Məhkəmə qərarları › İş №2(103)-5166/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5166/2021

07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5166/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(005)-53/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən düşdüyü maddi zərərə görə 15.000 manat, mənəvi zərərə görə isə 7.500 manat, cəmi 22.500 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdehin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin sentyabr ayında sağ çiynində aldığı xəsarətə görə həmin vaxt adı “xxxx’’ MMC olan tibb müəssisəsinə müraciət etmiş, orada travmatoloq-xxxx həkim X2 onu müayinə edərək, 27.09.2016-cı il tarixdə əməliyyat etmişdir. Bundan əlavə, eyni ağrılara görə həmin klinikada onu 4 dəfə yenə əməliyyat etmişdir. Lakin sonrakı dövrlərdə çiynindəki ağrılar qalmış, əməliyyat onda ciddi fəsadlar yaratmışdır. Hazırda da sağ çiynində fiziki ağrılar davam edir. Digər tibb müəssisələrində etdirdiyi müayinələrdə ona bildirilmişdir ki, cərrahiyyə əməliyyat olunmağı üçün heç bir tibbi zərurət olmamışdır. Hazırda isə, sağ çiynindəki ağrılar üçün o, təkrar əməliyyat olunmalı və zəruri müalicəni aparmalıdır. Bu isə cavabdehin səhlənkarlığının və düzgün müalicə aparmamasının nəticəsidir. Bunu özü də etiraf etmişdir. Bu günədək bütün tibbi preosedurlara cəmi 2.000 manat pul xərcləmişdir. Lakin bundan sonra xaricdəki əməliyyatı üçün 13.000 manat pul tələb olunur. Düzgün olmayan müayinə və müalicənin nəticəsində ona vurulmuş mənəvi ziyan 7.500 manatdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(005)- 53/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, dəfələrlə Sənan Aşirovu iş yerində axtarmış, lakin tapa bilməmiş, yeganə hallarda onu tapıb səhhətidəki fəsadlara görə şikayətini bildirəndə o hər bir seansının qiyməti 75 manat olan fizioterapiyadan keçməyi məsləhət bilmiş, o, bir təqaüdçü kimi bu məbləği ödəməyə malik deyildir, Sənan Aşirov isə bundan sui-istidadə etməklə, müalicəsini təmin etmirdi, hansı ki onun fizioterapiya yox, normal cərrahiyyə əməliyyatına ehtiyacı var idi. Qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” MMC X3 diaqnostika nəticə hesabatından görünür ki, sag ciyin qursaginin iki pr-l rqrammasinda sag korpucuk sümüyünün və bazunun proksimal hissəsində forma və strukturunda dəyişikliklər qeyd edilmir. Lakin akromial cixintida köhnə siniq xətti qeyd edilir və akromial korpucuk oynagi kəskin daralmisdir. Bazu oynagnin səthləri hamar, oynaq yarigi qeyri-bərabər daralmisdir, oynaq basi oynaq çuxuruna tam yerləşmişdir, tamamlayici səthdə nəzərə çarpan subxondral osteosklerozlasma gorunur, bazu basirula yumsaq toxumalarda kistavari dəyişikliklər muahidə edilir. Rji nəticə sag bazu oynaginin İİ dərəcəli artrozu, sag akromial cixintinin köhnə sinigi MRT məsləhətdir. İş materiallarında olan 01.03.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən «xxxx» klinikasının travmatoloq-xxxx həkimi X1 və digər həkimlərin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayətinin başlanması rədd edilmişdir. İş materiallarında olan Funda Hospitalın 21.08.2019-cu il tarixli məlumatından görünür ki, vətəndaş İddiaçı 01.04.2019-cu il tarixində travmatoloq-xxxx Sənan Aşirovun qəbulunda olmuşdur. Həmin tarixdən etibarən mütəmadi olaraq Dr.Sənan Aşirovun müayinəsində olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda tibbi müəyinələrə görə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 27.09.2016-cı il tarixli əməliyyatönü epikrizindən görünür ki, Xəstə daxil olarkən sağ çiyin nahiyyəsində olan hərəkət məhdudluğu və ağrılardan şikayət edir. Xəstəyə “Sağ körpücük akromion oynağının tam çıxığı “ diaqnozu qoyuldu və "Körpücük akromion oynağının Veber üsulu ilə artrodezi “əməliyyatı planlaşdırılır, əməliyyata əks göstəriş yoxdur. Əməliyyata razıdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin Cərrahiyyə Əməliyyatının protokolundan görünür ki, əməliyyat ümumi anesteziya tətbiqi ilə icra olundu. Sağ körpücük akromiom oynağı səviyyəsində kəsik aparıldı. Sümük toxumasına qədər yara genişləndirildi. Oynaq səthləri təmizləndi, Veber üsulu ilə artrodez edildi. Yara yuyuldu. Yaraya tikiş qoyuldu. Yaraya antiseptik sarğı qoyuldu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 506/KEŞ nömrəli, 10.01.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert Komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı adına “xxxx” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Sağ körpücük akromion oynağın tam çıxığı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq operativ müdaxilə həkim seçimindən asılı olmuş və xəstə üzərində “Körpücük akromion oynağının Veber üsulu ilə artrodezi” cərrahiyyə əməliyyatının icra edilməsi tibbi göstəriş əsasında yerinə yetirilmişdir. İddiaçı məhkəmə-tibbi və yüksək ixtisaslı mütəxəssis müayinələrinə əsasən, onda hal-hazırda sağ kürək sümüyünün akromion Çıxıntısının bitişmiş sınığı, almış olduğu travmanın fəsadı ilə əlaqədar kürək-körpücük birləşməsinin deformasiyaedici osteoartrozu, akromionda posttravmatik deformasiya, itilənmə və ağrı sindromunun olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar onun müalicəyə ehtiyacı vardır. Tibbi sənədlərdə İddiaçı əməliyyata məlumatlandırılmış razılığı qeyd edilmişdir. İddiaçı “xxxx” Klinikasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 412/KEŞ nömrəli, 22.10.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1941ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tbbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı “xxxx”da aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ körpücük akromion çıxıntısının tam çıxığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Körpücük akromion çıxıntısının Veber üsulu ilə artrodezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı almış olduğu travmanın xarakterinə uyğuna olaraq ona müalicə həkimi tərəfindən operativ müdaxilə aparılmasına tibbi göstəriş olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal-hazırda “Sağ bazu oynağının başlanğıc artrozu, impingement sindromu”nun olduğu müəyyən edilmişdir. Bu əlamətlər yaşla bağlı olan dəyişkliklər olmaqla aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı deyil. Halhazırda İddiaçı fizioterapevtik müalicələrin və oynaqdaxili inyeksiyaların aparılmasına ehtiyacı vardır. Tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı cərrahiyyə əməliyyatının aparılması üçün razılığı alınmışdır. İddiaçı “xxxx” Klinikasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. İddiaçı hazırda cavabdehin səhlənkarlığı və düzgün müalicə aparmamasının nəticəsində ona ziyan vurulduğunu iddia edərək, maddi və mənəvi ziyan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən belə nəticəyə gəlmişdir ki, maddi zərərin tutulması tələbi təmin edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Göründüyü kimi, İddiaçı “xxxx” MMC-də müalicəsi zamanı xəstəxana (xəstəxanada işləyən tibb personalı) tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsi təsdiq edilməmişdir, əksinə iş materiallarında olan ekspertiza rəyi ilə “xxxx” MMC-də İddiaçı icra edilmiş müayinə məqsədi daşıyan cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün seçim olmasını müəyyən edilmişdir. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində iddiaçı hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Cavabdehin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-53/2021 saylı iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar