmalıdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə olan müddət üzrə ödənilməyən 6424 manatın (99 ay 19 günə görə) müəyyən olunmuş illik 5%-lə (beş faizlə) hesablanıldıqda 2666 manat təşkil edir (məhkəmə qərarının çıxarıldığı gün istisnadır). Bundan başqa ata adı “Məmməd Seyn” olduğu halda iddia ərizəsində texniki səhvə yol verilərək ata adının “Məmməd Hüseyn” kimi qeyd еdildiyindən həmin yanlışlıq aradan qaldırılaraq ata adı “Məmməd Seyn” kimi qəbul edilməlidir.

9. Cavabdeh iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2/3 hissədə onun, 1/3 hissədə X2 mülkiyyətindədir. X2 ölümündən sonra onun payı vərəsəlik qaydasında Əlimərdanova X3. Sonradan evdəki paylara görə aralarında mübahisələr yaranmışdır. Aralarında yaranmış mübahisələrə son qoyulması üçün о, Əlimərdanova X6 qarşı birgə mülkiyyətdə olan əmlakın naturada bölünməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqlar Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqlar, yəni, müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqlar isə İddiaçı istifadəsinə verilməsi, Cavabdeh İddiaçı xeyrinə 6424 manat tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməsinə və üzərindən 8 il vaxt keçməsinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmişdir. Habelə, Azərbaycan Respublikasının adından çıxmış məhkəmə qətnaməsinin tələblərini pozaraq оnun istifadəsinə verilmiş otaqları zəbt etmiş, orada tikinti işləri aparmışdır. Halbuki həmin otaqlara görə məhkəmə оndan 6424 manat məbləğində pul tutulmasını qət etmişdir. Оnun yadında deyil ya 2015-ci il, ya da 2016-cı ildə Sabunçu rayon İcra şöbəsindən оnu xx.xx.2015-ci il tarixli 2(008)-5499/2015 saylı Qətnamənin icra olunması üçün çağırmışlar. Yadında deyil İcra şöbəsinin hansı işçisinə öz ailə vəziyyətini danışmış və demişdir ki, nağd ödəyə bilməz. Sabunçu rayon Məhkəməsinə ərizə ilə müraciət et ki, borcun ilə əlaqədar sənə möhlət versinlər.” О, da xx.xx.2016-cı il tarixdə 6424 manat məbləğin ödənilməsini icra etməsinə 2 il möhlət verilməsi barədə qərardad qəbul edilməsini yazılı surətdə xahiş etmişdir. Niyə İddiaçı bugünə kimi icra barədə şikayət etmir, əgər iddiaçı оndan 6424 manatın nağd tutulmasını istəyirsə, nəyə görə оna verilən mülkiyyətinin 3, 4, 8-2, 11 və 12 saylı kimi işarələnmiş otaqları vermək istəmir, öz ailəsi ilə qanunsuz bu günə kimi istifadə edir. Niyə iddiaçı iddia ərizəsində qeyd etmir ki, оna verilən istifadəsində olan 3, 4, 8-2, 11 və 12 saylı kimi işarələnmiş otaqlarını söküb, öz başına rekonstruksiyada dəyişiklik edib və bərbad vəziyyətə qoyub. Onun təmirli evini pis vəziyyətə qoyub. xx.xx.2022-ci ildə İddiaçı оnun evinin 3, 4, 8-2, 11 və 12 saylı kimi işarələnmiş otaqlarında özbaşına söküntü işləri başlatmış, 11 və 12 saylı kimi işarələnmiş otaqlarının çöl tərəfdən həyətə baxan pəncərəni və qapısını dəyişərək plastik pəncərə, dəmir qapı qoyub. 3, 4, 8-2 saylı kimi işarələnmiş otaqlarının içərisindən səslər gəlirdi. 11 və 12 saylı otağı içəridən qır damı sökülərkən 12 saylı otağın оnun həyətinə baxan divarında çat və söküntü yaranmışdır. xx.xx.2022-ci ildə о, öz ***-***-**-** ev telefonundan Daxili işlər nazirliyinin 102 qaynar xəttinə bildirmişdir ki, İddiaçı оnun evini sökür, dağıdır. Sonra 12-ci bölmədən mayor Anar оnu bölməyə çağırıb izahatını almış, sonra Balaxanı qəsəbəsinin sahə müvəkkili mayor Muxtar оnun mobil telefonuna zəng vurmuş, о, da şikayətini bildirmişdir. Sоnuncu da оna demişdir ki, işi saxlayır, əgər onlar yenidən başlasalar özünə zəng edər. xx.xx.2022-ci ildə İddiaçı və onun ailəsi yenidən оnun evini sökməyə başlamışdır. Buna görə də о, sahə müvəkkilinə zəng edərək, telefonda şikayətini bildirmişdir. Sahə müvəkkili əraziyə baxmaq üçün оnun yaşadığı ünvana gəlmişdir. İndi də hal-hazırda İddiaçı öz ailəsi ilə оnun ev payından istifadə edir. Həyətə girmişlər, о, demişdir 11, 12 saylı otağa öz başına pəncərə, həyətə dəmir qapı qoyub. Həyətdən baxanda evin içindən götürülmüş arakəsmə görünür. Sahə müvəkkili də оna demişdir ki, işi saxlatdıracaq, versin məhkəməyə, mülkiyyət işlərinə onlar baxır. İmkanı yoxdur və ailə vəziyyəti pisdir, himayəsində 90 yaşlı xəstə anası var, anasına о, qulluq edir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onun istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 8-2, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 9.1 kv.m, 6,0 kv.m və 6,0 kv.m sahələri olan otaqların cavabdeh tərəfindən boşaldılaraq ilkin vəziyyətində - təmir şəkildə təhvil verilməsi və 10000 (on min) manat məbləğində dəymiş ziyanın, habelə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən mübahisə predmeti olan evə yerli baxış keçirilmiş, həmin baxış zamanı da Azərbaycan Respublikasının adından çıxmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının istifadəsinə verilmiş otaqların cavabdeh tərəfindən özbaşına zəbt edildiyi, orada müəyyən dəyişikliklərin edildiyi məlum оlmuşdur. Həmçinin cavabdeh, iddiaçının istifadəsinə verilmiş otaqların tərəfindən zəbt edildiyini bilvasitə etiraf da etmişdir. Cavabdehin qanunsuz olaraq 4-cü otaqda söküntü və təmir işləri aparan zaman məhkəmə qərarı ilə оnun istifadəsinə verilmiş, yaşadığı 5-ci otağının divarlarında və divarların künclərində çatlar əmələ gəlmiş, оna xeyli miqdarda ziyan dəymişdir. Оnun istifadəsinə verilmiş 11 və 12-ci otaqlar arasında olan arakəsmə divar, həmin otaqların tavan hissəsində olan qır sökülmüş, 12-ci divarın dayanıqlığına əsaslı şəkildə ziyan vurulmuşdur. 11-ci otağın pəncərəsi sökülərək qanunsuz olaraq hörülmüşdür. Cavabdeh 12-ci otağın içərisində söküntü işləri aparan zaman оnun həyətinə baxan divarda dərin çatlar əmələ gəlmiş, suvaq qopmuş və nəticədə divarlar ciddi ziyan görmüşdür. Həmçinin, cavabdeh tərəfindən 3, 4, 8-2, 11, 12 saylı otaqlarda olan işıq xətləri tamamilə sökülmüş, divarlardakı boyalar, otaqların döşəmələri bərbad vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2014-cü il tarixli, 16289 saylı rəyindən görünür ki, 11 və 12-ci otaqlara görə təmir-tikinti işləri (divarların 2 tərəfdən suvanması, dam örtüyü taxtadan düzəldilməsi, üstünün sement məhlulu ilə hamarlanması və bitkmlə izolyasiya edilməsi, elektrik xətləri tam şəkildə çəkilməsi, taxta qapı və pəncərələr quraşdırılması, tavana DVP təbəqələrin vurulması, döşəməyə taxtanın vurulması, tavan və divarların şpaklyovkalanaraq boya ilə rənglənməsi və s.) üçün 3109 manat məbləğində xərc müəyyələnmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin məbləğin Cavabdeh tutulması qət edilmişdir. Lakin yerli baxış zamanı bu halların heç biri (təmir və s.) öz təsdiqini tapmamışdır. Bundan başqa, hazırki işdə təqdim edilmiş iddia ərizəsi ümümumiyyətlə özlüyündə absurddur. Nəinki ora hər hansı vəsait qoymuş, hətta Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə оndan tutulmağına səbəb olan təmir işlərini belə aparmamışdır. Göstərilən otaqlar məhkəmə qətnaməsində göstərilən vəziyyətdə deyil. Bu hal keçirilmiş yerli baxışla da öz təsdiqini tapır. Belə çıxır ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə оnun istifadəsinə verilmiş otaqları оna satmaq niyyətindədir. Оndan indi də əlavə faiz tələb edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə оnun istifadəsinə verilmiş otaqları оna satmaq niyyətindədir. Verilmiş iddianın heç bir hüquqi və qanuni əsası yoxdur. 2024cü ildə Sabunçu rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyev tərəfindən 2(008)- 4805/2023 saylı işlə bağlı yaşadığı ünvana bildiriş gəlmişdir. xx.xx.2024-cü il tarixə saat 15.30-a gün təyin edilmişdi. Məhkəmə ekspertizasının əməkdaşı Elmar Səyidov оnların yaşadığı ünvana baxış keçirməyə gələcək. Məhkəmə ekspertizasının əməkdaşı, о, vəkili, cavabdeh İddiaçı və onun vəkili evə daxil olmuşlar, evin 3, 4, 8-2, 11 və 12 saylı otaqlarına baxış keçirmişlər. Baxış zamanı görmüşlər ki, İddiaçı оna verilən evinin 3, 4, 8-2, 11 və 12 saylı təmirli otaqlarını bərbad vəziyyətə salıb. 11 və 12 saylı otaqlarında rekonstruksiyada dəyişikliyi edib. 3 saylı otağın sahəsi verilən qərarda olan sahədən çox kiçik görsənir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2219/2024 saylı 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrməsi barədə sübut təqdim еtməmişdir. İş üzrə sübutlarla iddiaçının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrməsi halı təsdiq еdilməmişdir. Cavabdеh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini 6424 manatın iddiaçının xeyrinə ödənilməsinə dair hissədə 64 ay ərzində (hər ay 100 manat) hissə-hissə icra еtmək istəsə də, оnun bu barədəki ərizəsi məhkəmə tərəfindən təmin еdilməmişdir.

12. Bеləliklə müəyyən edilmiş hal ondan ibarətdir ki, iddiaçı nəzərdə tutulan otaqları cavabdehin istifadəsinə təhvil vеrməmiş, cavabdeh də nəzərdə tutulan 6424 manatı iddiaçıya ödəməmişdir. Bununla da tərəflərin hər ikisi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə üzərlərinə düşən öhdəlikləri icra еtməmişlər. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrmədiyindən, bununla da onun həmin qətnamə ilə ödənilməsi nəzərdə tutulan vəsait üzrə faizlərin tutulmasını tələb еtmək hüququ əmələ gəlmədiyindən iddia təmin edilə bilməz.

13. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 387.2, 441.1, 441.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 233.3-cü maddələrinə istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2219/2024 saylı 03 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-5499/15 saylı,xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən ilk iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli, 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqlar Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqlar, yəni müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqlar isə Əlimərdanova X4 istifadəsinə verilməsi, ilk iddianın qalan hissələrdə rədd edilməsi, qarşılıqlı iddia qismən təmin olunaraq Cavabdeh İddiaçı Məmməd Hüseynqızının xeyrinə 6424 manat tutulması, qarşılıqlı iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Həmin qətnamədə ilkin və qarşılıqlıq iddiaların təmin edilmiş hissələrinin icra üsul və qaydaları şərtləşdirilməmişdir və 5, 6, 9 və 10 saylı otaqlar isə əzəldən cavabdehin istifadəsində olmuşdur. Qətnamə üzrə məlum otaqların cavabdehin istifadəsinə verilməsində hər hansı maneə yaratmamışdır. Bu hal məhkəmə hər hansı sübutla təsdiq olunmamışdır. Cavabdehlə paylı mülkiyyətdəki ünvan 1 ünvanında yerləşən ev naturada aralarında bölünərkən cavabdehin istifadəsinə verilmiş otaqlar istifadəsinə verilmiş otaqlarla bitişik, bir-biri ilə əlaqəli olan otaqlardır. Həmin ev köhnə tikili olduğundan cavabdehin istifadəsinə ayrılan otaqların dam örtüyü sıradan çıxmış, bunun nəticəsində məlum otaqların tavanı çökmüş, evə axan yağıntı suları öncə həmin otaqlara, daha sonra istifadə verilmiş otaqlara axaraq otaqların tavan və döşəmələrini sıradan çıxaraq otaqları istifadəyə yarasız vəziyyətə salaraq ona maddi ziyana məruz qoymuşdur. Cavabdeh istifadəsinə verilmiş otaqlara dəyən zərər məbləğinin bu formada artmasına nail olmaq və istifadəsinə verilmiş otaqlardan istifadəsini məhdudlaşdırmaq məqsədilə xx.xx.2013-cü il tarixli, 1810 saylı ekspertiza rəyində qeyd olunan (divarların hörülməsi və s.) bölgünü icra etmək və istifadəsinə verilmiş otaqlara bilərəkdən yiyələnmək istəməmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə irəli sürülmüş iddiaların hər biri ayrı-ayrı, (ilkin və qarşılıqlı) müstəqil tələblər olmuş, həmin qətnamədə iddia tələbləblərinin təmin olunmuş hissələrinin icra ardıcıllıqları və üsulları haqqında şərtlər mövcud olmamışdır. Həmin qətnamə üzrə cavabdehə verilməli olan sahələrin icrasına hər hansı maneələr yaradılmamış, yaradılmış olsa belə bu hal şəxsi qarşılıqlı iddianın icrasının təmin edilməsindən azad edə bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə üzrə məlum otaqların cavabdehin istifadəsinə verilməsində hər hansı maneə yaratmamışdır. Bu hal məhkəmədə hər hansı sübutla təsdiqini tapmamışdır. Lakin məhkəmənin Sabunçu rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin iddiaların təmin edilən hissələrin icrasında qeyri-şərt göstərilməyən, həmin qətnamədə nəzərdə tutulmuş sahələrin cavabdehin istifadəsinə təhvil vermədiyindən və bununla da həmin qətnamə ilə ödənilməsi nəzərdə tutulmuş vəsait üzrə faizlərin tutulmasını tələb etmək hüququnun əmələ gəlməməsi kimi əlaqələdirilməsi qanunsuzdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə irəli sürülmüş iddiaların hər birinin ayrı-ayrı, (ilkin və qarşılıqlı) müstəqil tələblər olmasını nəzərə almamış, işin hər tərfli və obyektiv araşdırılmasını, işin hallarına və sübutların tam araşdırılaraq düzgün qiymətləndirilməsini təmin etməmiş və bunlar da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilməyib ki, əvvəlcə otaqlar verilsin, daha sonra pul verilsin. Qarşı tərəf bildirir ki, əvvəlcə otaqlar verilsin, daha sonra pulu ödəyək. 6424 manatın faizi ilə bir yerdə ödənilməsini xahiş etmişdir. Əvvəlcə qarşı tərəfin onun pulunu ödəməsini, daha sonra otaqları təhvil verəcəyini bildirmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf otaqları təhvil vermədiyi üçün o, pulu vermir. Qarşı tərəf tam təmirli şəkildə evini qaytarsa pulu ödəyəcək. O, pulu nağd şəkildə ödəyə bilmir, onun xəstə anası vardır. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(103)- 5499/2015 saylı, xx.xx.2015-ci tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli ekspert rəyində xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqlar Cavabdeh istifadəsinə verilməli, Cavabdeh İddiaçı xeyrinə 6424 manat tutulması qət edilmişdir. Həmin qətnamə artıq mübahisələndirilmir, iş Ali məhkəməyə kimi getmiş və qanuni qüvvəsini almışdır. Bu qətnamənin üzərindən 8 il keçməsinə baxmayaraq iddiaçı həmin otaqları təhvil verməmişdir. Onlar dəfələrlə tələb etmələrinə baxmayaraq təhvil verilməmişdir. Hazırkı iş üzrə cavabdeh Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir ki, həmin otaqlar ona qətnamədə nəzərdə tutulan şəkildə təhvil verilsin, Sabunçu Rayon Məhkəməsində 2 ilə yaxın müddətdir ki, iş gedir, ikinci dəfə ekspertiza təyin olunur, bundan sonra iddiaçı məhkəməyə müraciət edərək faiz istəyir. Belə olan halda o zaman 6424 manat hansı əsasla tutulmalıdırsa, qarşı tərəf həmin vəziyyətdə evi təhvil versin, əgər o vəziyyətdə təhvil verə bilmirsə o zaman otaqları təhvil versin. Bundan başqa bildirirəm ki, hazırkı iddia tələbi təmin olunsa əsassız varlanma halı baş verəcəkdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hər iki tərəfin üzərinə öhdəlik qoyulmuşdur. Qarşılıqlı öhdəliyin yaranması üçün məhz müqavilə olması vacib deyildir Sabunçu Rayon Məhkəməsində yenidən qaldırmış olduğu iddiada tələblər fərqli olduğundan iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir ilkin olaraq məhkəmə qətnaməsi ilə tələb olunan məbləğ otaqlarda aparılan işlərlə əlaqədardır. Cavabdeh öz üzərinə düşən öhdəliyi başa düşür və onu icra etməkdən yayınmır. Sadəcə olaraq cavabdeh bildirir ki, qətnamə əsasında ona verilən otaqlar təhvil verilsin və o, həmin pul məbləğini ödəsin. MM-nin 441.3-cü maddəsinə əsasən cavabdehin hərəkətləri həmin maddəyə əsaslanır. Bundan başqa 2015-ci il tarixli qətnaməsinin 9-cu səhifəsində qeyd olunmuşdur ki, həyət evini faktiki iki hissəyə bölən sərhəd hasarı 12 nömrəli tikintiyə birləşən hissədə təqribən 3 metr məsafədə sökülməli və yenidən bölünməlidir. Baxmayaraq ki, çıxarışla cavabdehə məxsus olan hissə 2/3, qarşı tərəfə məxsus olan hissə isə 1/3-dir, lakin hazırkı vəziyyət tamamilə əksinədir. Hazırda cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi icra etmək istəyir, lakin qətnamə əsasında ona düşən otaqlar təhvil verilsin və qətnamədə göstərilən 3 metr çəkilmli hissə çəkilsin və o pulunu versin. Buna baxmayaraq qarşı tərəf qətnaməni icra etməkdən imtina edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.441-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 26.443.1-ci və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 27.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 28.445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 29.445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 30.449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 31.449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 32.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdanyalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyatakeçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 35.Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

36. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 39.82.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 40.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 41.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

43. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin еdilərək, ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqların Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqların, yəni, müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqların isə İddiaçı istifadəsinə verilməsi, ilkin iddianın qalan hissədə rədd еdilməsi, qarşılıqlı iddianın qismən təmin еdilərək, Cavabdeh İddiaçı xeyrinə 6424 manatın tutulması, qarşılıqlı iddianın qalan hissədə rədd еdilməsi qət edilmişdir.

44. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 441-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçı qətnamə ilə təhvil verilməsi nəzərdə tutulan otaqları cavabdehin istifadəsinə təhvil vеrməmiş, cavabdeh də ödənilməsi nəzərdə tutulan 6424 manatı iddiaçıya ödəməmişdir. Bununla da tərəflərin hər ikisi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə üzərlərinə düşən öhdəlikləri icra еtməmişdir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrmədiyindən, bununla da onun həmin qətnamə ilə ödənilməsi nəzərdə tutulan vəsait üzrə faizlərin tutulmasını tələb еtmək hüququ əmələ gəlmədiyindən iddia əsassızdır.

45. Məhkəmənin istinad etdiyi 441-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 46.Göründüyü kimi Mülki Məcəllənin 441-ci maddəsi ilə, mükəlləfiyyətli tərəfin müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirməməsi halında qarşılıqlı icra öhdəsinə düşən tərəfin öz öhdəliyinin icrasını dayandırması və ya müvafiq hissədə icradan imtina etməsi hüququ məhz müqavilə münasibətlərində olan tərəflər üçün mühüm müdafiə metodunun təsbiti kimi müəyyən edilir. Belə ki, əgər öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilənin tərəflərindən biri razılaşdırılmış icranı yerinə yetirməzsə, digər tərəf onun əks icrasını haqlı olaraq gecikdirə bilər. 47.İş materiallarından isə görünür ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətləri müqavilədən irəli gəlmir, iddiaçı ilə cavabdehin icra etməli olduqları öhdəliklər mülki hüquq və vəzifələrini müəyyənləşdirən məhkəmə aktına əsasən yaranmışdır. Həmin məhkəmə aktının nəticə hissəsində qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması barədə hər hansı qeyd-şərt göstərilməmişdir. Göründüyü kimi məhkəmə iş üzrə gəldiyi qənaəti əsaslandırarkən hazırkı mübahisəyə aid olmayan normaya istnad etmişdir. 48.Bundan başqa qeyd edilməlidir ki, məhkəmə hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesini apararkən iddiaçının istinad etdiyi qanuni əsasın və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmasını da yoxlamamışdır. Halbuki iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən qətnamənin vaxtında icra edilməməsi nəticəsində məruz qaldığı zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 49.Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddə zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 50.Beləliklə icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kreditor, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. 51.Beləliklə, öhdəliyin əmələ gəlməsinin əsas olan qətnamənin icrasının gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. İddia ərizəsindən də göründüyü kimi iddiaçı əvvəl Mülki Məcllənin 449.1-ci maddəsinin, daha sonra isə həmin Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinə istinadən cavabdehdən pulun tutulmasını xahiş etmişdir. Burada isə nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 52.Borclunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və təqsirli olması halını aydınlaşdırmaq məqsədilə məhkəmə kollegiyası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tərtib edilmiş icra işini əldə etmişdir. İcra işində olan sənədlərə əsasən, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərarın xx.xx.2016-cı il tarixdə qəbul edildiyi, könüllü icra barədə bildirişin də hər iki borcluya həmin tarixdə ünvanlandığı öz təsdiqini tapsa da, də, qətnamənin hər iki tərəf tərəfindən icra edilməməsi, qətnamənin icrasına maneçilik törədilməsi halları müəyyən edilmişdir. 53.Bununla əlaqədar qeyd edilməlidir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. 54.Bu səbəbdən Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilmişdir. 55.Hazırda qətnamənin hər iki tərəfə verdiyi imkanlardan istifadə etməsinə hər iki tərəfin əngəl törətməklə, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozduğu bununla da hüquqdan sui-istifadə üçün zəmin yaratdıqları müəyyən olunur. Belə ki, iddiaçı da qarşı tərəf olduğu kimi qətnaməni icra etməməklə qanunazidd hərəkətlərə yol verir, bu səbəbdən də qətnamənin təmin edilməməsi nəticəsində düşdüyü zərərin qarşı tərəfdən ödənilməsini tələb etməsi qanunvericiliyə əsasən yaranmış hüquqlardan bərabər şəkildə istifadə etməsi prinsipinə ziddir. Belə ki, Mülki Məcəllənin 1.1ci maddəsinə əsasən üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək bu Məcəllənin məqsədini təşkil edir. 56.Eyni hallar cavabdehin də iddiaçıya münasibətdə qətnamənin icra edilməməsi ilə düşdüyü zərərin ödənilməsi iddiası üzrə nəzərə alınmalıdır. Belə ki, sui-istifadə edilən hüquqa söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz. Mülki hüquqlar Qanuna uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 57.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. 58.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 59.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 60.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2219/2024 saylı 3 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar