Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5173/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səfərəli oğlunun Cavabdehnə qarşı kompensasiyanın, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Səfərəli oğlunun Cavabdehnə qarşı kompensasiyanın, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(005)-767/2024 nömrəli qətnaməsindən İddiaçı Səfərəli oğlunun verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Səfərəli oğlu iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, razılığı olmadan söküntü aparıldığı üçün ona dəymiş mənəvi zərərin əvəzi olaraq 2500 manat, maddi zərərin əvəzi olaraq 2500 manat və iddiaçının evlə bağlı istifadə hüquqlarının gələcək təminatı üzrə heç bir maddi kompensasiyanın ödənilməməsi üçün ona ödənilməli olan kompensasiya kimi 15000 manat olmaqla ümumilikdə 20000 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 150 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(005)- 767/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Qətnamə ilə razılaşmayan İddiaçı Səfərəli oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı Səfərəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işə apellyasiya məhkəməsində baxılan zaman sorğuya cavab olaraq Dövəl Şəhərsalma və Arxitektura Komitəsinin 01 noyabr 2204-cü il tarixli məktubu ilə məlum olmuşdur ki, mübahisə predmeti olan ünvanda tikinti işləri Cavabdeh MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən aparılır. Buna görə də əsl cavabdehə qarşı iddia qaldırmaq məqsədilə iddiadan imtina edir və həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş edir.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01 noyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanı üzrə sənədləşmə işləri "xxxx" MMC-nin adına aparılmışdır.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası iddiadan imtinanı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtina qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
9. Həmçinin, iş üzrə icraata xitam verildiyi üçün iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövləti rüsumları iddiaçıya qaytarılmalıdır.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı Səfərəli oğlunun iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(005)- 767/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Səfərəli oğlunun Cavabdehnə qarşı kompensasiyanın, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsi üçün 15 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 150 manat, apellyasiya şikayətinin verilməsi üçün 11 iyul 2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 77 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçı Səfərəli oğluna qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Günay Axundova Xəyal Sarıyev