Məhkəmə qərarları › İş №2(103)-5155/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5155/2020

18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5155/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı «pul və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-743/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı «pul və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1975 manat məbləğində dəymiş real zərərin əvəzinin, 5000 manat mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7005 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Bakı- Praqa-Budapeşt-Vyana şəhərlərinə səyahətə getmək məqsədilə «Sultan Travel» şirkətinə müraciət etmişdir. Orada özünü şirkətin direktoru kimi təqdim edən Cavabdeh1 onu qarşılamış və bildirmişdir ki, aviabilet, viza və s. xərclər daxil 1545 manat ödəniş etməli, şərtləşdirilmiş vaxtda isə o, bu xidmətdən yararlanacaqdır. O, «Sultan Travel» barədə məlumatı Cavabdeh2-nin ona göndərdiyi reklamdan almışdır. Həmin reklamda ödənişin bankın «Bolkart» məhsulu ilə hissə-hissə ödəmək imkanının olması, tur barədə ətraflı məlumat vardır. Odur ki, bu cür böyük Bank tərəfindən bu turizm şirkətinin və bu xidmətin tövsiyyə olunması iddiaçıda güvən yaratdığına görə elə həmin tarixdə ödəniş etmişdir. Cavabdeh1 ondan ödənişin 500 manat hissəsini nağd qaydada istəmiş, qalan məbləği isə 950 manat və 95 manat «Bolkart» vasitəsilə ödəmişdir. İyun ayına planalaşdırılmış səyahətin vaxtı çatanda Cavabdeh1 hər dəfə bir bəhanə gətirərək öz öhdəliyini yerinə yetirməmişdir. Ödəniş məbləğini geri istəyəndə pulunun olmadığını bildirərək qaytarmamışdır. O, məcbur olub, başqa bir turizm şirkəti ilə müqavilə bağlayıb, səyahətə tur alaraq həmin şəhərə getmişdir. Turun vaxtı çox qısa zamanda olduğundan, 250 manat bahasına alaraq əlavə xərc çəkmişdir. Həmçinini «Bolkart»la ödənişinə görə 1 il müddətinə 180 manat əlavə faiz bank tərəfindən tutulmuşdur. Həmçinin belə bir aldadılma ilə rastlaşıb, planlaşdırdığı işlər qaydasında getmədiyinə görə çox güclü stress, əsəb və iztirablar keçirərək mənəvi zərər görmüşdür. Bütün bunlardan sonra Nərimanov RPİ-yə gedərək Cavabdeh1 barəsində tədbir görülməsi üçün ərizə yazmışdır. O, polis idarəsinə dəvət olunmuş, izahatı alınmışdır. İzahatında pulun alınmasını, işini yarıtmamasını, pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Lakin xx.xx.2019-cu il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 743/2020 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmiş, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan «X5» MMC-nin direktoru Cavabdeh1 Nərimanov RPİ-də xx.xx.2019-cu il tarixli izahatında qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı səyahət məqsəilə Bakı, Praqa, Budapeşt və Vyana şəhərlərinə getmək üçün onun şirkətinə müraciət etmişdir. 1500 manata razılaşmış və əvvəlcə 500 manat ona nəğd pul verilmiş,daha sonra Cavabdeh2-yə məxsus Bolkartı Ruslan ona vermişdir ki, qalan məbləği oradan çıxarsın. xx.xx.2019-cu il tarixdə həmin kartdan 950 və 95 manat olmaqla, cəmi 1045 manat pul çıxarmışdır. xx.xx.2019-cu il tarixdə o, Macarıstan Respublikasının Azərbaycanda yerləşən səfirliyinə Ruslan ilə birlikdə getmiş, o özü səfirliyiə daxil olmuşdur. Ona bildirilmişdir ki, sənədlər düzgün toplanmamışdır. Bundan sonra Ruslan ondan pulunu geri istəmiş, lakin o, pulun bir hissəsini bilet qaytarmağa, qalan hissəsini isə şəxsi ehtiyacları üçün istifadə etmişdir.Ruslan ilə aralarında anlaşılmazlıq olmuş və Ruslan ondan polisə şikayət etmişdir. Tez bir zamanda pulunu qaytaracağını bildirmişdir. İşdə olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixədək 5000 manat bərpa olunan kredit xətti açılmış, ilkin olaraq istifadə olunacaq məbləğ 1500 manat təşkil etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 4210 saylı əməkdaşlıq müqaviləsinin surətindən görünür ki, «X5» MMC (Partnyor) ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Bank Partnyorun ticarət obyektlərində Pos-terminal(lar) quraşdırır, Partnyorun müştəriləri tərəfindən malların alqı-satqısı, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin qəbul edilməsi üzrə Partnyora xidmətlər göstərir, Partnyor isə bunun müqabilində müqavilə üzrə əməliyyatların aparılması ilə əlaqədar bank xidmətlərinin haqqını ödəyir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, «X6» MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü «Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət, digər fəaliyyət növləri isə «Mərkəzi ofislərin fəaliyyəti», «Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi kimi qeyd edilmişdir. Uçot baza məlumatlarına əsasən «X6» MMC-nin hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən «X5» MMC ilə Cavabdeh2 arasında arasında turist xidmətlərinin göstərilməsi barədə şifahi müqavilə bağlanmışdır. İddiaçı nəğd şəkildə 500 manat pulu MMC-nin direktoru Cavabdeh1 vermiş, Cavabdeh2 olan hesabından isə 1045 manat pulu «X5» MMC-nin hesabına köçürmə etmişdir. Cavabdeh1 «X6» MMC-nin qanuni təmsilçisidir. Bank ilə «X6» MMC arasında xx.xx.2018-ci ildə əməkdaşlıq müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh Bank arasında xx.xx.2013-cü ildə Plastik kartı üzrə kredit xətti müqaviləsi bağlanmışdır, tərəflər müqavilənin müddətinin sonradan uzadıldığını qəbul edirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı 5 ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəlcədən Cavabdeh1 tanımamış, o şirkətə (hüquqi şəxs «X5» MMC) müraciət etdikdən sonra həmin şirkəti təmsil edən şəxs kimi onunla 1545 manat müqabilində xidmət göstərilməsi barədə razılaşmışdır. Odur ki, iddiaçı ilə «X5» MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385.1, 386.1-cı maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinin tələblərinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmin Məcəllənin 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 443.1 və 443.2-ci madələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığından, hazırki iş üzrə iddiaçı ona qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da, onun cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının faktiki olaraq iddia tələbinin qanuni əsası müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən irəli gələn zərər tələbidir. Müqavilə isə iddiaçı ilə Cavabdeh1 arasında deyil, onunla «X5» MMC arasında bağlanmışdır. İddianın mahiyyətindən, iddia ərizəsindən də görünür ki, Cavabdeh1 sadəcə olaraq təmsil etdiyi hüquqi şəxsin adından çıxış edərək iddiaçı ilə şifahi müqavilə bağlamışdır. Cavabdeh1 iddiaçı ilə müstəqil olaraq (öz adından) müqavilə bağlaması, zərər vurması (mülki hüquq pozuntusu törətməsi), əsassız varlanması işin halları ilə sübut olunmur. İddiaçının təqdim etdiyi «X5» MMC-nin xx xxxxx 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçının şəxsən Cavabdeh1 təqdim etdiyi 500 manat pul vəsaiti də hüquqi şəxsin xəzinəsinə mədaxil olunmuşdur (göründüyü kimi, iddiaçının ödədiyi bütün pul vəsaitləri «X5» MMC-nin hesabına daxil olmuşdur). İddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçıya iddiaya cavab verməli olan şəxsin əvəz olunmasını təklif etsə də, iddiaçı buna razılığını ifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırki mübahisə ilə bağlı Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı tələb etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia yuxarıda göstərilən əsaslarla Cavabdeh1 münasibətdə rədd edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia digər Cavabdeh2-yə münasibətdə də əsassız olmuşdur. Belə ki, «X5» MMC ilə Cavabdeh2 arasında xx xxxxx 2018-ci il tarixli Əməkdaşlıq Müqaviləsi olmuşdur. İddiaçı Cavabdeh2-yə qarşı iddiasını onunla əsaslandırır ki, Cavabdeh2-nin ona göndərdiyi reklamdan «Sultan Travel» şirkəti haqqında məlumatı olmuş, bu xidmətin tövsiyyə olunması şirkətin etibarlılığı barədə onda güvən yaratmışdır. Bu səbəbdən cavabdehlərin birgə məsuliyyət daşıdığını iddia edir. Mülki Məcəllənin 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Həmin Məcəllənin 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. İşin hallarından da görünür ki, Cavabdeh2 ofertaya dəvət edərkən öz xidmətinin üstünlüklərini təklif etmişdir. Yəni Cavabdeh2 «X5» MMC ilə POS-terminallar üzrə ödəniş xidmətlərinin təşkil edilməsi üzrə bağladığı əməkdaşlıq müqaviləsinə əsasən öz məhsulunu, yəni «Bolkart» adlı kredit xətti müqaviləsini reklam etmişdir. Bundan başqa Cavabdeh2 nə kredit xətti müqaviləsində, nə də ki əməkdaşlıq müqaviləsində partnyorun xidmətinə görə məsuliyyəti nəzərdə tutulmamışdır, o, sadəcə olaraq ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin qəbul edilməsi üzrə xidmətlər göstərmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2-nin iddiaçı qarşısında əməkdaşlıq etdiyi partyorunun göstərdiyi xidmətin keyfiyyətinə dair hər hansı öhdəliyi olmadığından ona qarşı yönələn tələb əsassızdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə iddianın maddi ziyanla bağlı hissəsində əsassız olması nəticəsinə gəldiyindən, mənəvi ziyan hissəsində də iddianı rədd etməkdə haqlı olmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün isə heç bir mötəbər sübut təqdim etməmişdir. «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki qənaəti, iddiaçının əsl cavabdehə qarşı müstəqil qaydada müvafiq tələb irəli sürmək hüququnu istisna etmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı «pul və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-743/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-743/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar