Məhkəmə qərarları › İş №2(103)-5167/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5167/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5167/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X8 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: pulun tutulması, bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, tutmanın əmlaka yönəldilməsi) X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X14 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X8 və Cavabdeh4 qarşı “pulun tutulması, bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, tutmanın əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-635/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Quba rayonu, Afurca kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 340.7 kv.m, tikintialtı sahəsi 436.9 kv.m olan əmlak kompleksi kimi müəssisə Quba rayon Afurca Bələdiyyəsinin 09 nömrəli, xx.xx.2005-ci il tarixli protokoldan çıxarışına, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 075317 nömrəli, xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, 162 nömrəli, xx.xx.2005-ci il tarixli “Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt”a, Quba Rayon icra Hakimiyyətinin 47 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına, xx.xx.2013-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktı”na və eskiz layihəyə əsasən xx.xx.2014-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır (1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu (i.v. səh.83)). Aralarında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin əmlak onun tərəfindən qızı X8 bağışlanmış və xx.xx.2014-cü il tarixdə onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan bu əmlak X15 tərəfindən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmış və sonuncunun əmlaka dair mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu əmlak hazırda da onun mülkiyyətindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 788/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona cəza təyin edilməmiş, X16 öldüyündən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş, mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş şəxs və mülki İddiaçı təqsirləndirilən şəxsin hüquqi varislərinə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Yuxarıda göstərilən əmlakla yanaşı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 21 saylı evin, 24 saylı mənzili xx.xx.2003-cü il tarixdə X6 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 40 saylı notariat kontorunun 4-ə-4-524 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X18 adına qeydiyyata alınmışdır. X1 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə, daha sonra isə Cavabdeh3, X10 və Cavabdeh4 da cavabdeh qismində cəlb etməklə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X7 ona ödəməli pulun miqdarının 250.000 ABŞ dolları Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalent olaraq 425.000 manat, qeyd olunan məbləğin ona vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 19.375 (illik 7,75 faizlə) ABŞ dolları hesablanmaqla, 12 il üçün 232.500 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalenti olaraq 395.250 manat miqdarında faiz məbləği, vurulmuş mənəvi zərərə görə 200.000 manat, cəmi 1.020.250 manat məbləğində müəyyən olunması və həmin məbləğin Quba rayonu, Afurca kəndində yerləşən Cavabdeh4 məxsus olan əmlak kompleksinə yönəldilməsi, xx.xx.2014-cü il tarixdə X1 adına qeydə alınmış, Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksinin X4 bağışlanmasına dair 4Ə/02-698 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli müqavilənin və X15 ilə Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə Quba rayon notariat kontorunda bağlanmış 4Ə-35 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 788/2019 nömrəli hökmünə və Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli məktubuna istinad edərək onunla əsaslandırmışdır ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, mülki iddiaçı və zərərçəkmiş şəxs kimi çıxış etmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, lakin öldüyündən cəza təyin edilməməsi, onun mülki iddiasının baxılmamış saxlanılması, ona təqsirləndirilən şəxsin hüquqi varislərinə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun izah olunması hök edilmişdir. O, da hazırda onun vərəsələrinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edir. Bununla yanaşı, mərhumun qızı X15 ilə xx.xx.2014-cü il tarixdə bağışlama, sonuncu ilə Cavabdeh4 arasında isə xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi məqsədli şəkildə, qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, görünüş üçün bağlanmış əqdlər olduğundan etibarsız hesab olunmalıdır.

4. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz (2 dəfə) təqdim edərək qeyd etmişdir ki, iddiaçı onun mərhum atasının ittiham olunmasına dair cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü ilə müəyyən edilmiş maddi zərəri və həmin iş üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq onun hüquqi varisi qismində cəlb edilməsini əsas götürüb ona qarşı iddia qaldırmışdır. Lakin onun hüquqi varis kimi cəlb olunması hələ o demək deyil ki, o, ölmüş şəxsin öhdəliyinə görə mütləq qaydada məsuliyyət daşımalıdır. Bunun üçün onun atasının ölümündən sonra vərəsəlik işinin açılıb-açılmadığı aydınalşdırılmalı və məhz bundan sonra cavabdeh ölmalı şəxslərin dairəsi, o cümlədən onun vərəsə olubolmaması, hər hansı miras əmlakı qəbul edib-etməməsi müəyyənləşdirilərək, tələb irəli sürülməlidir. Lakin belə bir araşdırma aparılmamış və onun vərəsə kimi iddiaya cavab verməli olduğunu təsdiq edən sübuta istinad edilməmişdir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsə olaraq o halda iddiaçının tələbinə cavab verməli olar ki, o, mərhum atasının ölümündən sonra ondan miras qalmış hər hansı bir payı qəbul etmiş olsun. Lakin onun atasından heç bir miras pay qalmamış və o, heç bir pay qəbul etməmişdir. Onun digər övladlarının (cavabdehlərin) mərhum atalarının öhdəliyinə görə məsuliyyət daşımaları üçün də heç bir əsas yoxdur. Belə ki, onlara da heç bir miras əmlak çatmamışdır. İddia ərizəsində göstərilən əmlak əvvəllər Müstəcəb Səfərova məxsus olmuş olsa da, hələ 2014-cü ildə (ölümündən xeyli əvvəl) qanuni əsaslarla atasının mülkiyyətindən çıxmışdır və atasının öldüyü məqamda mülkiyyətində heç bir əmlak olmamışdır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu baxımdan, mərhum Müstəcəb Səfərovun miras aktivi olmadığından və övladlarına əmlak (əmlak hüquqları) çatmadığından, onlar MM-nin 1306cı maddəsinin tələbinə əsasən atasının miras passivinə görə də hər hansı bir məsuliyyət daşımırlar. Bununla belə, alqı-satqı və bağışlama müqavilələri əqdin etibarlılıq şərtlərinə tam cavab verməklə, müqavilələri bağlamış tərəflərin iradəsini əks elətdirmiş və konkret hüquqi nəticə doğurmuşdur. Belə ki, sözügedən əmlak hazırda alıcının sahibliyi, istifadəsi və sərəncamındadır, Müstəcəb Səfərovun övladlarına heç bir aidiyyəti yoxdur. Belə olan vəziyyətdə, həmin müqavilələrin görünüş xatirinə bağlanmasından söhbət gedə bilməz. Odur ki, göstərilənlərə əsasən, iddia tələbi təmin oluna bilməz.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-635/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X19).

6. Məhkəmə iddianın zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərə mərhum ataları X5 hər hansı əmlak qanun üzrə və ya vəsiyyət üzrə miras qalmamış, onlar mərhuma məxsus əmlakı qəbul etməmişdir. Bundan başqa mərhumun mülkiyyət və ya digər əmlak hüquqlarının mövcudluğunu təsdiq edən, habelə cavabdehlərin vərəsə kimi tanınmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bu səbəbdən, cavabdehlər ataları mərhum X11 məxsus hər hansı əmlak hüquqlarını (miras aktivini) əldə etmədiklərindən, qanunun tələbinə əsasən miras qoyanın kreditorlarının qarşısında hər hansı öhdəlik də daşıya bilməzlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi “cavabdehlərin borcunun miqdarının təsbit edilməsi və həmin borcun ödənilməsinin əmlak kompleksinə yönəldilməsi” hissəsində əsassız olduğundan, iddia bu hissədə təmin oluna bilməz.

7. Məhkəmə, iddianın bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığına münasibətdə qeyd etmişdir ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2014-cü il tarixdə mərhum X16 ilə X15 arasında notarial qaydada təsdiqlənərək bağlanmış, mərhum X16 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsi onun tərəflərinin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Həmçinin, İddiaçı cavabdehlər X15 ilə Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, görünüş üçün bağlandığı halını sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının əqdlərin etibarsızlığı ilə bağlı dəlilləri sübuta yetmədiyindən, mövcud vəziyyətdə iddiaçının belə bir iddia tələbini irəli sürməsinə subyektiv hüququ olmamışdır.

8. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab etmişdir ki, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 339-cu, 340-cı, 661-ci, 668-ci, 670-ci, 1133-cü, 1134-cü, 1151-ci, 1243-cü, 1255-ci, 1306-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddianın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mərhum Müstəcəb Səfərov barəsində məhz mübahisəli hesab edilən əmlak olan Quba rayonu Afurca kəndində yerləşən əmlak kompleksinə görə dələduzluq yolu ilə ondan külli miqdarda pul almasına baxmayaraq, istintaqın gedişi dövründə məqsədli şəkildə, yəni əmlak kompleksini ona verməmək üçün, onu həmin əmlak kompleksinə görə iddia qaldırmaq hüququndan məhrum etmək üçün əmlak kompleksinini formal olaraq qızı Səidə Mxanmədovaya bağışlamış, qızı isə yaxın qohumları olan Cavabdeh4 guya satmışdır. Halbuki, əmlak kompleksi faktiki olaraq hazırda Müstəcəb Səfərovun birinci növbəli vərəsələri olan Cavabdeh1, Səidə Xanmədovanın və Cavabdeh3 mülkiyyətindədir. Qeyd olunan əməliyyatlar aparılarkən adı çəkilən birinci növbəli vərəsələrin hər biri işin faktiki hallarından və məzmunundan tam xəbərdar olmuşlar, məqsədyönlü şəkildə onu həmin əmlak kompleksindən məhrum etmişlər. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə X6 ona qarşı dələduzluq etməsinin sübutu olmuş və həmin cinayət hadisəsinin baş vermə müddəti 2011-ci ilin iyun aylarından başlayaraq mərhumun istintaq orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etdiyi dövrü əhatə etmişdir. Bu baxımdan həmin əmlakın xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X7 adına rəsmiləşdirilməsi və daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına qeydiyyata alınması etibarsız hesab edilməli və həmin əqdlər etibarsız əqd olaraq qəbul edilməlidir. Halbuki, məhkəmə həmin dəlliləri əsaslı dəlil hesab etməyərək, həmin əqdləri etibarlı əqd olaraq hesab etmişdir. İşin faktiki halları və iş materiallarındakı sənədlər Cavabdeh4 ona maddi zərər vurmasının təsdiqidir. Lakin, məhkəmə müvafiq qətnaməni çıxaran zaman həmin hissələrə münasibət bildirməmişdir. Məhkəmə əqdlərin etibarsızlığına dair qanunvericilkdə qeyd olunan normalara istinad etsə də, iş üçün əhəmiyyət kəsb edən törədilmiş cinayət hadisəsində onun zərərçəkmiş şəxs qismində iştirak etməsini və mülki iddiaçı olmasını nəzərə almamışdır. Bununla da, X6 ona qarşı törətmiş olduğu cinayət hadisəsində zərərçəkmiş şəxs qismində olan onun mülki iddiaçı olaraq dəymiş maddi zərərin tələb etmə hüquqlarını kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onu iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun mərhum atası mübahisə predmetini təşkil edən əmlakı bacısına bağışlamış, bacısı da öz növbəsində Cavabdeh4 satmışdır. Həmin əmlakın satılması qanunvericiliyə uyğun həyata keçirilmiş, əmlakın özgəninkiləşdirilməsini qeyri-mümkün edən hər hansı qadağa, o cümlədən həbs olmamışdır. Cavabdeh4 ilə isə onun atasının və bacılarının heç bir qohumluq əlaqəsi olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir.

14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, iddia və apellyasiya şikayətinə qarşı etirazların məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X15 məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini, o cümlədən iddiaçı tərəfindən göndərilmiş teleqramı nəzərə alaraq işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cı maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasındakı mübahisənin əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 atası - xx.xx.2019-cu il tarixdə ölmüş X6 iddiaçının külli miqdarda, yəni 250.000 ABŞ dolları məbləğində pulunu qanunsuz ələ keçirərək, dələduzluq cinayətini törətməklə ona maddi zərər vurması təşkil edir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-788/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Belə ki, hazırki iş üzrə iddiaçı həmin icraat çərçivəsində zərərçəkən şəxs və mülki iddiaçı olmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona cəza təyin edilməmiş, öldüyündən barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmuş, mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş şəxs və mülki İddiaçı təqsirləndirilən şəxsin hüquqi varislərinə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmuşdur.

26. Hazırda iddiaçı mərhum X16 tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzini onun övladlarından tutulmasını, həmçinin, tutmanın Cavabdeh4 mülkiyyətində olan Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksinə yönəldilməsini, həmin əmlak kompleksinin bağışlanması və alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsini tələb edir.

27. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinad edərək ilk növbədə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X15 xx.xx.2019-u il tarixdə ölmüş X6 uşaqları olmaqla, onun birinci növbədə vərəsələridir. Lakin bu cavabdehlər X6 iddiaçı qarşısında yaranmış, hazırda mövcud olan və ölümü ilə xitam olunmayan pul öhdəlikləri üzrə hər hansı məsuliyyət daşımırlar. Belə ki, onların vərəsə olaraq atalarının pul öhdəliklərinə görə məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşdırılır. Bu baxımdan həmin cavabdehlərin məsuliyyətinin həddi yalnız mirasın həcmi araşdırıldıqdan sonra miras aktivinə mütənasib surətdə müəyyən edilməlidir. X3 ölümündən sonra hər hansı əmlakın ondan miras qalması, o cümlədən bu cavabdehlərin vərəsəlik qaydasında ondan miras qalmış hər hansı əmlakı qəbul etməsi (sahib olması) müəyyən edilməmişdir. Başqa sözlə, öldüyü xx.xx.2019-cu il tarixə X6 mülkiyyətində hər hansı əmlak olmamışdır. Bu hal Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmunu ilə də öz təsdiqini tapır. İddiaçı tərəfindən də bunun əksi olaraq məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə, mövcud vəziyyətdə bu cavabdehlər X6 iddiaçı qarşısında yaranmış öhdəlikləri üçün məsuliyyət daşımırlar və onlardan iddiaçının xeyrinə hər hansı məbləğdə pul tutula bilməz. Apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır və bu səbəbdən təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası iddia tələbinin bağışlanma və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı adı çəkilən X6 məhz Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi və onunla birlikdə şərikli şəkildə idarə edilməsi vədi ilə ondan 250.000 ABŞ dolları məbləğində pul aldığını, lakin əmlakı özəlləşdirdikdən sonra öz vədinə əməl etmədiyindən və pulu qaytarmaq niyyətində olmadığından, qeyd edilən pulun bu əmlaka yönəldilməsi hesabına ödənilməsinin qarşısını almaq məqsədi ilə formal olaraq həmin müqavilələri rəsmiləşdirdiyini, həqiqətdə görünüş üçün bağlandığını və uydurma ədlər olduğunu iddia edir.

29. Uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədi ilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən həmin əqdlərin rəsmiləşdirilməsində məqsəd X6 bu müqavilələrin predmeti olan həmin əmlakın mülkiyyətçisi kimi (mövcud vəziyyətdə isə cavabdehlərin ondan miras qalmış bu əmlakın vərəsələri kimi) görünməməsinin təmin edilməsi və bu yolla tələbin həmin əmlaka yönəldilməsinin qarşısını almaqdır. Belə olan halda, öhdəliyin həmin əmlak hesabına ödənilməsi imkanı aradan qalxır və bu baxımdan onun hüquqları pozulur. Bu da onun həmin müqavilələri mübahisələndirmək, o cümlədən onların etibarsız hesab edilməsi barədə tələb irəli sürmək üçün bilavasitə subyektiv hüquqa malik olduğunu təsdiq edir.

30. Məhkəmə kollegiyası iddiaçının bu tələb üzrə mövqeyini nəzərə alıb, Mülki Məcəllənin 340.1-ci maddəsinin tələblərinə istinadən qeyd edir ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədi ilə bağlanır.

31. Qeyd olunmalıdır ki, həmin hökmlə X6 iddiaçının 250.000 ABŞ dolları məbləğində pulunu qanunsuz ələ keçirərək, dələduzluq cinayəti törətməsi tam təsdiq olunmuşdur. Həmin icraat çərçivəsində də iddiaçı bu məbləğin məhz Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi və sonradan şərikli idarə edilməsi məqsədi ilə X11 verdiyini vurğulamışdır.

32. Lakin nəzərə alınmalıdır ki, Quba rayonu, Afurca kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 340.7 kv.m, tikintialtı sahəsi 436.9 kv.m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2014-cü il tarixdə X6 adına qeydiyyata alınmış, bundan 3 ay sonra xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi əsasında onun tərəfindən qızı X8 bağışlanmış, bundan 8 ay sonra xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmışdır və hazırda da onun mülkiyyətindədir. Qeyd edilən hökmün çıxarılmasına əsas olmuş cinayət işi isə X16 barəsində xx.xx.2018-ci il tarixdə, yəni sonuncu müqavilə bağlandıqdan 3 ildən artıq müddət keçdikdən sonra başlanmışdır. Müddət etibarı ilə 2018ci ildən əvvəl, xüsusilə də müqavilələrin bağlandığı 2014-2015-ci illərdə iddiaçı ilə X16 arasında pulun qaytarılması, habelə qeyd edilən əmlakla bağlı hər hansı mübahisənin olması, ümumiyyətlə iddiaçının bu şəxsə qarşı məhkəmə və ya məhkəmədən kənar qaydada iddia (tələblə) ilə çıxış etməsi, hər hansı formada pretenziya irəli sürməsi müəyyən edilmir.

33. Hökmə əsasən isə cinayət işinin materiallarında saxlanılan maddi sübutlar sırasında Quba rayonu, Afurca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə X12 verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənəd, habelə 0,15 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında Cavabdeh2 ilə Quba rayonu, Afurca bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi də var. Başqa sözlə, 2014-cü ildə əmlak kompleksi kimi müəssisənin mülkiyyətçisinə çevrilmiş cavabdeh X15 yalnız bu müqavilənin tərəfi olmamış (tərəfi kimi ortaya çıxmamış), onun özü də hələ bağışlamadan da xeyli müddət əvvəl torpaq sahəsi ilə bağlı icarə münasibətlərinin tərəfi olmuşdur. Əmlakın özəlləşdirilmədən 3 ay sonra bağışlanması, bundan 8 ay sonra isə satılması, yəni müddətlərin özü də bu əmlakın hər hansı məqsədlə aradan çıxarılmasına dəlalət etmir. Əks halda, müqavilələr daha qısa müddətdə rəsmiləşdirilmiş olardı.

34. Həmin əmlakın real olaraq X7, sonradan isə Cavabdeh4 sahibliyinə verilməməsini, bu əmlak üzərində hazırda da faktiki olaraq onun mülkiyyətçisinin deyil, məhz cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 və ya onların hər hansı birinin sahiblik və idarəçiliyinin davam etməsini, habelə bu cavabdehlərlə Cavabdeh4 arasında qohumluq və ya onun uydurma əqd əsasında olsa da, qanuni mülkiyyətçiyə çevrilməsi səviyyəsində etibarlı (belə ki, əmlak real olaraq cavabdehlərə məxsus olduğu təqdirdə, bu cavabdeh/hazırki mülkiyyətçi elə bir səviyyədə etibarlı olmalıdır ki, onların müraciəti ilə əmlakı onlara qaytarsın, reyestrdə olan qeydinə əsaslanaraq, bundan imtina etməsin) münasibətlərin olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir. İddiaçı nəticə etibarı ilə nəinki sübutlar təqdim edilməmiş, ümumiyyətlə apellyasiya instansiyasındakı icraat zamanı iş üzrə keçirilmiş 3 məhkəmə iclasının hər hansı birində iştirak etməmişdir. Halbuki, birinci instansiya məhkəməsində iddiaçı vəkili və nümayəndəsi ilə birlikdə iştirak etmişdir. Bu baxımdan hər hansı səbəbdən apellyasiya instansiyasındakı icraatda şəxsən iştirak edə bilməsə də, vəkil və nümayəndə ilə təmsil edilə bilərdi.

35. Bununla belə, iddiaçının mübahisələndirdiyi müqavilələrin sadəcə olaraq üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədi ilə bağlanması öz təsdiqini tapmır. Hüquqi nəticə etibarı ilə MM-nin 340.1-ci maddəsinin şərtləri ilə işin müəyyən edilmiş halları arasında uyğunluq müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin bu barədə dəlillərinin də əsassız olduğunu təsdiq edir və iddia tələbinin bu hissədə də rədd edilməsini şərtləndirir.

36. Müqavilələrin etibarsız hesab edilməsi tələbinə münasibətdə törəmə tələb olduğundan (məhkəmə kollegiyası bu tələbə məhz törəmə tələb kimi yanaşır. Halbuki, mövcud vəziyyətdə törəmə olmadığı təqdirdə belə bu tələb təmin edilə bilməz) məhkəmə kollegiyası tutulmalı olan məbləğin əmlak kompleksinə yönəldilməsi tələbini də əsassız hesab edir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 635/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar