Məhkəmə qərarları › İş №2(103)-5205/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5205/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5205/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vergi öhdəliyinin icraçısı kimi tanınması” tələbinə mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun nümayəndəsi və vəkili Nümayəndə İsgəndər oğlunun iştirakı ilə, İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamə üzrə təmsilçinin etibarnamədən istifadə edərək şəxsən özü barədə bağladığı və icra etdiyi əqd üzrə icrası məcburi olan vergi öhdəliyinin icraçısı kimi tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə etibar edən (mülkiyyətçi) X2, X4 və X5 tərəfindən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 etibarnamə verilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

2. İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayon Vergilər Şöbəsində qeydə alınmış ********** saylı VÖEN üzrə yaranmış vergi öhdəliyinin (borcun) icraçısı (ödəyicisi) qismində müştərək qaydada Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu cavabdehlərlə adi tanışlıq münasibətində olmuşdur. 2020-ci ilin may ayının 29-da çayxanada olan söhbət zamanı tək bir dəfə sərhəddən mal keçirib gətirmək üçün ondan etibarnamə istəmişlər. O razılaşıb onlara həmin günü etibarnamə vermişdir. Etibarnamənin məzmunu ilə tanış olmamışdır. Həmin vaxtdan etibarnamə verdiyini unutmuşdur və nəticəsi ilə maraqlanmamışdır. 2021-ci ildə Dövlət Vergi Xidmətindən ona məlumat gələrək bildirilmişdir ki, elektron qaydada təqdim edilmiş onlayn qeydiyyat əsasında onun adına xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN uçota alınmışdır. Həmin VÖEN üzrə ümumi dəyəri 547727.72 manat olan mal idxal edilmişdir. İdxal edilmiş malların vergi borcu 15963.74 manat təşkil edir. Yalnız həmin vaxt bilmişdir ki, adları cavabdeh kimi göstərdiyi şəxslər onun verdiyi etibarnamədən sui-istifadə edərək ölkəyə mal idxal etmişlər və idxal etdikləri malın vergi borcunu ödəməmişlər. Bundan sonra həmin şəxslərlə əlaqə saxlaya bilməmişdir. Onlar iddiaçı ilə əlaqə saxlamaqdan boyun qaçırırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onların idxal etdikləri malın vergi borcunu özləri müştərək qaydada ödəməlidirlər. Belə ki, iddiaçı cavabdehlərə etibarnamə vermiş olsa da, onlar onun adından öz mənafeləri üçün istifadə etmişlər. Ona görə də vergi orqanı qarşısında ********** nömrəli VÖEN üzrə yaranmış öhdəliyin icrası üçün və digər risklər üçün özləri öhdəliyin vəzifəsi məhkəmə qaydasında qoyulmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vergi öhdəliyinin icraçısı kimi tanınması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə iddiaçı X2 tərəfindən cavabdehlərə etibarnamə verilmiş, həmin etibarnamə əsasında iddiaçının adına VÖEN açılmış, sonradan məlum olmuşdur ki, iddiaçının ödənilməyən 15.963,74 manat məbləğində vergi borcu mövcuddur. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli etibarnamənin məzmunundan məlumatsız olduğunu və cavabdehlərin onun etibarından sui-istifadə etdiklərini iddia edərək, cavabdehlərin ********** saylı VÖEN üzrə yaranmış vergi öhdəliyinin icraçıları qismində tanınmalarını məhkəmədən tələb edir. İddiaçı etibarnaməni verdiyi zaman onun məzmunundan məlumatsız olduğunu iddia etsə də, bunu sübuta yetirə bilməmişdir.

6. Məhkəmə gəldiyi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 216- 220, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

7. Qətnamədən iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli 2(006)-2357(2023) saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehlər tək birdəfə sərhəddən mal keçirib gətirmək üçün ondan etibarnamə istəmişlər. O razılaşıb onlara həmin gün etibarnamə verib. Həmin vaxtdan etibarnamə verdiyini unudub və nəticəsi ilə maraqlanmayıb. 2021-ci ildə Dövlət Vergi xidmətindən ona məlumat gələrək bildirilmişdir ki, elektron qaydada təqdim edilmiş onlayn qeydiyyat ərizə əsasında onun adına xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN uçota alınmışdır. Həmin VÖEN üzrə ümumi dəyəri 547727.72 manat olan mal idxal edilmişdir. İdxal edilmiş malların vergi borcu 15.963,74 manat təşkil edir. Yalnız həmin vaxt bilib ki, adları cavabdeh kimi göstərdiyi şəxslər, yaxud onlardan hansısa, onun verdiyi etibarnamədən sui-istifadə edərək ölkəyə mal idxal etmişlər və idxal etdikləri malın vergi borcunu ödəməmişlər. Bundan sonra həmin şəxslərlə əlaqə saxlaya bilməyib. Onunla əlaqə saxlamaqdan boyun qaçırırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hesab edir ki, onların idxal etdikləri malın vergi borcunu özləri ödəməlidirlər. Məhkəmə hazırlıq iclasına və cəmi birdəfə keçirilmiş baxış iclasına 4 həfər cavabdehlərdən yalnız biri gəlmiş, qalan 3 nəfər cavabdeh gəlməmişlər. Məhkəmə ilk baxış iclasında işi tam və hərtərəfli araşdırmadan iddia ərizəmin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Məhkəmə digər 3 nəfər cavabdehin məhkəmə iclasında iştirak etməsinə lazımı şərait yaratmamışdır. Bir halda ki, digər 3 nəfər cavabdehin üzürsüz səbəbdən iştirak etmədiyi halda məhkəmə işə baxmaq və qərar qəbul etmək barədə qərara gəlmişdir, bu halda məhkəmə MPM-nin 185.5-ci maddəsni tətbiq etməli idi.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

9. İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, cavabdehlərdən pul tutulmasını tələb edir.

10. İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun nümayəndəsi və vəkili Nümayəndə İsgəndər oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Vergilər İdarəsi iddiaçını borclu kimi qeydə alıb, onlar da iddiaçının yox, cavabdehlərin borclu kimi tanınmasını istəyir. Qətnamədə iddiaçının etibarnamədən xəbərsiz olduğu yazılıb və o etibarnamədən xəbərdar olduğunu sübut edə bilmir. Tələbi pul tələbi deyil. Tələb cavabdehlərin borclu kimi tanınması olmalı idi. Yəni, ehtiva olunur ki,15.000 manat müştərək qaydada cavabdehlərdən alınsın.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Mülki Prosessual Məcəllə

Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

14. Belə ki, işin halları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə etibar edən (mülkiyyətçi) X2, X4 və X5 tərəfindən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 etibarnamə verilmişdir.

15. X1 məxsus xx.xx.2022-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, onun ödənilməyən 15.963,74 manat məbləğində vergi borcu mövcuddur.

16. İddiaçı hazırkı iddia ərizəsində onun tərəfindən verilmiş etibarnamə əsasında suiistifadə edilərək onun adına VÖEN-in uçotla alınması və ölkəyə onun xəbəri olmadan ölkəyə mal idxal edilməsinə istinad edərək, Füzuli rayon Vergilər Şöbəsində qeydə alınmış ********** saylı VÖEN üzrə yaranmış vergi öhdəliyinin (borcun) icraçısı (ödəyicisi) qismində müştərək qaydada Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tanınmasını xahiş etmişdir.

17. Mülki qanunvericiliyin tələbinə görə iddia ərizəsində iddiaçının tələbi qeyd edilməlidir. Hazırkı halda iddiaçı qeyri-dəqiq iddia tələbi ilə məhkəməyə müraciət edərək, VÖEN üzrə malı idxal edən şəxslər qismində cavabdehlərin tanınmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin ona hesablanan borcun yaranmasında təqsirli olduğunu iddia edirsə həmin borcun silinməsi ilə bağlı müvafiq olaraq inzibati orqana və ya cavabdehlərdən pulun tutulması – dəymiş ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

19. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd edilir ki, “...Məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır.”

20. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

21. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

22. Məhkəmə kollegiyası, həmçinin MPM-in 260.4.-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

23. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vergi öhdəliyinin (borcun) icraçısı (ödəyicisi) qismində müştərək qaydada tanınması” barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğluna iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsun. İddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu iddiaçı İsmayılov (Məmmədov) Elvin İsmayıl oğluna geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar