Məhkəmə qərarları › İş №2(103)-5198/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5198/2020

24.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5198/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-239/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi zərərə görə 2000 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialı ilə arasında xx xxxxxx 2015-ci il tarixində illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 2700 manat məbləğində 1-xx.xx.2015-SM19 saylı kredit müqaviləsi rəsmiləşdirilmiş, ödəniş cədvəlinin şərtləri onunla razılaşdırılmışdır. Öz imzası ilə təsdiq edilmiş ödəniş cədvəlinin şərtlərinə görə kredit müqaviləsi üzrə 35 ay müddətinə hər ayın 26-sı olmaqla, 101,80 manat və sonuncu ayın 26-sı olmaqla, 97,99 manat ödəniş həyata keçirilməli, ümumilikdə 36 ay ərzində banka faiz dərəcəsi 960,99 manat olmaqla, cəmi 3660,99 manat ödənilməli idi. Lakin xx xxxxxx 2015-ci il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialı arasında bağlanan müqavilə zamanı bank tərəfindən imzası və möhürü olmayan, qanunsuz bir başqa ödəniş cədvəli təqdim edilmişdir. Həmin cədvələ əsasən 23 ay müddətinə hər ayın 26-sı olmaqla 138,80 manat və sonuncu ayın 26-sı olmaqla 137,08 manat ödəniş həyata keçirilməlidir. Ümumilikdə 24 ay ərzində banka faiz dərəcəsi 629,48 manat olmaqla, 3329,48 manat ödənilməli idi. Kredit müqaviləsi üzrə onun tərəfindən banka xx xxxxxx 2015-ci il tarixindən xx xxxxxx 2016-cı il tarixinədək 10 ay ərzində 140 manat, 3 ay ərzində isə 150 manat olmaqla, cəmi 1850 manat ödəniş edilmişdir. Bank tərəfindən qüvvədə olan ödəniş cədvəlinə uyğun olaraq bu məbləğlərdən ayda 101,80 manat məbləğində silinmələr aparılmış, qalıq məbləğlər isə onun hesabında saxlanılaraq vaxtaşırı əsas məbləğdən silinmişdir. Həmin ödəniş cədvəlinə uyğun olaraq 13 ay müddətinə ödəniş 1323,40 manat təşkil etmiş, həmin aylarda cari hesabda qalıq 526,60 manat təşkil edirmişdir. Sonradan onda olan məlumata əsasən xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində texniki xəta nəticəsində “Avtoödəmə” xidməti vasitəsilə aylıq 94 manat olmaqla, 6 ay ərzində əlavə olaraq 564 manat onun əmək haqqı hesabından tutulmuşdur. Halbuki, bank tərəfindən atılan bu addım heç bir əsasa söykənmədən atılmış addımdır. Belə ki, tərəflər arasında bağlanan 1-xx.xx.2015- SM19 saylı müqavilənin 7.6-cı maddəsinə əsasən borcalan tərəfindən kreditin qaytarılması ödəniş cədvəlinə uyğun olaraq bərabər hissələrlə (hər ayın 26-dan gec olmayaraq anuitetlə (bərabər hissədə) aylıq 101,80 manat məbləğində) borc alanın əmək haqqı hesabından cari hesabına vəsaitlərin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Avtoödəmə” xidməti vasitəsilə avtomatik qaydada silinməsi yolu ilə həyata keçirilir. Lakin onun banka hər ay 140 manat ödəniş etməsinə baxmayaraq, bank tərəfindən müqavilənin şərtlərinə əməl edilməyərək 101,80 manat deyil, 94 manat tutulurmuş, o, xx xxxx 2016-cı il tarixindən əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən işdən azad olunmuş və 7 ay sonra xx xxxxxx 2017-ci il tarixindən işə çıxmağına icazə verilmişdir. Belə ki, həmin müddətdə ağır xəstəliyi ilə əlaqədar olaraq xx xxxxxx 2016-cı il tarixində 1 saylı X1 əməliyyat olunmuşdur. Onun tərəfindən X2 Palatasına müraciət də ünvanlanmışdır. X2 Palatası tərəfindən ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli cavab məktubunda onun imzası ilə təsdiq edilmiş ödəniş cədvəlinin şərtlərinə görə kredit müqaviləsi üzrə 36 ay müddətinə hər ayın 26-sı olmaqla 101,80 manat məbləğində ödəniş həyata keçirilməlidir, 138,80 manat müəyyən olunan ödəniş cədvəli rəsmi sənəd hesab olunmur və hüquqi qüvvəyə malik olmadığı bildirilmişdir. X2 Palatasına tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, xx xxxx 2018-ci il tarixli cavab məktubunda vətəndaşın müraciəti ilə əlaqədar olaraq xx xxxxxx 2015-ci il tarixindən xx xxxxxx 2016-cı il tarixinədək 10 ay 140 manat, 3 ay isə 150 manat olmaqla ödənilmiş ödənişlər üzrə müvafiq güzəştlər həyata keçirilmiş, ona qarşı hər hansı bir qanun pozuntusunun aşkar edilməməsi sözləri qeyd olunmuşdur. Bundan başqa, o, əvvəlki illərdə yaranmış xəstəliyi və həmin xəstəliyin müalicəsi ilə əlaqədar olaraq 2016-cı ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən savayı, həmin illərdə “Bank of Baku” və “Unibank”a da müxtəlif məbləğlərdə kreditlər ödəyirdi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində həmin banklar qarşısında öhdəlikləri yaranmışdır. Hal-hazırda özü ağır xəstədir, həkimlər müalicə və təcili növbəti əməliyyata ehtiyac olduğunu söyləyirlər. Lakin ona heç bir bankdan yaranmış bu məsələ ilə bağlı kredit verilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 239/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən maddi zərərin əvəzi kimi 637,31 manat, mənəvi zərərə görə 300 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 967,3 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçıdan artıq ödəniş tutulması faktı nə ekspert rəyində, nə də iş üzrə təqdim edilmiş hesabdan çıxarışda öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə 300 manat mənəvi ziyanın bankdan tutularaq iddiaçıya ödənilməsinin hansı zərurətdən irəli gəldiyini əsaslandırmamışdır. Əgər iddiaçı hüquqlarının pozulduğunu və etdiyi ödənişdən artıq pulunun bankda saxlanıldığı qənaətinə gəlmişdirsə və əsassız varlanma hallarından danışılırsa, bu zaman məhkəmə ondan tutulan artıq pul vəsaitinin tələb edilməsi ilə bağlı iddia tələbi üzrə müddətin iki il olduğunu qeyd etməli idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarından müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-SM19 saylı təminatlı kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 2700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən Banka xx.xx.2018-ci il tarixdə 102 manat, xx.xx.2018-ci il tarixdə 117 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16106 saylı xx xxxxxx 2020-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-SM19 saylı kredit müqaviləsinə əsasən, borcalan tərəfindən ödəmələrdə gecikmələrə yol verilməmişdir. İddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə xx.xx.2018-ci il tarixədək 418,31 manat (3166,91 - 2748,6) məbləğində artıq ödəniş aparılmışdır. Borcalan tərəfindən aparılmış ödənişlər Bank tərəfindən əsas və faiz borcu üzrə silinmişdir. Rəydə həmçinin göstərilmişdir ki, hazırki ekspertiza zamanı tədqiqat xx.xx.2018-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında və ödəniş qəbzlərində qeyd olunan xx.xx.2018-ci il tarixli 102,0 manat, xx.xx.2018-ci il tarixli 117 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı. Mədaxil edilmiş xx.xx.2018-ci il tarixli 102,0 manat məbləğində vəsait Bank tərəfindən də əsas və ya faiz borcu üzrə silinməmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 637,31 manat (418,31+102+117=637,31) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya qeyd edir ki, məhkəmə bu nəticəyə gələrkən ekspert rəyini yalnış təfsir etmişdir. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, hesabdan çıxarış məlumatlarına əsasən iddiaçı tərəfindən banka xx.xx.2018-ci il tarixədək 2748,6 manat ödəniş edilməli olduğu halda, 3166,91 manat ödəniş aparılmışdır ki, onun da 2484,12 manatı əsas borca, 682,79 manatı faiz borcuna silinmişdir. İddiaçı tərəfindən gecikmələrə yol verilməmiş və artıq aparılmış 418,31 manat bank tərəfindən əsas və faiz borcu üzrə silinmişdir. Göründüyü kimi, iddiaçıya müqaviləyə əsasən 2700 manat məbləğində kredit verilmiş, xx.xx.2018-ci il tarixə qədər əsas borcdan 2484,12 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmiş 102 manat və xx.xx.2018-ci il tarixdə ödənilmiş 117 manat isə qalıq qalmış əsas borca silinmiş və bununla da onun kredit müqaviləsi üzrə borcu tamamilə bağlanmışdır. Görünən odur ki, artıq edilmiş ödənişlər əsas və faiz borcuna silinmişdir. Ekspert tərəfindən tərtib edilmiş ödənişlərin aparılmasına dair cədvəldən də görünür ki, iddiaçının apardığı bütün ödənişlər həmin ödəniş həddində onun əsas və faiz borcuna silinmiş və məhz bunun nəticəsidir ki, müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı öhdəliyini daha tez - xx.xx.2018-ci il tarixdə icra edib qurtarmışdır. Həmçinin Kollegiya qeyd edir ki, iddiaçının maddi zərər tələbi əsassız olduğundan, mənəvi zərər tələbi də əsassızdır və rədd edilməlidir. Ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-239/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar