Məhkəmə qərarları › İş №2(103)-5173/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5173/2022

08.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5173/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X17 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Raziyyə Hüseynovanın iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(011)-5647/2021 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, yaşadığı ünvan 2, 59 saylı mənzilinə üst mərtəbədə yerləşən 61 saylı mənzildən su axıdılır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq həmin mənzilin mülkiyyətçisi tərəfindən heç bir tədbir görülmür. Hətta suyun onların mənzilindən axıdılmadığını bildirmişlər. Lakin bunu qonşuları X14, X15, X7 təsdiq edə bilərlər. Qonşuları dəfələrlə 61 saylı evdən su axıdılmasının mənzilinə baxış keçirərək də şahid olmuşlar. 2014-cü ildən cavabdeh bu hərəkətləri edir və hazırki vaxtda da bu davam edir. Buna baxmayaraq, onların ona dəymiş ziyanı ödəmək və suyun axıdılmasının qarşısını almaq fikirləri yoxdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə cavabdehin mənzilinə vurduğu ziyana görə hazırda orada yaşamağı olduqca çətinləşib. Tez-tez evlərində yüksək qışqırıq səsləri gəlir, gecə saatlarında qapını bərk açıb-bağlamaqla müətmadi səs-küy yaradırlar. Elə bir vəziyyət yaradırlar ki, o, öz evində sakit, normal istirahət edə bilmir. Dəfələrlə izah etmək istəmişdir ki, evində sakit yaşaya bilmir, xahiş etmişdir ki, bir daha təkrar etməsinlər belə hərəkətləri. Cavab olaraq hər dəfəsində onu təhqir edib, hədə-qorxu gəliblər, tam əksinə eyni hərəkətləri qəsdən daha şiddətli formada etməyə başlayıblar, hətta qəsdən su axıtdıqları da olmuşdur. Bunun nəticəsində mənəvi iztirab, sarsıntı keçirmiş və səhhəti ilə əlaqədar mənəvi sarsıntı, iztirablara dözmüşdür. Buna görə də, o, hesab edir ki, cavabdehdən ona dəymiş mənəvi ziyana görə 1.000 (min) manat kompensasiya tutularaq ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən evin 61 saylı mənzilində həmin binadakı 59 saylı mənzilinə mütəmadi olaraq su axıdılması nəticəsində ona vurulmuş 3500 manat məbləğində maddi ziyanın əvəzinin, mənəvi ziyana görə 1000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutulması, habelə cavabdehin üzərinə yaşadığı mənzilin (su axan hissənin) təmin etdirmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(011)-5647/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X1 2723 manat məbləğində dəymiş maddi zərər, 200 manat məbləğində mənəvi zərər tutularaq, İddiaçı ödənilməsi, cavabdeh X6 tərəfindən zərərə səbəb olmuş nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyi cavabdeh X2 üzərinə qoyulması, iddia qismən təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 63 %, yəni 32 manatı cavabdeh X1, qalan 37 %, yəni 18 manat İddiaçı tutularaq, dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X5 Kod:210005VÖEN ********** m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi, iddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 63 %, yəni 19 manat cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi, qalan 37 %, yəni 11 manat iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5647/2022 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə İddiaçı yaşadığı ünvan 2, 59 saylı mənzilinə onun mülkiyətində olan ünvan 2, 61 saylı mənzildən kirayəşinlər tərəfindən axıdılan suyun nəticəsində onun mənzilinə dəymiş zərərin bərpa olunması, həmin hissənin təmir edilməsi vəzifəsini, öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, o, iş üzrə Cavabdeh ünvan 2, 61 saylı mənzili xx.xx.1998-ci il tarixində almış və hazırda həmin mənzil onun mülkiyyətindədir. Həmin mənzildə rəsmi pasport qeydiyyatında deyil, heç vaxt yaşamamış və hazırdada yaşamır. İş üzrə İddiaçı tanımır, onunla heç bir zaman görüşməmiş, danışmamış, onunla qonşuluq və ya başqa münasibətləri olmayıb. O, ünvan 2, 61 saylı mənzilini kirayəşinə vermişdir. Hazirda həmin mənzildə kirayəşin yaşayır. İş üzrə İddiaçı həmin kirayəşinlə, qonşu olaraq aralarında mübahisə yaranıb. O, bu hadisələri məhkəmə qətnaməsi ilə tanış olduqdan sonra bilmişdir. Mülki iş materiallarında olan Polis Bölmələrinə iddiaçı tərəfindən yazılmış şikayət ərizlərinə baxanda məlum olur ki, iddiaçının mənzilinə susızmaya səbəb yaranmış texniki nasazlıqdır və həmin vaxt onun mənzilində yaşayanlar bilavastə kirayəşinlər olmuşdurlar. Belə olan halda iddiaçının mənzilinə qəsdən heç kim su axıdmadığı halda, su xətlərində boruların köhnəlməsi nəticəsində yaranmış susızma vaxtı mənzildə yaşamadığı üçün iddiaçı iddia ərizəsini yazarkən cavabdehi düzgün seçməmişdir. İddiaçının iddia ərizəsində barəsində yazdığı onu hədələmək və qəsdən suaxıtma məsələsi, mənəvi zərər tamamən yalandır, tamah məqsədi ilə yazılmışdır, şər böhtan xarakterlidir. İddiaçıya dəymiş mənəvi zərəri necə hesabladığı ona məlum deyil. Halbuki iddiaçı Qazaxstan vətəndaşıdır. Rəsmi olaraq geç bir yerdə işləmir. İddiaçının hazırdakı mənzili 1998-ci ildə təmir olunmuş bir mənzildir. İddia ərizəsinə əlavə elədiyi fotoşəkillərdən də məlum olur ki, susızma nəticəsində mənzilin işıq xəttinin sıradan çıxması, yaşayış otağının, dəhlizinin, mətbəxinin yararsız hala düşməsi, qeyri mümkündür. Halbuki iddiaçı qanunsuz olaraq binanın layihə planını pozaraq artırılma balkon tikmişdir. Ekspert rəyi ilə heç bir şəkildə razı deyil. Ekspert tərəfindən mənzilə baxış keçirilərkən və məhkəmə tərəfindən işə birtərəfli baxılmışdır. İddiaçı bu işdə maraqlı tərəf olduğuna görə evinin gələcəkdə onun tərəfindən əsaslı təmirini nəzərində saxlayıb, 2013cü ildə aldığı mənzili bu günə qədər heç bir təmir edə bilmədiyi üçün hazırki vəziyyətdə ekspertə təqdim etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, belə bir vəziyyət ailəsinin maddi vəziyyətinə və sağlamlığına kəskin şəkildə pis təsir etmişdir. O, hal-hazırda səhhətində yaranan müəyyən problemlərlə bağlı, eyni zamanda maddi sıxıntıları ilə bağlı Bakı şəhəri Xətai rayon məhkəməsinin qətnaməsində qeyd edilən 2723 manat məbləğində dəymiş maddi zərər, 200 manat məbləğində mənəvi zərəri iddiaçıya ödəməyə imkanının olmadığını qeyd etmişdir. Həmin mənzilə kirayəşinlər tərəfindən bilməyərəkdən susızma olduğuna görə axıdılan suyun nəticəsində dəymiş zərəri aradan qaldırmaq məqsədi ilə həmin mənzilin su axıdılan hissəsini təmir etməyə hazır olduğunu bildirmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən onun həmin ünvanda 1 gündə olsun yaşamadığını, həmin mənzilə onun qəsdən su axıtmadığını, iddiaçının heç bir zaman onunla danışmadığını, iddiaçını heç bir zaman təhqir etmədiyini, hətta iddiaçının onu heç tanımadığını nəzərə almamışdır. Hesab edir ki, mülki iş üzrə İddiaçı yaşadığı ünvan 2, 59 saylı mənzilinə onun mülkiyətində olan ünvan 2, 61 saylı mənzildən kirayəşinlər tərəfindən axıdılan suyun nəticəsində mənzilinə dəymiş zərərin bərpa olunması, həmin hissənin təmir edilməsi vəzifəsini, öhdəliyini onun Cavabdeh üzərinə qoyulması barədə Qətnamə qəbul olunması qanuni və ədalətli olardı. İddiaçının mənzilinə dəymiş ziyanın məbləği Məhkəmə tərəfindən təyin edilən miqdar həm də ödənilə bilən, real olmalı və cavabdehin də mənafelərini pozmamalıdır. Qeyd olunanları nəzərə alsaq həmin susızma nəticəsində yaranan zərərə görə həmin mənzilin susızan yerlərini təmir etməyi ədalətli və qanuni olardı. O, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini maddi və mənəvi zərərin ödənilməsinin məbləği hissəsində mübahisələndirir. Yəni İddiaçı mənzilinə və özünə həmin məbləğdə maddi və mənəvi zərər dəymədiyindən tam əmindir. Həmin mənzilə kirakeşlər tərəfindən, susızma nəticəsində dəymiş ziyana görə həmin hissəni təmir etməyi qəbul edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Raziyyə Hüseynova iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apelyyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X10 teleqramla məhkəməyə müraciət edərək, təyin olunmuş məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etmədiyinə görə, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam olaraq mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Əvvəla kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının mənzilinə zərərin ona məxsus mənzildən axıdılmış suyun nəticəsində dəyməsini istisna etməmişdir.Cavabdeh ona məxsus mənzildə kirayəçilər yaşadığını və suyun onlar tərəfindən axıdıldığını qeyd etsə də mənzilin kirayə müqaviləsinə dair sənədləri apellyasiya şikayətinə əlavə etməmişdir. Bundan əlavə apellyasiya şikayətinin əsaslı olmaması aşağıdakılarla təsdiq olunur: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, ünvan 2, mənzil 59 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 954 nömrəli reyestr kitabının 88526 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan 18 fevral 2021-ci il tarixli aktdan məlum olur ki, X14, X15, X3 iştirakları ilə akt tərtib edilmiş və həmin akta əsasən ünvan 2, 59 saylı mənzilə su axıdılması nəticəsində ziyan dəymişdir və həmin akt 162№-li MTK-nın sədri tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4570 nömrəli 01 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, yəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 59 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 61 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 59 saylı mənzilin yaşayış otağı, dəhliz, qarderob və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 59 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 61 saylı mənzildən su axıdılığı və nəticədə 95 saylı mənzilin yaşayış otağı, dəhliz,qarderob və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 2, 59 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2723.0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4570 nömrəli 01 noyabr 2021-ci il tarixli rəyi ilə iddiaçının mülkiyyətində olan ünvan 2, 59 saylı mənzilə həmin evdə yerləşən 61 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin 2723 manat olduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 2723 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan və əsaslı olduğu üçün iddia tələbi cavabdehdən mənəvi zərərin tutulması hissəsində də qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 200 manat mənəvi zərərə görə pul vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 2723 manat məbləğində dəymiş maddi zərər, 200 manat məbləğində mənəvi zərər tutularaq, İddiaçı ödənilməsi, cavabdeh X6 tərəfindən zərərə səbəb olmuş nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyinin cavabdeh X2 üzərinə qoyulması, iddia qismən təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 63 %, yəni 32 manatı cavabdeh X1, qalan 37 %, yəni 18 manat İddiaçı tutularaq, dövlət büdcəsinə köçürülməsi, iddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 63 %, yəni 19 manat cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi, qalan 37 %, yəni 11 manatın iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(011)-5647/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar