Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5170/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2228/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 20377,89 manat məbləğində vəsaitin, 10000 manat məbləğində mənəvi ziyana görə vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizə təqdim edərək, iş üzrə Cavabdeh1 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C 180” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulması və həmin avtomobillərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin “Siqnal” İLİİ-nin dayanacağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2228/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verməklə qərardadın ləğv olunması və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaçının iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına, eləcə də, iddiaçı şirkətin banka ödəmiş olduğu kredit borcu hesabına alınmış olduğu mübahisəsiz olan avtomobilin özgəninkiləşdirilməsi ehtimalının məhkəmə tərəfindən xüsusi olaraq araşdırılmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, ərizədə cavabdeh kimi qoyulmuş şəxs(lər)ə qarşı yönəldilmiş tələb(lər)in ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxs(lər)in, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. İşin hallarından görünür ki, cavabdehlər tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan vurulmuş və iddiaçı məhz həmin məbləği cavabdehlərdən tələb etməkdədir. Kollegiya hesab edir ki, iddianın əsaslılığı prezumpsiyası baxımından qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq avtomobillərin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi məzmununda iddianı təmin tədbirinin görülməsi mümkün və zəruridir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Bununla belə kollegiyanın qənaətinə görə, “avtomobilin cərimə meydançasında yerləşdirilməsi” hissəsində ərizə təmin edilməməlidir. Belə ki, prosessual qanunvericilik müəyyən hərəkətləri etməyin cavabdehə və başqa şəxslərə qadağan olunması növündə iddianı təmin etmə tədbirlərinin görülə biləcəyini nəzərdə tutsa da, bunların tətbiqi də iddianı təmin tədbirinin yuxarıda şərh olunan məqsədləri baxımından qiymətləndirilməlidir. Bu mənada nəzərə alınmalıdır ki, cavabdehə məxsus əmlakın ondan alınaraq cərimə meydançasında yerləşdirilməsi məzmununda iddianı təmin etmə tədbiri qanunvericilkdə ümumiyyətlə nəzərdə tutulmamışdır və belə bir tədbiri iddianın gələcəkdə mümkün təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlmiş tədbir hesab etmək olmaz. Xüsusilə qeyd olunmalıdır ki, borclunun əmlakının ondan alınması imkanı “İcra haqqında” Qanunda təsbit edilmişdir və həmin qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmişdir. Bu baxımdan, cavabdehə məxsus avtomobilin ondan alınması yox, həmin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması iddianı təmin tədbirlərinin məqsədinə və qanunvericiliklə müəyyənləşdirilmiş məzmununa uyğun hesab edilə bilər. Başqa sözlə, mübahisə predmeti olan əmlakın salamatlığı və qorunması üçün onun cavabdehdən alınması zəruri deyildir və bu məqsədə əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması yolu ilə də nail olmaq mümkündür. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2228/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi qismən təmin olunsun. Cavabdeh1 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C 180” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Fuad Talışınski
Məhkəmə qərarları › İş №2(103)-5170/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5170/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver