Məhkəmə qərarları › İş №2(103)-5188/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5188/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5188/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşya tələbinə dair mülki iş üzrə Açar sözlər: aiddiyyətin müəyyən edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşya tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-ci il tarixli, 2(005)- 2788/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adlarını siyahıda göstərilən əşyaların geri qaytarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-ci il tarixli, 2(005)- 2788/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1 və Cavabdeh2 göstərilsə də, lakin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi Cavabdeh1 yönəlmişdir. İddiaçı ona məxsus əşyaların Cavabdeh1 tərəfindən aparıldığını qeyd edir. Lakin tələbini iddia ərizəsində hansı əsasla Cavabdeh2 yönəldilməsi qeyd etməmişdir. Tələb Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi dalan 13 ev 7 ünvanda qeydiyyatda olan Cavabdeh1 yönəldilsə də, formal olaraq iddia ərizəsində ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 cavabdeh qismində göstərməklə, hazırkı iddainı ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə vermişdir. Bu halda hazırkı iddiaya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması yolverilməzdir.

4. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, iddia ərizəsindən iki cavabdeh (Cavabdeh2 və Cavabdeh1) olduğuna görə iddiaçı iddia ərizəsini cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verə bilər. Bunu əsas götürərək iddia ərizəsini Cavabdeh2 rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə yəni Bakı şəhəri Nərimanov Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Lakin, məhkəmə Cavabdeh2 cavabdeh qismində qəbul etmədiyinə görə iddianın da onun qeydiyyatı üzrə verilməsini düzgün hesab etməyərək ərizəni geri qaytarmışdır. İş ərazi aidiyyatı baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilər. Bu MPM-in 36.2-ci maddəsinə əsasən cavabdehlərdən birinin qeydiyyatda olduğu yerin məhkəməsinə verilə bilər.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(005)- 2788/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 34. Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır; Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. İşdən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, əsas kimi, cavabdehlər qismində Cavabdeh1 və Cavabdeh2 göstərilsə də, lakin iddia ərizəsinin məzmunundan iddiaçının tələbinin Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi dalan 13 ev 7 ünvanda qeydiyyatda olan Cavabdeh1 yönəlməsinin aydın olması göstərilmişdir.

10. İddiaçı qərardaddan şikayətində iddia ərizəsinin cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verməkdə haqlı olduğunu göstərmiş, hüquqi əsas kimi MPM-in 36.2-ci maddəsinə istinad etmişdir.

11. Kollegiya şikayətlə razılaşmayaraq qeyd edir ki, həqiqətən də iş materiallarından iddianın nəyə görə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 qarşı yönəldiyi, onun iddia tələbinə hansı hissədə cavab verməli olduğu müəyyən olunmur. İddia tələbinə cavab verməli olan şəxsin rəsmi qeydiyyat ünvanı isə ünvan 3 kimi, iddia ərizəsi aidiyyət qaydalarına uyğun verilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq geri qaytarılmışdır.

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-ci il tarixli, 2(005)-2788/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2023-ci il tarixli, 2(005)- 2788/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar