Məhkəmə qərarları › İş №2(103)-5210/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5210/2020

04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5210/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2020-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 vəkili (nümayəndəsi) X1, Cavabdeh2 vəkili (nümayəndəsi) X3 və iddiaçıların iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin əsassız varlanma nəticəsində onların hesabına qanunsuz əldə etdikləri 12.700 manat məbləğində pulun, avtomobilin təmir xərcləri üçün nəzərdə tutulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 avtomobil almaq niyyəti ilə “Turbo.az” internet saytında yerləşdirilən elanlara baxan zaman Cavabdeh2 tərəfindən 13.000 manata satılan “Mercedes Benz E-240” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Saytda qeyd edilmiş telefon nömrəsi vasitəsi ilə İddiaçı1 ilə əlaqə saxlamış, Sumqayıt şəhərində görüşmələri barədə razılığa gəlmiş və görüş zamanı avtomobilin satış qiymətinin 12.700 manat olması barədə razılığa gəlmişlər. Cavabdeh2 avtomobilə dair geniş səlahiyyətli etibarnamə var idi. Avtomobilin rəsmiləşdirilməsi üçün vaxtının olmaması səbəbindən İddiaçı1 qohumu olan digər İddiaçı2 12.700 manat məbləğində pul vermiş və sonuncu xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində Cavabdeh2 ilə görüşərək pulu ona vermişdir. Pulu qəbul etdikdən sonra Cavabdeh2 avtomobilə dair İddiaçı2 adına etibarnamə vermişdir. Bundan sonra İddiaçı2 avtomobili və etibarnaməni Cavabdeh2 qəbul etmiş və avtomobilə dair İddiaçı1 adına etibarnamə vermişdir. İddiaçı1 avtomobilin təmirinə 3.000 manat məbləğində xərc çəkmiş və bir müddət ərzində avtomobili idarə etmişdir. xx.xx.2019-cu il tarixdə Dövlət Yol Polisinin əməkdaşları İddiaçı1 saxlayaraq, avtomobilin axtarışda olduğunu bildirmiş və avtomobili xüsusi dayanacağa (cərimə meydançasına) aparmışlar. Sonradan iddiaçılara məlum olmuşdur ki, maşının mülkiyyətçisi – iş üzrə digər Cavabdeh1 avtomobilə dair ilk verdiyi etibarnaməni ləğv etdirmiş, bunun nəticəsində isə avtomobilə dair sonradan verilmiş etibarnamələr də, silsilə qaydada ləğv edilmiş, avtomobil Cavabdeh1 təhvil verilmişdir. Odur ki, göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, avtomobilin dəyəri olaraq onlar tərəfindən cavabdehlərə ödənilmiş 12.700 manat, avtomobilin təmirinə çəkilmiş xərcin əvəzi olan 3.000 manat, habelə cavabdehlərin yuxarıda göstərilən qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərərin əvəzi olan 5.000 manat cavabdehlərdən tutularaq onlara ödənilməldiir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, avtomobilə görə ödənilmiş 12.700 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun ½ hissəsini təşkil edən 15 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçılara ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə ilk əvvəl tələbin əsasını təşkil edən şifahi alğı-satqı münasibətlərini nəzərə almamış, işin mahiyyətinə girmədən əsassız varlanma olduğu qənaətinə gəlmişdir. Bu qənaətə gəlməsinin əsası kimi Rayon Məhkəməsi polis orqanına verilmiş izahatları əsas götürmüş, onları sübut kimi qiymətləndirilmişdir. Əslində isə mübahisəli avtomobil Cavabdeh1 adına olsa da, avtomobilin əsl sahibi faktiki olaraq X2r. S.Qədirov avtomobilin alğı-satqısını həyata keçirmək üçün avtomobili formal olaraq Cavabdeh1 adına rəsmiləşdirmişdir. Rayon Məhkəməsi isə işin bu halına qiymət verməmişdir. Bundan başqa iddia tələbi Cavabdeh2 ilə yanaşı Cavabdeh1 qarşı yönəldilsə də, Rayon Məhkəməsi heç bir əsas gətirmədən iddianı Cavabdeh1 münasibətdə tam rədd etmişdir, hal bu ki, Cavabdeh2 cəmi 1.000 manat çatmışdır Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçılar qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 iddianın qismən təmin olunması barədə Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AB seriyalı, 993738 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Mercedes Benz E-240” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 xüsusi mülkiyyətindədir. ƏN-Vİ seriyalı, 659219 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 həmin avtomobillə bağlı geniş səlahiyyətləri, hətta avtomobilin bağışlamaq səlahiyyətini İddiaçı2 etibar etmişdir. ƏN-İV seriyalı, 793329 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 qeyd edilən avtomobilin idarə edilməsi ilə bağlı səlahiyyətləri İddiaçı1 etibar etmişdir. Cavabdeh2 tərəfindən Bakı Şəhəri Baş X5 Cinayətlərin İstintaqı Şöbəsində verilmiş izahatın surətindən görünür ki, o, izahatında bildirmişdir ki, “Mercedes Benz E-240” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili Hüseyn adlı şəxsdən 11.500 manata baş etibarnamə əsasında almışdır. Həmin avtomobili xx.xx.2019-cu il tarixdə İddiaçı1 adlı şəxsin dayısı oğlu Oruc Əskərova baş etibarnamə ilə satmışdır. Sonradan avtomobilin texniki şəhadətnamə ilə Cavabdeh1 adına olmasını bilmişdir. Həmin avtomobilə dair Qurbanın Səxavət adlı qohumunun adına sürmək üçün etibarnaməsi olmuşdur. Səxavət avtomobili 11.500 manata baş etibarnamə ilə Ramal adlı şəxsə satmışdır. Ramal avtomobilə görə Səxavətə 2.500 manat pul vermiş və 9.500 manat ona borclu qalmışdır. Ramal Səxavətə borclu ola-ola avtomobili Hüseyn adlı şəxsə satmışdır. Hüseyn də ona 2.500 manat pul vermiş və həmin pulu Hüseynin 4-5 ay ərzində bağlamalı olduğunu bilmişdir. Təxminən 2- 3 ay sonra Ramal Səxavətə pul əvəzinə “Hyundai Elantra” markalı bank avtomobilini gətirib vermiş və avtomobilin 48 ay 520 manatdan banka borcu olmuşdur. Ramal avtomobilə 1.500 manat xərc qoymuşdur və 15 gündən sonra, Ramal, Babək prospektində avtomobillə hərəkətdə olan zaman avtomobili saxlanılaraq cərimə meydançasına aparılmışdır. Səxavət Qədirov tərəfindən həmin İstintaq Şöbəsində verilmiş izahatın surətindən görünür ki, o, izahatında bildirmişdir ki, o, “Mercedes Benz E 240” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır və həmin avtomobil onun qayınatası Qurbanın adına olmuşdur. Sonradan o, avtomobili 11.500 manata baş etibarnamə ilə Ramal adlı şəxsə satmış və Ramalın ona 9.500 manat borcu qalmışdır. Bir müddət sonra o bilmişdir ki, Ramal avtomaşını Hüseyn adlı şəxsə satmışdır. Ramal sonradan pul əvəzinə Səxavətə “Hyundai Elantra” markalı bank avtomobilini gətirib vermiş və avtomobilin 48 ay 520 manatdan banka borcu olmuşdur. 15 gündən sonra Ramal Babək prospektində avtomobillə hərəkətdə olan zaman avtomobili saxlanılaraq cərimə meydançasına aparılmışdır. Sonradan o avtomobil sahibinin iddia verib avtomobili sürən şəxsin ona borclu olduğunu bildirməklə avtomobilin sahibi Əli adlı şəxs tərəfindən DYPX tərəfindən saxlanması barədə müraciəti olmuşdur. Əli adlı avtomobilin ilkin sahibi həmin avtomobilə görə Hüseynin ona 11.500 manat borcu olduğunu bildirmiş və Ramal bu barədə Hüseynlə danışmış və Hüseyn borcunu etiraf etmişdir. Həmin borc Hüseyn tərəfindən ödənilmədiyinə görə Səxavət qaynatası Qurbandan avtomobilə həbs qoydurmasını istəmişdir. Qurban etibarnaməni ləğv elətdirmiş və avtomobilə həbs qoydurmuşdur. Sonra isə məlum olmuşdur ki, Ramal sözügedən avtomobili bir nəfərə, həmin şəxs isə avtomobili İddiaçı1 satmışdır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi apellyasiya baxışının predmeti olan hissə üzrə müəyyən edilir ki, İddiaçı1 ilə Cavabdeh2 arasında mübahisəli avtomobilə dair faktiki alğı-satqı münasibətləri baş tutmuş, iddiaçılar avtomobilə görə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə 12.700 manat məbləğində pul ödəmiş və avtomobili qəbul etmişlər. Onlar avtomobili qəbul etdikdən bir müddət sonra avtomobilin mülkiyyətçisi avtomobilə dair tərəfindən verilmiş etibarnaməni ləğv etdirmiş və bunun nəticəsində iddiaçıların adına verilmiş etibarnamələr də ləğv edilmiş və xx.xx.2019-cu il tarixdə avtomobil İddiaçı1 əlindən alınmışdır. Cavabdeh2 mübahisələndirdiyi hallar ondan ibarədir ki, 12.700 manat məbləğin ondan tutulması əsassızdır. Çünki həmin puldan yalnız 1.000 manat ona çatmışdır, buna görə də qalan məbləğ digər cavabdehdən tutulmalıdır. Məhkəmə cavabdehin bu dəlilləri ilə bağlı qeyd edir ki, avtomobilin iddiaçılara faktiki satılması zamanı avtomobilə sərəncam verilməsinə dair Cavabdeh2 adına etibarnamə olmuşdur. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh2 özü də apellyasiya şikayətində bildirir ki, o, avtomobili 11.500 manata Kənan adlı şəxsdən alıb. Kənan isə digər Cavabdeh1 oğlu Ramaldan almışdır. Deməli cavabdeh etiraf edir ki, mübahisəli avtomobil faktiki olaraq onun tərəfindən alınmış və faktiki sahibi o olmuşdur. Həmçinin, iddiaçılar da bildirir ki, avtomobili elanda görmüşlər, həmin elanda yerləşdirilmiş əlaqə nömrəsi Cavabdeh2 məxsus olmuş, onunla əlaqə saxlamışlar və 12.700 manatı birbaşa Cavabdeh2 vermişlər. Cavabdeh2 həmin məbləğdən 1.000 manatın ona çatdığını, qalan məbləği isə mülkiyyətçi Cavabdeh1 verdiyini bildirsə də bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, cavabdeh N.Kərimovun iddiaçılardan almış olduğu 12.700 manat pul vəsaitindən özünə cəmi 1.000 manatı saxlayaraq qalan məbləği Cavabdeh1 verməsi sübuta yetmir. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh2 iddiaçılara münasibətdə əsassız olaraq varlanmışdır. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına və apellyasiya şikayətinin dəlillərinə yanaşdıqda müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar