Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5211/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (atası) X2 iştirakı ilə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2392 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə, saat 21:10 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində “VAZ-21723” minik markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığorta növü” üzrə sığortalanmış Mövlan Vüqar Feyti oğlunun idarə etdiyi “HYUNDAİ Accent” minik markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmış, bu əməlinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. “HYUNDAİ” Accent” minik markalı avtomobilə 2492 manat maddi zərər dəymiş, sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra 100 manat şərtsiz azad olma məbləği çıxılmaqla 2392 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2382 (iki min üç yüz səksən iki) manatın, həmçinin 30 (otuz) manat dövlət rüsumunun “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının tərtib etmiş olduğu qüsur aktının onun öz maraqlarına xidmət etdiyinin nəzərə alınmadığı, yol-nəqliyyat hadisəsi zamanı zərər görmüş “Hyundai Accent” markalı avtomaşının bərpasına xərclənəcək ümumi məbləğin həddindən artıq şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmasına dair hissədə yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən,Cavabdeh xx.xx.2016-cı il tarixdə, saat 21:10 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində “VAZ-21723” minik markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən sığortalanmış Mövlan Vüqar Feyti oğlunun idarə etdiyi “HYUNDAİ Accent” minik markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmış, bu əməlinə görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan sığorta aktından və xx.xx.2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “Hyundai Accent” markalı avtomobilə dəymiş zərər 2492 manat məbləğində müəyyənləşdirilmiş, həmin məbləğdən 100 manat franşiza çıxılaraq 2392 manat ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert, “Hyundai Accent” markalı avtomobilin zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləğinin (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla təxminən 2482 manat müəyyən edildiyi nəticəsinə gəlmişdir. Kollegiya apellyatorun “iddiaçının tələb etdiyi məbləğin şişirdilməsi” dəlilini əsassız sayır; çünkü yuxarıda da qeyd olunduğu kimi, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir - iddiaçı şirkətin isə zərərçəkmiş şəxsə məhz 2392 manat ödəmiş olduğu mübahisəsizdir; həmçinin, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, “Hyundai Accent” markalı avtomobilin təmir-bərpa xərclərinin təxminən tələb edilən məbləğdə (2482 manat) təşkil etdiyi müəyyən edilmiş, həmin rəyin reallığa uyğun olmadığına dair isə apellyator tərəfindən heç bir sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi ekspertiza xərcinə dair məsələ də həllini tapmalı, keçirilmiş ekspertiza xərci Cavabdeh alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6709/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5211/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5211/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver