Məhkəmə qərarları › İş №2(103)-5148/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5148/2024

26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5148/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin tutulması, debitor borcun ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması və debitor borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1545/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsində yerləşən 10 saylı ev Cavabdeh istifadə və sahibliyindədir. Onunla İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev Birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızıdırıcı radiatordan (1/1) və kərpiç plitəsindən istifadə edilir. Cavabdehin abonent kimi qeydə alındığı dövrdə təbii X6nın pozulması barədə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmış və bu aktlar üzrə qəbul edilmiş qərarlarla müvafiq olaraq, 1944 manat, 549 manat, 500,40 manat və 142,20 manat məbləğində maddi zərər hesablanmışdır. Cavabdehin (abonentin) saldo məlumatlarına əsasən təbii qazdan sayğacdan kənar istifadə edilməsi əsası ilə 2018-ci il üzrə 1 akt, 2019-cu il üzrə 12 akt, 2020-ci il üzrə 3 akt, 2021-ci il üzrə 5 akt, 2022-ci il üzrə 10 akt və 2023-cü il üzrə 10 akt tərtib edilmiş və bu aktlar üzrə tərtib edilmiş qərarlara əsasən ümumilikdə 19.308,96 manat məbləğində zərər hesablanmaqla cavabdehin abonent hesabına daxil edilmişdir. Eyni zamanda, həmin ünvan üzrə təbii qazdan istifadə nəticəsində 1.455,30 manat məbləğində sərfiyyat (debitor) borcu qalmışdır. Bu məbləğ ümumilikdə 20.764,26 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 20.764,26 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 153,50 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 21.317,76 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X6”nın 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 2018-ci il üzrə 1 akt olmaqla cəmi 1.944 manat, 2019-cu il üzrə 12 akt olmaqla cəmi 1.965,60 manat, 2020-ci il üzrə 3 akt olmaqla cəmi 885,60 manat, 2021-ci il üzrə 5 akt olmaqla cəmi 2.923,20 manat, 2022-ci il üzrə 10 akt olmaqla, cəmi 6.523,20 manat, 2023-cü il üzrə 10 akt olmaqla cəmi 5.067.36 manat, ümumilikdə 19.308.96 manat məbləğində Birliyə maddi zərərin vurulduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq Azəriqaz” İstehsalat Birliyinə 1.455,30 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 20.764,26 təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Azəriqaz” İstehsalat Birliyinə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1545/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 1.000 manat, qazdan istifadəyə görə yaranmış 1.455,30 manat borc olmaqla, cəmi 2.455,30 manat və ödənilmiş dövlət rüsumuna görə 44,50 manat məbləğində pul tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. (X7)

5. Məhkəmə iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da iddiaçı qanunvericiliyin tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab etmişdirdir ki, tərtib edilmiş aktlar əsassızdır. Lakin, məhkəmə hesab etmişdir ki, abonentin saldosuna nəzər yetirdikdə görünür ki, sayğacdan kənar təbii qazdan istifadəyə görə akt yazıldığı zamanlarda- müvafiq 2018-ci ilin qış aylarında abonentin sərf məbləği göstərilməmişdir. 2019 və 2020-ci il tarixlərində isə sərf məbləği kifayət qədər aşağı olmuşdur. Məlumdur ki, təbii qazdan pik istifadə zamanı qış ayları hesab edilir. Lakin, həmin aylarda abonentin sərf məbləği 0 kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əvvəlki dövrlərin orta gündəlik qaz sərfi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyana görə cavabdehdən 1.000 manat məbləğində pul tutulmalıdır.

6. Məhkəmə iddianın debitor borc hissəsinə münasibətdə hesab etmişdir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh onun ünvanına quraşdırılmış sayğac vasitəsilə İddiaçı İB tərəfindən verilmiş təbii qazı istehlak etmiş və nəticədə istehlak edilmiş təbii qazın dəyəri üzrə ödənilməli borc məbləği 1.455,30 manat təşkil etmişdir.

7. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı iddiaçı Birlik tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.

8. Məhkəmə, iddia tələbinin ödənilmiş 153,50 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edildiyindən, 44,50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, rüsumun 109 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci, 21ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, 21-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.8-ci, 5.2-ci, 6.5-ci, 6.6-cı, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Belə ki, məhkəmə ziyanın cavabdeh tərəfindən vurulmadığını qeyd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Həmçinin, məhkəmə alqı- satqı müqaviləsini və mülki işə əlavə edilmiş arayışı əsas gətirərək iddianı rədd etmişdir. İddiaçı təşkilat heç bir mülkiyyətin sonrakı mülkiyyətçisini müəyyən etmək qabiliyyətində və səlahiyyətində deyil. Bu da özlüyündə ziyanın bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq etməkdədir. Bununla yanaşı cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, buna dair heç bir sənəd təqdim edə bilməmişdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Belə ki, tərtib olunmuş aktlardan və sayğacın quraşdırlması kartlarından görünür ki, cavabdeh uzun müddət sayğacsız istifadə etməkdədir. Məhkəmə qətnaməsində tələbin təmin edilməməsini qanunvericiliyin əsası kimi yox, sadəcə mülahizələrinə görə əsaslandırmışdır. Məhkəmə təqdim edilmiş sübutları tədqiq etmək üçün evin yerləşmə vəziyyətini, otaqların sayını, qaz avandınlıqlarının istehlak gücünü müəyyən edərək istifadə edilmiş və ya ziyannın həcmini müəyyən edə bilərdi. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 8.1.3-cümaddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlilləri ilə qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacların zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Bundan başqa, vurulmuş zərər məbləği müəyyən edilmiş qaydalara (təbii qazla işləyən cihazlar, onların göstəriciləri, müddət, istifadə rejimi və s. nəzərə alınmaqla) uyğun olaraq hesablanmalıdır.

25. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

27. İddiaçı cavabdehin təbii qazdan sayğacdan kənar qaydada istifadə etdiyini, bu halın onun əməkdaşları tərəfindən aşkar edildiyini və nəticədə 2018-2023-cü illər üzrə ümumilikdə 41 aktın tərtib edildiyini və onların əsasında qəbul edilmiş qərarlar üzrə aparılmış hesablama ilə iddiaçıya ümumilikdə 19.308,96 manat məbləğində maddi zərərin vurulduğunu iddia edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Bu baxımdan iddiaçı istinad etdiyi 41 halın (41 aktın) hər biri üzrə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edildiyini sübut etməli və bununla bağlı ilk növbədə hər bir halın baş verməsinin mövcudluğunu təsdiq edən aktı və onun əsasında qəbul edilmiş qərarı məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı tərəfindən məhkəməyə yalnız xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktlar və onların əsasında qəbul edilmiş qərarlar təqdim edilmişdir. Digər hallarla bağlı hər hansı sübut, o cümlədən akt, qərar, fotoşəkil və sair təqdim edilməmişdir. Bununla da iddiaçı göstərilən 4 akt istisna olmaqla (bu aktlara ayrıca qiymət veriləcəkdir) bütün digər hallar üzrə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsini sübuta yetirə bilməmişdir. Bu da öz növbəsində 4 akt üzrə hesablanmış zərər məbləği istisna olmaqla, bütün digər hallar üzrə əsassız olaraq cavabdehə zərər məbləğinin hesablandığını və onun abonent hesabına daxil edildiyini təsdiq edir və bu məbləğlərin ondan tutulmasını istisna edir.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 13-cü maddəyə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir.

29. Bununla belə, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb cavabdehin (istehlakçının) abonent hesabına daxil edilməsini istisna edir.

30. Lakin iddiaçı tərəfindən bu prosedura da riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktların bir nüsxəsi nə cavabdehə, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, cavabdehin hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün xüsusilə bu əsasla iddiaçının cavabdehdən hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

31. Məhkəmə kollegiyası xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktlar və onların əsasında qəbul edilmiş qərarla bağlı qeyd edir ki, abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızıdırıcı radiatordan (1/1) və kərpiç plitəsindən istifadə edilir. Lakin xx.xx.2018-ci il tarixli aktda təbii qazla işləyən 2 cihaz (PQ-4 və Kombi), digər aktlarda isə 3 cihaz (PQ-4, QSSQ/QSQ və soba/radiator) göstərilmiş, eyni zamanda abonentin (onun nümayəndəsinin) aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Bu hal iddiaçının əməkdaşları tərəfindən cavabdehin istifadə və sahibliyində olan ev üzrə istifadə edilən cihazlar barədə məlumatının olmadığını və bu qənaətdən irəli gələrək, aktlar tərtib edilən zaman cavabdehə bu barədə hər hansı məlumatın verilmədiyini təsdiq edir (təqdim edilmiş hər hansı fotoşəkildə abonent və ya onun nümayəndəsi əks olunmamışdır).

32. xx.xx.2018-ci il tarixli akt və onun əsasında qəbul edilmiş qərar üzrə təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edildiyi göstərilir və zərər məbləği 2 avadanlıq (PQ-4 və kombi) əsas götürülməklə 180 gün üçün, yəni xx.xx.2018 – xx.xx.2018-ci il tarixləri üçün hesablanır. Bu dövrün mart və aprel ayları nisbətən soyuq, may, iyun, iyul və avqust ayları isə konkret olaraq ilin isti aylarıdır və hamılıqla qəbul edilən bir haldır ki, bu aylarda kombi qız rejimində istismar edilmir. Belə olan halda, may-avqust ayları üçün kombinin orta günlük iş rejiminin 18 saat üzrə hesablanması nəinki əsassız, ümumiyyətlə anlaşılmazdır. Digər tərəfdən iş materiallarında olan abonentin saldo məlumatlarına əsasən 2018-ci il tarixdən əvvəl cavabdeh barəsində bu əsasla hər hansı aktın tərtib edildiyi müəyyən edilmir. Abonent saldosunda (i.v.səh. 28) 2018-ci ilin avqust ayından əvvəlki dövr üçün (2018-ci ilin yanvar-iyul ayları) qazın sərfi, habelə sərfin məbləği göstərilməmişdir. Bu barədə məlumatlar 2014-cü ilin dekabr ayından birbaşa 2018-ci ilin avqust ayına keçir. Həmin dövr ərzində cavabdeh mexaniki deyil, elektron sayğacdan (“Smart-kart” tipli) istifadə etmişdirsə, bu dövr üçün qazın sərfi, habelə sərfin məbləği ilə bağlı məlumatların təqdim edilməsi və bu qaydada 2018-ci ilin avqust ayından əvvəlki dövrdə də bu göstəricilərin 0 (sıfra) bərabər olmasının sübut edilməsi vəzifəsini məhz iddiaçı daşıyır. Lakin iddiaçı cavabdehin 2018-ci ilin avqust ayından da əvvəl təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edildiyini sübuta yetirə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yalnız avqust ayı üçün PQ-4 və kombinin yar rejimində istifadə edilməsi (isti suyun təchizatı baxımından) ilə bağlı zərər məbləği hesablana bilər (abonent soldosuna əsasən isə 2019-cu ilin eyni dövrü üçün qanunsuz qoşulma əsası ilə 32,40 manat məbləğində zərər hesablanmışdır). Bu aktın və onun əsasında qəbul edilmiş qərar üzrə 2018-ci ilin fevral-iyul ayları üçün zərər məbləğinin hesablanması əsassızdır, bu dövr üçün hər hansı məbləğ cavabdehdən tutula bilməz.

33. xx.xx.2019-cu il tarixli akt və onun əsasında qəbul edilmiş qərar üzrə təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edildiyi göstərilir və zərər məbləği 3 avadanlıq, yəni PQ-4, və xx.xx.2018-ci il tarixli aktdan fərqli olaraq QSQSQ və radiator əsas götürülməklə 150 gün üçün, yəni xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri üçün hesablanır. İddiaçının eyni göstəricilər üzrə hesablanmanın aparılması nəticəsində 549 manat məbləğində zərərin müəyyən edilməsi belə qənaətə gəlməyə əsas verir ki, hər ay üçün (549/5 = 109,80) 109,80 manat zərər məbləği hesablanmışdır. Bu hesablama qaydası xx.xx.2018-ci il tarixli akt və onun əsasında qəbul edilmiş hesablama qaydasından hər baxımdan, o cümlədən məbləği etibarı ilə fərqlənir. Digər tərəfdən bu dövrün sentyabr və oktyabr ayının ən azı bir hissəsi ərzində radiator nəinki orta günlük iş rejimi 18 saat üzrə, hətta ümumiyyətlə istifadə edilmir. Bu da öz növbəsində həm həmin cihazların real olaraq mövcud olub-olmaması məsələsinin açıq qalması, həm onların orta günlük iş rejimi, həm də yuxarıda göstərilən digər diqqətəlayıq halların mövcudluğu səbəbindən qeyd edilən dövr üçün cavabdehin iddiaçıya bu məbləğdə zərər vurduğunu istisna edir.

34. xx.xx.2019-cu il tarixdə isə iddiaçı tərəfindən ümumiyyətlə iki akt və buna uyğun olaraq iki qərar qəbul edilmişdir. 1 aktda cavabdehin qanunsuz qoşulma yolu ilə təbii qazdan istifadə edildiyi göstərilmiş və bir ay üzrə hesablama aparılmaqla 100,80 manat məbləğində zərərin vurulduğu qeyd edilmişdir. Eyni zamanda, həmin tarixli digər aktda cavabdehin sayğaca müdaxilə etdiyi göstərilmiş və 3 ay üzrə hesablama aparılmaqla 399,60 manat məbləğində zərərin vurulduğu qeyd edilmişdir. Abonent saldosuna əsasən həmin ay üzrə sərfin məbləği ilə bağlı göstərici 0 (sıfra) bərabərdir. Bu o deməkdir ki, həmin ay (fərq etmir qanunsuz qoşulma və ya sayğaca müdaxilə qaydasında) cavabdeh təbii qazdan konkret olaraq sayğacdan kənar istifadə etmişdir. Belə olan halda, eyni ay üzrə iki fərqli qaydada və fərqli avadanlıq (radiator 0,8 m3 /saat və dəmir soba 1,4 m3 /saat) üzrə, habelə fərqli müddət (1 ay və 3 ay) üzrə hesablamanın aparılması nəinki əsassız, ümumiyyətlə anlaşılmazdır. Digər tərəfdən 399,60 manatın 3 ay üzrə hesablandığı nəzərə alındığı təqdirdə, bir ay üzrə (399,60 / 3) 133,20 manat məbləğində zərərin hesablandığı müəyyən edilir ki, bu rəqəm də məbləğ etibarı ilə 100,80 manatdan fərqlənir. Başqa sözlə, iddiaçı eyni ay üzrə iki müxtəlif qaydada zərər hesablamış və hər ikisini cavabdehdən tələb edir. Halbuki, qaydasından (sayğaca müdaxilə, habelə qanunsuz qoşulma) asılı olmayaraq, həmin ay üzrə təbii qazdan konkret olaraq sayğacdan kənar istifadə edilmiş və bu ay üzrə hər bir halda zərərin məbləğinin bir hesablama qaydası var. Məhkəmə kollegiyası da məhz qanunsuz qoşulma əsası ilə tərtib edilmiş aktı qəbul edir.

35. Məhkəmə kollegiyası bu barədə laboratoriya müayinəsininin nəticələrinə dair aktın da olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixli 2-ci aktı (sayğaca müdaxilə) və onun əsasında qəbul edilmiş qərarı ümumiyyətlə qəbul etmir və bu sənədləri etibarsız, onların əsasında hesablanmış zərər məbləğini isə əsassız hesab edir və belə qənaətə gəlir ki, bu sənədlərdə müəyyən edilmiş məbləğ ümumiyyətlə cavabdehdən tutula bilməz. Belə ki, nə sayğacda müəyyən edilmiş qüsurun cavabdehin müdaxiləsi nəticəsində yarandığı, nə də ki, həmin qüsurun qazın sərfinin qeydiyyatına hansı qaydada mənfi təsir etdiyi aydın deyil. Həmçinin, bu tarixdən bir ay əvvəl, yəni xx.xx.2019-cu il tarixdə də akt tərtib edilmişdir. Lakin həmin vaxt sayğaca müdaxilə halı, o cümlədən sayğacda hər hansı problemin olduğu müəyyən edilməmiş və nəticə etibarı ilə aktda göstərilməmişdir. Bu da öz növbəsində bir ay əvvəl sayğacda hər hansı problemin olmadığını təsdiq edir. Digər tərəfdən sayğaca müdaxilə əsası ilə aktın tərtib edilməsi nəticəsində nəinki həmin ay üzrə, hətta bundan əvvəlki aktla əhatə olunan dekabr və yanvar ayları üzrə də təkrar olaraq zərər məbləği hesablanmışdır ki, bu da eyni bir əmələ görə iki dəfə zərər məbləğinin hesablanmasının yolverilməzliyi baxımından əsassız və qanunsuzdur (34-cü bənd).

36. xx.xx.2019-cu il tarixli akt və onun əsasında qəbul edilmiş qərarda da cavabdehin radiatordan istifadə etdiyi göstərilmişdir. Nəticə etibarı ilə müxtəlif aktlar üzrə iddiaçının əmlakdaşları cavabdehin dəmir sobadan və ya radiatordan istifadə etməsi ilə bağlı ümumi razılığa gələ bilməmişdilər. Müəyyən edilmiş digər ziddiyyətli məqamlarla yanaşı bu hal da, ən azı cihazın maksimal saatlıq qaz sərfinin həcmi baxımından zərər məbləğinə təsir edir. Başqa sözlə, məhkəmə kollegiyası zərər məbləği qismində 142,20 manatın hesablanması ilə razılaşmır və 33-34-cü bəndlərdə 1 ay üçün hesablanmış zərəri, məbləğ etibarı ilə daha əsaslı hesab edir. Maraqlısı ondan ibarətdir ki, qanunsuz qoşulma aşkar edilmiş hallardan hər hansı birində bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əməkdaşları qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmamışdır.

37. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən abonentin saldo məlumatlarını nəzərə alıb, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli aktların mötəbərliyini yalnız 2018-ci ilin avqust – 2019-cu ilin mart ayları üçün (8 ay) cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsi hissəsində qəbul edir, lakin həmin aktlar əsasında qəbul edilmiş qərarla üzrə bu müddət üçün hesablanmış zərərin məbləği ilə razılaşmır və belə qənaətə gəlir ki, 33-34-cü bəndlərdə 1 ay üçün hesablanmış zərər, məbləğ etibarı ilə daha əsaslıdır. Bu baxımdan da 8 ay üçün hesablanmış məbləğ birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmuş zərər məbləğindən (100,80 və ya 109/80 x 8 ay) artıq olmur.

38. İddiaçının özünün hesablanması, yəni 2018-ci ilin avqust ayı üzrə 32,40 manat (2019-cu ilin eyni dövrü üçün məhz bu məbləğ qeyd edilmişdir), 2018-ci ilin sentyabr – 2019-cu ilin yanvar ayları üzrə 549 manat, 2019-cu ilin fevral ayı üzrə 100,80 manat və 2019-cu ilin mart ayı üzrə 142,20 manat zərər məbləği əsas götürüldüyü halda belə (32,40 + 549 + 100,80 + 142,20 = 824,40) ümumi məbləğ 1.000 manatı aşmış olmur. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehdən daha artıq məbləğdə zərərin tutulması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və onların təmin edilməməsi qənaətinə gəlir.

39. Məhkəmə kollegiyası iddia tələbinin “hüquqi xidmətə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Ödənilmiş dövlət rüsumunun əvəzi də iddianın təmin edilmiş hissəsinə uyğun məbləğdə tutulmuşdur.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 392-ci, 393-cü, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1545/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar