Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5204/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)-1553/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 700 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 aprel 2018-ci il tarixində tanış olmuşdur. 3 aydan sonra onların arasında 1 saylı Bakı «ASAN Xidmət»də 02.07.2018-ci il tarixdə rəsmi nikah bağlanılmış, bu barədə 1755 nömrəli akt qeydi aparılmışdır. Onların toy mərasimləri 05.07.2018-ci il tarixdə olmuşdur. Cavabdeh ilə evləndikdən sonra cavabdehin 2015-ci ildə «xxxx» Kommersiya Bankından götürdüyü kredit borcunu ödəmişdir. Belə ki, 27 iyul 2018-ci il tarixdə onun 1356 manat borcu vardır, həmin vaxt pulu olmadığı üçün pulu onunla evlənməmişdən qabaq aldığı üçün, ondan borc istəmiş, o da həmin məbləği anasından alaraq ona borc vermiş, o da öz adına olan krediti ödəmişdir. Bundan sonra bank qəbzini ona təqdim etmişdir. Cavabdeh 05.08.2018ci il tarixində həmin pulun 356 manatını qaytarmışdır. Bildirir ki, ailə həyatından 40 gün keçdikdən sonra 15.08.2018-ci il tarixində əri onunla bir yerdə yaşamaq istəmədəyini demiş, ona qarşı aqressiv hərəkətlər göstərmiş və onu yaşadıqları evdən gecə vaxtı qovmuşdur. Həmin vaxtdan hamilə olduğuna baxmayaraq yoldaşı onun vəziyyətilə və səhhətilə bağlı maraqlanmamışdır. 10.04.2019-cu il tarixində X2 dünyaya gəlmiş və əri tərəfindən heç bir mənəvi və maddi dəstək olmadan, bütün xərcləri özü tək başına ödəmişdir. 04.07.2019-cu il tarixində onların nikahları rəsmi pozulmuşdur. Cavabdehdən bu bir il ərzində neçə dəfə xahiş eləmişdir ki, ona olan borcunu qaytarsın. 11 iyul 2019-cu il tarixdə pulun qalan 1000 manatının 300 manatını da ona qaytarmış, hazırda ona 700 manat borcu var. Qeyd edir ki, cavabdeh yuxarıda sadaladığı yaşadığı hallardan istifadə edərək indiyə kimi ona olan borcunu tam qaytarmır. Lakin bir ildən çox keçməsinə və ayrılmaqlarına baxmayaraq o, borcu tam qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Hazırda övladını tək böyüdür və o, maddi cəhətdən çətinlik çəkir. Bundan başqa qeyd edir ki, 2018-ci ilin avqustundan sonra bu günədək onun borcunun 700 manatı hələ də qaytarılmadığından hesab edir ki, onun əsas borcdan əlavə təzminat tələb etmək hüququ yaranmışdır. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbini dəyişdirərək cavabdehdən 700 manat məbləğində əsas borcun, pul vəsaitinin gec qaytarılması ilə bağlı 280 manat əldən çıxmış faydanın, doğuş və əlaqəli xərc kimi 900 manat, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)- 1553/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, iddianın təmin olunmalı olmasını, cavabdehə kreditin bağlanmasına görə verdiyi pul vəsaitinin anasına deyil, ona məxsus olmasını, birinci instansiya məhkəməsinin həmin pul vəsaitinin anasına məxsus olması qənaətinə gəlməsinin əsassız olmasını, həmçinin iddia tələbinin dəyişdirilməsinin qəbul edilməsinə baxmayaraq doğuş və əlaqəli xərc kimi 900 manat pul tələbinə ümumiyyətlə hüquqi qiymət verilməməsini və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,cavabdehin kreditinin bağlanması üçün ödədiyi pul vəsaitinin anasından götürərək cavabdehə verməsi ilə bağlı bildirdikləri birinci instansiya məhkəməsi tərəfindən səhv təfsir edilmişdir. Belə ki, pul vəsaitini anasından götürməsi faktı pulun anasına məxsus olması anlamına gəlmir. Həmin pul vəsaiti ona məxsus olmuş, sadəcə anası saxlamışdır. Çünki, o, cavabdehlə cəmi 40 gün ailələri olmuş, sonra ayrılmışlar. Ailə quranadək isə o, anası ilə yaşamış və yığdığı pul vəsaiti həmin evdə saxlamışdır. Ailə qurduqdan sonra isə cavabdehin banka borcu olduğunu bilmiş, cavabdehə qaytarmaq şərti ilə kreditini bağlamaq üçün borc pul verə biləcəyini demiş, cavabdeh də razılaşaraq pulu ondan qəbul etmişdir. Cavabdeh sonradan borc aldığı pulun bir hissəsini də ona qaytarmışdır. Hesab edir ki, cavabdeh qalan 700 manatı ona qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra,MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan 341783 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 27.07.2018-ci il tarixdə «xxxx»KB ASC-nin 15 saylı filialının hesabına 1356 manat pul köçürülmüşdür. İşdə olan cavabdeh tərəfindən «xxxx» KB ASC-yə ünvanladığı 27.07.2018-ci il tarixli ərizədən görünür ki, o, tərəf olduğu 283tkSTB/14 nömrəli kredit müqaviləsinə bağlı olan 5292****3974, 5127****7861 nömrəli kartının bağlanmasını xahiş etmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, 02.07.2018-ci il tarixdə tərəflər birgə nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikah münasibətlərində olduqları müddət ərzində cavabdeh tərəfindən 27.07.2018-ci il tarixdə «xxxx» KB-nin 15 saylı filialının hesabına 1356 manat pul köçürülmüşdür. Həmin pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh sonradan həmin pul vəsaitindən 656 manat hissəsini iddiaçıya qaytarmış, qalan 700 manat qayatrılmamışdır. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən iddiaçının pul vəsaitini anasından alması ilə bağlı izahatını əsas tutaraq, tələb hüququnun iddiaçıya deyil, onun anasına məxsus olmasını, yəni iddiaçının subyektiv hüquqlarının olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, işdə cavabdehə verilmiş 1356 manat pul vəsaitinin iddiaçıya məxsus olmaması, pul vəsaitinin iddiaçının anasına məxsus olması və s. bu istiqamətdə hər hansı sübut mövcud deyildir. Həmçinin, iddiaçı izahatında bildirmişdir ki, müvafiq pul vəsaitinin anasından götürərək cavabdehə verməsi ilə bağlı bildirdikləri birinci instansiya məhkəməsi tərəfindən səhv təfsir edilmişdir. Belə ki, pul vəsaitini anasından götürməsi faktı pulun anasına məxsus olması anlamına gəlmir. Həmin pul vəsaiti ona məxsus olmuş, sadəcə anası saxlamışdır. Çünki, o, cavabdehlə cəmi 40 gün ailələri olmuş, sonra ayrılmışlar. Ailə quranadək isə o, anası ilə yaşamış və yığdığı pul vəsaiti həmin evdə saxlamışdır. Ailə qurduqdan sonra isə cavabdehin banka borcu olduğunu bilmiş, cavabdehə qaytarmaq şərti ilə kreditini bağlamaq üçün borc pul verə biləcəyini demiş, cavabdeh də razılaşaraq pulu ondan qəbul etmişdir. Cavabdeh sonradan borc aldığı pulun bir hissəsini də ona qaytarmışdır. Hesab edir ki, cavabdeh qalan 700 manatı ona qaytarmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda kifayət qədər subyektiv (tələb) hüquqa malikdir. Bu səbəbdən də, cavabdeh iddiaçıdan aldığı 1356 manat puldan qalıq qalmış 700 manat pulu qaytarmaq öhdəliyini daşıyır. Cavabdeh iddiaçının ona verdiyi 1356 manat pulu qaytarmalı olmamasını bildirsə də, həmin pul vəsaitindən 656 manat hissəsini qaytarması ilə pulun ona borc verilməsini bir daha etiraf etmiş sayılır. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd edilən pul vəsaitinin qaytarılmasının gecikdirilməsinə görə 280 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində təmin oluna bilməz. Çünki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin qeyd edilməlidir ki, işdə olan vəkil orderindən və qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil xidmətinə görə 110 manat pul vəsaiti ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumu 30 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi hissədə də təmin olunmalıdır (məhkəmə kollegiyası 110 manat vəkil xərcini ağlabatan olmasını nəzərə alır). MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində iddiasını dəyişdirərək, cavabdehdən həmçinin doğuş və əlaqəli xərc kimi 900 manat tələb etməsini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin tələbə ümumiyyətlə hüquqi qiymət verilməməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddiasının dəyişdirilməsinə dair ərizə təqdim etmiş, cavabdehdən 700 manat məbləğində əsas borcun, pul vəsaitinin gec qaytarılması ilə bağlı 280 manat əldən çıxmış faydanın, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi ilə yanaşı, həmçinin doğuş və əlaqəli xərc kimi 900 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın dəyişdirilməsini «cavabdehdən 700 manat məbləğində əsas borcun, pul vəsaitinin gec qaytarılması ilə bağlı 280 manat əldən çıxmış faydanın, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» hissədə qəbul edilərək mahiyyəti üzrə baxılmışdır. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərinə zidd olaraq «doğuş və əlaqəli xərc kimi 900 manat pulun da cavabdehdən tutulması» tələbinin qəbul edilməməsinin səbəblərini göstərməsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin tələbi digər tələblərlə birlikdə baxılması üçün birləşdirməkdə haqlı olmamışdır. Belə ki, MPM-nin 149.3-cü maddəsinin tələbinə görə iddiaçı bir-biri ilə bağlı olan birneçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddia tələblərindən görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü «700 manat məbləğində əsas borc, pul vəsaitinin gec qaytarılması ilə bağlı 280 manat əldən çıxmış fayda» tələbləri ilə «doğuş və əlaqəli xərc kimi 900 manat pul» tələbi bir-biri ilə əlaqəli tələblər deyildir. Bu səbəbdən də, iddiaçı «doğuş və əlaqəli xərc kimi 900 manat pulun cavabdehdən tutulması» barədə tələbini müstəqil qaydada məhkəmədə iddia qaldırmaqla irəli sürmək hüququna malikdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 700 manat pul,110manat vəkil xərci və iddia qaldırılması üçün ödənilmiş 30manat dövlət rüsumu vəsaiti tutulmalı,iddia qalan hissədə (əldən çıxmış faydanın tutulması hissədə) təmin olunmamalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)-1553/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(006)- 1553/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı oğlunun xeyrinə 700 (yeddi yüz) manat pul, 110 (bir yüz on) manat vəkil xərci və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 840 (səkkiz yüz qırx) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə (əldən çıxmış faydanın tutulması hissədə) təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5204/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5204/2020
18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver