Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5220/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı2 və İddiaçı1 “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Gündüz Gözləov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mir Cəlal küçəsi 5 saylı evin 16 nömrəli mənzili barəsində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərrac nəticəsində cavabdeh tərəfindən verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin onlara qarşı iddiası qismən təmin edilmiş, kredit borcu üzrə tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi qət olunmuş, həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almış, cavabdeh tərəfindən qətnamədə qeyd olunan digər əmlaklarla yanaşı eyni zamanda ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil açıq hərraca çıxarılmış, lakin cavabdeh tərəfindən onlara hərracın keçirilməsi barədə heç bir məlumat göndərilməmiş və hərrac onlardan xəbərsiz keçirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən,işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur (iddiaçı teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar prosesin təxirə salınmasını istəsə də, işin halları, iddiaçının qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmışdır) Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə ilkin satış qiyməti 87 000 manat olmaqla tutma yönəldilmiş, həmin qətnamənin icrası ilə bağlı keçirilən hərracda mənzil 55 462 manata “xxxx” ASC-yə satılmışdır. İddiaçılar, hərracın onlara xəbər verilmədən qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürdüklərində, kkollegiya, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. İş materiallarından aydın olur ki, “X1 Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiyməti, hərracın keçirilmə yeri və vaxtı göstərməklə müvafiq bildirişlər İddiaçı2 (Bakı şəhəri, Səbail rayonu, keçid 1128, ev 19, mənzil 27), İddiaçı1 ( Bakı şəhəri, Aşıq Qurbani küçəsi ev 25), habelə Gözəlov Əzim İkram oğlunun (ünvan 1, mənzil 16) ünvanlarına sürətli poçt vasitəsilə göndərilmiş, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il, xx xxxxxxx 2019-cu il tarixlərdə xəbərnaməyə imza olunmaqla “Həsənov”, “Adgözəlova” və “Gözəlov” soyadlı şəxslər tərəfindən bildirişlər qəbul edilmişdir. Bundan başqa iş materiallarında olan 02.08-xx.xx.2019, 30.08-xx.xx.2019 və 13.09.-xx.xx.2019-cu il tarixli Market qəzetinin buraxılışlarından görünür ki, ünvan 1, mənzil 16 barəsində keçiriləcək hərrac barəsində kütləvi informasiya vasitələrində də fasilələrlə elanlar verilmişdir. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-566/2020 saylı iş üzrə 04 mart 202ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5220/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5220/2020
30.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver