Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5158/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: paylı mülkiyyət, payın naturada ayrılmasının mümkünlüyü) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3, onların və digər İddiaçı1 nümayəndələri (vəkilləri) Nümayəndə iştirakı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 X3 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar (nümayəndələri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh, X1 və X6 paylı mülkiyyətində olmuşdur.
2. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, onun qanun üzrə vərəsəsi X4r.
3. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin yerləşdiyi (həyətyanı) 0,03489 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
4. “X5”nin xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən, ümumi birgə istifadədə olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 01 iyun 2013-cü il tarixli Texniki pasport üzrə 0.38422 ha həyətyanı sahəsinin, istifadəçilərin hər birinə bərabər olaraq 0.05 ha (500 kv.m) torpaq sahəsi ayrılmaqla naturada bölünməsi texniki cəhətdən mümkündür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi ümumi istifadələrində olan 0,38422 ha həyətyanı torpaq sahəsinin iddia ərizəsinə əlavə edilmiş mütəxəssis rəyi nəzərə alınmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. DƏDRX tərəfindən tərtib edilən xx.xx.2013-cü il tarixli texniki pasport üzrə həmin ünvanda yerləşən 0,38422 ha həyətyani torpaq sahəsi ümumi birgə istifadələrindədir. Hazırda onların, yəni paylı mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinin naturada ayrılması barədə öz aralarında mübahisə yoxdur, lakin paylı mülkiyyətçilərdən biri olan cavabdehlə onlar arasında ümumi istifadədə olan torpaq sahəsinin naturada ayrılması ilə bağlı uzun müddətdir mübahisə vardır. Bu səbəblən, istifadələrində olan torpaq sahəsinin naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışlar. İstifadələrində olan torpaq sahəsinin naturada ayrılmasına dair tərəflərindən, 27 iyul 202l-ci il tarixli mütəxəssis rəyi alınmış və bu rəy onları qane etmişdir. Hazırda öz mülkiyyətlərindən istifadə edə bilmirlər, mülkiyyət hüquqları pozulmuşdur.
7. Məhkəmədə müvafiq icraat başladıqdan sonra cavabdehin vəfat etdiyi müəyyən olunduğundan o, prosessual hüquq varisi qismində X7 ilə əvəz edilmişdir.
8. İştirak etdiyi məhkəmə iclasında X2 nümayəndəsi (vəkili) Vəkil2 torpaq sahəsinin dövlətin mülkiyyətində olduğu üçün naturada bölgüsünün mümkün olmadığını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli rəyində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən evə dair hər bir paylı mülkiyyətçinin paylarına uyğun naturada istifadələrinə ayrılması texniki baxımdan mümkündür.
10. Birinci instansiya məhkəməsinin 08 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddiaçılardan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 1 ümumi birgə istifadədə olmaqla tərəflərin mülkiyyətindədir, lakin həmin ünvanda yerləşən 0,38422 ha həyətyanı torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçıların və cavabdehin fərdi ev üzrə payları naturada bölünməyib. ünvan 1 ünvanda yerləşən 0,38422 ha həyətyanı torpaq sahəsi dövlətin mülkiyyətində olduğundan, payların naturada ayrılması mümkün deyil və mövcud iddia tələbi təmin edilə bilməz.
12. Qənaətinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 213-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına istinad etmişdir.
13. Qətnamədən iddiaçılar (nümayəndələri) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Eyni məzmunda olan apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mülkiyyətçilər arasında evin naturada bölünməsi ilə bağlı mübahisə olmadığı və bununla əlaqədar məhkəmə qətnaməsinə ehtiyac yaranmadığı halda, evin naturada bölünmədiyinə əsaslanmış, eyni zamanda torpağın dövlət mülkiyyətində olmasına istinad etməklə qanunsuz qərar çıxarmışdır. Apellyatorlar xüsusilə vurğulamışlar ki, torpaq sahəsi ümumi istifadəyə verildiyindən, onun dövlət mülkiyyətində olması naturada bölünməsinə maneə törətmir.
Apellyasiya şikayətinə etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
16. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı3, onların və digər İddiaçı1 nümayəndələri (vəkilləri) Nümayəndə apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir (cavabdehin nümayəndəsi ərizə göndərərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir).
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
20. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
21. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
22. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
23. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
24. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
25. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
37. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.
38. Qanunun mənasından (§ 22, 23, 24) göründüyü kimi, əşyanın naturada ayrılmasının ilkin şərti, həmin əşyanın paylı mülkiyyətdə olmasıdır.
39. İşin hallarından görünür ki, iddiaçıların naturada bölünməsini tələb etdikləri Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsində yerləşən 0,03489 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
40. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Bununla belə kollegiya iddiaçılara izah edir ki, onların ümumi istifadələrinə verilmiş torpağın dövlət mülkiyyətində olması, ondan istifadə qaydalarının müəyyənləşdirilməsi barədə iddia tələbi irəli sürülməsinə maneə yaratmır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-64/2023 saylı iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıların özlərinə aid olunsun. Qətnamədən İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov