Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5137/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, gələcəkdə həmin tikililərin aparılmasının qadağan edilməsi, həyətə açılmış pəncərələrin ləğv edilərək bağlanması və bağ sahəsi üzərində istifadə və sahibliyinin həyata keçirilməsinə olan maneçiliklərin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(003)-114/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi 86/4812 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir.
2. İş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və AA 017433 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
3. İş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və AA 017433 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi saylı 4814 bağ evi Cavabdeh mülkiyyətindədir.
5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsində inşa edilən 189 kv.m tikilinin 183 kv.m hissəsi **********17 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan 0.05 ha torpaq sahəsində, 6 kv.m hissəsi isə **********40 reyestr nömrəli çıxarışla X1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşir və **********25 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə müdaxiləsi yoxdur.
6. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/5789 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus tikililərin **********17-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan ünvanda yerləşən mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin hüdudlarının daxilində olması və İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 86/4812 saylı bağ sahəsinə müdaxilə halının mövcud olmaması müəyyən edilir. Cavabdeh tərəfindən ünvan ünvanda inşa edilmiş bağ evinin iddiaçının həyətinə tərəf olan iki pəncərəsinin, eləcə də digər pəncərələrinin həmin bağ evinə dair xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, **********17-10301 reyestr nömrəli Texniki Pasport sənədinə uyğun olduğu müəyyən edilir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 88/4814 saylı torpaq sahəsində inşa edilən tikilidə inşa edilmiş mübahisə predmeti olan pəncərələrin iddiaçının istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 86/4812 ünvanda sahəsi 0,05 ha həyətyanı torpaq sahəsinə açılmasının İddiaçı maneçilik törədib-törətməməsi məsələsinin müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın səlahiyyətlərinə aid deyil. Cavabdeh tərəfindən ünvan ünvanda inşa edilmiş bağ evinin mübahisə predmeti olan pəncərələrinin yerləşdiyi 1 saylı və 3 saylı tikililərində həmin pəncərələrdən əlavə digər pəncərələrin mövcud olmasını və “Yaşayış Binaları Tikinti Norma və Qaydaları”nın (SNİP 2.08.01-89) 1.3 bəndinin tələblərinə əsasən həmin tikililərin təbii işıqla təmin olunmasının mümkün olmasını nəzərə alaraq, mübahisə predmeti olan pəncərələrin bağlanması texniki cəhətdən mümkündür. Lakin qeyd olunur ki, həmin mübahisə predmeti olan pəncərələr cavabdehə məxsus bağ evinin xx.xx.2019-cu il tarixli, **********17-10301 reyestr nömrəli Texniki Pasport sənədində nəzərdə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,05 ha sahəsi olan 86/4812 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və gələcəkdə cavabdeh tərəfindən həmin ərazidə bu cür tikililərin aparılmasının qadağan edilməsi, cavabdeh tərəfindən onun həyətinə qanunsuz açılmış pəncərələrin ləğv edilərək bağlanması, onun bağ sahəsi üzərində istifadə və sahibliyinin həyata keçirilməsində olan maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşə 0,05 ha sahəsi olan 86/4812 saylı bağ sahəsi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin sahədə tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin ünvanda cavabdehə məxsus 0,05 ha bağ sahəsi onun sahəsi ilə yanaşıdır. Səhhəti ilə əlaqədar torpaq sahəsinə nəzarət edə bilmədiyi üçün 2021-ci ilin mart ayında torpaq sahəsinə gəlmiş və qonşuluğunda cavabdehin ona məxsus torpaq sahəsinin 1 metrlik hissəsini zəbt edərək orada tikməsi, evin yağış sistemini onun həyətindən çəkməsini, onun həyətinə evindən iki pəncərə açdığını aşkar etmişdir. Cavabdehlə əlaqə saxlayaraq onun bu qanunsuz əməlləri barədə xəbərdarlıq edilsə də, həmin şəxs buna məhəl qoymamış, tikinti işlərini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin bu qanunsuz əməllərinə görə Xəzər RPİ-yə şikayət etmişdir. Xəzər RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə cavabdeh polisə verdiyi izahatında törətdiyi qanunsuz əməlləri etiraf etmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün söküntünü həyata keçirə bilmədiyini, onun həyətinə daxil olduğunun sonradan ona məlum olmasını və bunun ustaların səhlənkarlığından baş verdiyini bildirmişdir. Lakin bugünədək cavabdeh tərəfindən yol verdiyi qanunsuz əməllərə son qoyulmadığı üçün hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bütün bu hərəkətləri ilə onun mülkiyyət hüququnu pozaraq əmlakının istifadəsində və üzərində sahibliyinin, təmir və yenidən qurulmasının həyata keçirilməsində maneçiliklər yaratmış, həmçinin evinin görünüşünə ciddi xələl gətirmişdir. Bu azmış kimi cavabdeh heç bir qonşuluq haqqını gözləməyərək evindən açdığı pəncərələrlə həyətindən sərbəst istifadəsinə maneələr yaratmışdır. Belə vəziyyətdə öz evində yaşamaq qeyri-mümkün hala gəlmişdir. Cavabdehin evini onların torpaq sahələrinin birgə hasarının üzərində inşa etməsi qanunsuzdur. Cavabdeh tərəfindən ara məsafəsi gözləmədən inşa edilmiş tikili, tikinti norma və qaydalarına uyğun hesab edilə bilməz. Hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili sökülməli və gələcəkdə cavabdeh tərəfindən həmin ərazidə bu cür tikililərin aparılması qadağan edilməlidir. Çünki fərdi yaşayış evinin tikilməsi üçün müvafiq icazə tələb olunur. Həmin tikilinin sökülməsini tələb etmək üçün o, subyektiv hüquqa malikdir. Çünki mübahisələndirilən tikilinin inşası nəticəsində onun qanunla qorunan hüquq, azadlıq və maraqları pozulmuşdur. Bu hüquqa həmin tikilinin mövcudluğu maraqlarına toxunan şəxs kimi malikdir. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikiliyə icazədən kənara çıxaraq qanunsuzluğa yol verməsi bilavasitə onun mülkiyyət hüququnu pozmuş və hal-hazırda da pozmaqdadır. Qeyd etmək istəyir ki, cavabdehin evi təmirsizdir, onun həyətinə düşən hissəsi boş divardır və ev iki ailə üçün nəzərdə tutularaq iki giriş qapısından ibarətdir. Həmçinin cavabdehin evi bünövrəsiz tikilmiş və bu hal evin sökülməsinə mane olmur. Eyni zamanda, cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilməsi qəza baş verəcəyi təqdirdə onun əmlakına da real təhlükə yaradır və belə şəraitdə əmlakının məruz qala biləcəyi zərərdən həmçinin özünün və ailə üzvlərinin uğraya biləcəyi bədbəxt hadisədən sığortalanması heç cür mümkün deyildir. Bundan başqa, cavabdehin inşa etdirdiyi sahənin bir hissəsi ona aid olan sahə zəbt olunaraq inşa edildiyindən həmin sahədən ona istifadə etməyi qeyri-mümkün olmuşdur. Ona görə cavabdehin onun razılığı olmadan mülkiyyətindəki torpaq sahəsində tikili inşa etməsi onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli və həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları təmin edilməlidir.
9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(003)- 114/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, iş üzrə ödənilmiş ekspertiza xərcinin əvəzini təşkil edən 311 manat məbləğində pulun, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdehin evini iddiaçının torpaq sahələrinin birgə hasarının üzərində inşa etməsi qanunsuzdur. Cavabdeh tərəfindən ara məsafəsi gözləmədən inşa edilmiş tikili tikinti norma və qaydalarına uyğun hesab edilə bilməz. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə şifahi müraciət edərək, qonşusunun qanunsuz olaraq tikib iddiaçının həyətinin hasarına birləşdirdiyi tikintinin sökdürülməsini xahiş etmişdir. İki qonşu arasındakı məsələ mübahisəli olduğuna görə iddiaçıya hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili sökülməli və gələcəkdə cavabdeh tərəfindən həmin ərazidə bu cür tikililərin aparılması qadağan edilməlidir. Çünki fərdi yaşayış evinin tikilməsi üçün müvafiq icazə tələb olunur. Həmin tikilinin sökülməsini tələb etmək üçün iddiaçı subyektiv hüquqa malikdir. Çünki mübahisələndirilən tikilinin inşası nəticəsində onun qanunla qorunan hüquq, azadlıq və maraqları pozulmuşdur. Bu hüquqa həmin tikilinin mövcudluğu maraqlarına toxunan şəxs kimi malikdir. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikiliyə icazədən kənara çıxaraq qanunsuzluğa yol verməsi bilavasitə iddiaçının mülkiyyət hüququnu pozmuş və hal-hazırda da pozmaqdadır. Cavabdehin evi təmirsizdir, iddiaçının həyətinə düşən hissəsi boş divardır və ev iki ailə üçün nəzərdə tutularaq iki giriş qapısından ibarətdir. Həmçinin cavabdehin evi bünövrəsiz tikilmişdir və bu hal evin sökülməsinə mane olmur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, hazırda cavabdeh evinin iddiaçının həyətinə baxan pəncərələrini bağlayıb, ona görə də mübahisə həmin hissədə artıq həll olubdur.
14. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh qonşuluq münasibətlərinə hörmət əlaməti olaraq evinin iddiaçının həyətinə baxan hissəsində əslində nəfəslik olan pəncərələrini bağlayıbdır. Bununla əlaqədar artıq mübahisə mövcud deyildir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
17. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 154.7 və 154.8. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
28. Belə ki, işin hallarından göründüyü kimi, Dövlət reyestrindən qeydiyyatdan keçmiş cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi saylı 4814 bağ evi, ona məxsus torpaq sahəsində (Dövlət reyestrindən qeydiyyatdan keçmiş) inşa edildiyindən və həmin tikilinin (və ya tikilinin bir hissəsi) iddiaçıya məxsus torpaq sahəsində inşa edilməsi müəyyən edilmədiyindən həmin tikilin sökülməsi tələbi qanuna uyğun deyildir.
29. Digər tərəfdən, cavabdehə məxsus olan bağ evində iddiaçının həyətinə açılmış pəncərələr həmin bağ evinə dair Dövlət reyestrində qeydiyyata alınmış texniki pasporta uyğundur. Buna baxmayaraq cavabdeh hazırda həmin pəncərələri bağlamış, bunu tərəflərin nümayəndələri izahatlarında da təsdiq edirlər. Göründüyü kimi, mübahisə həmin hissədə artıq mövcud deyildir.
30. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ona məxsus bağ sahəsindən istifadə və sahiblik etməsinə cavabdeh tərəfindən hansı maneçilik törədilməsini əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
32. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya şikayətinin “ekspertiza xərcinin və ödənilmiş dövlət rüsmunun cavabdehdən tutulması ilə bağlı” arqumentinə münasibətdə kollegiya bildirir ki, iddia tələbi təmin edilmədiyi üçün, çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-114/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.