Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5212/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5212/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Niftalıyev Sənan Fikrət oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 18 sentyabr 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X3 ilə Cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı X3 tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsinin bağlandığını iddia edir, Cavabdeh isə tərəflər arasında yaranan münasibətlərin icarə müqaviləsindən irəli gəldiyini iddia edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 24000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 162 manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər tanıdığı və münasibətdə olduğu Cavabdeh aralarında olan şifahi razılaşmaya əssasən “Reno Megan” markalı avtomobil almış və hər gün 20 manat ödəmək şərti ilə ümumilkdə 24.000 manat pul ödəmişdir. Həmin pulu Cavabdeh ödəniş terminallları vasitəsi ilə göndərmiş və həmin qəbzləri işə əlavə etmişdir. Sonradan sözügedən ödənişlərdə 5 gün gecikmə olmuş və 5 gündən sonra həmin gecikməni də ona ödəmişdir. Bu səbəbdən cavabdeh onu Bakı şəhərinə çağırmış və avtomobili əlindən almışdır. Həmin vaxt yanında şahidləri də olmuşdur. Bundan sonra onun ona ödədiyi pulu dəfələrlə tələb etməsinə baxmayaraq hər dəfə bir bəhanə ilə qaytarmaqdan yayınmışdır. Beləliklə, cavabdehin ona 24.000 manat məbləğində borcu yaranmışdır. Bir neçə dəfə cavabdehə pulu ödəməsini tələb etsə də, o, ona yalan vədlər vermiş və onu aldatmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
4. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, o, Anarı 3 ildir ki, tanıyır. O, iddiaçıdan 3-4 ildir ki, maşın götürüb sürmüşdür. O, Anardan maşını taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. O, Anardan 2 ildir ki, “Hyundai” markalı maşını gündəlik 20 manata ödəniş etmək şərtilə götürmüşdür. Anar ona əvvəlcə 1 illik müddətinə etibarnamə vermiş, sonra isə etibarnamənin müddəti 1 il də uzadılmışdır. O, maşını taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. Taksi fəaliyyəti ilə qeyrirəsmi məşğul olur. Onu Anarla ortaq dostları tanış etmişlər. Sənan ilə Anarı o tanış etmişdir. O, Sənanı şəhərdə taksi şoferi kimi işlədiyi vaxt tanımışdır. Sənan həmin vaxt taksi fəaliyyəti ilə məşğul olurdu. Rəşad adlı şəxs onun maşını icarəyə götürdüyünü bildiyi üçün ona, Sənanın da icarəyə maşın götürmək istədiyini bildirmişdir. Bundan sonra o, Rəşad və Sənan ilə Anarın yanına getmişlər. O, Anara Sənanında ondan onun kimi, yəni eyni şərtlər ilə maşın götürmək istədiyini bildmirşdir. Onlar öz aralarında razılaşmışlar. Sonradan necə razılığa gəlmələri barədə məlumatı yoxdur. Lakin tərəflər arasında alqısatqı olmamışdır. Maşın Sənana sürmək üçün verilmişdir. Sənan maşını qaytaranda, həmçinin Sənana etibarnamə verilən zaman notariusda o da iştirak etmişdir. İddiaçının cavabdehə hər hansı ilkin ödəniş edibetməməsi haqda məlumatı yoxdur. Sənan maşını qaytardığı zaman ona Anarın özünün bildiyini demişdir. Sənan maşını qaytardıqdan sonra Anara zəng edib Sənanın maşını geri qaytardığını bildirmişdir. Anar ondan maşını götürüb sürəndə maşında nasazlıqlar olduğunu aşkar etmişdir. “Elit” Ticarət Mərkəzinin qarşısında tanış ustalara maşını göstərdikdə usta maşında olan nasazlıqları düzəltmək üçün 1700 manat vəsait lazım olduğunu bildirmişdir. Sənan isə maşın yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, “Elit” Ticarət Mərkəzinin qarşısında olarkən tərəflər arasında Anarın Sənana maşının təmiri üçün ödənilmiş pul vəsaiti ilə bağlı danışıqlar olması onun yadında deyil.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 152.8, 329.1, 329.2, 385, 386.1, 390.1, 390.2, 405.1, 406.1, 425, 441.2, 442, 600.1, 600.3, 601.1, 601.2, 650-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 82.3, 88, 115, 115.0.1, 124.2, 217.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnamənin 48-ci bölməsində qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən zaman iddiaçıdan cavabdeh ilə avtomobilləri hansı qiymətə almağa razılaşması, məbləğ ilə bağlı suallar verilsə də, o suallara dəqiq və qəti cavab verə bilməmişdir. Bu hissəyə münaaibətdə bildirir ki, məhkəmə zalında quraşdırılmış video qeyd edici kameraya baxılsa, görünər ki, o, hakimin hər bir sualına vaxtında və lazımı cavablar vermiş və əsasladırmışdır. Bundan başqa məhkəmə qətnamənin 50-ci bölməsində qeyd etmişdir ki, “iddiaçı cavabdeh ilə aralarında alqı-satqı münasibətləri yarandığını sübut etmək üçün cavabdehə ilkin ödəniş olaraq 1500 manat məbləğində pul vəsaiti verdiyini bildirməsinə baxmayaraq qeyd edilən halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.” Bu hissəyə münasibətdə qeyd edir ki, məhkəmə zalında bu halı təsdiq edəcək şahidlərinin olmasını deməsinə baxmayaraq məhkəmə nəzərə almadan qətnamədə “sübut etməmişdir” kimi qeyd etmişdir. Hansı ki, onu cavabdehlə taniş edən yuxarıda adını qeyd etdiyi tanışın vasitəsi ilə həmin ilkin ödənişi vermişdir. İlkin ödəniş etmədən isə hər-hansı avtomobili almaq mümkün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasita şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, şahidlərin dindirilməsi mütləqdir. Həmin şahidlərdən biri olan Rəşad adlı şəxs maşını ona alıb-verən adamdır, özü də cavabdehdən maşın almışdır. Onun Ağcabədidən avtomobili Bakıya gətirməsini istəyib ki, ümumi etibarnamə veriləcək. Onun çekləri vardır ki, ödənişlər etmişdir. Anarla danışmış, gün təyin etmişlər. Onun özünün şəxsi avtomobil nömrəsi olub, həmin nömrəni qeydiyyatdan keçirməli idi ki, maşında o nömrədən istifadə edə bilsin. O, maşını gecə saat 2-nin yarısı ərəfələrində 20-ci sahənin döngəsində Tarielə təhvil vermişdir. Lakin birdəfəliyə təhvil verməmişdir. Maşın onun adına keçməli olub, krediti ödəmişdir, o da Bakıya gəlmişdir. Maşını ustanın qarajına salmışlar. Maşının arxası aşağı olduğundan onu düzəltməli olmuşdur ki, texniki baxışa sala bilsin.
11. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirmişdir ki, şahidlər avtomobillərin alq-satqı əsasında alındığını sübut edə biləcək formada ifadə vermədilər. Tərəflər aralarında ilkin alqı-satqı müqaviləsi bağlaya bilərdilər. Şəxs bir avtomobili ala bilmədiyi halda 2 ay sonra digər avtomobili də götürmüşdür. Şəxs avtomobili götürdükdən sonra, 20-ci sahəyə gəlir və Tariel adlı şəxsə maşını təhvil verir, daha sonra təhvil verməsi barədə Anara məlumat verir. Səhəri gün Elit mağazasının önündə görüşürlər, avtomobilin təmir ediləsi hissələrinin çox olduğunu bildirir, lakin təmir etdirmədən avtomobili geri qaytarır. Təhvil verdikdən sonra isə ödəniş etdiyi pulların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edir. Biz məhkəmədə icraat davam etdiyi dövrdə digər ikinci Niva markalı maşını qaytarmadığına görə Ağcabədi Rayon Məhkəməsinə müraciət etdik, maşının qaytarılması ilə əlaqədar da məhkəmə qətnamə çıxardı. Şirvan Apellyasiya Məhkəməsi də qətnaməni qüvvədə saxladı. Tərəflərin niyyəti avtomobillərin alqı-satqısı deyil, həmin avtomobillərin müvəqqəti istifadəsi olmuşdur. Qeyd etdiyi məsələyə münasibətdə də bildirmək istəyir ki, əgər, həqiqətən, maşını almışdısa, təmirə xərclədiyi pulu mülkiyyətçidən niyə tələb etmişdir.
12. Apellyasiya baxışında şahid qismində izahat verən X2 öz ifadəsində bildirmişdir ki, iddiaçı dostudur. O, özü də cavabdehdən pulunu ödəyib avtomobil almışdır. İddiaçının cavabdehdən avtomobil almasında vasitəçi olmuşdur. İddiaçıya avtomobil üçün 1500 manat miqdarında ilkin ödəniş verilmişdi. Avtomobil iddiaçıda qalmaq şərtilə verilmişdir. Sonradan iddiaçı ilə cavabdeh arasında nə üçün problem yarandığını bilmir. O da Anardan maşın almışdır, görüb ki, hər hansısa problem yoxdur və onu iddiaçıya tövsiyə etmişdir. Öz maşınını Anarın özündən almayıb. Avtomobili Anarın atasından almışdır. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmək məqsədilə məhkəməyə getsə də, dindirilməmişdir. Söhbət onun yanında təxminən 3 il əvvəl olmuşdur, dəqiq vaxt yadında deyildir.
13. Apellyasiya baxışında şahid qismində izahat verən X4 öz ifadəsində bildirmişdir ki, iddiaçının xalası qızıdır. O, birinci instansiya məhkəməsində keçirilmiş hər 3 iclasda şahid qismində dindirilmək üçün gəlsə də, dindirilməmişdir. İddiaçı Rəşadla danışmış, Rəşad iddiaçıya kreditlə maşın ala biləcəyini tövsiyə etmişdir. Onlar da avtomobilin sənədləşmə prosedurunu icra etmək üçün Bayıl ərazisinə 20-ci sahəyə gəlmişlər. Daha sonra onları başqa yerə aparmışlar. Onlar hətta əvvəldən avtomobilə ilkin ödəniş kimi 1500 manat pul vermişlər. İddiaçıya rəsmiləşdirmə aparmasını təklif etmişdir. Anar isə indiyə kimi bu cür işlərdə hər hansı problemin olmadığını bildirib onları arxayın etmişdir. Söhbət onun yanında olmuşdur. O istəmişdir ki, tərəflər arasındakı münasibətlər müqavilə ilə rəsmiləşsin.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
17. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
18. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
19. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
29. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
30. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"
31. Bənd 2. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.44. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
39. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. Belə ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış əşyanının hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Göstərilən arqumentə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Hal-hazırki iddianın predmeti olan 24.000 manat pul məbləği iddiaçının qarşılığında almağı razılaşdırdıqlarını iddia etdiyi avtomobilin müqabilində cavabdehdən tələb edilir. Buna görə də ilk növbədə tərəflərin arasında etibarlı alqı-satqı münasibətlərinin olub-olmaması müəyyənləşdirilməli, olduğu təqdirdə tərəflərin bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edib-etməmələri yoxlanılmalıdır.
45. Belə ki, Mülki Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
46. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göstərilən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
47. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi əqdin etibarlı hesab olunması və ondan irəli gələn öhdəliklərin icrasının tələb olunması üçün bir sıra şərtlərlə yanaşı, həmin əqdin bağlanmasına dair forma şərtlərinə də əməl edilməsi mühüm rol oynayır.
48. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
49. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı tərəflər arasında nisyə alqısatqı müqaviləsinin bağlandığını və 24.000 manat pulu həmin müqavilə üzrə avtomobilin alınması üçün ödənildiyini bildirsə də, onların arasında nəinki əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutan alqı-satqı müqaviləsi, ümumiyyətlə, heç bir qeydə alınmış əqd bağlanmamış, predmeti bu cür reyestrdə qeydə alınmalı daşınar əşya olan müqavilə üçün qanunvericiliklə müəyyən edilmiş forma tələbləri mövcud olsa da, bu tələblərə əməl edilməsi ilə bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir.
50. Halbuki qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələri rəsmi reyetrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, nəqliyyat vasitələrinə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanaraq notarial qaydada təsdiq edildiyi halda etibarlı olur və həmin əqd üzrə hüquqi nəticələrin yaranmasına səbəb olur.
51. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır.
52. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.
54. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında etibarlı alqısatqı münasibətləri yaranmamış, buna görə də cavabdehin iddiaçıya mövcud olmayan müqavilə üzrə əmlakı təhvil verməsi, əks halda ödənilən pulu qaytarması kimi bir öhdəliyi mövcud olmamışdır.
55. Bundan əlavə qeyd edilməlidir ki, həmin müddət ərzində cavabdehin mülkiyyətində olan sözügedən avtomobilin məhz iddiaçının istifadəsində olması və dövri olaraq iddiaçıya müəyyən haqq ödəməsi işin mübahisəsiz halını təşkil edir. Bu da o deməkdir ki, iddiaçı cavabdehin əsassız olaraq 24.000 manat məbləğində pul əldə etdiyini bildirsə də, mübahisə yaranan vaxtadək cavabdehə məxsus avtomobildən istifadə etməsini və həmin münasibətlərin daha çox icarə müqaviləsinin xarakterinə uyğun gəldiyini nəzərə almamış, bu halın əvəzsiz istifadə və ya alqı-satqı müqaviləsindən irəli gəlməsinin mümkünlüyünə dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyən edilmişdir ki, iddiaçı həmin nəqliyyat vasitəsini özü cavabdeh tərəfə təhvil vermişdir.
56. Kollegiya ddiaçının cavabdeh ilə aralarında alqı-satqı münasibətləri yarandığını sübut etmək üçün cavabdehə ilkin ödəniş olaraq 1500 manat məbləğində pul vəsaiti verməsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin dəlillərin əsasında iddiaçının məhkəməyə dəvət etdiyi şahid ifadələri durmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin şahidlərin dindirilməsindən imtina olunduğu bildirilmişdir.
57. Mülki Prosessual Məcəllənin 380.2-ci maddəsinə əsasən tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Qeyd edilən normanın tələblərindən irəli gələrək iddiaçının dostu X2 və xalası qızı X4 apellyasiya baxışında şahid qismində ifadə vermiş, iddiaçı tərəfindən 1500 manat məbləğində ilkin ödəniş etdiyini bildirmişlər.
58. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.
59. Lakin göstərilən sübut növünə münasibətdə kollegiya qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi apellyasiya icraatında dindirilən şahidlərdən biri iddiaçının dostu, digəri isə onun xalası qızıdır. Bu halda həmin şəxslərin işin nəticəsində hüquqi baxımdan maraqlı olmaları böyük ehtimal daşımaqla mübahisənin həqiqi halları ilə bağlı düzgün ifadə vermələri məhkəmə üçün şübhə doğurur. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin göstərilən hissədə də ləğv edilməsi üçün əsas deyildir.
60. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı X3 Cavabdeh ilə aralarında əşyanın hissə-hissə ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlandığını iddia etsədə, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə hansısa mötəbər sübut təqdim etməmişdir.
61. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
62. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
64. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri göstərilən hissədə də əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
65. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova