Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5168/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyana görə təzminat tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, cavabdehdən onun xeyrinə 9700 manat əsas borcun, 5000 manat maddi ziyanın, 10000 manat mənəvi ziyana görə təzminatın və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-1875/20) iddia qismən təmin edilərək Cavabdeh 6000 (altı min) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnamənin nəticə hissəsinin 2-cı abzasında olan yanlışlıq düzəldilmiş, “6000 (altı min) manat məbləğində borc” sözlərinin “9500 (doqquz min beş yüz) manat kimi oxunması qərara alınmışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İiddiaçı tələbini belə əsaslandırmışdır ki, 2014-cü ilin dekabr ayında cavabdeh iddiaçıya müraciət edərək ona təcili borc pul lazım olduğunu bildirmiş və söz vermişdir ki, yaşadığı evini tez bir vaxtda sataraq borcu qaytaracaqdır. İddiaçı onun evi satıb pulunu qaytaracağı günü gözləmiş, lakin cavabdeh hər dəfə bəhanələr gətirməklə pulu qaytarmamışdır. Lakin 2017-ci ilin axırlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh mənzilini satmış və başqa bir ünvana köçmüşdür. Cavabdeh bibisi qızı Kəmalənin vasitəsi ilə 2019-cu ili aprel ayında 200 manat, 2019-cu ilin dekabr ayının 4-də 100 manat, məhkəmə prosesi getdiyi dövrdə isə 200 manat pul vermişdir. Onun hazırda 9500 manat borcu qalmışdır. Cavabdehin aldığı pulu qaytarmaq fikrinin olmadığını, yalnız boş vədlər verməklə vaxtı uzatdığını başa düşüb məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh verdiyi izahatında həqiqətən də iddiaçıdan 10000 manat məbləğində borc aldığını və həmin puldan 5 500 manatını qaytardığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıdan 2014-cü ilin dekabr ayında 10000 manat məbləğində borc almışdır. 2015-ci ilin yanvar ayından avqust ayınadək 8 ay müddətində 400 manat, cəmi 3200 manat (nəğd şəkildə), 2016-cı ilin mart ayından iyun ayınadək 4 ay müddətində 470 manat, cəmi 1880 manat (kartını ona təqdim edərək kartdan pulu özü çıxarmaqla), 2019-cu ilin aprel ayında 200 manat, 2019-cu ilin dekabr ayında 100 manat və məhkəmə prosesində 200 manat, ümumilikdə təqribən 5500 manat pul ödəmişdir. Lakin məhkəmə yalnız son 500 manat manat ödəniş etdiyini nəzərə alıb, digər ödənilmiş 5000 manat pulu nəzərə almamışdır. Buna görə də, onun faktiki olaraq 4500 manat borcu olduğundan, 9500 manat pulun ondan tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, o, hazırda da iddiaçıya olan borcunu ödəməkdə davam edir və gələcəkdə də ödəməni hissə-hissə davam etdirəcəkdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdeh tərəfindən ondan 9500 manat borcun tutulması hissəsində mübahisələndirilmiş, digər hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarına əlavə olunmuş 28.12.2014-cü il tarixli qəbzdən göründüyü kimi, Cavabdeh İddiaçı 10000 manat pul borc götürmüş və həmin məbləği iddiaçının istədiyi zaman (iki aydan tez olmayaraq) qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən borcun qaytarılmadığını bildirən iddiaçı 11.02.2020-ci il tarixdə hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən onun xeyrinə 9700 manat əsas borcun, 5000 manat maddi ziyanın, 10000 manat mənəvi ziyana görə təzminatın və 31 manat dövlət rüsumunun tutulması barədədir. İddiaçı sonradan cavabdeh tərəfindən cəmi 500 manatın (200+100+200) qaytarıldığını göstərmişdir. Cavabdeh 10 000 manat borc aldığını etiraf etsə də, həmin məbləğdən 5500 manatı qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən 5500 manat məbləğində pulun qaytarılmasını təsdiq edən hər hansı sübut olunmadığına istinad edərək iddianı 9500 manat pulun tutulması hissəsində təmin etmiş, qalan hissələrdə isə iddianı rədd etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 739, 740-cı maddələri ilə əsaslandırmışdır. İddiaçı bununla razılaşaraq iddianın təmin olunmayan hissələrində qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olmadığından həmin hissələrdə qətnamənin əsaslılığını yoxlamadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçıdan 10 000 manat məbləğində borc aldığını etiraf etdiyindən və bununla bağlı iltizam verdiyindən iddiaçı həmin məbləğdə borc verməsini sübut etmək yükündən azaddır. Lakin cavabdehin borcdan 5500 manat qaytardığına dair göstərdikləri iddiaçı tərəfindən etiraf edilmədiyindən və bu halı təsdiq edən başqa sübutlar olmadığından həmin faktın sübut edilməsi vəzifəsi cavabdehin üzərində qalır. İddiaçı cavabdeh tərəfindən cəmi 500 manat qaytarıldığını etiraf etmiş və işə baxan məhkəmə bunu mötəbər sübut kimi qəbul etməklə qaytarılacaq borc məbləğini müəyyən edərkən nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5168/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5168/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver