Məhkəmə qərarları › İş №2(103)-5214/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5214/2025

12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5214/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Rayon Məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh isə işin baxılmasını tələb etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını, iddia ərizəsinə dair mülki işə mahiyyəti üzrə baxılmasını və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında mübahisə uzun illərdir ki davam edir və həmin mübahisə ilə əlaqədar məhkəmənin icraatında olan hazırkı mülki iş iddiaçının iradəsinin əleyhinə baxılmamış saxlanmışdır. Halbuki mülki işin gedişində cavabdehin vəkili (nümayəndəsi) onların barışığa gələ biləcəyini, bununla bağlı iddiaçıya düzgün formada müqavilə və “Maliyyə arayışı” verə biləcəyini bildirmişdir Lakin məhkəmə baxışında cavabdehin vəkili (nümayəndəsi) iddiaçıya zəng edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin imtinası olmadığından iddianın baxılmamış saxlanmasını iddiaçıya məsləhət görmüş, iddiaçıda da hüquqşünas olmadığından onunla razılaşmışdır. Hazırda isə iddiaçı, həmin qərardadın ləğv olunmasını, iddia ərizəsinə dair mülki işə mahiyyəti üzrə baxılmasını və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini istəyir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməməsini və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinin mənasına görə, vəkil, təmsil etdiyi şəxsin ona verdiyi tapşırıq ilə vəkalət əsasında məhkəmə prosesində çıxış edir və təmsil etdiyi şəxsin mövqeyindən çıxış edərək, həmin şəxsin adından prosessual hərəkətləri yerinə yetirir, o cümlədən məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək hüququna malikdir (maddə 68.2.). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1.). İş materiallarından görünür ki, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. MPM-in 259.0.11-ci maddəsinə görə isə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən prosessual hüquq normasının tələbindən göründüyü kimi, iddia ərizənin baxılmamış saxlanması üçün iki şərtin eyni zamanda mövcud olması tələb olunur: iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verilməli və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməməlidir. İş materiallarından görünür ki, qeyd edilən hər iki şərt hazırkı işdə mövcuddur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsasla iddia ərizəsini baxılmamış saxlanılması haqqında qərardad qəbul etməkdə haqlı olmuşdur. Qərardaddan verilmiş şikayətin dəlillərinə gəldikdə isə Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənləri Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə görə, qanunu bilməmək məsuliyyətdən azad etmir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar