Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5166/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzil, ( yeni qaydalarla AZ 1129 Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 264 M5, m1), ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, Toyota Prius markalı **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının 2 blokun qeyri yaşayış (zirzəmi) sahəsi və ünvan 4 ünvanında yerləşən 123 ( yeni qaydalarla AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 268 M4 m4) nömrəli mənzil üzrə payların naturada ayrılmasına, bu mümkün olmadıqda onun payının dəyərinin cavabdeh tərəfindən ödənilməsi şərtilə hüququna xitam verilməsinə ( və ya əksinə), bu da mümkün olmadıqda həmin mənzilin hərrac vasitəsi ilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Tural Məmmədov) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün baxılması üçün iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.
7. Belə ki, iddia ərizəsini icraata qəbul etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.1.2-ci maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir.
8. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı tələbin əsasında ailə münasibətləri durur və mübahisə üzrə mediasiya proseduruna əməl edilməlidir. Mediasiya proseduruna əməl edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır.
9. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddia ərizəsindən də məlum olduğu kimi tərəflər arasında nikah münasibətlərinə xitam verilmişdir. Hazırkı mübahisə isə tərəflər arasında nikah münasibətlərinə xitam verildikdən sonra onların qətnamə ilə ½ olmaqla payları müəyyən edilmiş əmlaka dair paylı ümumi mülkiyyətçilər arasında yaranan münasibətlərdən irəli gəlir.
10. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
11. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
12. Beləliklə, hazırkı mübasisə paylı ümumi mülkiyyətçilər arasında olan münasibətlərdən irəli gələn mübahisə olsa da, rayon məhkəməsinin mübahisənin ailə münasibətlərindən irəli gəlməsi və buna görə də mediasiya tətbiq edilməli olması barədə mövqeyi əsaslı olmadığından şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
14. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
15. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
16. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov