Məhkəmə qərarları › İş №2(103)-5166/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5166/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5166/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X14 və X4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X1, Cavabdeh X7 nümayəndəsi X11 iştirakı ilə, Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair X1 cavabdeh X9 qarşı ilk, iddiaçı X7 cavabdeh X8 qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-354/2020 saylı qətnaməsindən Aneliya Qurbanova və Ülviyyə Quluyeva tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh X9 qarşı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşusu X13 xx xxxx 2019-cu il tarixdə uşaqlarının gözü qarşısında onu döyərək ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Ü.Quluyeva həmin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Ülviyyə Quluyevanın hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. X13 isə X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 peyk antenasının yararsız hala düşməsinə görə 99 manat, yararsız hala düşən paltarlara görə 250 manat, vəkilə ödədiyi 110 manat, cəmi 459 manat pulun, habelə mənəvi zərərin əvəzi kimi 100000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, üst mərtəbədə yaşayan Aneliya Qurbanova birgəyaşayış qaydalarına əməl etməyərək tez-tez qonşular arasında narazılıq yaratmış, məişət tullantılarını və çirkli suyu aşağı ataraq peyk antenasının və eyvandan asılmış paltarların yararsız hala düşməsinə səbəb olmuşdur. İddiaçı onun barəsində hüquq mühafizə orqanlarına əsassız şikayətlər etməklə qonşular arasında onu nüfuzdan salmışdır. Buna görə də o, vəkillə müqavilə bağlayıb öz hüquqlarını qorumağa məcbur olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 354/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdeh X6 mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin alınıb X2na verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Aneliya Qurbanova qətnamənin ləğv edilib ilk iddianın tam təmin edilməsini, Ülviyyə Quluyeva isə qətnamənin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilib ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. X13 isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı hər hansı maddi və mənəvi zərər dəyməsi sübut olunmadığı halda, birinci instansiya məhkəməsi əsassız olaraq ilk iddianı qismən təmin etmiş, qarşılıqlı iddia kifayət qədər sübuta yetirildiyi halda, məhkəmə qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında X12, habelə X7 nümayəndəsi X16 verdikləri apellyasiya şikayətlərini müdafiə etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, X5 apellyasiya şikayəti təmin edilməməli, X7 apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-354/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan, habelə inzibati tənbeh verilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, X13 xx xxxx 2019-cu il tarixdə qonşusu X12 ilə aralarında məişət münasibətləri zəminində baş vermiş münaqişə zamanı Aneliya Qurbanovanı döyərək ona sol yanaqda iki ədəd, sol qaşaltı və sol ağız bucağında bir ədəd, döş qəfəsinin ön səthində bir ədəd xətti formalı sıyrıqlarla müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Yetirilmiş xəsarətin dərəcəsi cinayət tərkibi yaratmadığından, Ülviyyə Quluyevanın barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan, o həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya cavabdeh tərəfindən maddi zərər vurulması mülki iş materialları ilə təsdiq olunmamışdır. İş materiallarında olan reseptlər və tibbi sənədlər isə Aneliya Qurbanovanın əziyyət çəkdiyi digər xəstəliklərlə bağlı hadisədən əvvəlki dövrdə və hadisədən bir neçə ay sonra keçdikdən sonra aldığı müalicə və müayinələrlə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X10 Quluyeva tərəfindən döyülüb sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və beləliklə də mənəvi zərərə məruz qalması barədə düzgün nəticəyə gəlsə də, təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş mənəvi zərərin məbləği yüksək olduğuna görə ağlabatan həddə azaldılmalıdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, X17 Qurbanovanın hüquqazidd hərəkətləri nəticəsində maddi və mənəvi ziyana məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Aneliya Qurbanovanın apellyasiya şikayəti əsassız, Ülviyyə Quluyevanın apellyasiya şikayəti isə qismən əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin miqdarını adekvat və ədalətli hesab etməyən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə mənəvi zərərin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, X8 dəymiş mənəvi zərərin əvəzi olaraq 500 manat pul X6 alınaraq ona ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X7 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 354/2020 saylı qətnaməsi dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul X6 alınaraq X8 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. X5 apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar