Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5192/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil3 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlamış olduğu kredit müqaviləsi üzrə 238 000,00 AZN məbləğində kredit və faiz ödənişini (Təyinat: KREDİT VƏ FAİZ ÖDƏNİŞİ – Cavabdeh: AZ42BBTB**********7494000C0a1v4a) cavabdehin həmin bankda olan AZ66BBTB******************** nömrəli hesab nömrəsinə xx/xx/2022-ci il tarixində ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilən 238 000,00 AZN əsas borc məbləği, 36 536.26 AZN faydalanma faizi, ödənilmiş 564,54 AZN məbləğində dövlət rüsumu, ümumilikdə isə 275100,8 AZN məbləğindəki pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin həmin tarixə olan kredit və faiz ödənişi üzrə yaranmış borcunu ödəyə bilməməsi səbəbilə pul məbləği bank hesabına iddiaçının pul vəsaiti hesabına ödənilmişdir. Tərəflər arasında borc münasibəti mövcud olmamışdır. Sadəcə cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin icrasında çətinlik yaşadığı üçün iddiaçı tərəfindən həmin öhdəliyin vaxtında icrasına görə şəxsi vəsaiti hesabına borc ödənilmişdir. Təqdim edilən xəzinə mədaxil orderinin “təhvil verdi” hissəsində həmin ödənişin iddiaçı tərəfindən ödənildiyi qeyd olunmuşdur. Cavabdehdən əsassız varlanma obyektini təşkil edən pul vəsaiti tələb edilməsinə baxmayaraq, hələ də iddiaçıya ödənilməmişdir. Varlanmış şəxs məhrum olanın əmlakının əsassız olaraq məqsədyönlü surətdə artırmış da ola bilər. Əgər hüquqi əsas müəyyən edilməyibsə, varlanmış şəxs artan hissəsini də qaytarmalıdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-3236/2024) iddia rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin bank qarşısında kredit öhdəliyi olmuşdur, iddiaçı isə ona hər hansı tapşırıq verilmədən cavabdehin bank qarşısında olan öhdəliyini icra etdiyini bildirir. Odur ki, iddiaçı ödədiyi məbləği əsassız varlanma qaydalarına uyğun tələb etsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının bildirdiyi faktiki hallara uyğun olaraq tərəflər arasında yaranan münasibət özgə işlərini tapşırıqsız aparma ilə bağlıdır. İddiaçı tərəfindən təqdim edilən yazışmalara münasibətdə isə məhkəmə qeyd edir ki, həmin yazışmaların məzmunundan məhz işlərin tapşırıqsız aparılmasının sonradan sahibkar tərəfindən bəyənilməsi nəticəsi yaranmır. Belə ki, həmin yazışmaların bir hissəsində tapşırığın məzmunu cavabdehə məxsus olan əmlakların satılması müştərilərin axtarılması və iddiaçının da bundan komisyon qazanması ilə bağlı olmuşdur. Digər hissəsində isə 100000 ABŞ dolları məbləğindən bəhs edilir və ümumiyyətlə banka olan 238000 manat məbləğlə bağlı hər hansı yazışma yoxdur. Bundan əlavə, həmin yazışmalarda “pulu alacağınız zaman verəcəyinizi dediniz” kimi ifadələr işlədilmiş və həmin yazışmalar işin hallarına uyğun gəlmir. Hansı ki, iddiaçı cavabdehə hər hansı məbləğ vermədiyini, cavabdehin isə ondan hər hansı vəsait istəmədiyini bildirir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 449, 1087.1, 1087.2. 1088.1, 1090.1-1090.3, 1091.1, 1091.2, 1092.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etmiş olduğu yazılı sübutları (whatsap sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalar) düzgün tədqiq etməyərək işin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmiş, ümumiyyətlə təqdim edilən səs yazılarına qətnamədə münasibət bildirməmişdir. Yazışmalarda 238 000.00 azn məbləğin əks etdirilməsinə nə ehtiyac var ki, məhkəmə həmin məbləğin yazışmalarda olmadığını qeyd edir. Onsuz da faktiki olaraq xəzinə mədaxil orderinin iş üzrə əsas sübut növü kimi çıxış etməsi həmin pulun iddiaçı tərəfindən banka ödədiyini birmənalı olaraq əks etdirir. Hansısa əlavə sübutla xəzinə mədaxil orderində olan ödəmənin təsdiqini təkzib etmək ağlabatan deyildir. “Pulu alacağınız zaman geri qaytaracağınız” kimi ifadələrin işlədilməsi isə şifahi olaraq məhkəmə iclasında bildirildiyi kimi iddiaçı pulu ödədikdən sonra cavabdehlə əlaqə yaradaraq kredit borcunu ödədiyini və problemin aradan qalxdığını bildirmiş və ödədiyi pulu geri istəmiş, cavabdeh tərəf isə pulu geri ödəyəcəyini bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş Əmrah Uçarın nümayəndəsi də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. 1088.2. İcraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir. 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə apellyasiya qaydasında iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalıdır.
17. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, cavabdehin bank qarşısında kredit öhdəliyi olmuşdur. İddiaçı ona hər hansı tapşırıq verilmədən cavabdehin bank qarşısında olan öhdəliyini icra etdiyini bildirir və ödədiyi məbləği cavabdehdən tələb edir. İddiaçı istinad etdiyi halın təsdiqi kimi bank ödəniş qəbzini təqdim edir.
18. Cavabdeh isə Bank qarşısında öhdəliyinin mövcud olduğunu, həmin öhdəliyin iddiaçı tərəfindən icra olunduğunu qəbul edir, lakin öhdəliyin icrası barədə iddiaçıya hər hansı tapşırıq vermədiyini bildirərək iddiaya etiraz edir.
19. Birinci instansiya məhkəməsi isə özgə işini tapşırıqsız icra edən icraçının işləri aparmasının sahibkarın ehtimal olunan istəyinə uyğun gəlmədiyinə istinad edərək iddianı rədd etmişdir.
20. Kollegiya birinci iinstansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun saymır və hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, bu isə düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
21. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
22. Göründüyü kimi, Mülki Məcəllənin 431.1-ci maddəsi borclunun əvəzinə üçüncü şəxsin də icra edə bilməsinin mümkünlüyünü və bu zaman buna borclunun razılığının tələb edilmədiyini müəyyən edir. Lakin qanun istisna hal kimi öhdəliyin icrasının borclunun özündən asılı olduğu, bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi halları da müəyyən edir. Baxılan iş üzrə isə belə bir istisna hal məhkəmə baxışı zamanı müəyyən edilməmişdir.
23. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
24. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə cavabdehin iddianı qismən etiraf etməsi (Banka olan borcun iddiaçı tərəfindən ödənilməsi) məhkəmə iclas protokoluna qeyd olunmuşdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən onun kreditor (Bank) qarşısında öhdəliyinin icra olunduğunu etiraf etməklə iddiaçını həmin hissədə iddianı sübut etmək vəzifəsindən azad edir.
26. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Ona görə də Kollegiya belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 238 000,00 AZN pul tutularaq iddiaçıya ödənilməlidir.
28. 36 536.26 AZN faydalanma faizinə münasibətdə isə Kollegiya belə qənaətə gəlir ki, iddiaçı həmin hissədə tələbini sübuta yetirə bilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla bağlı həmin vəsaitin məbləğindən faizlər o halda tutulur ki, iddiaçı cavabdehin bu vəsaiti özündə saxlamaqla ondan faydalandığını sübuta yetirmiş oldun. Hazırkı halda isə cavabdehin iddiaçıya məxsus pul vəsaitini özündə saxlamaqla ondan faydalanmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil.
29. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.
30. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.
33. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. Məhkəmə Kollegiyaısı hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 564,54 AZN məbləğində dövlət rüsumunun yarısı olan 282,27 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan 282,27 manat isə iddiaçının özünə aid edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 238 000 (iki yüz otuz səkkiz min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 282,27 (iki yüz səksən iki manat, iyirmi yeddi qəpik) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.