Məhkəmə qərarları › İş №2(103)-521/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-521/2021

01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-521/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “kooperativ pay hüququnun tanınması, mənzilin və ya onun bazar qiyməti ilə eyni olan pul vəsitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinə (MTK) və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 000 Sovet rublunun MTK-da payı kimi tanınması, bu pay onun tərəfindən tam ödənildiyi üçün kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kvadratmetr mənzilin, yaxud onun hazırkı bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi, həmçinin 15 il ərzində MTK-nın onun ev payını mənimsədiyinə, ondan faydalandığına, həmin dövrdə evsiz və paysız qalaraq kirayələrdə maddi sarsıntılar keçirdiyinə görə, hər il üçün mənzilin indiki dəyərinin 5 faizi məbləğində pulun hesablanıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni 30 000 rublun hazırki dəyərlə iddiaçıya verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini kassasiya instansiyasının qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin vəkili Vəkil və digər Cavabdeh2 isə şikayətin əsassız olduğunu bildirmişlər (Cavabdeh2 sonuncu məhkəmə iclasına xəstəliyi ilə bağlı gələ bilmədiyi barədə onun oğlu tərəfindən məhkəməyə ərizə ünvanlanmış olsa da, kollegiya əvvəlki proseslərdə həmin cavabdehin izahatını vermiş olmasını və mövqeyini bildirdiyini nəzərə alaraq işə baxılmasına qərar vermişdir). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini yalnız “30 000 rublun hazırki dəyərlə iddiaçıya verilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı “30 000 rublun hazırki dəyərlə ona verilməsi (MTK-dan mənzilin hazırkı bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi)” tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin tələb qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 4/163 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi 3224 saylı məhəllədə Bakı kooperativ texnikumu və orta texniki peşə məktəbinin işçiləri üçün 9 mərtəbəli 3 bloklu kooperativ yaşayış binasının layihələşdirilməsinə icazə verilmiş və tikinti üçün torpaq sahəsi ayrılmış, Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli 6/284 saylı qərarı ilə həmin kooperativ yaşayış binasının tikintisi 1991-ci ilin əsaslı tikinti planına daxil edilməklə sifarişçi funksiyası Bakı şəhər Sovetinin Əsaslı Tikinti idarəsinə həvalə edilmiş, baş podratçı təşkilat isə Bakı Baş Tikinti İdarəsi müəyyənləşdirilmişdir. İşin müəyyən olunan digər halına görə, İddiaçı tərəfindən “xxxx” MTK-ya ümumilikdə 30 000 rubl ödənilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1315 saylı sərəncamı ilə uzun müddət istifadə olunmadığı üçün Kooperativ Texnikumu və texniki-peşə məktəbinə Nəsimi rayonu, Pişəvari küçəsinin 3224-cü məhəlləsində kooperativ yaşayış binasının tikintisinə dair verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1989-cu il tarixli 4/163 №-li qərarı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 217 saylı sərəncamı ilə isə həmin qurumun 07.05.98-ci il tarixli 499 saylı sərəncamına Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 21.10.98-ci il tarixli 01-01/300 a №-li məktubu nəzərə alınaraq, sifarişçiyə ayrılmış ərazidə görülmüş işlərə çəkilmiş xərclərin kooperativ texnikomuna və texniki-peşə məktəbinə ödənilməsinin qanunvericiliyə müvafiq qaydada həll etməsinin tapşırılması bəndinin əlavə edilməsinə göstəriş verilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tikinti işləri Bakı şəhər Sovetinin Əsaslı Təmir İdarəsi tərəfindən həyata keçirilmiş və Respublikada bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış kəskin inflyasiya ilə bağlı kooperativ üzvləri tərəfindən ödənilən vəsait hesabına Bakı şəhər Sovetinin Əsaslı Təmir İdarəsi tikintini başa çatdıra bilməmiş, 1994-cü ildə tikinti işləri tamamilə dayandırılmış, tikinti işlərinin dayandırılması “xxxx” MTK-nın təqsirli hərəkətləri səbəbindən baş verməmiş, MTK tikinti işlərinin başa çatdırılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1315 saylı xx xxxxxx 1997-ci il tarixli sərəncamı ilə Bakı şəhər XDS İK-nin MTK-ya torpaq sahəsi ayrılması barədə xx xxx 1989-cu il tarixli 4/163 saylı qərarı ləğv edilmiş, xx xxxxxx 1997-ci il tarixli 965 saylı sərəncam ilə isə həmin torpaq sahəsi MTK-dan alınıb “xxxx” kiçik müəssisəsinə verilmiş, MTK bu qərarı mübahisələndirmiş, İqtisad Məhkəməsinin xx.xx.2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi və xüsusi qərardadı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi “xxxx” MTK-nın daimi istifadəsinə verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “xxxx“ MTK binanın tikintisinin davam etdirilməsi üçün ilkin payçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə, yəni 1 kvadrat metr üçün 180 ABŞ dolları əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK üzvlərinin xx xxxxxx 2002-ci il tarixli iclasında onun kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli qərarı ilə İddiaçı mənzil əldə etmək üçün ödədiyi 30 000 rublu “xxxx”xxxx“MTK-nın üzvlüyündən azad edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2002-ci il tarixli 7 saylı iclasın protokol qərarının ləğv edilməsi” barədə iddiası isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi işi təkrar apellyasiya baxışına göndərərkən mövqeyini belə şərh etmişdir ki, “...birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kooperativə ödənilmiş 30 000 rubl pulun ona geri qaytarılması tələbinin rədd olunması hissəsində düzgün nəticəyə gəlməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə maddi hüquq normalarının pozulması və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə nəticələnmiş, apellyasiya instansiyası məhkəməsi bu hissədə məhkəmənin buraxdığı səhvləri təkrarlamışdır. Belə ki, məhkəmələr bu hissədə iddia tələbini rədd edərkən iki hala istinad etmişlər: 1) İddiaçının bundan əvvəl başqa məhkəmə mübahisələrində qaldırdığı iddialar üzrə məhkəmə qərarları ilə müəyən edilmiş halların hazırkı işə baxılmasında üstün hüquqi qüvvəyə malik olmasına; 2) İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə. Məhkəmə kollegiyası birinci halla bağlı qeyd edir ki, iddiaçının digər məhkəmə mübahisələrində 30 000 rubl pulun hazırki dəyərinin qaytarılması ilə bağlı tələbi olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından iddiaçının bundan əvvəl belə bir tələbinin olması müəyyən edilmir. ...Əksinə, iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə iddiaçının cavabdeh MTK-ya 30 000 rubl pay haqqını ödəməsi müəyyən edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” MTK-nın üzvü və payçısı olmuş, onun MTK-ya üzv olarkən ödədiyi pul (30000 rubl) məbləği halhazırda tikilmiş və MTK-ya aid binanın layihə smeta sənədlərinin hazırlanmasına, binanın özülünün qazılmasına sərf edilmişdir. İddiaçının ödədiyi məbləğ “xxxx” MTK-ya aid binanın tikilməsinə sərf edildiyindən, iddiaçının mənzil əldə etmək üçün ödədiyi pulu (30 000 rubl pulu) MTK-dan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmiş, lakin həmin normanı hazırki işin hallarına düzgün tədbiq etməmişlər. Həmin normaya görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş qərarlara düzgün hüquqi qiymət verməmiş, Mülki Prosessual Məcəllənin qeyd edilən normasının tədbiqində səhvə yol vermişlər. Məhkəmələrin digər qənaəti iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu hissədə məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, xx xxxxxx 1990-cı il tarixli 67 saylı orderin surətindən görünür ki, İddiaçı tərəfindən pay haqqı üzrə “xxxx” MTK-ya 9000 rubl ödənilmişdir. xx xxxxxx 1992-ci il tarixli 20 saylı orderin surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” MTK-ya ilk ödəniş üzrə 21 000 rubl ödənilmişdir. Kooperativ üzvlərinin ümumi yığıncağının xx xxxxxx 2002-ci il tarixli qərarı ilə İddiaçı kooperativ üzvlüyündən xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli qərarı ilə İddiaçı mənzil əldə etmək üçün ödədiyi 30 000 rubl pulu MTK-dan tələb etmək hüququnun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ilə iddiaçı tərəfindən cavabdeh MTK-ya ümumilikdə 30 000 rubl pay haqqının ödənilməsi, onun kooperativin üzvlüyünə xitam veriləndən sonra isə həmin məbləğin ona qaytarılmaması müəyyən edilmişdir. İddiaçı kooperativə üzv qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən, əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanunun 21-ci maddəsinin 3-cü hissəsinə görə mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. xx xxxxxx 1996-cı ildə qəbul edilmiş “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, kooperativin əmlakı onun əsas fondlarından, dövriyyə vəsaitlərindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir. İddiaçı cavabdeh MTK-ya 30 000 rubl pay haqqını ödəməklə kooperativə üzv qəbul edilmiş, kooperativdə paya mülkiyyət hüququ əldə etmişdir. İddiaçı ilə kooperativ arasında olan pay haqqına əsaslanan və kooperativdə üzv olmaqla formalaşan həmin münasibətlər iddiaçı kooperatvi üzvlüyündən xaric edilənə kimi, yəni xx xxxxxx 2002-ci il tarixə davam etmişdir. Bu səbəbdən də xx xxxxxxxx 2000-ci il tarixdən sonra kooperativin üzvü İddiaçı ilə kooperativ arasındakı münasibətlərə xx xxxxxxxx 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin normaları şamil olunmalıdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən onun həmin pay haqqını tələb etməsi ilə bağlı iddia müddəti tədbiq edilə bilməzdi. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi İddiaçı cavabdeh MTK-dan 30 000 rubl pay haqqı tələbinin rədd olunması hissədəki nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə İddiaçı cavabdeh MTK-dan 30 000 rubl pay haqqı tələbinin həmin məbləğin hazırkı dəyərinə uyğun indeksasiyası aparılmaqla qanuni və əsaslı olmasına iş üzrə toplanmış sübutlara əsasən hüquqi qiymət verməlidir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının “30 000 rublun hazırki dəyərlə ona verilməsi (MTK-dan mənzilin hazırkı bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi)” tələbini təmin etmədiyi zaman hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Təkrar apellyasiya baxışı zamanı “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanuna istinadən “30 000 (otuz min) rubl pul vəsaitinin 1990-92-ci illərdə olan alıcılıq qabiliyyətinin hazırkı dövrdə hansı məbləğdə Azərbaycan manatı ilə ölçüldüyü” barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu verilmiş, sorğuya Dövlət Statistika Komitəsinin 04/1-54 saylı xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə verilən cavabda bildirilmişdir ki, Respublikada inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2020-ci ilin iyul ayında 1991-ci ilin dekabr ayına nisbətən 2654854,8 %, 1992-ci ilin dekabr ayına nisbətən 158744 % olmuşdur. Həmin cavab konkret olmadığından kollegiya tərəfindən müvafiq ekspertizalar təyin olunmuş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Fərmanına əsasən hesablama aparılaraq “30 000 (otuz min) rubl pul vəsaitinin 1990-92-ci illərdə olan alıcılıq qabiliyyətinin 2020-ci ilin dekabr ayı üçün 2096 manat təşkil etdiyi”; “X2” MMC-nin xx xxxx 2021-ci il tarixli rəyi ilə isə Dövlət Statistika Komitəsinin məlumatına istinadən müqayisəli təhlil aparılaraq həmin rəqəmin 14 882,88 manat təşkil etdiyi qənaətinə gəlinmişdir. Kollegiya hesab edir ki, “X2” MMC-nin verdiyi rəy lazımi qaydada əsaslandırılmaqla mübahisənin mahiyyətinə daha uyğundur və məhz həmin rəy əsas götürülərək iddiaçının MTK-ya 1990-92-ci illər ərzində ödədiyi 30 000 rublun əvəzi qismində MTK-dan onun xeyrinə 14 882,88 manat (AZN) tutulmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının kooperativə ödədiyi pul banka depozit olaraq qoyulan vəsait kimi qiymətləndirilə bilməz və bu mənada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məsələyə yanaşması nə işin hallarına, nə də ekspert qarşısında qoyulan sualın mahiyyətinə uyğun olmamışdır. Kollegiyanın belə mövqeyi, yəni iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin onun tələb etdiyi kimi mənzilin hazırkı bazar qiyməti ilə deyil, məhz istehlak qiymətləri indeksinə əsasən aparılması Avropa İnsan Hüquqları Məhkəməsinin bənzər işlərdəki təcrübəsinə də uyğundur. “Aka Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “...bu kimi hallarda ödənilməli olan pul məbləği toplumun ümumi tələbləri ilə fərdin əsas hüquqlarının qorunması arasında “ədalətli bir mütənasiblik” qurulmasına xidmət etməlidir. Belə bir “ədalətli mütənasibliyin” bir-birinə zidd mənfəətlər arasında qorunub-qorunmadığını qiymətləndirmək üçün daxili qanunvericiliklə indeksasiyanın aparılması şərtləri nəzərə alınmalıdır. Bu kimi mübahisələrdə, yəni ödənilməli məbləğin inflyasiya nisbətlərinə uyğunlaşdırılmasında istifadə olunan metodlarla əldə edilmək istənən məqsəd arasında müəyyən bir mütənasiblik təmin olunmalı və pul məbləğinin indeksasiyasını tələb edən şəxsin, həmçinin bunun tələb edildiyi şəxsin üzərində onların tab gətirə bilməyəcəyi bir yük qalmamalıdır...Bu cür hallarda qanunla müəyyənləşdirilmiş faiz nisbəti reallığı əks etdirməyə bilər, lakin bu vəziyyət indeksasiyanın real inflyasiya nisbətində həyata keçirilməsinə haqq qazandırmasa da, şəxsin düşdüyü vəziyyətlə də uyğun olmalı, ölkədə pulun öz dəyərini itirməsi insanları qeyri-müəyyənlik içərisində qoymamalıdır” (İş № 107/1997/891/1103). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumunun məbləği MTK-dan alınıb ona ödənilməli, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə MTK-dan tutulub müvafiq hesablara köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-333/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “30 000 rublun hazırki dəyərlə ona verilməsi (MTK-dan mənzilin hazırkı bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi)” tələbinin rədd edilməsi hissəsində ləğv olunsun. İddiaçı həmin iddia tələbi qismən təmin edilsin. “xxxx” Mənzil-Tikinti Kooperativindən 30 000 rublun hazırki dəyəri qismində 14 882,88 (on dörd min səkkiz yüz səksən iki manat 88 qəpik) manat, dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manat alınaraq İddiaçı verilsin. İddiaçı qeyd olunan iddia tələbi qalan hissədə təmin edilməsin. “xxxx” Mənzil-Tikinti Kooperativindən ekspertizaların xərcləri qismində 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22); 250 (iki yüz əlli) manat tutularaq “X2” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ30GUNA********************,Bank:“xxxx”ASC,VÖEN: **********,Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar