Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5131/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(006)-1503/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(061)-51/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 08 may 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-37/2022 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 34.684 manat maddi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1981-ci il tarixində Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində anadan olmuş və həmin kənddə yaşayır. O, əsasən heyvandarlıq olmaqla kənd təsərrüfatı işləri ilə məşğul olmuş və fərdi qaydada kənd mağazasında satıcı olaraq işləmişdir. Hazırda kənd təsərrüfatı fəaliyyətini davam etdirir. 08 may 2017-ci il tarixdə hazırda “Tərtər işi'“ kimi tanınan və istintaqı təzələnərək aparılan iş çərçivəsində şübhəli şəxs qismində tutulmuş, işgəncələrə məruz qalmış, 08 may 2017-ci il tarixdə Azərbavcan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Tərtər Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017-ci il tarixdə həbsdə saxlanılma müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 ay olmaqla, 02 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 26 avqust 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyati üzrə Tərtər Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 02 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Tərtər işi”-nin təzələnmiş istintaqı çərçivəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1. 303.3. 303.3.1. 303.3. 391 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən, Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apelyasiya protesti nəticəsində Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 28 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 14 iyun 2022-ci il tarixli qərarına əsasən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 24 iyun 2022ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas Nəriman Nərimanlıya həvalə edilmişdir. 05 avqust 2022-ci il tarixli 1544 qeydiyyat nömrəli qərarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xilam verilmişdir. Beləliklə is üzrə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə irəli sürülmüş ittihama bəraətverici əsaslarla xilam verilmişdir. Ona təyin edilmiş cəzanı tam çəkib xx.xx.2019-cu il tarixdə saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. O, əsassız ittihamlara və işgəncələrə məruz qalmış, 08 may 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 08 may 2017 ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti uzadılmış, irəli sürülmüş itihamla təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmiş, 08 may 2017-ci il tarixdən 08 may 2019-ci il tarixədək, yəni 24 ay ərzində azadlıqdan məhrumetmə yerində saxlanılmışdır. Bununla da, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. O, cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında doğulduğu və yaşadığı Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində heyvandarlıqla və fərdi qaydada kənd mağazasında satıcılıqla məşğul olmuşdur. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş 601 saylı xx.xx.2022-ci il tarixli arayısdan görünür ki, o, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə, yəni 2017-ci ilin may ayında onun kənd təsərrüfatı fəaliyyətindən aylıq qazancı 1.304 manat olmuşdur. Bu isə 24 ay ərzində 31.296 manat edir (1.304*24ay=31.296). Eyni zamanda fərdi qaydada kənd mağazasında satıcılıqla məşğul olmaqla aylıq faktiki qazancı həmin dövrün minimum əmək haqqı səviyyəsində, yəni 2017-ci il üzrə 116 manat, 2018-ci il üzrə 130 manat və 2019-cu il üzrə isə manat təşkil edirdi. Bu isə 3.388 manat edir. O, cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2019-cu ilin may ayına qədər, yəni 24 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir ki, bu da ümumilikdə cəmi 34.684 manat edir (31.296 + 3.388 = 34.684). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(006)- 1503/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 24.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması faktının özü-özlüyündə onun psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Hazırki iş üzrə cavabdehin təqsiri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğu və vurulmuş zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu işin məhkəmə tərəfindən müəyyən edilmiş halı olduğundan, iddiaçının keçirdiyi mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərər tutulmalıdır. Məhkəmə iddianın “maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.Belə ki, iddiaçı tələbinin bu hissəsinin əsası kimi cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında doğulduğu və yaşadığı Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində heyvandarlıqla və fərdi qaydada kənd mağazasında satıcılıqla məşğul olmasını, cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2019-cu ilin may ayına qədər, yəni 24 ay ərzində faktiki aylıq qazancından, ümumilikdə cəmi 34.684 manat qazancından məhrum edilməsinə istinad edir və tələbini Tərtər rayon İcra Hakimiyyəti Başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 601 saylı və 182 saylı xx.xx.2023-cü il tarixli arayışları ilə əsaslandırır. Maddi ziyan tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf həbs edilmədən öncə mağazada satıcı vəzifəsində işlədiyini, habelə heyvandarlıqla məşğul olduğunu, qanunsuz həbs edilmə nəticəsində aylıq gəlirindən məhrum olduğunu və bunun nəticəsində ona 34.684 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etsə də, bunları təsdiq edəcək hər hansı bir əsaslı, mötəbər sənəd, sübut (əmək müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, təqdim edilmiş Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 601 saylı və xx.xx.2023-cü il tarixli, 182 saylı arayışları isə sonuncunun təsərrüfat işləri, habelə heyvandarlıqla məşğul olmasını sübuta yetirmir və bu sənədlər iddianın qeyd edilən hissəsi üzrə mötəbər və tutarlı sübut növləri kimi qiymətləndirilmir. Həmçinin məhkəmə iddiaçının təsərrüfatında olan heyvanların baxımsızlıq üzündən tələf olması ilə bağlı iş materiallarında olan İcra Hakimiyyətinin arayışında göstərilənlərə qiymət verərək bu faktın mövcud olmasının hazırki iş üzrə hər hansı səbəbli əlaqənin olmaması qənaətinə gəlir. Belə ki, təsərrüfatında olan heyvanlara həbsindən əvvəl yalnız iddiaçı tərəfindən təkbaşına baxılmasına və məhz iddiaçı tərəfindən heyvanlara baxılmaması səbəbindən onların tələf olmasına dair sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə İcra Hakimiyyətinin iş materiallarında olan məktubunun məzmununda göstərilənlərə tənqidli yanaşmış və qeyd etmişdir ki, əsası olmayan halları sübut qismində məhkəməyə təqdim edilməsi yolverilməzdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin maddi ziyan hissəsində ləğv edilməsi və vurulmuş maddi ziyanın tam həcmdə ödənilməsi tələbinin təmin olunması haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən həbs edildiyi vaxt, yəni 2017-ci ilin may ayında aylıq qazancının həcmini göstərən Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 601 saylı, xx.xx.2022-ci il tarixli və 182 saylı, xx.xx.2023-cü il tarixli arayış məhkəməyə təqdim edilmişdir. İddiaçı kiçik kənd ərazisində arayışda qeyd olunmuş fəaliyyətlə məşğul olduğundan bu faktı həmin kənd üzrə icra nümayəndəliyi təsdiq edə bilərdi. Nümayəndəliyin təqdim etdiyi məlumatlar kənd ərazisində yaşayan və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin məlumatlarının əks olunduğu kitablardan götürülmüş, imza və möhürlə təsdiq edilmişdir. Belə olan halda məhkəmə hansı əsaslara görə təqdim edilmiş sübutu mötəbər və tutarlı hesab etməyərək iddiaçının qeyd olunan norma ilə sübutetmə vəzifəsinin öhdəsindən gəlmədiyini aydın şəkildə qətnamədə qeyd etməli idi. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutun mötəbər olub-olmamasını müəyyən etmək üçün heç bir addım atmamışdır. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş həmin arayışın məzmunun dəqiqləşdirilməsi üçün nümayəndəliyə məhkəmə sorğusu göndərə bilərdi yaxud məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən təqdim edilmiş arayışın mötəbərliliyi ilə bağlı sual olsaydı iddiaçı tərəf arayışı vermiş nümayəndəlik rəhbərinin şahid qismində məhkəməyə dəvət olunaraq işin faktiki halları ilə bağlı ifadəsinin alınması üçün vəsatətlə çıxış edə bilərdi. Məhkəmə iddiaçının ümumiyyətlə aylıq qazancının olmaması kimi bir qənaətə gəlmişdir ki, bu həm işin fakki hallarına uyğun deyil, həm də məhkəmə hansı əsasla bu nəcəyə gəldiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır. Halbuki məhkəmə işin hallarına düzgün qiymət versə idi Azərbaycan MPM-nin 218.3-cü maddəsinin ikinci cümləsinin tələblərinə müvafiq olaraq iddia tələblərindən kənara çıxıb iddiaçıya həbsdə olduğu dövrdə (may 2017-2019-cu illər) minimum əmək haqqı həcmində vurulmuş maddi ziyana görə kompensasiya məbləği müəyyən edə bilərdi. Sübuta ehyacı olmayan fakt olaraq 2017-ci ili üçün minimum əmək haqqının həcmi 116 (yüz on altı) manat (2018-ci ilin mart ayına qədər), 2018-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər isə 130 (yüz otuz) manat olmuşdur. Bu isə ümumilikdə 2,980 (iki min doqquz yüz səksən) manat edir (116*10 ay=1160, 130*14 ay=1820, 1160+1820=2980). İddiaçı həbs edilməsə idi və 22 ay ərzində cəza çəkməsə idi minimum əmək haqqı almaq imkanına malik olacaqdı. Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü və 1101-ci maddələrinin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bunun bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməyən maddi ziyan hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda və inzibati xəta haqqında işə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
Mülki Məcəllə:
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorların apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki iddiaçı 08 may 2017-ci il tarixdən 08 may 2019-ci il tarixədək, 24 ay ərzində azadlıqdan məhrumetmə yerində saxlanılması ilə ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır mənəvi, eləcə də maddi ziyan vurulmasını iddia edərək vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini iddia etmiş, birinci instansiya məhkəməsi isə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Hazırda iddiaçı həm tələbində eləcə də apellyasiya şikayətində cavabdehdən 34.684 (otuz dörd min altı yüz səksən dörd) manat maddi ziyanın tutulmasına dair iddiasının əsası kimi Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 601 saylı və xx.xx.2023-cü il tarixli, 182 saylı arayışlarına istinad etmiş və şikayətində tərəfindən təqdim edilmiş sübutun mötəbər olub-olmamasını müəyyən etmək üçün birinci instansiya məhkəməsinin heç bir addım atmamasını vurğulamışdır. Həmin arayışlardan görünür ki, İddiaçı 2017-ci ilin may ayında həbs olunanadək Yuxarı Qaradağlı kəndində yaşamış və aşağıda göstərilən kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. 3,22 hektar sahədə buğda və digər məhsullar əkib becərmişdir. 12 baş iri buynuzlu, 54 baş xırda buynuzlu mal-qarası var idi. Hər hektarın illik gəliri təxminən 1.500 manat olmaqla, aylıq gəliri 402 manat, heyvandarlıqdan hər ay təxminən 500 manat olmaqla, cəmi aylıq qazancı 902 manat təşkil etmişdir. Göründüyü kimi qeyd olunan arayışlarda iddiaçının gördüyü işlər sadalanmış və həmin işlərə görə əldə etdiyi məvacib qeyd edilmişdir. Lakin həmin arayışlarla iddiaçının dəqiq olaraq gördüyü işlərə münasibətdə qeyd olunan məbləğdə məvacib almasına dair işdə başqa sübutlar olmamışdır. Belə ki, konkret olaraq iddiaçı qeyd olunan işləri görməsi barədə, misal üçün 3,22 hektar sahədə buğda və digər məhsullar əkib becərməsi nəticəsində illik təxminən 1500 manat olmaqla aylıq 402 manat əldə etməsini təsdiq edən mötəbər sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən arayışla bağlı hissəsi üzrə əlavə olaraq qeyd etməyi də zəruri sayır ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı 3,22 hektar sahədə buğda və digər məhsullar dedikdə pambıq əkinin aparılmasının nəzərdə tutduğunu və bu sahənin də anasının adına rəsmiləşdirilməsini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sahədə pambıq əkinini yalnız özü idarə edirdi və yığılan məhsulu rayonda pambıq tədarükü müəssisinə təhvil verir. Lakin bununla bağlı tərtib edilmiş müqavilələr anasının adına tərtib edilirdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iclasında da iddiaçının adına torpaq sahəsi və orada aparılan əkin işləri nəticəsində yığılan məhsulun təhvili zamanı tərtib edilən müqavilələrində də onun adına olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 601 saylı və xx.xx.2023-cü il tarixli, 182 saylı arayışları işin faktiki halları ilə təsdiq edilmədiyindən iddiaçının dəlillərini və təqdim edilən sənədi mötəbər və iddiaçının iddiasını əsaslandıracaq sübut kimi qəbul edilə bilməz. İddiaçının apellyasiya şikayətində məhkəmənin onun ümumiyyətlə aylıq qazancının olmaması kimi bir qənaətinin həm işin faktiki hallarına uyğun olmaması, həm də məhkəmənin hansı əsasla bu nəticəyə gəlməsini kifayət qədər əsaslandırmamasını göstərməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər də əsassızdır. Belə ki, iddiaçı tələbində aylıq faktiki qazancının 1.304 manat (min üç yüz dörd) manat təşkil etməsini bildirməklə 24 (iyirmi dörd) ay ərzində faktiki aylıq qazancından məhrum edilməsini göstərmişdir. Lakin şikayətində məhkəmə işin hallarına düzgün qiymət versə idi Azərbaycan MPM-nin 218.3-cü maddəsinin ikinci cümləsinin tələblərinə müvafiq olaraq iddia tələblərindən kənara çıxıb iddiaçıya həbsdə olduğu dövrdə (may 2017-2019-cu illər) minimum əmək haqqı həcmində vurulmuş maddi ziyana görə kompensasiya məbləği müəyyən edə bilərdi. Sübuta ehyacı olmayan fakt olaraq 2017-ci ili üçün minimum əmək haqqının həcmi 116 (yüz on altı) manat (2018-ci ilin mart ayına qədər), 2018-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər isə 130 (yüz otuz) manat olmuşdur. Bu isə ümumilikdə 2,980 (iki min doqquz yüz səksən) manat edir (116*10 ay=1160, 130*14 ay=1820, 1160+1820=2980). İddiaçı həbs edilməsə idi və cəza çəkməsə idi minimum əmək haqqı almaq imkanına malik olacağını göstərmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi faktiki aylıq qazancının olmasına istinad etmiş, apellyasiya şikayətində isə fərqli bir məbləğ, yəni minimum əmək haqqının həcmi miqdarında ümumilikdə 2980 manat maddi ziyanın onun xeyrinə tutulmasının mümkünlüyü qeyd etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla belə iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin ikinci cümləsinə istinad etmişdir, lakin hazırki işdə qanunda göstərilən müstəsna hallar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia tələblərindən kənara çıxılmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassız olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf 12 baş iri buynuzlu, 54 baş xırda buynuzlu mal-qarası olmasına istinad etmişdir ki, hazırda həmin iri buynuzlu və xırda buynuzlu heyvanlardan istifadə edə bilməməsini sübut edə bilməmişdir. Belə ki, göstərilən sayda heyvanların tələf olması nəticəsində akt və ya digər təsdiq edici sənədlər tərtib edilməli idi ki, iddiaçı bu barədə də məhkəmələrə mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı təsərrüfatında olan heyvanlara həbsindən əvvəl yalnız özü tərəfindən təkbaşına baxılmasına və məhz özü tərəfindən də heyvanlara baxılmaması səbəbindən onların tələf olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bununla bağlı icra nümayəndəliyinin iş materiallarında olan məktublarının məzmununda göstərilənlərə haqlı tənqidli yanaşaraq qeyd etmişdir ki, əsası olmayan halları sübut qismində məhkəməyə təqdim edilməsi yolverilməzdir. Belə ki, apellyator apellyasiya şikayətində nümayəndəliyin təqdim etdiyi məlumatların kənd ərazisində yaşayan və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin məlumatlarının əks olunduğu kitablardan götürüldüyünü, imza və möhürlə təsdiq etdiyini göstərmişdir. Kollegiyanın qənaətinə görə 2017-ci ildə iri və ya xırda buynuzlu mal-qaranın təsərrüfatlarda mövcudluğunu konkret göstərən ərazi üzrə icra nümayəndəliyi 2023-cü ildə bu heyvanların nə qədərinin tələf olmasını konkret göstərdiyi halda buna dair müvafiq sənədləri də təqdim etməli idi. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilmədiyi üçün İddiaçı oğlnun iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız sayır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24000 (iyirmi dörd min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən istintaq orqanının qanunsuz hərəkətləri ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcud olsa da, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan 100000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1000 manat olmaqla 08 may 2017-ci il tarixdən 08 may 2019-ci il tarixədək, yəni 24 ay ərzində gün üçün 24000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, mövqeyi ilə razılaşdığı birinci instansiya məhkəməsinin bu qənaəti, yəni mənəvi ziyanın dəyərinin aylara bölünməsi və mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində müəyyən edilməsi hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən düzgün yanaşmadır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Mülki Məcəlləsinin 1101ci maddəsini tətbiq edərkən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunmasına dair dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanı tətbiq edərkən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının cinayət məsuliyyətinə əsassız və qanunsuz olaraq cəlb olunması ilə məhkum olunması təqsirin sübuta yetməməsi əsası İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Nəriman Nərimanlının 05 avqust 2022-ci il tarixli qərari ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası həmçinin şikayətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsində konkret dövlət büdcəsi nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir k iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(006)- 1503/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.