Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5217/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 24.654 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə isə 300.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-2005-ci illərdə Müdafiə Nazirliyinin (şərti olaraq) “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2016-cı il tarixdən etibarən bağladığı 3 illik müqavilə əsasında Müdafiə Nazirliyinin digər hərbi hissəsində müddətdən artıq xidmət hərbi qulluqçusu kimi xidmət etməyə başlamışdır. Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-58/2023 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş hökmlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Naftalan rayonunda yerləşən “157” saylı hərbi hissəsində müddətdən artıq xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olmuş iddiaçı, (şərti olaraq) “Tər-tər işi” üzrə “qurban” olmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla (7 gün ərzində) işgəncələrə məruz qalmışdır. İddiaçı, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olaraq nümunəvi xidmət etməsinə baxmayaraq o, “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının günahı olmamış, o, vətənə xəyanət etməmişdir. İddiaçı bildirir ki, hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun vətənə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən onun xeyrinə 300.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, yuxarıda qeyd edilən hadisə baş verən zaman xx.xx.2017-ci il tarixindən hərbi xidmətdən tərxis edilmişdir, baxmayaraq ki o, müddətdən artıq hərbi xidmətə qəbul edilən zaman onunla 3 illik müddətinə müqavilə bağlanmışdır. Faktiki olaraq xx.xx.2017-ci il tarixindən, müqavilənin müddəti bitən xx.xx.2019-cu il tarixə kimi, yəni 27 ay müddətində əmək haqqından məhrum edilmişdir. 2017-ci il üçün iddiaçının orta əmək haqqısı 802 manat təşkil edib. Göründüyü kimi iddiaçı (27 ay x 802 manat = ) 21.654 manat məbləğində əmək haqqından qanunsuz olaraq məhrum olub. İddiaçı həmçinin 3.000 manat məbləğində digər əlavələrdən (maaşa əlavə, 13-cü ödənişlər və sair) də məhrum olub. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzi olaraq dövlət büdcəsindən onun xeyrinə 24.654 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə dair cavabdehin və üçüncü şəxsin münasibəti barədə məlumat
4. Cavabdeh Maliyyə Nazirliyin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Maliyə Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Repsublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı hüquq pozuntusunun Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirmiş, lakin əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Həmçinin iddiaçı tərəfindən işsiz qaldığı dövr ilə əlaqədar olaraq, hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilməmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir.
5. İş üzrə üçüncü şəxs olan Müdafiə Nazirliyi məhkəmə baxışının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar edilsə də, iddia tələbinə münasibət bildirməmiş, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının (şərti olaraq) “Tər-tər işi” üzrə “qurban” olması, işgəncələrə məruz qalması işin mübahisəsi halıdır, çünki bu hal Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-58/2023 nömrəli cinayət işi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli hökmlə təsdiq edilir. Buna görə də, qəbul edilməlidir ki, işgəncə nəticəsində iddiaçıya mənəvi zərər dəymiş və həmin mənəvi zərər dövlət tərəfindən iddiaçıya ödənilməlidir. Lakin iddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla (7 gün ərzində) işgəncələrə məruz qaldığını bildirsə və buna görə də, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində pulun dövlət büdcəsindən onun xeyrinə tutulmasını xahiş etsə də, Bakı Hərbi Məhkəməsinin həmin hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır. Buna görə də, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə dövlət büdcəsindən iddiaçının xeyrinə 3.000 manat tutulmalı, bu tələbin qalan hissəsi isə təmin edilməməlidir. İddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin həlli ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, bu tələb tam həcmdə əsassızıdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı, xidmətə uyğunsuzluğa görə müvafiq əmrlə hərbi xidmətdən tərxis edilmişdir. Həmin əmr iddiaçı tərəfindən mübahisələndirilsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı (iş № 2-1(114)-1702/2024) ilə buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçının ərizəsinin təmin edilməməsini və iddianın mümkün sayılmamasını qərara almışdır. Həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, həmin əmr qüvvəsini itirməmişdir. Hazırda həmin əmr mübahisə predmetini artıq təşkil etmir. İşin bu halları nəzərə alındıqda isə hesab edilməlidir ki, iddiaçının maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. Buna görə də, bu tələb tam həcmdə rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının tam həcmdə təmin edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır. Lakin Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-58/2023 nömrəli cinayət işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli hökmdə yanlışlığa yol verilərək, qeyd edilmişdir ki, iddiaçı, yalnız xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır. Buna görə də həmin yanlışlıq nəzərə alınmalı və qəbul edilməlidir ki, iddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır. Analoji başqa işdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli, 2(102)-378/2025 saylı qərarı ilə 6 gün ərzində işgəncəyə məruz qalmış “Tər-tər işi” üzrə “qurbanın” xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzini 7.000 manat məbləğində müəyyən etmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. “Maddi zərərin əvəzinin ödənilməsinə” gəldikdə isə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bir sıra analoji işlər üzrə qəbul etdiyi qətnamələrdə “Tər-tər işi” üzrə “qurbanların” da haqqında xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilmələr haqqında əmrlərin mövcud olmasına baxmayaraq hesab etmişdir ki, həmin əmrlərin mövcudluğu həmin şəxslərə ödənilməli olan əmək haqqıların və sair əlavələrin vəzinin ödənilməsinin qarşısını almır. Lakin Rayon Məhkəməsi bunu da nəzərə almamışdır. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, cavabdeh Maliyyə Nazirliyi və iş üzrə üçüncü şəxs olan Müdafiə Nazirli həmin qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişlər.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir, o, iddianın qalan hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır, iddianın tam təmin edilməsini tələb edir.
12. Bunları və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
13. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək, iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. İddiaçının vəkili (nümayəndəsi) “maddi zərərin əvəzinin ödənilməsi tələbi” ilə bağlı apellyasiya şikayətində istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş bir neçə qətnaməni Məhkəməyə təqdim edərək, iddiaçının xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi ilə bağlı əmrin nəzərə alınmamasını və “maddi zərərin əvəzinin ödənilməsi barədə tələbin” də təmin edilməsini xahiş etdi.
14. Cavabdeh Maliyyə Nazirliyi və iş üzrə üçüncü şəxs olan Müdafiə Nazirliyi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-58/2023 saylı cinayət işi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçı, (şərti olaraq) “Tər-tər işinin” ibtidai istintaqı zamanı işgəncələrə məruz qalmışdır.
17. Qeyd edilən bu hal işin mübahisəsiz halını təşkil edir.
18. İddia ərizəsində və apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır.
19. Qüvvəyə minmiş həmin hökmdə isə qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır.
20. Bu məsələ ilə bağlı apellyatorun mövqeyi ondan ibarətdir ki, işgəncənin müddəti ilə bağlı hökmdə yanlışlığa yol verilmişdir. Buna görə də həmin yanlışlıq nəzərə alınmalı və qəbul edilməlidir ki, iddiaçı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır.
21. Apellyatorun bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 518-ci maddəsinin tələblərinin mənasına görə, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə öz hökmündə və ya digər yekun qərarında yol verilmiş anlaşılmazlıqları aradan qaldıra bilər.
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 228-ci maddəsinin tələblərinin mənasına görə, məhkəmə aktını qəbul etmiş hakim məhkəmə aktında buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
23. Məhkəmə qeyd edir ki, cinayət və ya mülki mühakimə icraatı zamanı iş üzrə qəbul edilmiş məhkəmə aktında yol verilmiş yanlışlıq həmin aktı qəbul etmiş məhkəmə (hakim) tərəfindən aradan qaldılmayıbsa və iş, məhkəmə aktından verilmiş şikayətə əsasən yuxarı instansiya məhkəməsinin icraatındadırsa, həmin yanlışlıq məhkəmə aktının əsaslılığının və qanuniliyinin yoxlanılması qaydasında artıq yuxarı instansiya məhkəməsi tərəfindən məhkəmə aktının tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi qaydasında aradan qaldırılır.
24. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmələrin ümumi və hər birinin səlahiyyəti qanunla müəyyən edilmişdir.
25. Hazırkı halda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hazırkı iş üzrə Rayon Məhkəməsinin mülki mühakimə icraatı qaydasında qəbul etdiyi qətnamənin əsaslılığının və qanuniliyini apellyasiya icraatı qaydasında yoxlamaq səlahiyyətindədir və yoxlayır. Lakin yuxarıda qeyd edilən cinayət işi üzrə cinayət mühakiməsi qaydasında qəbul edilmiş hökmün əsaslılığının və qanuniliyini apellyasiya icraatı qaydasında yoxlamaq səlahiyyətində deyil və yoxlamır.
26. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətində qeyd edilən həmin məsələyə öz səlahiyyəti çərçivəsində qiymət verərək, aşağıdakıları bildirir: - Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-58/2023 saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli hökmün əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı, yalnız xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarix daxil olmaqla işgəncələrə məruz qalmışdır; - hökm yuxarı instansiya məhkəməsinin baxış predmeti olmuş və dəyişdirilmədən saxlanılmış və artıq qanuni qüvvəyə minmişdir; - hökmdə hər hansı yanlışlığa yol verilməsi ilə əlaqədar “yanlışlığın aradan qaldırılması haqqında” müvafiq qərar səlahiyyətli məhkəmələr tərəfindən qəbul edilməmişdir.
27. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfin müzakirə edilən bu dəlili əsaslı hesab edilə bilməz və qəbul edilməlidir ki, hökmdə yanlışlığa yol verilməmişdir.
28. Bununla yanaşı Məhkəmə həmçinin bildirir ki, iddiaçının həqiqətən də, onun bildirdiyi müddət ərzində işgəncəyə məruz qalması faktı qəbul edilmiş olsa belə, müəyyən edilir ki, Rayon Məhkəməsinin iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən 3.000 manat məbləğində pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə səhvə yol verməyib.
29. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, analoji işlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi və apellyasiya şikayətində qeyd edilən xx.xx.2025-ci il tarixli, 2(102)-378/2025 saylı qərarı vahid məhkəmə təcrübəsini yaradan (“ulduzlu”) qərar deyil; qərar qəbul edilərkən, həmin işin halları həmin iş üzrə iddiaçı olan şəxsə münasibətdə qiymətləndirilmişdir. Digər tərəfdən qeyd edilməlidir, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, “Tər-tər işi” üzrə “qurban” olmuş şəxslərin iddialarının baxılması zamanı məhkəmələrin qəbul etdiyi qərarlar ilə həmin şəxslərə onların məruz qaldıqları işgəncənin hər bir günü üçün 400-500 manat məbləğində kompensasiya tutulur.
30. Odur ki, bu baxımdan göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçının xeyrinə tutulmalı olan məbləğin iddia ərizəsində qeyd edilən məbləğdə deyil, 3.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı Rayon Məhkəməsinin nəticəsi əsaslı və işin hallarına uyğundur.
31. Bu nəticəyə gələn Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101, 21 və 23-cü maddələrinin tələblərini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı təcrübəsini, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə almışdır.
32. İddiaçı tərəfindən cavabdeh Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş iddia tələbinin “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin təmin edilməsi haqqında Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin və həmin nəticənin əsassız olması haqqında apellyasiya şikayətində ifadə edilmiş dəlillərin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı, xidmətə uyğunsuzluğa görə müvafiq əmrlə hərbi xidmətdən tərxis edilmişdir. Həmin əmr iddiaçı tərəfindən mübahisələndirilsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı (iş № 2-1(114)-1702/2024) ilə buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçının ərizəsinin təmin edilməməsini və iddianın mümkün sayılmamasını qərara almışdır. Həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
33. Göründüyü kimi, həmin əmr qüvvədədir və hazırda həmin əmr mübahisə predmetini artıq təşkil etmir.
34. İddiaçı tərəfin istinad etdiyi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 analoji iş üzrə qəbul etdiyi qətnamələr ilə bağlı Məhkəmə qeyd edir ki, həmin qətnamələr vahid məhkəmə təcrübəsini yaradan qətnamələr deyil; həmin qətnamələ qəbul edilərkən, həmin işlərin halları həmin iş üzrə iddiaçı olan şəxslərə münasibətdə qiymətləndirilmişdir. Digər tərəfdən qeyd edilməlidir, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, xidmətə uyğunsuzluğa görə müvafiq əmrlə hərbi xidmətdən tərxis edilmişdir və “Tər-tər işi” üzrə “qurban” olmuş şəxslərin əksəriyyətinin iddia tələblərinin “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissələri birinci instansiya məhkəmələri tərəfindən təmin edilməmiş və yuxarı instansiya məhkəmələri (o cümlədən kassasiya instansiya məhkəməsi) həmin nəticə ilə razılaşmışlar.
35. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu kimi tələbin təmin edilməməsi haqqında nəticəsi əsaslı və işin hallarına uyğundur.
36. Bu nəticəyə gələn Məhkəmə iddiaçıya maddi zərərin dəyməməsini, habelə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı təcrübəsini, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə almışdır. h) apellyasiya baxışının nəticəsi
37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.