Məhkəmə qərarları › İş №2(103)-5217/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5217/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5217/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(006)-2271/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 oktyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarı ilə material üzrə İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 oktyabr 2020-ci il tarixdə saat 20:30 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır.

2. 30 oktyabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır.

3. Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 4(012)-538/2020 nömrəli qərarı ilə təqdimatın təmin edilməsi, təqsirləndirilən İddiaçı haqqında həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanma müddətinin 04 ay müddətinə müəyyən edilməsi və həbsdə saxlanma müddətinin əvvəlinin 28 oktyabr 2020-ci il tarixindən hesablanması qərara alınmışdır.

4. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 4(012)-18/2021 nömrəli qərarı ilə vəsatətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilen İddiaçı barəsində seçilmiş "həbs" qətimkan tədbiri "ev dustaqlığı" qədimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(124)-2/2023 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 1(105)-354/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 1(102)-382/2024 nömrəli qərarı ilə verilmiş kassasiya protestinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2023-cü il tarixli qərarının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən vurulmuş maddi ziyana görə 16500 manat məbləğində, 50000 manat mənəvi zərərə görə, cəmi 66500 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 30 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Abşeron rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 vermiş olduğu vəsatət təmin edilərək, İddiaçı barəsində 04 ay müddətinə "həbs" növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 vermiş olduğu vəsatət təmin edilərək, İddiaçı barəsində 04 ay müddətinə "həbs" növündə qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz olunmuşdur. Abşeron rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 vermiş olduğu vəsatət təmin edilərək, İddiaçı barəsində seçilmiş "ev dustaqlığı" növündə qətimkan tədbirinin müddəti 03 ay müddətində, yəni 28 may 2021-ci il tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin 28 may 2021-ci il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 vermiş olduğu vəsatət təmin edilərək, İddiaçı barəsində seçilmiş "ev dustaqlığı" növündə qətimkan tədbirinin müddəti 02 ay müddətində, yəni 28 iyul 2021-ci il tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarına əsasən, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis X2 vermiş olduğu vəsatət təmin edilərək, İddiaçı barəsində seçilmiş "ev dustaqlığı" növündə qətimkan tədbirinin müddəti 01 ay müddətində, yəni 28 avqust 2021-ci il tarixədək uzadılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Daha sonra Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(124)-2/2023 nömrəli hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Apellyasiya Məhkəməsi 03 avqust 2023-cü il tarixdə baxaraq, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(124)-2/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış və Apellyasiya protesti təmin edilməmişdir. Belə ki, məni qanunuz olaraq 28 oktyabr 2020-ci il tarixdən 03 avqust 2023-ci il tarixinədək (2 ildən çox müddətə), yəni 2 il 9 ay müddətinə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəmdə qətimkan tədbiri tətbiq edilərək qanunsuz məhkəməyə verilmişəm. Bu müddət ərzində mənim və ailəmin maddi durumumuz olduqca acınacaqlı vəziyyətə düşərək böyük mənəvi sarsıntılarda keçirmişdir. Tutulmamışdan əvvəl ayda 500 manat işləyib pul qazanırdi. Həbsdə olduğu müddətdə 33 ay işləməməklə 16500 manat maddi ziyan dəymişdir. Həmən ziyan ona ödənilməlidir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmasını və həbsdə saxlanlımasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş maddi ziyanın əvəzi olaraq 16500 manat, mənəvi ziyanın əvəzi olaraq isə 50000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində alaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Həmçinin, iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(006)- 2271/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 16170 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 2 ay 13 gün müddətinə 28 oktyabr 2020-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək «həbs» qətimkan tədbiri, 2 il 3 ay 09 gün müddətinə 11 yanvar 2021-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək) «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün həbsdə qalması və barəsində ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsinə görə ümumilikdə 16170 manat (həbsdə saxlanılmasına görə 1 ay üçün 1000 manat olmaqla cəmi 2500 manat + ev dustaqlığı qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla cəmi təqribən 13670 manat) məbləğində müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 3 ay 25 gün müddətinə həbs qətimkan tədbirinə görə 16000 manat (bir ay üzrə 1000 manat x 16 ay) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 16170 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56, 57, 58, Mülki Məcəllənin 21, 23, 1101.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 16170 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıdasadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 16170 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Məhkəmə tərəfindən heç bir hüquqi əsas göstərilmədən şəxsin qanunsuz həbsdə saxlanılması ilə bağlı ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər ay üçün 1000 manat, ev dustaqlığında saxlanıldığı hər ay üçün isə 500 manat kompensasiyanın ödənilməsi qət edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun nəticəyə gələrkən rəhbər tutduğu qanunları və digər hüquqi aktları qətnamədə göstərilməlidir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir. Bundan başqa, mübahisələndirilən məhkəmə qərarının əsaslandırıcı hissəsində qətnamənin ədalətli hesab edilməsi üçün iddiaçının barəsində 1 il 03 ay 25 gün müddətində həbs qətimkan tədbirinin seçildiyini və buna görə də ona dəymiş ziyanın 16000 manat məbləğində müəyyən olunması qeyd edilsə də, məhkəmə tərəfindən iddiaçının qeyd edilən müddət ərzində həbsdə saxlanılmasını təsdiq edən iş üzrə tədqiq edilmiş mötəbər sübuta istinad edilməmişdir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlıməhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

19. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır: 57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra; Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir; Maddə 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir; Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

20. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunu: Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda yaranır.

Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

28. Belə ki, cavabdehin şikayətin dəlilləri əsasən, Maliyyə Nazirliyinin hazırkı iddiaya cavab verməli olan orqan olmaması, Nazirliyin ümumiyyətlə bu kateqoriya işlər üzrə qətnaməni icra etmək səlahiyyətinin olmaması ilə bağlıdır.

29. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

30. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət büdcəsinin vəsaiti əsasında ödənilməsi isə birbaşa qanunun tələbi olduğundan Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh olması doğru olmuşdur.

31. Cavabdehin digər şikayət dəlili - məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməməsi barədə dəlil də əsassızdır ona görə, bu tələb hazırkı mübahisənin predmeti deyildir və cavabdehin göstərdiyi təqsirli şəxslər də hazırkı icraat çərçivəsində müəyyənləşdirilə bilməz.

32. Cavabdehin mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəalarının nəzərə alınması barədə dəlili də əsassızdır.

33. CPM-in sözügedən 190-cı maddəsi zərər çəkmiş şəxsə verilən kompensasiyanın miqdarını müəyyənləşdirir. Bu maddənin məğzi zərər çəkmiş hər bir şəxsin onların təhlükəsizliyinin təmin edilə bilməməsinə görə kompensasiya almaq hüquqlarının təmin edilməsindən ibarətdir.

34. Hazırkı iş üzrə iddiaçı isə bəraət almış təqsirləndirilən şəxsdir və cinayət prosessual qanunvericilikdə bu kateqoriya şəxslərə vurulmuş ziyanın ödənilməsi qaydası və şərtləri Məcəllənin 56-63-cü maddələri ilə tənzimlənir. Məcəllənin 58.2-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs də daxil olmaqla vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(006)- 2271/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(006)- 2271/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar