Məhkəmə qərarları › İş №2(103)-5138/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5138/2023

14.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5138/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (X5, X7, X6 və Yasamal rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qsimində işə cəlb edilməklə) “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1902/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən “WELTON nw 3 yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 7.500 manat, “WELTON qoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8.000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 6.500 manat, “VOLVO fmx yük” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4.500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8.000 manat, “TSR tt13 023 yarmqoşqu” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8.000 manat, “VOLVO f mx yük” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 9.500 manat, “VOLVO fmx yük” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12.000 manata qiymətləndirilməsinə dair tərtib edilmiş 3.340 saylı qiymətləndirmə rəylərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin vəsatətinə əsasən X5, X7, X6 və Bakı şəhəri Yasamal rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qsimində işə cəlb edilmişdilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1902/2023 saylı qətnaməsi il İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı, cavabdeh və üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1902/2023 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-nin birgə həyata keçirdikləri sahibkarlıq fəaliyyəti üzrə mübahisə yaranmışdır. Onların sahibkarlıq fəaliyyətinin subyekti olması, aralarında olan hüquq münasibətlərinin xarakteri və bundan irəli gələrək yaranmış mübahisənin predmeti nəzərə alınmaqla həmin mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmış və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi isə İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə 1.153.390,04 manat məbləğində pul tutulmuş və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsində göndərilmişdir. Həmin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı MMC-yə məxsus avtomobillər "xxxx" MMC-yə məxsus Şamaxı yolunun 15-ci km-liyində mühafizə olunan hasarlı, dəmir barmaqlıqlı mühafizə meydançasına yerləşdirilmiş, bundan sonra qiymətləndirilmiş və açıq hərracda satılmışdır. Hazırda İddiaçı MMC həmin əmlakların aşağı qiymətlə qiymətləndirildiyini iddia edir və onların qiymətləndirilməsinə dair rəylərin ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası göstərilənləri, habelə hazırki mübahisənin məhz tərəflər arasında yaranmış kommersiya mübahisəsindən irəli gəldiyini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış və nəticədə məhkəmə aidiyyəti ilə bağlı qaydalara riayət etməməklə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(004)-1902/2023 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 31-ci, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı”Aztikintiyol” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(004)- 1902/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar