Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-520/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mərdanova Xumar Afət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-899/2021saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4927,5 manat maddi zərər, 750 manat mənəvi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumi yekun olaraq 5707.5 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Xətai Rayon Məhkəməsinin 2(011)-899/2021saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi iddianı rədd edərkən, bunu faizdən faiz tutulmasının yolverilməzliyi ilə əsaslandırıb, halbuki onun iddia tələbinin əsası xeyrinə cavabdehdən tutulmuş pul məbləği barədə məhkəmə aktının bu günə qədər icra edilməməsi ilə bağlıdır ki, o, MM-in 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş məbləğ üçün illik 5 faiz ödəməni tələb edir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Xətai Rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Rəhimov İddiaçı Cavabdeh qarşı borca görə 53000 manat, məzənnə fərqinə görə 6218 manat, məhkəmə xərcinə görə 430.40 manat olmaqla, cəmi 59648.4 manatın tutulmasına dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borca görə 53000 manat, məzənnə fərqinə görə 6218 manat, məhkəmə xərcinə görə 430.40 manat olmaqla, cəmi 59648.4 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4780/2019 saylı, 03 iyul 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsindən tərəflər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən tərəflərin vermiş olduqları kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 14 aprel 2016- cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59218.4 manat (53000 manat əsas borc, 6218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5 faiz olmaqla illik 2960.92 manat, 2 illik 5921.84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, 08.02.2021-ci il tarixli qərardadının surətindən görünür ki, tələbkar İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) – 1184/2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsi üzrə ödənilməli olan 65700,24 manat pul vəsaitinə münasibətdə Azərbaycan Respublikasında inflyasiya göstəriciləri və AR Mərkəzi Bankının uçot faiz dərəcəsi nəzərə alınmaqla 2020-ci il üzrə istehlak qiymətlərinin artması ilə əlaqədar faiz dərəcəsinin 6,29% inflyasiyasının artım səviyyəsi kimi qəbul olunub ödənilməli olan 65700,24 manata tətbiq edilərək, 2020-ci il üçün 4132, 54 manat indeksasiya məbləğinin borclu Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh onun xeyrinə tutulması barədə ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2066,237 manat pul vəsaiti tutulmuşdur. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9875/2021 saylı, 03.11.2021ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8680 saylı, 05.03.2022-ci il tarixli ekspert rəyinə görə: Birinci sual üzrə: 22.01.2020-ci il tarixdən 02.11.2020-ci il tarixədək olan müddətdə 59.248.4 manat məbləğində pul vəsaitinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə görə illik 5 (beş) faiz (cərimə) borcunun məbləği 2304,10 manat məbləğində müəyyən edilir; İkinci sual üzrə: 22.01.2020-ci il tarixdən 02.11.2020-ci il tarixədək olan müddətdə 65700.24 manat məbləğində pul vəsaitinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz (cərimə) borcunun məbləği 2555,01 manat müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8680 saylı, 05.03.2022-ci il tarixli ekspert rəyinə görə: Birinci sual üzrə: 22.01.2020-ci il tarixdən 02.11.2020-ci il tarixədək olan müddətdə 59.248.4 manat məbləğində pul vəsaitinə görə illik 5 (beş) faiz (cərimə) borcunun məbləği 2304,10 manat məbləğində müəyyən edilir; Kollegiya qeyd edir ki, Xətai Rayon Məhkəməsinin 2(011) -1184 /2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulmalı olan 59.248.4 manat məbləğində pul vəsaitinə görə ekpert rəyi ilə müəyyən edilən illik 5 (beş) faiz (cərimə) borcunun məbləği 2304,10 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən ...faizdən faiz ödənilməsi yolverilməzdir. Kolegiya qeyd edir ki, maddi zərərlə bağlı iddia tələbi qalan hissədə yuxarıda qeyd edilən maddənin təsiri altına düşdüyündən təmin edilə bilməz. İddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Kollegiya hesab edir ki, bu işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərlidir. Rayon məhkəməsi hazırkı iş üzrə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iş üzrə düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş ürə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2304,10 (iki min üç yüz dörd manat 10 qəpik) manat məbləğində illik 5 (beş) faiz (cərimə) iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri, yəni iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15=45) 45 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-899/2021saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2304,10 (iki min üç yüz dörd manat 10 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15=45) 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xumar Mərdanova Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-520/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-520/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver