Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5196/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3254/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 20 fevral 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı ərizə ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, 20 fevral 2018-ci il tarixdə, saat 03-04 radələrində qonşuluğunda yaşayan Xəyyam və Ömərin atası onun oğlu Nihad Hüseynliyə bir neçə sillə vurmuşlar. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cavabdeh oğlu izahatında bildirmişdir ki, 20 fevral 2018-ci ildə dayısı oğlu Xəqani və 1-2 yoldaşı onlara qonaq gəlmişlər. Onları yola salan zaman həyətdə bir uşağın onun oğlu Xəyyamı döydüyünü görmüş, onları ayırmışdır. Lakin, heç kimi sillə ilə vurmamış, üzündən tutmamışdır.
2. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 2007-ci il təvəllüdlü Nihad Hüseynlinin bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, oğlunun sağlamlığına vurduğu ziyana görə 2000 manat, mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbi belə əsaslandırmışdır ki, 2007-ci il təvəllüdlü oğlu Nihad Hüseynlini 20 fevral 2018-ci il tarixdə saat 03-04 (günorta) radələrində qonşuluqda yaşayan Xəyyam və Ömər adlı uşaqların atası – cavabdeh bir neçə dəfə sillə ilə vurmuş, əli ilə üzündən tutaraq qaldırmış, hədələmişdir. Oğlu bərk qorxmuş, üzü şişmişdir. Nəticədə Nihada həm maddi, həm də mənəvi ziyan dəymişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyun 2023-cü il tarixli 2(001)-3254/2023 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarında iddiaçının oğluna xəsarət yetirilməsi ilə bağlı sübuta rast gəlinmir. Məntiqi davamlılıq olaraq, zərərin ödənilməsinin təmin edilməsi üçün yuxarıda sadalanan hüquqi əsaslar da müəyyən edilmədiyindən iddia bu hissədə tam əsassızdır və təmin edilə bilməz. İddiaçı məhkəməyə oğlunun müayinə-müalicə xərcləri ilə bağlı tibbi sənədlərin surətlərini təqdim etsə də, həmin sənədlər nəzərdən keçirilərkən onların 2022-ci ili əhatə etdikləri müəyyən edilir. Həmçinin sənədlərdə göstərilən müalicələrin 2018-ci ildə baş verdiyi iddia edilən hadisə ilə səbəbli əlaqəsinin olması sübuta yetirilmir.
7. Mənəvi zərər tələbinə münasibətdə məhkəmə göstərmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının oğlunun cavabdeh tərəfindən döyülməsi nəticəsində qorxması ilə əlaqələndirilsə də, cavabdeh tərəfindən iddiaçıya (onun oğluna) qanunsuz hərəkət (və ya hərəkətsizlik) edildiyi (övladını döyməsi kimi) sübuta yetirilmədiyindən, cavabdehin sübuta yetirilməyən hərəkətinə görə iddiaçıya mənəvi zərər vurulması ağlasığmazdır. Digər tərəfdən, 2018-ci il törədildiyi iddia edilən hərəkət (cavabdehin iddiaçının oğlunu döyməsi) nəticəsində vurulmuş mənəvi zərərin məbləğinin 5 ildən sonra hansı əsasla 3000 manat qiymətləndirilməsi də məhkəməyə aydınlaşdırılmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, hadisəni görən şahidlər də olmuşdur. Psixoloji ekspertiza təyin edilə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasında iştirak etmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
28. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
29. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarda göstərilir ki, aparılmış araşdırma zamanı azyaşlı, 2007-ci il təvəllüdlü X1 Cavabdeh oğlu tərəfindən döyülərək xəsarət alması sonuncunun və hadisənin şahidi olmuş X3 izahatları və məhkəmə-tibbi ekspertiza rəyi ilə müəyyən edilməmişdir. Cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir.
30. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının oğluna xəsarət yetirilməsi müəyyən edilməmişdir.
31. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
32. İddiaçı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə də haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
33. Mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, maddi zərər hissəsində əsassız olduğundan iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir.
34. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.
35. Apellyasiya şikayətində hər hansı konkret dəlillərə istinad edilməmiş, tələbin əsaslı olmasını təsdiq edəcək hər hansı bir hal göstərilməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
36. Kollegiya onu da qeyd edir ki, iddiaçı 2000 manat maddi ziyan, 3000 manat mənəvi ziyan tələb etdiyindən, kassasiya şikayəti verilməsi üçün də yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalı olduğundan, hazırki qətnamədən qanunvericiliyin tələbinə əsasən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3254/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.