Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5168/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5261/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyaı MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı işçiləri X6, X9, X14, X11, X8 xx.xx.2023-cü il tarixdə ölümü və X3 xx.xx.2023-cü il tarixdə xəsarət alması, sonradan xx.xx.2023-cü il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhqiqat aktını etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5261/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmış, iddiaçıya inzibati orqanın hərəkətindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın əsası İddiaçı MMC-nin işçiləri X2, X4, X10, X7, X8 xx.xx.2023-cü il tarixdə ölümü və X3 xx.xx.2023-cü il tarixdə xəsarət alması, sonradan xx.xx.2023-cü il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhqiqat aktının etibarsız hesab edilməsidir. Həmin təhqiqat aktı inzibati akt hesab oluna bilməz. Ona görə ki, həmin təhqiqat aktında inzibati aktın elementləri mövcud deyil. İnzibati akt-inzibati orqan tərəfindən qəbul edilən və hüquqi nəticə doğuran fərdi və ya normativ qərardır. Belə ki, həmin təhqiqat aktı X12 Xidmətinin əməkdaşları və İddiaçı MMC-nin əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiyanın X12 Xidmətinin əməkdaşlarının gəldiyi nəticədir. Hətta həmin təhqiqat aktını komissiyanın tərkibində olan İddiaçı MMC-nin iki əməkdaşı qanunsuz hesab etdiyindən imzalamaqdan belə imtina etmişdir. İstehsalatda qəza ilə bağlı aktın yalnız hadisənin hansı şəraitdə baş verməsini təsvir etməkdən başqa hər hansı nomativ hüquqi sənədə istinad etmək və nəticə doğura biləcək mexanizmi davam etdirmək kimi səlahiyyəti yoxdur. Yəni komissiyanın tərtib etidiyi təhqiqat aktı yalnız hadisəni təsvir edir, heç bir mənada müstəqil hüquqi və nəticə doğuran qərar deyil, faktların təsbiti və sənədləşdirilməsidir. Komissiyanın tərtib etidiyi təhqiqat aktı istehsalatda qəzanın baş verdiyini və səbəblərini müəyyən edir, əmək şəraitinin pozulub – pozulmadığını sənədləşdirir, lakin birbaşa hüquqi nəticə doğurmur. Misal üçün nə təzminat məbləğini müəyyən edir, nə də hüquq və vəzifə yaradır və ya yox edir. Bu komissiyanın tərtib etidiyi təhqiqat aktı konkret olaraq özü-özlüyündə heç bir hüquqi öhdəlik yaratmır yalnız faktı təsbit edir. İddianın əsası isə ondan ibarətdir ki, komissiyanın X12 Xidmətinin əməkdaşları olan üzvlərinin təsbit etdiyi faktlar həqiqəti əsk etdirmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5261/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati icraat haqqında qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə istinadən ilk növbədə qeyd edir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının işçiləri - X2, X4, X10, X7 və X8 xx.xx.2023-cü il tarixdə ölümü və X3 xx.xx.2023-cü il tarixdə xəsarət alması, sonradan xx.xx.2023-cü il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Həmin bədbəxt hadisə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/3-2-149/2024 nömrəli əmri ilə yaradılmış, tərkibində X12 Xidmətinin 3 və iddiaçı cəmiyyətin 2 əməkdaşı olan komissiya tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək araşdırılmış və aparılmış təhqiqatın nəticələrinə dair xx.xx.2024-cü il tarixdə təhqiqat aktı tərtib edilmişdir. Lakin iddiaçı cəmiyyətin komissiyaya daxil olan əməkdaşları tərəfindən imzalanmamışdır. İddiaçı cəmiyyət də hazırda məhz həmin aktın etibarsızlığını mübahisələndirir. Bununla belə, mübahisələndirilən təhqiqat aktı inzibati orqan tərəfindən qəbul edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq əmri ilə həm X12 Xidmətinin, həm də iddiaçı cəmiyyətin əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiyanın yalnız Xidmətin əməkdaşları olan üzvləri tərəfindən tərtib edilmiş və imzalanmışdır. Həmin akt bədbəxt hadisənin nəticələrinə dair komissiyanın (natamam tərkibdə) rəyini özündə əks etdirir və hüquqi nəticə etibarı ilə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı konkret məsələni həll etmir. Eyni zamanda, həmin akt inzibati aktın qanunvericilikdə nəzərdə tutulmuş formalarından hər hansı birinə də uyğun deyil. Qeyd edilənlər Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhqiqat aktının inzibati akt olmasını istisna edir və birinci instansiya məhkəməsinin mövqeyinin əsassız olduğunu təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5261/2025 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5261/2025 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5168/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5168/2025
12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver