Məhkəmə qərarları › İş №2(103)-5217/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5217/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5217/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi- vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-2643/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdeh ondan 57580 ABŞ dolları məbləğində borc almış və borcu ödəməkdən yayınmışdır. Buna görə də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57580 ABŞ dolları məbləğində borc pulun, mənəvi zərərə görə 10000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cu ilin yanvar ayında ev almaq məqsədilə əmək haqqı ilə yığdığı 81830 manat pulu dollara çevirmək üçün ailəvi (dost) münasibətdə olduğu Maraqlı şəxs zəng vuraraq xahiş etmişdir ki, onun oğlu Cavabdeh iddiaçıya kömək etsin. Belə ki, Maraqlı şəxs sözlərinə görə oğlu Cavabdeh “xarici şirkətdə işləyir və işçilərinə əmək haqlarını dollarla ödəyir.” Maraqlı şəxs də oğluna bu barədə məlumat vermiş, oğlu Cavabdeh də buna etiraz etmədiyini bildirmişdir. Beləliklə, Cavabdeh də pulunu Həsən Əliyev küçəsində yerləşən "xxxx" ASC-də “Mamed” adlı şəxsin vasitəsilə 49000 ABŞ dollarına dəyişdi. Daha sonra Cavabdeh iddiaçını şəxsi maşını ilə anası Maraqlı şəxs evinə apardı. Cavabdeh anasının yanında iddiaçıya pulunu evdə saxlamaq əvəzinə ona borc olaraq verməyini, pulu isə özünün şəxsi biznesinə sərf edəcəyini və pul iddiaçıya lazım olduqda maksimum 3 gün müddətində qaytaracağını bildirdi. İddiaçı Maraqlı şəxs oğlu Natiqə etibar edə biləcəyini soruşduqda, anası tam əminliklə heç bir narahatçılığın olmayacağını bildirdi. Hətta Cavabdeh bu zaman ona inanmağını sübut etmək üçün hələlik ayda 600 ABŞ dollar iddiaçıya qaytaracığını bildirdi. İddiaçı da belə olan halda 600 ABŞ dolların 500-nü iddiaçıya verməyi, 100-nü isə şirinlik məqsədilə anası Maraqlı şəxs verməsini bildirmişdir. 2016-ci ilin fevral ayından 2018-ci ilin sentyabr ayına qədər Cavabdeh anası Maraqlı şəxs vasitəsilə iddiaçıya borc olduğu puldan hər ay 500 ABŞ dolları olmaqla, ümumilikdə 16500 ABŞ dolları iddiaçıya vermişdi. 2018-ci ilin oktyabr ayının əvvəlində Cavabdeh anası Maraqlı şəxs iddiaçının yaşadığı evə gələrək, oğlu Natiqə yenidən pul lazım olduğunu və ona 5000 ABŞ dolları verməyini xahiş etdi. İddiaçı da onun bu sözlərinə aldanaraq 5000 dolları ona vermişdir. Lakin iddiaçıdan borc götürdüyü 5000 dolları qaytarmaq əvəzinə oğlu Natiqə yenidən pul lazım olduğuna görə iddiaçıda olan bütün pulları istədi. İddiaçı yenə ailəvi münasibətlərini nəzərə alaraq əlində olan 15000 dolları da Maraqlı şəxs vermişdir. Beləliklə, Cavabdeh iddiaçıya 52500 ABŞ dolları borcu qalmışdır. 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayına qədər Maraqlı şəxs vasitəsilə iddiaçıya borc olduğu puldan hər ay 690 ABŞ dolları olmaqla, ümumilikdə, 5520 ABŞ dolları iddiaçıya vermişdir. Həmin vaxt, yəni 2019-cu ilin iyun ayında Cavabdeh iddiaçıya 46980 ABŞ dollar borcu qaldı. 2019-cu ilin iyul ayında Maraqlı şəxs iddiaçının yaşadığı ünvana gələrək, ağlaya ağlaya Natiqin işlərinin yaxşı getmədiyni, məcbur olub Elmlər Akademiyası tərəfdə ona məxsus olan, kirayə verdiyi evini satdığını bildirdi. Maraqlı şəxs yalvararaq Natiqə yenidən borca pul verməyini istədi və digər oğlu Vüqarın Badamdar qəsəbəsində yerləşən 3 sot torpaqlarını satacaqlarını və iddiaçının bütün pullarını verəcəyini bildirdi. İddiaçı da özündə olan-qalan 10000 ABŞ dolları pulu ona yenidən borca vermişdir. Beləliklə, Cavabdeh iddiaçıya 56980 dollar borcu qalmışdır. 2019-cu ilin avqust ayında Cavabdeh anası Maraqlı şəxs vasitəsilə iddiaçıya 1400 dollar vermişdir. Onun iddiaçıya 55580 ABŞ dollar borcu qalmışdır. İddiaçıya pul lazım olduğuna görə 2019-cu ilin noyabr ayında Maraqlı şəxs zəng edərək oğlu Natiqin iddiaçıya borclu olduğu 55580 ABŞ dolları qaytarmasını bildirmişdir. Maraqlı şəxs isə Natiqin müflis olduğunu, pulu iddiaçıya hələlik verə bilməyəcəyini bildirdi. Natiqlə iddiaçının özünün əlaqə saxlamağını bildirdi. İddiaçı Natiqə zəng edərək borcunu istədikdə, işlərinin yaxşı getmədiyini, problemləri olduğunu, ona möhlət verməyini istədi və iddiaçıya olan borcunu artıqlaması ilə verəcəyini bildirdi. İddiaçı da bununla razılaşmışdır. Bu söhbətlərdən sonra Natiq özü bayramlarda iddiaçıya zəng edərək bayramlaşır, işlərini yavaş-yavaş qaydaya saldığına görə iddiaçıya olan borcunu tezliklə qaytaracağını demişdir. 2020-ci ilin avqustunda Cavabdeh iddiaçıya zəng edərək yaşadığı ünvana gələcəyini bildirdi. İddiaçı da borcu qaytaracağına görə gəldiyini zənn etmişdir. O, iddiaçıya işlərinin artıq düzəldiyini, sentyabr ayında iddiaçının pulunun hamısını qaytaracağını bildirdi. X8 məktəbə daxil olduğunu, onun təhsil haqqını ödəməli olduğunu, ona 2000 ABŞ dolları verməyini istədi. İddiaçı yenidən onun yalan vədlərinə aldanaraq ona 2000 ABŞ dolları vermişdir. Beləliklə, Cavabdeh iddiaçıya 57580 ABŞ dollar borcu qalmışdır. İddiaçı dəfələrlə Cavabdeh zəng edərək borcun qaytarılmasını bildirsə də, o, hər dəfə bir bəhanə gətirərək iddiaçının pulunu verməkdən yayınmışdır. Onunla hər dəfə danışandan sonra iddiaçı psixoloji gərginlik yaşayır. İddiaçı həmçinin qeyd etmişdir ki, 2017-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir və ona əsəbiləşmək olmaz. Lakin Cavabdeh təqsirli hərəkəti iddiaçının səhhətinə də mənfi təsir edir. İddiaçıya ağır gələn həm də odur ki, həmin pulları illərlə maaşını yığaraq toplamışdır. Qeyd olunanlarla əlaqədar iddiaçı tərəfindən Yasamal RPİnin 27-ci PB-yə şikayət edilmişdir. İddiaçının ərizəsi “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında” HK-1/2077 nömrə ilə qeydiyyata alınaraq Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Tahir Əzizov tərəfindən araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-yə göndərilmiş, xx.xx.2023-cü ildən Yasamal RPİnin İŞ-nin müstəntiqi X4 tərəfindən ilkin yoxlama aparılmışdır. 28 yanvar 2022-ci il tarixdə Yasamal RPİ-nin İŞnin müstəntiqi X4 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-2643/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 57580 (əlli yeddi min beş yüz səksən) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün 398 manat dövlət rüsumunun 92%, yəni 366 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qalan 9%, yəni 32 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum qərarları, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları Avropa İnsan Hüquqları Məhkəməsinin presendenləri ilə əsaslandıraraq göstərmişdir ki, mülki işin materialları, iddia ərizəsinin məzmunu və Yasamal Rayon Polis İdarəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, iddiaçı ilə cavabdeh arasında ailəvi (dost) münasibətləri olmuşdur. Cavabdeh İddiaçı ümumilikdə 81000 ABŞ dolları borc aldığını izahatında təsdiq etmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 57580 (əlli yeddi min beş yüz səksən) ABŞ dolları tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərər ağlabatan məbləğdə - 1000 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 2015-ci ilin may ayında cavabdehin atasının 40-cı gün yas mərasimində iştirak edən İddiaçı, Maraqlı şəxs evində ona yaxınlaşaraq özündə olan Azərbaycan manatlarının ABŞ dollarına çevirmək istədiyini bildirmiş və bu işdə ona köməklik etməyini ondan xahiş etmişdir. Belə olduqda cavabdeh İddiaçı ilə Maraqlı şəxs arasında olan yaxın münasibətləri nəzərə alaraq iddiaçıya bu işdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra cavabdeh iddiaçı ilə birlikdə pulu götürüb İnqlab küçəsindəki AzərTurk bankına gedib manatı ABŞ dollarına dəyişdirmiş və dəyişdirilən pulun miqdarı 48000 ABŞ dolları olmuşdur. Bu dollarları aldıqdan sonra İddiaçı həmin bu puldan gəlir əldə etmək istədiyini Cavabdeh bildirmiş və öz təşəbbüsü ilə cavabdehə müraciət edərək həmin 48000 ABŞ dollarını cavabdehə verdiyi halda ona hər ay nə qədər gəlir verə biləcəyi barədə maraqlanmışdır. Cavabdeh də ona hər ay 600 ABŞ dolları verə biləcəyini bildirmiş və İddiaçı da cavabdehin bu cavabı ilə razı olaraq könüllü şəkildə öz təşəbbüsü ilə ayda cavabdeh tərəfindən ona 600 ABŞ dolları vermək şərti ilə razılaşaraq Cavabdeh 48000 ABŞ dolları vermişdir. Cavabdeh 2015-ci ilin iyun ayından etibarən 2019-cu ilin avqust ayına kimi Maraqlı şəxs vasitəsilə İddiaçı hər ay 600 ABŞ dollar pulu vermişdir. Belə ki, bu pulları ya cavabdehin anası iddiaçının evinə aparıb vermiş, ya da iddiaçı cavabdehin anası Maraqlı şəxs gildən götürmüşdür. Beləliklə də, 2015-cii lin iyun ayından 2019-cu ilin avqust ayına kimi Cavabdeh İddiaçı 51 ay, 600 ABŞ dollarından hesab etməklə 30600 ABŞ dolları gəlir olaraq vermişdir. 2019-cu ilin avqust ayında cavabdehin anası iddiaçıya növbəti aylıq gəliri, yəni 600 ABŞ dollarını vermək üçün İddiaçı evinə getdiyi zaman, cavabdehin anası Maraqlı şəxs iddiaçının evinə qalxdıqda cavabdeh maşında oturub anasını gözlədikdən az bir müddət keçdikdən sonra Maraqlı şəxs geri qayıdaraq iddiaçı tərəfindən ona verilmiş 21000 ABŞ dollarını cavabdehə verdi. Pulu verərkən cavabdehin anası bildirdi ki, həmin pulu İddiaçı əlavə gəlir əldə etməsi məqsədi ilə könüllü şəkildə öz təşəbbüsü ilə vermişdir. İddiaçı onu da bildirmişdir ki, cavabdehə əvvəllər verdiyi pullara əlavə olaraq ayda ona gəlir kimi 600 ABŞ dolları yox, 900 ABŞ dolları cavabdehin verəcəyini qərarlaşdırıb. Cavabdeh də öz növbəsində iddiaçının Maraqlı şəxs verdiyi 21000 ABŞ dollarını alaraq bundan sonra 2019-cu ilin sentyabr ayından başlayaraq 2020-ci ilin fevral ayına kimi cavabdehin anası Maraqlı şəxs vasitəsilə iddiaçıya hər ay 900 ABŞ dolları vermişdir. Onu da mütləq vurğulamaq lazımdır ki, 2015-ci ilin iyun ayından 2020-ci ilin fevral ayına kimi cavabdeh iddiaçıya Maraqlı şəxs vasitəsilə 35100 ABŞ dolları vermişdir. Daha sonra iş üzrə cavabdeh oğlunun təhsil ödənişini ödəmək üçün 2020-ci ilin dekabr ayında əlavə olaraq iddiaçıdan kömək məqsədi ilə, verdiyi puldan gəlir almamaq şərti ilə 2000 ABŞ dolları almışdır. Bundan başqa sonradan cavabdehə məlum olmuşdur ki, 2020-ci ilin sentyabr ayında cavabdehin anası Maraqlı şəxs iddiaçıdan 10000 ABŞ dolları almışdır. Qeyd etmək zəruridir ki, cavabdeh iddiaçı ilə 2015-ci ilin aprelayında şəxsən tanış olduğu zaman Cavabdeh həmin vaxt Azərbaycanda fəaliyyət göstərən "xxxx" MMC şikrkətində rəhbər vəzifəsində işləyirdi və maliyyə vəziyyəti kifayət qədər yaxşı idi. İddiaçı da bu barədə xəbəri var idi. Belə ki, iddiaçının cavabdehə qazanc məqsədi ilə pulu verməsinin əsas səbəbi Cavabdeh maliyyə vəziyyətinin kifayət qədər yaxşı olması olmuşdur. 2020-ci ilin əvvəllərində dünyada, həmçinin Azərbaycanda başlayan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq iqtisadi vəziyyət çətinləşmiş, cavabdehin rəhbər vəzifəsində işlədiyi şirkətin işləri kəskin şəkildə aşağı düşməsi səbəbi ilə Cavabdeh da maliyyə vəziyyəti kəskin şəkildə pisləşmişdir. Cavabdehin işlədiyi həmin şirkət öz fəaliyyətini 2020-ci ilin əvvəllərində dayandırmışdır. Təəssüflər olsun ki, cavabdeh iddiaçıya əvvəllər verdiyi pulları verə bilməmişdir. Lakin, buna baxmayaraq, cavabdeh borc pulun qaytarılması üçün heç bir bəhanələr gətirməyərək iddiaçıya pulu verməkdən yayınmamışdır. Belə ki, Cavabdeh tərəfindən göndərilən smslərdən də göründüyü kimi o, borc pulu qatarmaq üçün əlidən gələni əsirgəməyərək borc pulu qaytarmağa çalışmışdır. Həmçinin iş materiallarında olan CD Diskdə olan telefon danışıqlarından da göründüyü kimi Cavabdeh İddiaçıƏziz qızı ilə telefon danışığı zamanı İddiaçı olan borcunu əlində olan torpaq sahələrini satmaqla ödəyəcəyini, pulun ödənilməsi üçün möhlət verilməsini, ödənişi hissə-hissə 15000-20000 olmaqla həyata keçirəcəyini bildirmişdir. cavabdeh borc pulu qaytarmağa çalışsa belə, iddiaçı cavabdehin borc pulu qaytarmaq üçün etdiyi səyləri nəzərə almamaqla mövcud məsələ ilə əlaqədar olaraq Yasamal RPİ-nin 27-ci PB-nəşikayət etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh izahat verərək, həmçinin məhkəmə kollegiyasına ərizə təqdim edərək həqiqətən də iddiaçıya 57580 ABŞ dolları məbləğində borcu olduğunu göstərib, hazırda onu ödəmək imkanı olmadığından hissəhissə ödəməsinə köməklik göstərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilənlərə əsasən qeyd edir ki, qətnamə təmin olunmuş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə “iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən etdiyi hallara” istinad etsə də, məhkəmə iclas protokollarında yalnız mülki iş materiallarının elan edilməsi göstərilsə də, həmin “CD” diskin tərəflərin iştirakı ilə dinlənilərək digər sübutlarla yanaşı yoxlanılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verməklə, tərəflərin iştirakı ilə dinlənilməmiş, digər sübutlarla yanaşı yoxlanılmamış və iş materiallarına əlavə edilməmiş sübuta istinad etməklə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 57580 ABŞ dollar məbləğində borc pulun və mənəvi zərərə görə 10000 manat pulun cavabdehdən alınaraq geri qaytarılması barədə olduğu halda birinci instansiya məhkəməsi mənəvi zərər ilə bağlı qanunvericilikdə göstərilən normalara əsaslanmaqla mövcud mübahisənin əsas predmeti olan borc ilə bağlı qanunvericilik normalarına, ümumiyyətlə, istinad etməmiş, borc münasibətlərini maddi zərər kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi yazılı ərizəsində iddia tələbini qismən qəbul edərək 57580 ABŞ dollarını qəbul edir, lakin həmin məbləği hissə-hissə ödəməyi xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iştirak etməsə də, cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, o iddiaçıya olan borcunu inkar etmir, hətta özü iddiaçı tərəfin təqdim etdiyi CD disklə bağlı apellyasiya şikayətində göstərmişdir ki, telefon danışıqlarından və smsdən göründüyü kimi o, borc pulu qaytarmaq üçün çalışmış və niyyətində dələduzluq məqsədi olmamışdır. Başqa sözlə, apellyator iddiaçının məhkəmə iclasında verdiyi izahatlarında cavabdehin borc pulu qəsdən qaytarmadığını bildirməklə ona maddi və mənəvi zərər vurduğunu bildirməsindən narazılıq edir. Çünki apellyasiya instansiyası məhkəməsinin iclasında o, iddiaçıya maddi zərər vurmamasını göstərərək, borcu etiraf edərək təqdim etdiyi ərizəsində göstərdiyi kimi, hissə-hissə qaytarılmasına şərait yaradılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi iddianı qismən qəbul etməsi iddianın borc pul hissəsi ilə bağlıdır. Yəni, iddiaçı tələb olunan pul hissəsində iddianı qəbul edir, mənəvi ziyan hissəsində isə etiraf etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi iddianın borc pul hissəsi ilə bağlı hissəsində iddianı qismən qəbul etməsinə dair ərizə qanuna zidd olmadığından qəbul edilməlidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi iddianın borc pul hissəsi ilə bağlı hissəsində iddianı qismən qəbul etməsi faktı olduğu üçün onun apellyasiya şikayətinin bor pul ilə bağlı digər dəlilləri üzrə ətraflı araşdırma aparılmasına zərurət yoxdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mənəvi zərərlə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi cavabdeh tərəfindən iddiaçı ilə aralarında ailəvi dost münasibətləri olduğu halda aldığı borcu vaxtında və tələb olunarkən qaytarmaması faktı özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Belə olan halda kollegiya cavabdehdən iddiaçının xeyrinə 1000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu əsasda qismən təmin edilməli, cavabdehdən 57580 ABŞ dolları və 1000 (min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi yazılı ərizəsində iddia tələbini qismən qəbul edərək 57580 ABŞ dollarını qəbul etdiyi halda, həmin məbləği hissə-hissə ödəməyi xahiş etməsinə qiymət verərək hesab edir ki, bu cavabdehin hüququ olmaqla, qətnamənin icra qaydasında həll olunan məsəsələrə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, iddia qismən təmin edildiyi üçün 398 manat dövlət rüsumunun 92%, yəni 366 manatın Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan 9%, yəni 32 manatın iddiaçıya aid edilməlidir Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2643/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 57580 (əlli yeddi min beş yüz səksən) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün 398 manat dövlət rüsumunun 92%, yəni 366 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 9%, yəni 32 manat iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar