Məhkəmə qərarları › İş №2(103)-514/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-514/2023

11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-514/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sağlamlığın uzun müddətə pozulmasına görə konpensasiya) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-261/2022 saylı 02 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan AZ-İ seriyalı 219345 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Nurəddinova Günel Famil qızı arasında bağlanmış nikah qeydi 15 avqust 2015-ci il tarixdə pozulmuşdur.

2. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ********** nömrəli arayışına əsasən İddiaçı sol qamış sümüyünün boyr kondilusunun çökmüş bitişmiş sınığı, sol diz oynağının birinci dərəcəli ortrozu. XTB S 82.1, T93.2 M17.3 diaqnozu qoyulmuşdur.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1572/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarından məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasıbarədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı sağlamlığın uzun müddətə pozulmasına görə konpensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin cinayət əməli ilə sağlamlığına vurulmuş az ağır zərər nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 15,000 manat, mənəvi ziyanın əvəzi olaraq 4000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 17 may 2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan 11 mart 2013-cü il tarixdə Morozeva Milena Denisovna adlı qızları dünyaya gəlmişdir. Bir müddət sonra aralarındakı münasibətlər pozulduğuna görə nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli 2(094)-115/2014 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Cavabdeh 01 fevral 2020-ci il tarixdə, saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanında qonaq otağında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İddiaçı şillə, yumruqla üz və qol nahiyəsinə, təpiklə sol ayağına vuraraq sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına zərər vuran xəsarətlər yetirmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 dekabr 2021ci il tarixli AR Ali Məhkəməsinin qərarı ilə həmin cəzanın tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Lakin, qısa müddət sonra 8 noyabr “Zəfər günü” münasibətilə barəsində amnistiya aktı tətbiq edilərək cəzadan azad edilmişdir. Yəni, təqsirkar şəxs bir gün də törətdiyi cinayət əməlinə görə, iddiaçının sağlamlığına zərər yetirdiyinə görə nə cəzalandırılmamış, nə də iddiaçıya dəymiş ziyanı qarşılamamış, ayağının sağalması üçün heç bir öhdəlik yerinə yetirməmişdir. Cavabdeh tərəfindən sağlamlığına vurulmuş zərər uzun müddətli olmaqla ayaq üstə durmağında ciddi problemlər yaradır. AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş arayışda iddiaçının sol ayağında xəsarət nəticəsində yaranmış problemlər qeyd edilmişdir. Hal-hazırda cavabdehin iddiaçının sağlamlığına vurduğu ziyan nəticəsində ayağında yaranmış problemləri müalicə etmək üçün maddi imkanı yetmir. Cavabdehlə birgə nikahdan doğulmuş 11 mart 2013-cü il təvəllüdlü qızları Morozova Milena Denisnovna iddiaçının himayəsindədir. Cavabdehin sağlamlığına vurduğu zərər nəticəsində müalicə və dərmanları üçün çəkdiyi xərcin cavabdeh tərəfindən ödənilməli və səhhətinin əvvəlki vəziyyətə qayıtması üçün lazımi müalicələrlə təmin edilməlidir. Lakin, cavabdeh indiyədək törətdiyi əməlin vurduğu maddi ziyanı ödəməmiş, ödəmək niyətində də deyil. Üstəlik, qısa müddətliyə də olsa, üstə durarkən xəsarət alan sol ayağı sızıldadığından, işləyə bilmir. Günün çox hissəsini oturaq şəraitdə keçirməli olur. İşləyib özünə qazanc əldə edə bilmədiyi üçün mütəmadi olaraq atasından maddi yardım alır. Bu vəsaitin məbləği xəsarət aldığı vaxtdan indiyədək 11.000 manatı ötmüşdür.

6. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-261/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia tələbinin rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 459.2, 459.3, 459.4, 1096.1, 1097.1 və 1118.1-ci maddələrinə, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçının sağlamlığına zərər vurulması, bu zərər nəticəsində iddiaçının müalicəyə ehtiyacı olması işin mübahisə olunmayan halıdır. Belə olan halda məhkəmə tərəfindən bu halın gözardı edilərək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ********** nömrəli arayışı da qiymətləndirilməyərək iddiaçının hüquqları təmin edilməmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə cavabdehin iddiaçının sağlamlığına vurduğu zərərin ödənilməsi təmin edilməməklə yanaşı, şəxsə dəymiş mənəvi zərər də nəzərə alınmadan iddia tələbi rədd edilmişdir. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi iztirab çəkməsi və bu hərəkətlərin onun psixoloji cəhətdən sarsılmasına səbəb olması şübhəsizdir. Belə olan halda məhkəmə tərəfindən bu halların nəzərə alınmaması, bir qadının sağlamlığının pozulması nəticəsində cavabdehin amnistiya tətbiq edilərək cəzadan azad olmaqla 1 gün belə cəza çəkməməsi ilə yanaşı iddiaçının müalicəsi ilə də bu günədək maraqlanmamasının məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmaması qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən qəbul edilən qətnamədə qeyd edilmişdir ki, cavabdeh iddia tələbinin əsassız olduğunu sübut edə bildi. Lakin məhkəmə həmin sübutların nədən ibarət olduğunu qeyd etməmişdir. Belə ki, cavabdeh iddiaçının sağlamlığının bərpa edilməsi ilə bağlı müalicə xərclərini yetərincə ödədiyini və iddiaçıya maddi yardım göstərdiyini qeyd etmişdir. Lakin dediklərini sübut edəcək heç bir sübutu məhkəməyə təqdimetməmiş, məhkəmə isə yalnız cavabdehin ifadəsində qeyd etdiklərinə istinad edərək cavabdehin iddianın əsassız olduğunu sübut etdiyini bildirmişdir. Halbuki əgər cavabdeh tərəfindən iddiaçının sağlamlığının bərpa edilməsi ilə bağlı müalicə xərcləri ödənilmişdirsə, belə olan halda vabadeh bununla bağlıməhkəməyə hər hansı ödəniş qəbzi təqdim etməli idi. Eyni zamanda məhkəmə qətnaməsində iddianın sübut edilmədiyini bildirsə də nəzərə almamışdır ki, iddiaçının cavabdehin təqsiri ucbatından sağlamlığının pozulması işin mübahisə olunmayan tərəfidir. Sağlamlığı pozulmuş olduğu halda iddiaçının sağlamlığının bərpa edilməsi üçün müəyyən xərclər çəkdiyi şübhəsizdir. Bununla yanaşı məhkəməyə təqdim etdiyimiz sübutlar arasında iddiaçının atası tərəfindən iddiaçıya göndərilən maddi vəsaitlərin məbləği qeyd olunmuşdur. Həmin vəsaitlərin məbləğinə baxıldıqda 2020-ci ilin fevral ayında həmin hadisənin baş verməsindən sonra iddiaçının atası tərəfindən göndərilən vəsaitlərin miqdarının olduqca çox olduğunu görmək mümkündür. Məhkəmənin hökmü də həmin tarixdə iddiaçının cavabdehin əməli ucbatından xəsarət aldığını, sağlamlığının pozulduğunu təsdiq edir. Lakin Pirallahı Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixində qəbul etdiyi qərarda əsasssız olaraq iddia tərəfinin iddia tələbini sübut edə bilmədiyini qeyd etmişdir. Halbuki iddiaçının atası tərəfindən ödənilən maddi vəsaitlərə baxdıqda cavabdehin təqsiri ucbatından iddiaçının sağlamlığına dəymiş zərərin aradan qaldırılması, iddiaçının sağlamlığının bərpa edilməsi məqsədi ilə müalicə xərcləri üçün göndərildiyini görmək mümkündür. Bu xərclərin məhkəmə tərəfindən nəzərə alınmaması əsassız və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iddia tələbinin əsassız olduğuna dair gəldiyi nəticəni yetəri qədər əsaslandırmamış, iddiaçının sağlamlığının bərpası üçün lazım olan xərclərin cavabdehdən kompensasiya şəklində tutularaq iddiaçıya ödənilməsinin hansı əsaslarla rədd edildiyini qətnamədə qeyd etməmişdir. Belə ki, məhkəmə qətnaməsində iddiaçının iddia tələbini sübut edə bilmədiyini qeyd etsə də, şəxsin sağlamlığına dəymiş zərərin və zərər vuran şəxsin aşkar olduğu halda iddia tələbinin əsassız olduğu barədə gəldiyi nəticə tamamilə əsassızdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin ona maddi yardım göstərməməsi ilə bağlı sübut təqdim etməsinin tələb edilməsi absurddur. Bunun əksinə olaraq cavabdeh iddiaçının sağlamlığının bərpa edilməsi üçün zəruri xərclərin onun tərəfindən ödənildiyini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir

13. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmənin iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 459.2 əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir.

17. Maddə 459.3 zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur.

18. Maddə 459.4 əgər vacib əsaslar olduğu aşkardırsa, zərərçəkən dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini tələb edə bilər.

19. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Maddə 1118.1 fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatları dinəlyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-261/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən (maddi və mənəvi ziyanın ödənilməsi) ibarət olduğundan hər iki hissə üzrə ayrı ayrılıqda qiymət verilməlidir.

33. Belə ki, iddiaçı iddia tələbində Cavabdehin cinayət əməli ilə sağlamlığına vurulmuş az ağır zərər nəticəsində ona 15,000 manat maddi ziyan dəydiyini iddia edir.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin qeyd edilən hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. Mülki işin materiallarında göründüyü kimi, iddiaçı məhkəməyə onun sağlamlığına vurulmuş az ağır zərər nəticəsində ona 15,000 manat maddi ziyan vurulmasını göstərən mötəbər sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi ziyanın tutulması hissəsində təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin tutulması hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində təmin etməməkdə haqlı olmamışdır.

37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

38. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

39. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

40. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

42. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə 17 may 2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuşlar. Bir müddət sonra aralarındakı münasibətlər pozulduğuna görə nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli 2(094)-115/2014 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Cavabdeh 01 fevral 2020-ci il tarixdə, saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanında qonaq otağında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İddiaçı şillə, yumruqla üz və qol nahiyəsinə, təpiklə sol ayağına vuraraq sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına zərər vuran xəsarətlər yetirmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ********** nömrəli arayışına əsasən İddiaçı sol qamış sümüyünün boyr kondilusunun çökmüş bitişmiş sınığı, sol diz oynağının birinci dərəcəli ortrozu. XTB S 82.1, T93.2 M17.3 diaqnozu qoyulmuşdur.

43. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.

44. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 2000 (bir min) manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.

45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, məhkəmə qətnaməsi ilə mənəvi ziyana görə müəyyən edilən məbləğ 5000 manatdan az olduğundan həmin hissədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. İddia tələbi maddi zərərin tələb edilməsi hissəsində 5000 manatdan çox olduğundan və məhkəmə tərəfindən həmin hissə iddia tələbi təmin edilmədiyindən iddiaçı maddi zərərin təmin edilməməsi hissəsindən kasasiya şikayəti verilə bilər

47. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-261/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində maddi zərərin təmin edilməməsi hissəsindən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar