Məhkəmə qərarları › İş №2(103)-5184/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5184/2025

16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5184/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə 1/2 hissədə bərabər pay hüquqları olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” Y/S, ev 27, 248 saylı mənzilin naturada bölgüsünü həyata keçirməklə həmin əmlakın bərabər əsaslarla istifadəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-109/25 saylı iş üzrə 11 iyul 2025ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, “D” Y/S, 27 saylı evin 248 saylı mənzili 75000 (yetmiş beş min) manata (ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları İddiaçı və Cavabdeh iştirakı ilə) - hərraca çıxarılması, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin payçıların paylarına uyğun (İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə) bölünməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək barışıq sazişini məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni iddiаçı İddiaçı və Cavabdeh arasında bağlanılmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh ilə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzilindəki ½ hissədə əmlak payından Cavabdeh xeyrinə imtina edir və sözügedən əmlakda olan payını ona bağışlamağı öhdəsinə götürür. İddiaçı Cavabdeh xeyrinə imtina etdiyi payının müqabilində cavabdehin ona verəcəyi 22500 (iyirmi iki min beş) manat pul vəsaitini qəbul edir, gələcəkdə bu tələb ilə bağlı cavabdehə qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir.

2. Cavabdeh İddiaçı birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzilindəki ½ hissədə əmlak payını ona bağışlaması qarşılığında İddiaçı 22500 (iyirmi iki min beş yüz) manat pul vəsaitini ödəyir. Gələcəkdə bu tələb ilə bağlı iddiaçıya qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir.

3. Bu saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən 15 (on beş) iş günü müddətində sazişdə razılaşdırılmış əmlak paylarının bağışlanması və pul vəsaitin verilməsi notariat qaydasında həyata keçiriləcəkdir.

4. İddiaçı Cavabdeh qarşı “½ hissədə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilinin naturada bölgüsünün mümkün olmadığı halda sözügedən əmlakın açıq hərracdan satılmaqla paylara uyğun bölgüsünün həyata keçirilməsi” barədə Bakı Apellyasiya məhkəməsində baxılmaqda olan iddiasından və Cavabdeh isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-109/2025 xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtina edirlər və bu barədə məhkəməyə ərizə verməyi öhdələrinə götürürlər.

5. Hazırkı Saziş üç əsl nüsxədə tərtib edilir. Hər tərəfdə bir nüxsə olmaqla, digəri isə məhkəmədə qalır. Barışıq sazişi bir tərəfli qaydada ləğv oluna, dəyişdirilə bilməz. Barışıq sazişi imzalandığı və məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir.

Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar