Məhkəmə qərarları › İş №2(103)-5135/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5135/2022

27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5135/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(007)-175/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhərinin 22-ci dövlət notariat kontorunun dövlət notariusu Ş.F.Gülməmmədova tərəfindən təsdiqlənmiş 24 may 2008-ci il tarixli borc müqaviləsinə əsasən, İddiaçı 24 may 2008-ci il tarixdə Cavabdeh 24 noyabr 2008-ci il tarixədək tam qaytarmaq şərti ilə 38000 (otuz səkkiz min) manat borc vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38000 manat məbləğində əsas borcun, əlavə olaraq cavabdehdən özgənin pul vəsaitini qanunsuz saxladığına, onu qaytarmaqdan boyun qaçırdığına, onun ödənilməsini digər şəkildə gecikdirdiyinə və ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən pul öhdəliyinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 24 may 2008-ci il tarixdə Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontorunda borc müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında tərəfindən cavabdehə 38000 manat borc pul verilmişdir. Müqavilənin şərtinə əsasən həmin borc məbləği altı ay müddətində, yəni xx.xx.2008-ci il tarixədək geri qaytarılmalı idi. Buna baxmayaraq cavabdeh müqavilədə göstərilmiş şərtlərin tələblərini pozmuş və qeyd olunmuş tarixdə borclu olduğu məbləği qaytarmamış, hətta müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış və yayınmaqda davam edir. Cavabdeh ona borclu olduğu 38000 manatın hal-hazıradək ödəməməsi ona xeyli ziyan vurmuşdur.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(007)- 175/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh yaranmış borca görə 38000 (otuz səkkiz min) manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək qətnamənin tam ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında 24 may 2008-ci il tarixində Bakı şəhəri 22 saylı notariat kontorunda 38000 (otuz səkkiz min) ABŞ dolları məbləğində vəsaitin ona borc verilməsinə dair müqavilə bağlansada, lakin həmin məbləğ ona reallıqda qətiyyən verilməmişdir. Belə ki, həmin dövrdə Rusiya Federasiyasında meyvə-tərəvəz bazarında oğlu Araz Quliyevlə birlikdə pərakəndə formada göy-göyərti ticarəti ilə məşğul olurdu. Satdığı göyləri İddiaçı nisyə götürməklə satdığı üçün sözügedən müqavilə sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq zəmanət kimi aralarında bağlanmış əqd xarakteri daşımışdır. Həmin müqaviləni könüllü şəkildə deyil, iddiaçının Rusiya Federasiyasında oğluna zərər verəcəyi hədələrini real qəbul edərək həmin hədələrdən qorxduğu üçün bağlamışdır. İddiaçı ilə onun arasında Bakı şəhəri 22 saylı notariat kontorunda 24 may 2008-ci il tarixində borc müqaviləsinin bağlanmasından təxminən 1 (bir) ay sonra, özünə məxsus olmaqla həyat yoldaşı X4 adına rəsmiləşdirdiyi, 2007-cı il buraxılış istehsalı olan “Kia Sportage” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı istəyi ilə onun tanışı Arif adlı şəxsin adına 20 iyun 2008-ci il tarixdə formal alqı-satqı müqaviləsi bağlamaqla borcunun əvəzinə rəsmiləşdirmişdir. Həmin avtomobili İddiaçı faktiki olaraq verməklə sonuncuya olan bütün borcunu tam şəkildə ödəmişdir. Məhz bu səbəbdən 24 may 2008-ci il tarixdə bağlanmış borc müqaviləsində göstərilmiş 6 (altı) ay, yəni 24 noyabr 2008-cı il tarixinə qədər pulu qaytarmaq nəzərdə tutulmasına baxmayaraq sözügedən müqavilə tərəflər üçün əhəmiyyətini itirmiş və bundan sonra tərəflər bu müqavilə ilə bağlı olaraq heç bir addım atmamışlar. Sonradan iddiaçı 5 (beş) il müddət keçdikdən sonra həmin müqavilənin notarial qaydada ləğv olunmamasından sui-istifadə edərək, heç bir məlumatı olmadan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə əsassız iddia ilə müraciət etmiş və məhkəmə baxışından xəbəri olmadan həmin əsassız iddia qanunsuz olaraq təmin edilmişdir. Qeydiyyatda olduğu və çox uzun illər əvvəl yaşadığı, xüsusi mülkiyyət hüququ üzrə həyat yoldaşı X4 adına rəsmiləşmiş, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov (keçmiş Şərifli) küçəsində yerləşən 118 saylı binanın 69 nömrəli mənzili xx.xx.1996-cı ildə Bakı şəhəri 30 saylı notariat kontorunda bağlanmış alqı- satqı müqaviləsi əsasında X1 elə həmin vaxtdan mənzili yeni sahibinə təhvil verərək başqa mənzilə köçmüşlər. Sonradan həmin mənzilin sahibi və ya mənzildə yaşayan şəxslər, habelə mənzildə yaşayışın olub-olmaması barədə qətiyyən məlumatı olmayıbdır. Onun Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 175/2014 saylı mülki iş üzrə qəbul etdiyi 12 may 2014-cü il tarixli qətnaməsindən 2022-ci ilin əvvəllərində Bakı şəhərində yerləşən metrostansiyalardan birinə düşən zaman Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş axtarış qərarı əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami rayon İcra şöbəsinə gətirildikdən sonra məlumatı olmuşdur. 24 may 2008-ci il tarixli müqavilədən göründüyü kimi iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi altı (6) ay müddətinə bağlanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edən zaman (iddia ərizəsi məhkəmənin dəftərxanasında xx.xx.2013-cü il tarixdə qeydə alınıb) isə 24 may 2008-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə öhdəliyin icra müddətindən 4 il 11 ay 11 gün keçmişdir. Yəni iddiaçı məhkəməyə müraciət edən zaman qanunvericiliyin tətbiq etdiyi iddia müddətini ötürmüşdür.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-175/2014 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(007)- 175/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin olunmuş, cavabdehə münasibətdə müddətin buraxılması üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa olunmuşdur.

8. Cavabdeh həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, İddiaçı Rusiya Federasiyasında yaşayır. Cavabdehin iddiaçıya borcu əvvəl daha çox olmuş, lakin borcun əvəzində verdiyi maşının dəyəri nəzərə alınaraq borcundan çıxılmış, qalan 38000 manat borcunu bu günədək ödəməmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

14. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi xahiş edildiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 24 may 2008-ci il tarixdə 6 ay müddətinə qaytarmaq şərti ilə 38000 (otuz səkkiz min) manat borc verilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır.

33. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən borc müqaviləsi üzrə ona borc verilmədiyini, həmin müqavilənin sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq zəmanət kimi, iddiaçının Rusiya Federasiyasında oğluna zərər verəcəyi hədələrini real qəbul edərək həmin hədələrdən qorxduğu üçün bağladığını, İddiaçı borcu olmadığını qeyd etsə də, bu dəlillərini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.

34. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

35. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

36. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

37. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

38. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında borc münasibəti olmuş, cavabdeh borc müqaviləsi üzrə öhdəliyini icra etməsini sübut edə bilməmişdir. İddiaçı borc müqaviləsinə istinad edərək cavabdehdən borcunu qaytarmasını tələb etməkdə haqlı olmuşdur.

39. Lakin tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə borcun qaytarılması müddəti xx.xx.2008-ci il tarix müəyyən edilsə də, iddiaçı borc öhdəliyinin icrası müddətindən 5 ilə yaxın vaxt keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

40. Mülki iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2013-cü il tarixdə daxil olmuş, borc müqaviləsi üzrə nəzərdə tutulan üç illik müddət iddiaçı tərəfindən ötürülmüşdür. Cavabdeh birinci instansiya məhkəməsinin icraatında olan həmin işdən məlumatlı olmamış, məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmək imkanı olmamışdır.

41. Apellyasiya şikayətinə əlavə edilmiş notariat sənədlərinin surətindən görünür ki, cavabdehin qeydiyyatda olduğu mənzil həyat yoldaşı Xuraman Quliyevanın mülkiyyətində olmuş və xx.xx.1996-cı il tarixdə özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nizami rayon MKTBnin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 aprel 2022-ci il tarixli, 164 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, mənzilin satılması ilə əlaqədar uzun müddətdir ki, orada yaşamır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin borclunun axtarışı barədə xx.xx.2014-cü il tarixli qərarının və həmin ilin avqust tarixli, 3570/14 saylı aktının surətindən görünür ki, cavabdehin həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu səbəbdən də hazırkı iş üzrə məhkəmə bildirişləri cavabdehə çatmayaraq məhkəməyə geri qayıtmışdır. 25 aprel 2014-cü il tarixdə məhkəmə bildirişinin kötüyü Bakı şəhəri Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin möhürü ilə təsdiq edilərək işə əlavə edilsədə, həmin bildirişin cavabdehə çatdırılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-175/2014 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(007)-175/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin olunmuş, cavabdehə münasibətdə müddətin buraxılması üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa olunmuşdur.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, “birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.”

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).

44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

45. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

46. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tədbiqi barədə ərizəyə apellyasiya instansiyasında baxılmalı, iddia müddəti ötürüldüyündən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(007)-175/2014 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi həmin əsasla təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(007)-175/2014 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar