Məhkəmə qərarları › İş №2(103)-5176/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5176/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5176/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, ACavabdeh3 və Cavabdeh4 qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan X1 nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onun “Xəzər” Filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış İPK 01 saylı “Kredit müqaviləsi” əsasında yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 27.668 ABŞ dolları, “Kredit müqaviləsi” üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.230 ABŞ dolları, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra əsas borca hesablanmış illik 5 faizin ödənilməsi məqsədi ilə 1.540 ABŞ dolları, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər Cavabdeh2 və Abas Abasovdan müştərək qaydada Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, bina 1 “A”-da yerləşən 24 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, mənzil satıldığı halda mənzildə qeydiyyatda olan Cavabdeh2 və digər şəxslərin 1 aydan gec olmayan müddətdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın “Xəzər” filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən C.Abbasova 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 43.250 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu məqsəd ilə onunla Bank arasında xx.xx.2015-ci il tarixdə İM01 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Bundan başqa, iş üzrə cavabdehlər Cavabdeh2 və A.Abasov borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək xx.xx.2015-ci il tarixdə Bank ilə “Zaminlik müqaviləsi” bağlamışlar. Bunlara baxmayaraq nə borcalan Cavabdeh1 nə də ki, zaminlər Cavabdeh2 və A.Abasov iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə onların Banka 27.668 ABŞ dolları məbləğində əsas kredit borcları və “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət üçün 10.230 ABŞ dolları faiz borcları yaranmışdır. “Kredit müqaviləsinin” müddəti başa çatdıqdan sonra Bank faiz borcunun müqaviləyə əsasən hesablanmasını dayandırmış və müqavilənin müddəti bitdiyi tarixdən sonrakı müddət üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş illik 5 faiz hesabı ilə hesablama aparmışdır ki, həmin hesablama nəticəsində qeyd edilən müddət üçün faiz borcu 1.540 ABŞ dolları təşkil edir. Cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək öhdəliyin icrası tələb olunmuş, lakin borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qətnamə (yanlışlığı aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardad nəzərə alınmaqla) ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcun ödənilməsi məqsədi ilə 27.668 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 7.202,93 ABŞ dolları, “Kredit müqaviləsinin” müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.540 ABŞ dolları, ümumilikdə 36.410,93 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun dövlət rüsumunun borclan Cavabdeh1 və zamin A.Abasovdan müştərək qaydada tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan mənzilə yönəldilməsini, mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, mənzil satıldığı halda mənzildə yaşayan şəxslərin 1 aydan gec olmayaraq mənzildən çıxarılmalarını, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcini ödəmək məqsədi ilə 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və A.Abasovdan dövlət nəfinə tutulmasını qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən imzalansa da, apellyasiya şikayətində C.Abbasov ilə yanaşı apellyator kimi cavabdeh A.Abasovun adı da qeyd edilmişdir. Məhkəmə apellyasiya şikayətinin A.Abasov tərəfindən imzalanmadığını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə A.Abasova aid hissədə apellyasiya şikayəti üzrə apellyasiya icraatını qeyri mümkün hesab etmişdir. Apellyasiya şikayətinin Cavabdeh1 aid hissəsinin dəlilləri ondan ibarətdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti düzgün müəyyəmləşdirilməmişdir; kredit müqaviləsi etibarsızdır, çünki kredit Cavabdeh1 manatla verilmiş, lakin sonradan məlum olmuşdur ki, kredit müqaviləsində verilmiş borc dollarla göstərilmişdir. İş üzrə cavabdehlər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı Bank iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən şikayət cavabdeh (borcalan və ipotekaqoyan) C.Abbasov tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənlərinə əsaslanan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə borcalan Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən borcalan Cavabdeh1 iddiaçı Bankdan 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 43.250 ABŞ dolları məbləğində kredit almışdır. Apellyasiya şikayətində Cavabdeh1 bildirir ki, “Kredit müqaviləsi” etibarsızdır, çünki kredit ona manatla verilmiş, lakin sonradan ona məlum olmuşdur ki, verilmiş borc müqavilədə dollarla göstərilmişdir. Məhkəmə, apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır (maddə 404.3.). Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4.). Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (maddə 404.5.). Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, “Kredit müqaviləsinin” borcalan Cavabdeh1 tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Bunu və müqavilənin bağlanmasından təxminən 5 ilin ötməsini, bu müddət ərzində Cavabdeh1 tərəfindən müqavilənin tam və ya qismən etibarlılığının mübahisələndirilmədiyini nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 “Kredit müqaviləsinin” şərtləri ilə razılaşmış və nəticədə həmin müqaviləni bəyənərək imzalamış və hətta həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmişdir. Müqaviləni etibarsız adlandıran Cavabdeh1 həmin müqavilənin etibarlı olmasına şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənlərə əsasən hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. “Kredit müqaviləsinin” şərtlərinin nəzərə alınmaması üçün hal müəyyən edilmədiyindən Məhkəmə qeyd edir ki, Cavabdeh1 borcalan olaraq həmin müqavilə üzrə kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməli, icra etmədiyi halda mülki məsuliyyət daşımalıdır. İşin hallarından da müəyyən edilir və Cavabdeh1 tərəfindən mübahisələndirilmir ki, o, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, əsas kredit borcunu və bu borca hesablanmış faizləri Banka ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən yaranmış əsas kredit borcunun məbləği 27.668 ABŞ dollar, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcunun məbləği 10.230 ABŞ dollar, “Kredit müqaviləsinin” müddəti başa çatdıqdan sonra Bank tərəfindən illik 5 faiz ilə hesablanmış faiz borcunun məbləği isə 1.540 ABŞ dollar təşkil edir. Bank tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, Bank borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bank hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmiş və qeyd edilən borcun məhkəmə qaydasında ödənilməsini xahiş etmişdir. Rayon Məhkəmə qeyd edilən borc məbləğlərinin Bank tərəfindən düzgün və ya səhv hesablanmasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın rəyini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx.xx.2019-cu il tarixli 15761 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.20015-ci il tarixli “Kredit müqaviləsi” üzrə (müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə) yaranmış əsas kredit borcun məbləği 27.336,01 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 7.202,93 ABŞ dolları təşkil edir. Həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixə (ekspertizanın təyin edilməsi barədə qərardadın tarixinə) isə əsas kredit borcunun məbləği 27.336,01 ABŞ dolları əsas borc, faiz borcunun məbləği 7.2020,93 ABŞ dolları, illik 5 faiz ilə hesablanmış faiz borcunun məbləği 1.818,60 ABŞ dolları təşkil edir. Bunları nəzərə almış Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən nəticəyə gələrək müvafiq qətnamə qəbul etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi işin hallarına və işdə olan sübutlara uyğundur. Apellyasiya baxışının qalan hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 Bank ilə aralarında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı onların arasında xx.xx.2015-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən veriliş RX seriyalı, ******* №li “Reyestrdən çıxarışdan” görünür ki, həmin mənzil Cavabdeh1 mülkiyyətindədir və iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu yüklülük dövlət qeydiyyatına alınmışdır. Bank tərəfindən Cavabdeh1 göndərilmiş bildirişdən görünür ki, Bank borcun ödənilməsini tələb etmiş və tutmanın ipotekaya yönəldilməsi prosedurana başlanıldığını Cavabdeh1 bildirmişdir. Bildirişdən həmçinin müəyyən edilir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, ipoteka və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, Bank tələbin ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsini tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. Cavabdeh1 apellyasiya şikayətində qeyd edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti Rayon Məhkəməsi tərəfindən səhv müəyyən etmişdir. Çünki mənzilin qiyməti daha yüksəkdir. Məhkəmə bu dəlil ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirmə ekspertizanın keçirilməsini təyin etmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxx” MMC tərəfindən verilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 40-cı məhəllə 1A saylı evin 24 saylı mənzil 60.000 manat məbləğində qiymətləndirilmişdir. Rayon Məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmadığından hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə bildirir ki, məhkəmə iclas protokollarından görünür ki, ekspertizanın rəyi Rayon Məhkəməsinə daxıl olduqdan sonra Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, iş üzrə əlavə və ya təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə hər hansı formada vəsatət verməmişdir. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh1 qiymətləndirmə rəyi ilə razılaşmışdır. Həmçinin qeyd edilməlidir ki, Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı nəticəyə gələrkən tərəflər arasında mübahisənin olmamasına əsaslanmışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Qiymətləndirmə rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla yuxarıda qeyd edilmiş nəticəyə gəlməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar